institute.careerguide.com
“QHT-lərlə bağlı pozitiv mesajların çox yaxın müddətdə reallaşmasının şahidi olacağıq”
* * *
Sual: Əvəz bəy, son vaxtlar QHT qanunvericiliyi ilə bağlı, eləcə də donorların fəaliyyəti ilə bağlı hökumət və vətəndaş cəmiyyəti üzvləri tərəfindən ictimaiyyətə pozitiv mesajlar ötürülür. Yaxın vaxtlarda bu pozitiv mesajların reallaşacağı nə dərəcədə inandırıcıdır?
Cavab: Bu cür mesajlar artıq 2020-ci ilin sonundan başlayaraq verilməyə başlayıb. 2021-ci il aprel ayında isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə QHT Dövlət Dəstəyi Agentliyinin yaradılması məhz hakimiyyətin ən yüksək səviyyədə QHT sahəsində islahatların aparılması üçün hazır olduğunu nümayiş etdirən bir addım oldu.
QHT Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə diqqət yetirmiş olsaq, burada cənab Prezident tərəfindən vətəndaş cəmiyyətinin maliyyə dayanıqlığı, institusional inkişafı, təcrübə toplaması, biznes strukturlarının vətəndaş cəmiyyətinin layihələrinin maliyyələşdirilməsinə cəlb olunması və eləcə də ölkədə vətəndaş cəmiyyəti ilə bağlı vəziyyətlə bağlı hesabatın hazırlanması üçün aydın tələblər qoyulub. Agentliyin bu kimi vəzifələr ilə təmin olunması dövlətin islahatlar üçün istəyinin qanuni bazasının yaradılması deməkdir. Daha bir önəmli fakt ondan ibarətdir ki, Agentliyin Müşahidə Şurasına vətəndaş cəmiyyəti arasında müstəqil baxışları ilə tanınan insanlar təyin olunub və onların irəli sürdükləri təkliflər ilk növbədə həmin sektorun maraqlarının təmin olunmasına xidmət edir. Çünki, onların özləri də Müşahidə Şurası üzvü olmaqla yanaşı QHT rəhbəri kimi funksiyalarını özlərində saxlayırlar.
Sizi əmin etmək istəyirəm ki, dediyiniz pozitiv mesajların çox yaxın müddətdə reallaşmasının şahidi olacağıq.
Sual: Sizcə, hakimiyyət indiki şəraitdə bu addımları atmağa hazırdırmı? Və ya hakimiyyəti bu addımları atmağa nə vadar edir? Əgər bunlar baş verəcəksə bunun səbəbi nədir?
Cavab: Xatırladım ki, keçən il Prezidentin köməkçisi Hikmət Hacıyevin QHT təmsilçiləri ilə görüşü zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin təkliflərinə xüsusi diqqətlə qulaq asması ciddi ümidlər yaratmışdı. Artıq bəlli idi ki, hakimiyyət 44 günlük Vətən Müharibəsindən sonra ölkədə yeniliklərin və islahatların aparılması ilə bağlı ciddi proseslərə hazırlıq mərhələsindədir.
Hakimiyyəti daimi olaraq düşündürən ən ciddi problem – işğalda qalan ərazilərimizin azad olunmasından sonra aydın idi ki, ölkədə həlli mümkün olmayan məsələ yoxdur. Qarabağ məsələsində müəyyən irəliləyişlərin olması ölkənin üzləşdiyi digər məsələlərin də həll olunmasını aktuallaşdırıb. Siyasi rəqiblərin nə deməsindən asılı olmayaraq hakimiyyət Rusiya üçün prioritet sayılacaq şəbəkələrə qoşulmur, əksinə, Avropa Birliyi ilə münasibətlərini saxlayaraq uzun illərdir üzərində işlədiyi Strateji Əməkdaşlıq sazişini də gündəlikdən çıxarmadı.
Ölkədə bütün siyasi proseslərin normallaşdırılması və islahatların aparılmasında əsas irəliləyişin olacağına da məhz bu əlaqələrin inkişaf etdirilməsində maraqlı olması böyük rol oynayır və oynayacaq.
Dövlət yaxşı başa düşür ki, Azərbaycanın siyasi yanaşması çoxvektorluluq üzərində qurulub. Ona görə də əminəm ki, ölkə daxilində normal münasibətlərin saxlanılması, bununla yanaşı ölkəyə xarici təsirlərin azaldılması üçün daxildə inamın artırılması istiqamətində işlər aparılacaq. Bu hər hansı təsirdən doğan istək deyil, bu hakimiyyətin öz işlərini nizamlaması, cəmiyyətin bütün diqqətinin işğaldan azad olunmuş ərazilərin bərpa olunmasına yönəltməsi istəyindən irəli gəlir.
