***
-Vahid müəllim, son vaxtlar pambıq sahələrində zəhərlənmə halları xeyli çoxalıb. Ard-arda rayonlardan pambıq sahələrində kütləvi zəhərlənmə halları ilə bağlı xəbərlər gəlməkdədir. Sizcə, bunun səbəbi nədir?
-İlk növbədə bunu qeyd etmək lazımdır ki, çox təəssüflər olsun ki, birinci hadisədən sonra uzun müddət keçməsinə baxmayaraq hələ də bu hadisənin dəqiq nədən baş verdiyini bu sahəyə məsul olan qurumlar açıqlamayıb. Zəhərlənmə halları pestisidlərin tətbiqi nəticəsində baş verir. Buna aydınlıq gətirilməlidir ki, hansı pestisid- herbisiddirmi, inseksididirmi? Zərərvericilərə qarşı aparılan mübarizə tədbirləri nəticəsində, xəstəliklərə qarşı aparılan mübarizə tədbirləri nəticəsində, yoxsa alaq otlarına qarşı aparılan mübarizə tədbirləri nəticəsində baş verib? Bunu aydınlaşdırmaq çox əhəmiyyətlidir ona görə ki, bu məlumat digər fermerləri də, digər kəndliləri də maarifləndirə bilər və onlar öz işlərində bu yanlışlığa yol verməzlər. Çox təəssüflər olsun ki, hələ də belə bir açıqlama verilməyib. Hansı maddənin tətbiqi nəticəsində bu baş verib? O dərman preparatının adı nədir? bu da hələ indiyə qədər tam açıqlanmayıb. Ancaq Saatlıda hadisə təxminən iyun ayının 10-da baş verib. Bunu elə həmin gün araşdırmaq olardı. Bunu araşdırmaq 2-3 saat vaxt aparardı. Yəni sahibkar hansı dərman preparatından istifadə edib, bunu asanlıqla öyrənmək olardı, həmin preparatdan nümunə götürüləcəkdi, laboratoriya şəraitində müəyyən ediləcəkdi ki, dərman preparatından lazımi dozada istifadə olunub, yoxsa doza artırılıb? Dərman preparatının tərkibində insan orqanizmi üçün təhlükəli olan hansı maddə varmı? Bütün bunların hamısı laboratoriya şəraitində yoxlanılıb aşkarlanmalı idi. ictimaiyyətə məlumat verilməli idi ki, şübhəli məqamlar qalmasın. Həm də dediyim kimi bu məlumat ona görə əhəmiyyətlidi ki, digər fermerlər və sahibkarlar öz təsərrüffatlarında həmin dərman preparatlarından istifadə etməzdi, sonrakı etaplarda baş verən digər hadisələr təkrarlanmazdı.
-Doğrusu bu vaxta qədər belə halla raztlaşdığımı xatırlamıram. Bəlkə də sovet dövründə belə hallara rast gəlmisiz. Buna görə məsuliyyəti kim daşımalıdır?
-Əvvəlcə onu deyim ki, sovet dövründə də, Azərbaycanın pambıqçılıqla məşğul olduğu 1500 ildə də belə hallar tarixboyu qeydə alınmayıb. Digər ölkələrdə də belə halların olması barədə heç bir məlumat yoxdur. Belə bir hal ilk dəfədir ki, Azərbaycanda baş verib. Təəssüflər olsun ki, bu hal təkrar-təkrar baş verir. Məsuliyyətə gəldikdə isə, ilk növbədə onu deyim ki, Azərbaycanda 2015-ci ilə kimi pambığın məhsuldarlığı həmin ildən sonrakı illərdən fərqli olaraq yüksək olub. Hətta həmin vaxtlarda nəinki belə bir hadisə baş verib, heç oxşar hadisəyə də rast gəlinməyib. Kimyəvi maddələrdən istifadə olunub, məhsuldarlıq artıb, keyfiyyətli məhsul istehsal edilib, ixrac edilib, ölkəyə valyuta gəlib və bunun hamısı sakitcə baş verib. Ancaq 2015-ci ildən sonra bu sahəyə neft gəlirləri azalandan sonra xüsusi fikir verməyə başladılar. Bu sahənin inkişafı ilə bağlı sənədlər imzalandı. İlham Əliyev deyib ki, hər il biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar vəsait xərcləyirik. Və nə baş verir? 