***
-Səməd bəy, bildiyiniz kimi, Baş Prokurorluq AXCP sədrinin keçmiş müavini, siyasi fəal Fuad Qəhrəmanlının ailə üzvlərinə zorakılıq etməsi faktı ilə bağlı cinayət işinə başlayıb. Sizcə, bu, doğru addımdırmı?
-Baş Prokurorluğun Fuad Qəhrəmanlının barəsində ailə üzvlərinə qarşı zorakılıq etməsi faktı ilə bağlı cinayət işinə başlaması hüquqi cəhətdən yanlışdır. Səbəblərini deyim. İlk növbədə, məlumatdan görünür ki, cinayət işi Cinayət Məcəlləsinin 133-cü maddəsi (əzab vermə) əsasında başlayıb. Həmin maddənin məzmunundan görünür ki, sağlamlığa zərər vurmayan mütəmadi olaraq döyməklə və ya s. zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə kriminallaşdırılır. Bu maddənin əsas xüsusiyyəti "mütəmadi" sözüdür. Eləcə də bu maddənin keçmiş forması (2012-ci ilə qədər olan forması) işgəncəni də ehtiva edirdi. Daha sonra işgəncə hissəsi çıxarılıb ayrıca maddədə rəsmiləşdirildi. Bu da onu göstərir ki, əzab vermə dedikdə söhbət şəxsi müəyyən məkana qapayıb ona işgəncə verilməsindən gedir. Başqa sözlə, əzab vermə dedikdə qapalı məkanda işgəncə verilməsindən söhbət gedir. "Mütəmadi" sözü də bunu təsdiq edir. Ona görə də Cinayət Məcəlləsinin 133-cü maddəsi qapalı məkanda işgəncə xarakterli əməlləri cəzalandırmaq məqsədi daşıyır.
Mətbuat məlumatlarından görünür ki, cinayət işinin başlanması Zümrüd Yağmurun hadisələrlə bağlı müsahibəsinə əsaslanır. Həmin müsahibədə "Fuad Qəhrəmanlının 2010-cu ildə ağır şüşə stəkanla azyaşlı qızı Sənayın dizini sındırdığını, 2013-cü ilin yayında onun barmağını sındırdığını, 2015-ci ilin noyabrında isə ona digər xəsarətlər yetirdiyini, azadlıqda, hətta həbsdə olarkən belə onlara qarşı psixi iztirablar verildiyindən" söhbət gedir. Buradan aydın olur ki, ortada üç aşkar insident var. Bu iddia edilən insidentlərdən ilk ikisi (2010 və 2013) sağlamlığa az ağır, yaxud yüngül xəsarət yetirməyə aid ola bilər (indiki mərhələdə bunu müəyyənləşdirmək mümkün deyil). Sonuncu iddia edilən insident aydın deyil. İstinad edilən hərəkətlərdən görünür ki, bu hərəkətlər məişət zorakılığı zəminində baş verib və əzab vermənin cinayət tərkibini yaratmır. Bu hərəkətlər Cinayət Məcəlləsinin 127 və 128-ci maddələri ilə qadağan edilən əməllərlə, sağlamlığa az ağır zərər vurma və yüngül zərər vurma bağlıdır.
Bu sadalananlara əsasən bu qənaətə gəlmək olar ki, F.Qəhrəmanlıya Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə verilən ittiham yanlış hüquqi təfsirdir (şərhdir). Belə olduqda Z.Yağmurun müsahibəsi əsasında hipotetik CM-nin 127 və ya 128-ci maddələri ilə cinayət işi başlanıla bilərdi. Lakin bu maddələrlə belə cinayət işinin açılmamalı olduğuna dair əsaslı və ciddi səbəblər var.
CM-nin 127 və 128-ci maddələri ictimai-xüsusi ittiham əsasında təqib edilən cinayətlərdir və Cinayət Prosessual Məcəllənin 37-ci maddəsinə əsasən bu cinayətlər üzrə təqibin aparılması üçün ya zərərçəkmiş şəxsin şikayəti olmalıdır, ya da xüsusi hallar mövcud olmalıdır. Hamımıza bəllidir ki, bu iş üzrə zərərçəkmiş şəxslərin şikayəti yoxdur. Ona görə də xüsusi hallara nəzər salmaq lazımdır. Xüsusi hallar Cinayət Prosessual Məcəllənin 37.5-ci maddəsində göstərilib. Həmin xüsusi hallardan yalnız biri bu işə müvafiq gəlir - cinayət, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsə qarşı törədildikdə. Bu nümunə hazırkı halda Sənay Yağmurla bağlı iddia edilən 2010-cu il insidentinə uyğundur. Fərz edək ki, prokurorluq bununla bağlı legitim cinayət işinə başlamağa haqlıdır. Çünki həmin insident olduqda Sənay Yağmur xüsusi hallarda nəzərdə tutulmuş uşaq kateqoriyasına aiddir. Bu halda isə prokurorluğun qarşısını cinayət məsuliyyətinə cəlbetmə müddətləri kəsir. Belə ki, iddia edilən 2010-cu il insidenti ən optimal halda CM-nin 127-ci maddəsi ilə nəzərdə tutulmuş sağlamlığa az ağır zərər vurmaya uyğun gəlir. Bu isə cinayət qanunvericiliyinə əsasən az ağır cinayət kateqoriyasına aiddir. CM-nin 75-ci maddəsinə əsasən isə az ağır cinayətlər üçün cinayət məsuliyyətinə cəlbetmə müddəti 7 ildir. Bu insident üzrə isə həmin müddət 2017-ci ildə başa çatıb. Beləliklə, bu hal üçün də cinayət işinin başlanma əsası mövcud deyil.
