Ermənistan baş naziri Nikol Paşinyan
Paşinyanın ATƏT MQ-nin ləğvi ideyası, revanş və sülh müqaviləsinin razılaşdırılmamış bəndləri haqqında düşüncələri
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin Bakı və Yerevan arasında sülh müqaviləsi imzalanmamasının səbəbləri ilə bağlı bəyanatlarına münasibət bildirib.
Paşinyan Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə Azərbaycandan qisas almaq məqsədilə silahlandığı haqqında iddiaları təkzib edib. Ermənistan öz sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün, yəni müdafiə məqsədilə silah əldə edir, deyə o, "Armenpress" agentliyinə müsahibəsində bildirib.
Ermənistan yerüstü hücumlardan qorunmaq üçün artilleriyaya, raketlərə və digər silahlara malik olmalıdır. Azərbaycan da qeyri-müdafiə silahı əldə edir. Bütün beynəlxalq normalara əsasən, Ermənistanın buna hüququ var və o, öz vətəndaşlarını qorumalıdır, bu, onun legitim hüququdur.
"Bu, Azərbaycan üçün təhdiddirmi? Xeyr, çünki biz Sovet Azərbaycanının ərazisi daxilində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə tanıdıq və tanıyırıq, Azərbaycanın da, bizim kimi, şərhlərə əsas vermədən, əldə etdiyimiz razılaşmalara uyğun olaraq Ermənistan Respublikasının ərazi bütövlüyünü tanımasını və təhdid siyasətindən çəkinməsini gözləyirik", deyə o bildirib.
"Hər gün Ermənistanın ünvanına təhdidlər səslənir, lakin biz bu şəraitdə belə suveren ərazimizin sahəsi 200 kvadrat kilometrdən çox olan işğal edilmiş hissəsinin hərbi yolla qaytarılması məsələsini nəzərdən keçirmirik, çünki sərhədin delimitasiyası məsələsində əldə edilmiş institusional həllər bu məsələni dinc yolla, danışıqlar yolu ilə həll etməyə imkan verir", deyə Paşinyan sözünə davam edib.
Yerevan hətta Bakıya silahlara ikitərəfli qarşılıqlı nəzarət mexanizmi yaratmağı təklif edib, Lakin Azərbaycan buna münasibət bildirmir, hərbi büdcələrdə fərq isə Azərbaycanın xeyrinə üç dəfədir.
"Ermənistanın Azərbaycana hücum etmək niyyəti, məqsədi və planı olmadığına və bu yolla getməyəcəyinə zəmanət verə bilərəm. Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdursa, regionda gərginlik ehtimalı sıfıra bərabərdir", deyə baş nazir qeyd edib.
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası haqqında suala cavabda Paşinyan deyib ki, ikitərəfli komissiya sərhədin hansı hissəsində delimitasiyanı davam etdirəcəyini müzakirə etmək üçün yaxın günlərdə iclas keçirəcək.
Regional kommunikasiyalara gəlincə, Yerevan "həm Ermənistan, həm də Azərbaycan üçün tamamilə məqbul olacaq" variant təklif edir.
"Bu təklif yazılı şəkildə Azərbaycana göndərilib və onun müsbət reaksiyasını gözləyirik".
Daha sonra Paşinyan Yerevanın Bakıya qarşı beynəlxalq məhkəmə instansiyalarına verdiyi iddiaların geri çəkilməsi məsələsində Əliyevlə razı olduğunu bildirib. O, müəyyən şərtlə sərhəddə üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməməsinə də qarşı deyil. "Sülh müqaviləsi bağlandıqda bu, məntiqlidir və bu ideya bizim üçün məqbuldur", deyə Ermənistan baş naziri bildirib. O, tərəflərin bu məsələlərdə razılığının gələcəkdə onların "eyni məsələləri qaldırmayacağını və ikitərəfli münasibətləri gərginləşdirməyəcəyini" nəzərdə tutur.
Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməməsinə gəldikdə, Yerevan bu prinsipi Ermənistan-Azərbaycan sərhədinin artıq delimitasiya olunmuş hissələrinə şamil etməyi təklif edir.
Sərhədin tam delimitasiyasından sonra Ermənistan-Azərbaycan sərhədinin hər hansı hissəsində üçüncü qüvvələrin mövcudluğuna ehtiyac olmayacaq, deyə Paşinyan əlavə edib.
"Sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı təklif bir aydan çoxdur Azərbaycana göndərilib, bu təkliflərə indiyədək heç bir cavab almamışıq", deyə Paşinyan bildirib.
Ermənistan baş naziri Əliyevin ATƏT-in Minsk Qrupunun buraxılması haqqında təklifini də müsbət qiymətləndirib.
Münaqişə olmadığı bir vaxtda bu formatın mövcudluğu məntiqsizdir. "Lakin biz əmin olmaq istəyirik ki, "Qərbi Azərbaycan" mövzusu Ermənistan ərazisinə münasibətdə təcavüzkar siyasətin həyata keçirilməsindən ibarət deyil", deyə baş nazir qeyd edib.
Ermənistan konstitusiyasına qarşı iddialara gəlincə, orada "birbaşa və ya dolayı şəkildə Dağlıq Qarabağın adı çəkilmir", deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın Konstitusiya Məhkəməsi 26 sentyabr 2024-cü il tarixində Müstəqillik Bəyannaməsinin müstəsna olaraq Konstitusiyada əksini tapan müddəalara aid olduğunu qeyd edib. Konstitusiyanın heç bir maddəsində Dağlıq Qarabağın adı çəkilmir.
Eyni məntiqlə Yerevan Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının mövcudluğundan narahatdır. Azərbaycan Konstitusiyasının preambulasında 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktına istinad var, bu aktda isə 28 may 1918-ci il tarixli Azərbaycan Respublikasının Müstəqillik Bəyannaməsinə istinad olunur.
Bu sənəddə deyilir ki, Birinci Azərbaycan Respublikası Şərqi və Cənubi Zaqafqaziyanı, daha dəqiq isə, müasir Ermənistan ərazisinin təxminən 60%-ni əhatə edir.
"Biz Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsi məsələsini qaldırmırıq, çünki bu, sülh prosesini dalana aparacaq, bundan başqa, sülh sazişinin razılaşdırılmış hissəsində tərəflərin öz daxili qanunvericiliklərinə istinad edə bilməyəcəyi haqqında maddə var", deyə Paşinyan bildirib.
Bundan başqa, müqavilənin digər bir razılaşdırılmış maddəsində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdıqları, bir-birinə qarşı ərazi iddialarının olmadığı və gələcəkdə də belə iddialar irəli sürməyəcəkləri haqqında müddəa var, deyə o qeyd edib.
Rəy yaz