2015-ci ildə biz məlumat almışdıq ki, fermerlərə təklif olunan herbisidlər. alaq otlarına qarşı istifadə olunan dərman preparatları 2012-ci ildə müddəti bitmiş dərmanlardır. Həmin pestisidlər fermerlərə verilib və deyilib ki, aşırı dozada istifadə edə bilərlər. Müddəti bitib, ola bilsin ki, təsiredici qüvvəsi aşağı düşüb, ona görə aşırı dozada istifadə etsinlər. fermerlər də elə həmin ildə həmin dərman preparatlarından istifadə etdilər. Mən bunu həmin vaxt ictimailəşdirmişdim. Elə həmin ildən də pambıqçılıqla məhsuldarlığın azaldığını müşahidə edirik. Və çox ciddi ajiotaj yarandı. Artıq demək olar ki, ötən il bu sahədə çalışanlar 10 milyona yaxın ziyana düşdülər. Bu sahə fermerlər üçün, kəndlilər üçün bir bəlaya çevrildi. Dövlət ümumilikdə 50-60 min hektara yaxın örüş sahəsini pambıq əkini üçün iri şirkətlərə verdi. Şirkətlər indi həmin örüş sahələrində pambıq əkini ilə məşğuldur. Halbuki, həmin örüş sahələrini əkinə vermək ümumiyyətlə düzgün deyildi. Orda əkin aparmaq o zaman mümkün olardı ki, əvvəlcə o sahələrdə müəyyən işlər aparılsın. Yəni üzvi gübrələr verilsin, münbitləşdrilsin, sonradan əkin işləri aparılsın. Çox təəssüflər olsun ki, bunu etmədilər və həmin əkin sahələri və digər pambığın altına verilmiş torpaq ərazilərinin münbitliyi aşağı səviyyədədir. Ona görə də orada yetişdirilən bitkilər zəif olur. O bitkilər asanlıqla zərəvericilərə, xəstəliklərə məruz qalır və geniş yayılmasına səbəb olur. Bitkilərin orada özünüqoruma mexanizmi işə düşmür. Belə olan halda bu sahə ilə məşğul olanlar çalışır ki, təsərrüffatlarını qorusunlar. Onlar üçün də müddəti bitmiş dərman preparatları gətirilibsə, onlara verilibsə, onlar məcburiyyət qarşısında qalıb, artıq dozada istifadə etməli olurlar. Bu da olduqca təhlükəlidir. Həm insan orqanizmi üçün, həm digər canlılar üçün. Yəni bu gün həm insanlar bundan ziyan çəkir, həm ətraf mühit, həm də torpaqlar deqradasiyaya uğrayır. Bu işdə məsuliyyət hakimiyyətin boynundadır. Ona görə ki, 2015-ci ildən sonra pambıqçılığın inkişafını hökumət öz üzərinə götürüb. İnzibati yolla bu sahəni inkişaf etdirmək xətti tutub. Artıq bu sahəyə cəlb olunanlar demək olar ki, dövlət məmurları və büdcə təşkilatlarında çalışan kiçik məmurlardır. Belə olan halda bu hadisələrdə məsuliyyət məhz hökumətin, bu işdə təşəbbüskar olan Kənd Təsərrüfatı nazirliyinin üzərinə düşür. Çox təəssüflər olsun ki, məlumat yayıldı ki, Kənd Təsərrüfatı nazirliyi tədbir keçirib və məsuliyyəti öz böynundan atıb. Burda məsuliyyət yalnız o ərazilərdə baş verən hadisələrlə bağlı deyil, ölkəyə gətirilən zərərli kimyəvi maddələr laboratoriya şəraitində yoxlanılmalı idi və müəyyən sənəd verilməli idi. sonra kimyəvi zəhərli maddələrin tətbiqi nəzarətdə olmalı idi. Əvvəlcədən maarifləndirmə işləri aparılmalı idi. Sonrakı etapda da bu nəzarət altında həyata keçirilməli idi. Nazirliyin bütün rayonlarda strukturları var və onlar bu sahəyə görə əmək haqqı alırlar. Həmin o rayonlarda olan məmurlar bu işin təşkilatçısı olmasalar da işi nəzarətə götürməli idilər. Birinci hadisə baş verir, bundan nəticə çıxarılmır. Sonra yenə hadisələr baş verir, yenə nəticə çıxarılmır. Ümumilikdə iyunun 10-dan bu yana 5 rayonda belə hadisə baş verib. Ancaq bu günkimin bu sahədə məsuliyyət daşıdığı ortada deyil. Sahibkarlarda günah görəcəklər, amma onlarda günah yoxdur. Onlar bilmir ki, dərman preparatlarının tərkibində insan orqanizmi üçün zəhərli maddə var. Bir rayonda səhvə yol verərdilər. Necə olur ki, artıq 5 rayonda ard-arda belə bir hadisə baş verir. Deməli bu iş tamamilə başqa bir səviyyədə, yuxarı səviyyədə məsuliyyət daşımalıdır. Bu da nazirlik ola bilər ya da ola bilsin ki, bu işin ortada olmayan, görünməyən təşkilatçıları var. Onlar axtarılıb tapılmalıdır. Kim bu işi təşkil edib, kim bu işi nəzarətdən çıxarıb hamısı məsuliyyət daşımalıdır. Hökumətin üzərinə böyük məsuliyyət düşür. Hökumət bu məsuliyyəti öz üzərindən atmamalıdır.
