Aqrar islahatlarda müasir texnologiyanın tətbiqi, təhsildəki duruma deputatların baxışı, ölkənin ailə institutundakı vəziyyət və s. məsələlər bugünki (19 dekabr, 2018-ci il) medianın aparıcı mövzularındandır...
İslahatlarda intellektual mərhələ
"Azərbaycan" qəzeti "Aqrar islahatların intellektual mərhələsi" sərlövhəli məqalədə islahatların dərinləşməsi üçün müasir texonologiyanın tətbiqini dəyərləndirir.
Məqalə müəllifi vurğulayır ki, aqrar sektoru qlobal miqyasda mütərəqqi texnologiya və innovasiyaların tətbiqinə sövq edən əsas səbəb ərzaq təhlükəsizliyi və əhalinin keyfiyyətli qida məhsulları ilə təmin olunmasıdır.
Müəllif xatırladır ki, bu məsələ ilə bağlı bü günlərdə Bakıda iki gün davam edən "AgTech and Green Energy" (aqrar texnologiya və yaşıl enerji) adlı beynəlxalq forum keçirilib.
Müəllifin sözlərinə görə, Azərbaycanın aidiyyatı qurumlarının təmsiçilərindən beynəlxalq ekspertlərə, özəl texnoloji şirkətlərin nümayəndələrinə kimi geniş bir spektr forumda iştirakçı olub.
Müəllif deyir ki, Azərbaycan islahatların önündə gedən ölkə kimi qeyri-neft sektorunun, xüsusən aqrar sahənin inkişafında son texnologiyaların tətbiqində ciddi təşəbbüslər nümayiş etdirir: "Aparılan islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin bərpası belə qənaətə gəlməyə imkan verir ki, aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu istiqamətdə artıq logistika sistemi qurulmuş, müasir soyuducular, emal müəssisələri istifadəyə verilmiş, böyük su ehtiyatları yaradılmış, yüz min hektarlarla torpaqlar dövriyyəyə qatılmış, aqroparklar fəaliyyətə başlamışdır".
Müəllifin sözlərinə görə, forumda natiqlər ərzaq təhlükəsizliyini təmin etmək üçün mövcud resurslardan səmərəli istifadə edilməsini, məhsuldarlığın artırılmasını, ətraf mühitin qorunmasnını önə çəkiblər.
Yazı müəllifi deyir ki, ərzaq təhlükəsizliyinin təmin olunmasında səmərəlilik meyarları ilə ekoloji tələblərin uzlaşdırılması forumun əsas mahiyyəti kimi dəyərləndirilib.
Yazıda vurğulanır ki, 15-ə yaxın ölkədən 40-dək mütəxəssisi bir araya gətirən forumda ABŞ, Türkiyə, İsrail, Rusiya, Niderland, Ukrayna və bir çox ölkələrdən olan sahibkarlar, vençur kapitalistlər, elm xadimləri, aparıcı texnologiya şirkətlərinin nümayəndələri iştirak ediblər, sahəyə dair müxtəlif sahələrdə seminarlar keçiriblər.
Müəllif hesab edir ki, ölkədə aparılan aqrar islahatlar fonunda Bakıda aqrar və yaşıl texnologiyalar üzrə forum keçirilməsi aqrar və energetika sahələrinin perspektiv əlaqələri, yeni texnologiyaların və yaşıl enerjinin tətbiqində qabaqcıl təcrübəyə, dünyadakı trendlərə nəzər salmağa imkan verir.
ABŞ-dan o yana keçməyəcəyik ki?...
"Oxu.az" saytında isə "Deputat: Bu uşaqlardan nə hərbiçi, nə əsgər çıxacaq" sərlövhəli yazı oxumaq olar.
Müəllif dekabrın 18-də Milli Məclisdə "Ümumi təhsil haqqında" qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı bəzi deputatların ölkədə təhsil sisteminin durumuna dair düşüncələrinə yer verib.
Müəllifin sözlərinə görə, YAP-çı deputat Siyavuş Novruzov təhsil prosesində şagirdlərin həddən artıq yükləndiklərini deyərək, orta təhsil sisteminin bir qədər sadələşdirilməsini təklif edib: "Düşünürəm ki, orta təhsil sistemi bir qədər sadələşdirilməlidir. Şagirdi bu qədər yükləmək olmaz. Bir gün gedib orta məktəblərin qarşısında duraq və oradan çıxan uşaqların vəziyyətinə tamaşa edək. O uşaqlardan gələcəkdə nə hərbiçi, nə əsgər, nə də digər hüquq-mühafizə orqanlarına adam seçib götürmək çətin olacaq".
S.Novruzov indi təhsil sistemində idmana, əlyəncəyə yer verilmədiyini və buna görə də şagirdlərin hərtərəfli formalaşmadıqlarını iddia edir: "Az qala, Cənubi Koreyanı keçmişik. Uşaq səhər saat 08:00-dan axşam saat 10:00-a qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Düşünürəm ki, burada hansısa sadələşdirmə üsulu tətbiq etməliyik".