Zümrüd Yağmurla bağlı isə hesab edirəm ki, hər hansı xüsusi hal mövcud deyil. Ona görə də ona qarşı iddia edilən hərəkətlər üçün zərərçəkmiş şəxsin şikayəti tələb edilir. Bu halda isə yoxdur. Ona görə də Z.Yağmura aid hissədə cinayət işinin başlanılmasının əsasları mövcud deyil.
Beləliklə, F.Qəhrəmanlıya istinad edilən əməllər səhv təfsir edildiyinə və onun mümkün istinad edilə biləcək əməllər üçün isə cinayət işinin başlanılmasına prosessual əngəllər olduğuna (zərərçəkmişin şikayətinin, xüsusi halların olmaması, müddətlərin ötməsi) görə F.Qəhrəmanlının barədə cinayət işinin başlanılması əsassızdır.
-Niyə birdən- birə, zərərçəkmişlərin şikayəti olmadan, kimlərinsə müraciəti əsasında Baş Prokurorluq bu addımı atır? Sizcə, burada siyasi məqsəd güdülmürmü? Məqsəd Fuad Qəhrəmanlıya təzyiq deyilmi?
-Prinsip etibarilə, Cinayət Prosessual Məcəllə imkan verir ki (204-207-ci maddələr), prokurorluq fiziki, hüquqi şəxslərin müraciətləri və mətbuat məlumatları əsasında araşdırma başlatsın və aparsın. Amma bütün hallarda prokurorluq fakt müəyyən etməyə başlamamışdan əvvəl cinayət işinin aparılmasına imkan verən prosessual əsasların olub-olmamasını (müddətlərin ötüb-ötməməsi, zərərçəkmişin şikayətinin tələb edilib-edilməməsi və s.) aydınlaşdırmalıdır. İndiki halda prokurorluq bunları etməyib. Əksinə prokurorluq çalışıb ki, elə bir cinayət əməlinə istinad etsin ki, onunla bağlı müddətlər ötməsin və zərərçəkmişlə barışıq imkanı olmasın. Qeyd etdiyim kimi, prokurorluğun hazırkı halda əməllərinin təfsiri cinayət hüququ baxımından tamamilə absurd olduğuna və F.Qəhrəmanlının potensial siyasi kimliyini, eləcə də bu hadisənin ictimailəşməsini nəzərə aldıqda əsaslı olaraq güman etmək mümkündür ki, prokurorluq siyasi motivlə hərəkət edir və bu iş üzrə siyasi məqsəd güdür. Bu cinayət işinin başlanılması həm F.Qəhrəmanlıya təzyiq kimi, həm də hökumətin qadın hüquqları mövzusunda sui-istifadə etməsi kimi yozula bilər. Mən hər ikisinin olduğunu düşünürəm.
-Baş Prokurorluq açıqlamasında cinayət işi açmaq üçün sosial şəbəkələrdə və mediada yayılan məlumatlara istinad etdiyini yazır. Qanunvericilik buna imkan verir. Amma zərəçəkmişlərin baş verənlərlə bağlı Baş Prokurorluğa hansısa bir müraciətləri yoxdur. Hətta Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur Facebookda bunu siyasi oyun adlandırıb. O yazıb ki, "mən və qızlarım kiminsə məkrli oyunlarında ucuz şahmat taxtası deyilik. Mənim nə İlham Əliyevin, Nə Mehriban Əliyevanın, nə Zakir Qaralovun, nə DTX-nın, nə də DİN-in ədalətinə ehtiyacım yoxdur. Və onların siyasi qisas oyunlarında və ya başqa məkrli planlarında da alət olmaq niyyətində deyiləm". Qanunvericilik nə deyir? Yəni, konkret zərərçəkmişlərin müraciəti olmadığı halda Fuad Qəhrəmanlı həbs oluna bilərmi?
-Qeyd etdiyim kimi, F.Qəhrəmanlıya qarşı verilən ittiham hüquqi olaraq səhv şərhə söykənir. Bu ittiham bayaq qeyd etdiyim kimi, ilk növbədə zərərçəkmişin şikayətini tələb edir. Lakin xüsusi hallarda prokurorluq özü cinayət işi aça bilər. Xəbərlərdən hiss edilir ki, prokurorluq həmin xüsusi hallara istinad edərək zərərçəkmiş şəxsin şikayət verməməsi məsələsini istisna etməyə çalışır. Həmçinin verilən ittihamlar CM-in 133-cü maddəsinin ağırlaşdırıcı halları olduğu üçün bu hissədə də gələcəkdə zərərçəkmişlə barışmaq imkanı hüquqi olaraq mövcud deyil. Buradan aydın olur ki, prokurorluq mümkün qədər çalışıb ki, elə bir düstur tapsın ki, zərərçəkmişin şikayəti məsələsini hər bir halda aradan qaldırsın və mövcud ictimai müzakirələr və ictimai bəyanatlara sübut kimi istinad edərək cinayət işi aparsın. Bunlar Baş Prokurorluğun cinayət qanunvericiliyindən fürsətçi istifadəsindən irəli gəlir.