Sual: Siz də təsdiqləyərsiz ki, bu kimi pozitiv mesajları zaman-zaman eşitmişik. Amma nəticə dəyişməyib. Hətta Əli Həsənovun vətəndaş cəmiyyəti üzvləri ilə dialoqu keçirilirdi və bu kimi mesajlar verilirdi. Nəticədə vəziyyət daha da pisləşirdi. Və ya bir il olar ki, Prezident administrasiyasının rəsmisi QHT sədrləri ilə görüşlər keçirib. Nəticə hələ də dəyişməyib. Və bu kimi mesajlar adətən ölkədə hansısa mühüm qərarlar verilməmişdən öncə vətəndaş cəmiyyətini sakitləşdirmək, susdurmaq məqsədi ilə atılıb. Ola bilərmi bu dəfə də vətəndaş cəmiyyətini sakitləşdirməq məqsədi ilə bu kimi mesajlar ötürülür?
Cavab: Bilirsiniz, mən özüm də vaxtilə vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında aparılan həmin dialoqlarda iştirak etmişdim. Həmin görüşlər çox məhsuldar keçməsinə baxmayaraq, orada səslənən fikirlərin çoxu qanunvericiliyin dəyişdirilməsi üzərində qurulurdu. Vətəndaş cəmiyyəti ilə bağlı problem məhz Ə.Həsənovun birbaşa rəhbərliyi ilə yaradılırdı, qaydaların sərtləşdirilməsi və ittihamlar məhz həmin dövrdə gücləndirilirdi. Hakimiyyət təmsilçisi olaraq bir tərəfdən qaydaları sərtləşdirirdilər, digər tərəfdən QHT-ləri “dialoqa” çağırır, onlardan fikir toplayaraq ümid verirdilər ki, “hər şey düzələcək”. İndiki halda isə hökumətin təmsilçisi QHT-lər ilə görüşdü, onların fikirlərini dinlədi, sonra QHT Dövlət Dəsətyi Agentliyi yaradıldı və islahatların aparılması üçün təkliflərin hazırlanması birbaşa olaraq Agentliyin Müşahidə Şurası üzvlərindən istənildi.
Bu tamamilə fərqli yanaşmadır. Müşahidə Şurası təbii ki, ölkədə fəaliyyət göstərən QHT-lərin təmsilçilərindən ibarətdir. Onlar bu prosesi digər həmkarlarından heç də az bilmirlər və qoyulan məhdudiyyətləri öz çiyinlərində hiss edirlər. Ona görə də, burada vətəndaş cəmiyyətini sakitləşdirmək kimi fikirləri qəbul etmirəm. Biz öz iclaslarımızda qaldırdığımız məsələləri QHT-lər ilə Zoom üzərindən görüşlərimiz zamanı səslənən fikirlərdən toplayırdıq. İclaslarımız zamanı çalışırdıq ki, QHT-lərin problemlərinin həll olunması üçün bütün məsələləri müzakirə edək.
Sual: Sizcə, QHT qanunvericiliyi ilə bağlı yumşalmalar adətən hansı aspektdə ola bilər?
Cavab: Bu gün QHT-ləri narahat edən məsələlər sırasında beynəlxalq donorların qrantlarına çıxış, QHT-lərin qeydiyyatının asanlaşdırılması, onlara ianələrin verilməsinin tənzimlənməsi kimi məsələlərdir.
İndiki halda hökumətin QHT-lərin qeydiyyatı ilə bağlı prosedurları asanlaşdırması üçün yalnız bir neçə normaların dəyişdirməsinə ehtiyac var. QHT-lərin qeydiyyat prosesinin elektron qaydada aparılması bu prosedurları olduqca asanlaşdıracaq. İnanıram ki, bu islahatların aparılmasından sonra QHT-lərin qeydiyyatı ilə bağlı hər hansı bir problem qalmayacaq. Eyni zamanda qeydiyyat prosesinin asanlaşdırılması, onların təkrarən reyestrdən keçməsi sahəsində də vəziyyəti olduqca asanlaşdıracaq.