-Pambıqçılıq xeyirli bir sahədirmi ki, buna görə bu qədər zəhərlənmə baş verir? İnsanların həyatını buna görə təhlükəyə atırlar?
-İstənilən sahəni Azərbaycanda gözdən salmaq olar. Təkcə pambıqçılıq deyil, digər sahələri də bu formada gözdən salmaq olardı. Digər sahələrdə də dərman preparatlarından aşırı dozada istifadə etmək olardı. Ümumiyyətlə həmin sahəni sıradan çıxarmaq olardı. Burda günahı pambıqçılıqda və ya bitkidə yox, səhlənkarlığa yol verənlərdə axtarmaq lazımdır. Pambıqçılıq çox gəlirli sahədir. pambıqçılığı yaxşı inkişaf etdirmək olar, o sahədən yaxşı gəlir əldə etmək olar. O şərtlə ki, dövlət bu işə qarışmasın. Bu işlə fermerlər, sahibkarlar əvvəllər necə məşğul olurdularsa, elə də məşğul olsunlar. Dövlət nə etməlidir? Dövlət onlara imkan yaratmalıdır ki, onlar özləri bazara çıxsın. Onlar emalla məşğul ola bilsinlər, kooperasiya yaradıb, birgə istehsal, emal etsinlər, emal etdikləri məhsuldan pal-paltar və digər məhsullar əldə etsinlər, bazara çıxarsınlar. Həm onlar yaxşı gəlir əldə etsinlər, həm də dövlət valyuta qazana bilsin. Bu sahəni gəlirli etmək olar. O halda ki, dövlət müdaxilə etməsin. Dövlət yalnız yardımçı olsun. Problemləri həll etsin. Su ilə bağlı problemləri həll etsin ki, kəndli-fermer suya ehtiyacı olanda problemlə üzləşməsin.
-Bəziləri baş verənlərə görə dərman şirkətini günahlandırır, bəziləri isə yerlərdəki aqrar işçiləri. Siz nə deyə bilərsiniz. Sizcə, günah kimdədir?
-İstənilən halda dəqiq açıqlama olmadığı halda kimdəsə günah görmək düzgün olmaz. Ona görə ki, bu dərman preparatının tətbiqi ilə məşğul olan mütəxəssislər onun keyfiyyətinə cavabdeh deyillər. Keyfiyyətlə bağlı nəzarəti həyata keçirən digər qurumlar var. Kənd Təsərrüfatı nazirliyi ölkəyə gətirilən dərman preparatının keyfiyyətini müəyyən edib, nəzarətdə saxlamalıdır. Belə olan halda kimisə suçlamaq düzgün deyil, ona görə ki, bu sahədə hələ heç nə tam aydın deyil. Hər şey qaranlıqdır. Əgər məlumat yoxdursa, hamıda həm günah görmək olar, həm də əksinə.
-Belə bir fikir də var ki, baş verənlər təxribatdır. Yeni Kənd Təsərrüfatı nazirini müəyyən qrupların vurması üçün hazırlanan təxribatdır. Belə bir versiya ola bilərmi?