Hər bir halda Zümrüd Yağmur və qızlarının bəyanatlarından görünür ki, F.Qəhrəmanlı ailə-məişət zəminində zorakılıq əməlləri törədib. Bu baxımdan indiki halda həmin bəyanatların tutarlılığı əsasında mən özüm şəxsən F.Qəhrəmanlının həmin əməlləri törətdiyinə inanıram. Əgər Z.Yağmur və uşaqları vaxtında bu əməllər barəsində hüquq-mühafizə orqanlarına şikayət etsəydilər, onda F.Qəhrəmanlı qanuni qaydada cəzalandırıla bilərdi. Lakin Z.Yağmur və uşaqlar haqlı olaraq Azərbaycan hüquq- mühafizə orqanlarına etibar etmədiklərindən bu haqlarından istifadə etməkdən imtina ediblər və bu yaxınlarda hadisələri ictimailəşdirməklə ictimai qınaq təşkil ediblər. Bu baxımdan F.Qəhrəmanlı mənəvi (əxlaqi) baxımdan məsuliyyət daşımağa davam edir. Lakin qeyd etdiyim prosessual hüquqi səbəblərə görə onun əməllərinə hüquqi qiymət verilməsi üçün qanuni əsaslar yoxdur.
-Maraqlıdır, bu vaxta kimi Baş Prokurorluq niyə bu imkandan istifadə etmirdi? Yəni, niyə bu vaxta kimi mediada, sosial şəbəkələrdə yazılan məlumatları araşdırıb onlar haqqında cinayət işi açmırdı? Məsələn, korrupsiya faktları ilə bağlı, ofşorlara çıxarılan pullar, İbizada itirilən saatın qiyməti və sahibi barədə faktlar, ən son Yunan adalarında xərclənən milyonların sahibləri barədə. Və ya elə "Nardaran işi", "Gəncə işi", "Tərtər işi" barədə yayılan məlumatları niyə araşdırmır? Amma bir müxalifətçi haqda yazılan məlumatları dərhal diqqətdə saxlayır. Bu, siyasi diskriminasiya deyilmi? Eyni zamanda tapşırığın məhz hakimiyyətin özündən verildiyi qənaətini formalaşdırırmı?
-Baş Prokurorluq hökumətin əlində siyasi vasitədir. Həmişə də belə olub. İndi də belədir. Ona görə də Baş Prokurorluğun, ümumiyyətlə, prokurorluq sisteminin legitim hərəkət etmədiyini bilirik. Bu səbəbdən Baş Prokurorluq heç vaxt korrupsiya və işgəncə faktları barədə mətbuat materialları əsasında cinayət işləri açmayıb. Lakin müxalifətçilərlə bağlı məsələlərdə ya qondarma cinayət işləri açıb, ya da müxaliflətçilərin potensial "səhvlərindən" istifadə edərək onlara qarşı daha ağır ittihamlarla cinayət işləri aparıb. Bu cinayət işi də eyni qəbildən məntiqlə həyata keçirilir. Bu baxımdan bəli, Baş Prokurorluq bu işdə də hökumətin mümkün tapşırığı əsasında hərəkət edir.
-Fuad Qəhrəmanlı bu ittihamlarla həbs edilsə, siyasi məhbus hesab olunmayacaqmı?
-İndiki şərtlərdə F.Qəhrəmanlıya qarşı hüquqi baxımdan cinayət işinin aparılmasının əsasları olmadığı üçün bu məsələyə görə cinayət işinin başlanılması və onun gələcəkdə potensial həbsi, F.Qəhrəmanlının siyasi məhbus sayılması üçün əsas olacaq. Bu baxımdan bu iş siyasi motivli işdir və F.Qəhrəmanlı bu cinayət işinə görə həbs edilərsə, siyasi məhbus sayılacaq.
Bir daha təkrar edirəm ki, F.Qəhrəmanlıya istinad edilən zorakılıq əməllərinə zərərçəkmişlərin bəyanatları əsasında inanıram. Buna görə F.Qəhrəmanlının əxlaqi (mənəvi) məsuliyyətinin qalmaqda davam etdiyini də düşünürəm. Lakin F.Qəhrəmanlının hüquqi məsuliyyətə cəlb edilməsi məsələsi məhz hüquqi və qanuni arqumentlərə görə əsassızdır. Ona görə də bu iş siyasi motivlidir. Ümid edirəm ki, hökumət və prokurorluq bu yanlış addımdan dönər və qadın hüquqlarına dair bu vacib hadisədən sui-istifadə etməzlər.
Rəy yaz