Xarici donorların ölkəyə qayıdışı məsələsi də gündəlikdə olan məsələdir ki, burada ilk növbədə ölkədə qalıb işləyən donorlar ilə işin asanlaşdırılması önəmlidir. Başa düşürük ki, xarici donorlar ölkədən gediblər, onların geri qayıtması prosesi uzun vaxt aparacaq. Artıq tendensiyalar dəyişib, pandemiya çoxlu proqramları təxirə salıb. Bu gün əgər açıq qapı elan edilsə də belə ciddi axının olacağı gözlənilmir.
Sual: Yeri gəlmişkən, yaxın vaxtlarda siyasi məhbus probleminin həlli məsələsi ilə bağlı da bəzi mesajlar eşidilməkdədir. Sizcə, hakimiyyətin hazırda bunu etmək üçün siyasi iradəsi varmı?
Cavab: Bu barədə məlumat hüquq müdafiəçiləri ilə Prezidentin köməkçisi Hikmət Hacıyev arasında keçirilən görüşdən sonra verilmişdi. Hüquq müdafiəçiləri ölkədə bu kateqoriyadan olan məhbusların siyahısını dəfələrlə hakimiyyətə təqdim ediblər, onlar ilə bağlı müraciətlərini edirlər.
Sual: Vətəndaş cəmiyyətinin normal fəaliyyəti üçün, eləcə də siyasi məhbus probleminin köklü həlli üçün sizin təklifləriniz nədən ibarətdir?
Cavab: Vətəndaş cəmiyyətinin normal inkişafı üçün ilk növbədə onun maneəsiz fəaliyyəti üçün şərait yaradılmalıdır. Xüsusən də 2014-cü ildə süni olaraq yaradılan maneələr aradan qaldırılmalıdır. Bu qaçılmazdır. Dövlət də bu proseslərə başlamaqda maraqlıdır.
Vətəndaş cəmiyyətinin maliyyə dayanıqlığı artırılmalıdır. Onlar ya bu pulu xaricdən almaqla öz dayanıqlığını artıracaq, ya da dövlət özü onlara pul ayıracaq. Bu gün 13 dövlət qrumunun QHT-lərə maliyyə ayırması müəyyən mənada boşluğu doldurmaq üçün cəhd sayıla bilər. Amma, dövlətin ayırdığı vəsaitin şəffaflığı, effektiv idarə olunması və monitorinqi ilə bağlı problemlər həll olunmalıdır. Beynəlxalq donorlar üçün bu cür problem yox idi. Onlar neçə onilliklər ilə bu təcrübəyə malikdirlər. Dövlət qurumları öz ambisiyaları, təcrübəsizlikləri və özlərinin inandıqları QHT-lər ilə işləməyə üstnülük vermələri ilə prosesə inamı azaldırlar.
QHT-lərin qeydiyyatı ilə bağlı problem qalmamalıdır. Təbii ki, QHT-lər kommersiya qurumlarından fərqləndiyi üçün onların məqsədləri və vəzifələrində dövlət, insanlıq, hüquq və azadlıqların pozulmasına yönələn hər hansı fəaliyyətin yoxlanılması üçün tələb olunan zaman müəyyən dövr tələb edir. Amma, qeydiyyat prosesi elektronlaşacaqsa, həm dövlət strukturlarının, həm də vətəndaş cəmiyyəti ilə məşğul olan strukturların monitorinq işi asanlaşacaq.
Mən təklif etmişəm ki, QHT-lər üçün daha ucuz xidmətlər təklif edən resurslar olsun, onlar üçün ofis, texnika icarəsi xüsusi güzəştli qiymətlər və yeni yaradılan mərkəzlər tərəfindən təqdim olunsun. QHT-lərin ölkə daxilində maliyyələşdirilməsinə daha önəm verilsin və maliyyə məbləği artırılsın və yaxud uzunmüddətli layihələr həyata keçirilsin. QHT-lərin bacarıqlarının artıılması, beynəlxalq əməkdaşlığının qurulması üçün Agentlik tərəfindən silsilə fəaliyyət həyata keçirilsin. QHT-lərin ixtisaslaşması, sosial sifarişlərin yerinə yetirilməsində biznes strukturları ilə qarşılıqlı fəaliyyət göstərilməsi təşviq edilsin.
Ümid edirəm ki, biz QHT-lərin çətin günlərinin arxada qaldığının şahidi olacağıq. QHT-lərin xarici maliyyədən asılılığının əsasını qoya biləcək daxili maliyyələşdirməni qaydaya sala biləcəyik ki, bacarığı olan hər bir QHT dövlətin ayırdığı maliyyədən razı qala bilsin.
Kamran Mahmudov
Rəy yaz