-İndiki halda şübhə yaradan bir məqamdır. Ancaq kimsə gərək ki, nazirə qarşı hər hansı bir təxribat görürsə, yanılır. Onsuz da bu nazir peşəkar deyil. Bu sahə olduqca mürəkkəb sahədir. Bu sahənin problemləri çoxdur. Ona görə də nazir nəyəsə nail ola bilməyəcək. əksinə bu sahə bir az da geriləyəcək. İstər onun bir neçə köməkçisi olsun, istər Hollandiyadan, istər Amerikadan, xeyri yoxdur. Bu sahənin problemi spesifikdir. Bu sahəni inkişaf etdirmək yalnız yerli mütəxəssislərin köməyi ilə mümkündür. Ona görə də onlar əgər belə tələsik addım atıblarsa, yanlışlığa yol veriblər. Bu sahənin peşəkarı olmayan, bu sahə üzrə təhsili olmayan, təcrübəsi olmayan bir adamın nazir gətirilməsi böyük səhv idi. MDB ölkələrində belə hal yoxdur. Ümumiyyətlə hüquqşünasın Kənd Təsərrüfatı naziri olması, onun müavinlərinin də qeyri-peşəkar olması görünməyən bir şeydir. Ümumiyyətlə Azərbaycanda son zamanlar Gəncədəki Dövlət Kənd Təsərrüfatı İnstitutu demək olar ki, 30 ildir keyfiyyətli kadr yetişdirə bilmir. Onların çox az sayda yaxşı təhsil alan məzunları olub. Təəssüflər olsun ki, həmin adamlar bu gün kənarda qalıb. Diplom almış, amma təcrübəsiz kadrlar bu gün Kənd Təsərrüfatı nazirliyindədirlər. belə halda onsuz da nəyəsə nail olmaq mümkün deyil. Ona görə düşünmürəm ki, kimsə ona bu formada təxribat təşkil etsin. Onsuz da bu sahədə geriləmə sürətlə gedəcək. Hələ ki müsbət nəsə görünmür.
-Nə təklif edirsiz? Pambıqçılıq inkişaf etdirilməlidirmi? Etdirilməlidirsə, hansı addımlar atılmalıdır? Hansı uğurlu təcrübələrdən yararlanmalıdır? Və ya əksinə inkişaf etdirilməməlidirsə, onu kənd təssərrüfatında hansı məhsul əvəzləyə bilər?
-Ümumiyyətlə hökumət əlini çəkməlidir. Hökumət inzibati qayda ilə o sahəni inkişaf etdirmək haqda düşünməməlidir. Hökumət sahibkarlara mane olmamalıdır. Emalı, ixracı inhisara almaq üçün inhisarçılara şərait yaratmamalıdır. Bu sahəni inkişaf etdirmək yalnız fermerlərin, kəndlilərin özlərinin istəyi ilə olmalıdır. Onlar üçün münbit şərait yaratmaq lazımdr ki, kəndli-fermer öz arzusu ilə bu sahə ilə məşğul olsun. Bu sahəni gəlirli etsin. Rəqabət qabiliyyətli məhsul istehsal etsin və istehsal etdiyi məhsulu özü dünya bazarına çıxarsın. Və yaxud da daxildə emal edib ondan mal-məhsul istehsal edib, yüksək dəyərə təklif etsin. Bunun üçün imkan yaratmaq lazımdır. Heç bir ölkənin təcrübəsinə ehtiyac yoxdur. Elə fermerlər var ki, hər hektardan 6 ton pambıq əldə edib. Bu dünya üzrə rekorddur. Əgər şərait yaradılsa, mane olunmasa Azərbaycanda pambıqçılıq inkişaf edəcək, gəlirli olacaq, heç zaman heç kim zəhərlənməyəcək, bir çox fermerlərin, kəndlilərin evinə, ailəsinə xoşbəxtlik gətirəcək. Bu o vaxt baş verəcək ki, hökumət, hakimiyyət bu işdən əl çəkəcək. Bu işi kampaniya xarakterli tədbirlərlə qabardıb, gözə soxmayacaq. Sakitcə bu sahə öz-özünə inkişaf edəcək. Bu sahədə kifayət qədər hazırlıqlı adamlar var, peşəkarlar var. Hakimiyyət mane olmasa işlər öz qaydasında gedəcək və pambıqçılıq inkişaf edəcək.
Rəy yaz