Rəsmi Azərbaycan qəzeti Azərbaycan prezidentini tərənnüm edir .
(http://www.azerbaijan-news.az/index.php?mod=3&id=128422).
"Beynəlxalq aləmdə sabitliyə xidmət edən siyasi xətt" sərlövhəli məqalədə qeyd edilir ki, dünyanın nüfuzlu siyasi xadimləri Azərbaycan prezidenti İlham Əliyevin siyasi xəttinə heyran olduqlarını və onun liderlik qabiliyyətinə hörmət etdiklərini bildirirlər.
Məqalədə Azərbaycanın iştirakçısı olduğu qlobal layihələrdən bəhs olunur. Müəllif bildirir ki, Azərbaycan artıq belə layihələrin aparıcı qüvvəsinə çevrilib.
"Ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir. Azərbaycanın geosiyasi çəkisi artır, ölkəmiz regionda sabitləşdirici faktor kimi çıxış edir. Tərəfdaş ölkələrlə qarşılıqlı faydalı münasibətlər regionda sabitliyin və sülhün təmin olunmasına töhfə verir".
Müəllif yazır ki, artıq dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır və nümunə kimi göstərilir. Siyasi sahədə, eləcə də beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında dövlətimizin təcrübəsi öyrənilir.
"Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. İlham Əliyev ötən 14 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir".
Yazıda Azərbaycanın təşkil etdiyi idman və musiqi yarışmalarına da geniş yer verilir. Müəllif bu yarışların uğurla keçirilməsini prezidentə və onun xanımına aid edir.
"Bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi ölkə rəhbəri İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, kreativ idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, müasir, inkişaf edən dövlət kimi təqdim etmək məramının nəticəsi olub".
Azadlıq.info saytı Kanadanın "Bombardier" şirkəti ilə bağlı rüşvət qalmaqalından yazır ( ttps://nl.hideproxy.me/go.php?u=3xWUgZBYs%2F0L5xEUMdkeGyqmjZg%3D&b=5).Məqalədə qeyd edilir ki, Azərbaycan hakimiyyətinin də adı keçən qalmaqal üzrə açılan cinayət işində Azərbaycanın 340 milyonluq müqavilədəki rüşvət faktı təsdiqini tapıb.
"Bombardier" şirkətində korrupsiya qalmaqalı bir neçə ay öncə üzə çıxıb. İsveç polisi "Bombardier"in işçisini korrupsiyada şübhəli bilərək saxlayıb, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilib. Məhkəmə sənədlərinə görə, "Bombardier"in satış direktoru, Rusiya vətəndaşı Yevgeni Pavlov ağırlaşdırılmış rüşvətdə şübhəli bilinir.
"Söhbət 46 stansiya üçün dəmir yolu siqnalizasiyalarından gedir. Məhkəmə sənədlərinə görə, avadanlıqlar birbaşa Azərbaycana göndərilib, pullar isə dolayı yola London firması vasitəsilə ödənilib. Nəticədə siqnalizasiyaların satışı barədə sövdələşmə iki kontraktla rəsmiləşdirilib. Birinci kontraktla avadanlıqlar 126 milyon krona (19 milyon dollar) nə ofisi, nə telefonu, nə də işçiləri olan "Multiserv Overseas"ə satılıb. Sonra həmin London firması siqnalizasiyaları 695 milyon krona (104 milyon dollar) Azərbaycana satıb. Belə olduğu halda, avadanlıqların yekun dəyəri İsveç Azərbaycan yolunda 5.5 dəfə artıb. İsveç prokurorluğunun versiyasına görə, Azərbaycan məmurları dəmir yolu siqnalizasiyaları ilə bağlı sövdələşmənin baş tutması üçün "Bombardier"dən rüşvət alıblar. Hüquq-mühafizə orqanları diqqətə çatdırırlar ki, 2013-cü ildə keçirilən tenderdə daha ucuz qiymətlər təklif edən başqa kompaniyalar da iştirak edib, amma kontrakt "Bombardier-lə bağlanıb", qəzet yazır.
Məqalədə isveçli prokuror Tomas Forsverqin açıqlamalarına da yer verilir. Onun "Bombardier" rəsmisinin dəmir yolu siqnalizasiyaları ilə bağlı 340 milyon dollarlıq sövdələşmənin baş tutması üçün Azərbaycan məmurlarına rüşvət verməsinin təsdiqini tapmasını söylədiyi bildirilir.
"Yeni Müsavat" qəzeti Bakıda ətin baha olmasından yazır (http://musavat.com/news/bolgelerde-ucuzlasan-et-bakida-niye-bahadir_462116.html).
Qəzet bəzi bölgələrdə ətin qiymətinin ucuzlaşdığını, ancaq bu ucuzlaşmanın paytaxta heç bir təsirinin olmadığını qeyd edir.
Məqalədə ekspertlər vasitəsilə bölgələrdə ətin qiymətinin ucuzlaşmasının, ucuzlaşmanın Bakı bazarlarına sirayət etməməsinin səbəbləri araşdırılır. İqtisadçı Natiq Cəfərli bölgələrdə ətin qiymətinin ucuzlaşmasını təbii sayır. O bildirir ki, bölgələrdə ət satan adamlar görəndə ki, alıcılıq qabiliyyəti kifayət qədər aşağı düşüb, bu da onların həm dövriyyəsinə, həm qazanclarına birbaşa təsir göstərib, təbii ki, qiymətlərdə endirimə gedə bilərlər.
"Ancaq düşünürəm ki, mövsüm bitəndən sonra mütləq bu sahədə daha ciddi problemlər yaşayacağıq. Hazırda otun, yemin bol olduğu bir şəraitdə mal- qara saxlayanlar yemə əlavə vəsait xərcləmirlər. Təbii ki, bunun da qiymətlərə təsiri olub. Amma mövsüm bitdikdən sonra yemin qiymətində artım olsa, bu da qiymətlərə birbaşa təsir göstərəcək və qiymət artımına səbəb olan amillərdən birinə çevriləcək".
Bakıda ətin qiymətinin düşməməsinin səbəblərinə gəlincə, ekspert bunun həm tələbatla, həm də logistika ilə əlaqəli olduğunu deyir.
"Benzinin qiyməti qalxdıqdan sonra yükdaşımalarda istifadə olunan əsas yanacağın birdən-birə 28 faiz qiyməti qalxır. Təbii ki, yükdaşımalar bahalaşdıqca maliyyətin bir hissəsi də qiymətin üzərinə gəlir. Mən Bakıda ətin qiymətinin yaxın zamanlarda ucuzlaşacağı ehtimalını görmürəm. Qurban bayramı ilə bağlı əslində Azərbaycanda qiymətlər həmişə artır", ekspert deyir. -0-
Rəy yaz