Müəllif vurğulayır ki, deputat dərs yükü ilə əlaqədar şagirdlərin daşıdıqları çantaların çəkisinin şagirdin yaş dövrünə uyğun olmadığını da dilə gətirib: "Valideynlər repetitorlar tutur. Elə valideyn var ki, nəinki repetitor tutur, hətta "çantadaşıyan" da tutur. Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər. Bununla bağlı hansısa qərar qəbul etmək lazımdır. Həmişə bu məsələ ciddi şəkildə müzakirə olunur. Dərsliklərlə bağlı elan vermək lazımdır ki, kim dərslik yaza bilər və kimlər orada ola bilər?"
S.Novruzov ölkədəki məktəb binaları bazasından səmərəli istifadə olunmadığını, hətta şagirdi olmayan məktəblərə dövlət vəsaiti xərclənməsini də gündəmə gətirib: "Elə rayonlar var ki, 153 məktəbi var. Onun 50-də üç uşaq oxuyur, amma həmin məktəblərin direktoru, müəllimləri və digər texniki işçiləri var. Bunun dünyada tətbiqi forması var. Beş kəndin uşaqlarını yığıb avtobusla mərkəzə gətirmək olar. İndi biz ABŞ-dan o tərəfə keçməyəcəyik ki? İnkişaf etmiş dövlətlərdə də bu var. Belə etsək, nə qədər vəsaitə qənaət etmiş olarıq".
Deputat Qüdrət Həsənquliyev də repetitor məsələsinin problemə döndüyünü, məsələnin qanunla tənzimlənməsinə ehtiyac olduğunu deyir: "Bu məsələ neçə illərdir ki, aktualdır. Orta məktəbdə sorğu keçirilsə bəlkə, iki-üç uşağın repetitor yanına getmədiyini görəcəksiniz. Ona görə də məsələni sözügedən qanunla tənzimləməyə ehtiyac var. Dünya Bankının bu yaxınlarda açıqladığı hesabata görə, Azərbaycan region ölkələrinə nisbətən alimlərin və ümumi təhsil müəssislərinin sayına görə geridə qalır. Bu hesabatdan yola çıxaraq "Ümumi təhsil haqqında" qanuna bir sıra ciddi məsələləri salmalıyıq. Həmçinin, ikinövbəli tədrisi də ləğv etməliyik. Bu, dünyada çoxdan ləğv edilib".
Deputat İlham Əliyev isə təhsil haqlarının çoxluğundan şikayətlənib.
10 ildə 146 faiz artan boşanma
"Qafqazinfo.az"da isə "Azərbaycanda boşanmalarla bağlı şok - statistika" sərlövhəli məqalə diqqət cəlb edir.
Sayt hüquqşünas Ələsgər Məmmədinin rəsmi statistik göstəricilərə istinadən ölkədə ailə institutunun mövcud durumuna dair düşüncələrinə yer verib.
Ə.Məmmədli 2008-ci ildən 2018-ci il də daxil olmaqla, Azərbaycanda son 10 ildə boşanmaların dinamikasını göstərir və bu göstəricilərə görə ailə institutunun perspektivi xoş heç nə vəd etmir.
Hüquqşünas statistik göstəricilərə istinadən deyir ki, Azərbaycanda son 10 ildə boşanmaların sayı 146 faiz artıb.
Ə.Məmmədli qeyd edir ki, 2018-ci ilin 10 ayı ərzində 50 882 evlənmə, 12396 boşanma qeydə alınıb.
Hüquqşünas vurğulayır ki, son 10 il ərzində statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir: "Belə ki, 2008-ci ildə ölkədə 79 964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni, boşanmanın evliliyə nisbəti 9,92% olub, 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib".
Ə.Məmmədli deyir ki, 10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə qurtarıb, qısası, son 10 ildə boşanma 146% artıb.
Hüquqşünas bəhs olunan dövrə aid boşanma hallarını illər üzrə təqdim edərək, ölkədə ailə institutunun vəziyyətini, eləcə də evliliyə nisbətdə boşanmanın artım sürətini göstərir.
2008 - 9,92%
2009 - 9,97%
2010 - 11,44%
2011 - 12,19%
2012 - 14,02%
2013 - 14,23%
2014 - 13,50%
2015 - 18,55%
2016 - 19,64%
2017 - 23,06%
2018 - 24,36%
Hüququşünas bildirir ki, 2007-ci ildə 81 738 ailə qurulub, 2017-ci ildə bu rəqəm 62 923-ə enib və ya 23,01% geriləyib.
Əksinə, 2008-də 7933 boşanma olubsa, 2017-də boşanma 14 514-dək yüksəlib, yəni 83% artıb.
Ə.Məmmədli əlavə edib ki, bunlar ciddi araşdırma mövzularıdır: "Sosioloqlar, psixoloqlar bunu çoxyönlü araşdırıb, səbəbləri sıralamalı, toplumu bilgiləndirməlidir. Məsələn, internet və sosial şəbəkə istifadəsi nisbətinin son 10 ildə artımı ilə boşanma nisbətinin artımı arasında bir əlaqə varmı, varsa nədir?"
Rəy yaz