Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Koronovirus qlobal bir bəla olmasına görə bütün dünya iqtisadiyyatını batıra bilib. Əvvəlki böhranların tarixində bazarlardan faydalananlar da olurdu. Kimlər itirirdi, kimlərsə qazanırdı. Bir qrup şirkətlər bazar paylarını itirir, digərləri isə bu böhranlardan uğurla çıxırdı. Necə deyərlər, böhranlar bəziləri üçün itki, bəziləri üçünsə fürsət idi. Lakin indiki koronovirusla bağlı yaranmış qlobal böhran haqqında bunu demək olmaz.

İqtisad professoru Daron Acemoğlunun “Koronavirus və onun qlobal iqtisadiyyata təsirləri” adlı seminarda bu böhranı çox aydın formada belə səciyyələndirmişdi: “Dünyada şirkətlər hər resesyonda batar, digərləri davam edər. Örnəyi kimi ABŞ-da hər durğunluqdan sonra şirkətlərin ortalama 100-dən 3-ü batırdı. Amma indi situasiya daha dərinə işləyib. Sadəcə iqtisadi baxımdan daha çox şirkətlər deyil, tədarük zəncirlərinin zərif halqalarından təsirlənən digər şirkətlərdə batmağa başlayır.” Deməli batan şirkətlər içərisində böyük və ya kiçik, güclü və ya zəif kimi təsnifatlar keçərli deyil. Bir gəmi batan zaman kimin gəminin hansı hissəsində yer almasının heç bir önəmi olmadığı kimi covid-19 pandemiyası zamanı da şirkətlərin bazarla əlaqəli hər hansı bir mövcudluğu önəm kəsb etmir.   

Dünyanın iqtisadiyyatı batan da hər zaman istehlakçı gəlirləri hesabına daha çox zənginləşən iş dünyası bundan bəlkə də daha çox narahat olmalıdırlar. Əgər dünyanın az qala yarısı evdən çölə çıxmırsa və iqtisadiyyata tövhə vermirsə, demək həmin zənginlər bundan daha çox narahat olmalıdırlar. Çünki iqtisadiyyatların lokomotivi sayılan iş dünyası bundan ciddi sürətdə təsirlənir. Mal və xidmət istehlakı olmayan yerdə hansı istehsal mövcud ola bilər? Qlobal tədarük zənciri qırılıbsa, hansı gəlir kanalından danışmaq olar?

Dünyanın tək sahibi yoxdur. Sahibləri var. Qlobal güclərin komponentləri sırasında iş dünyasının ən zəngin insanları var. Onların da dünyada sahibləndikləri sahələr var. Onlar dünyanın bu cür gedişatından çox narahatdırlar. Buna görə də əsas narahatlıq keçirən subyektlər sırasından Forbesin 100-də yer alan zənginlər də var.

Dünyada koronovirusla bağlı ilk narahatlıqlar “Microsoft”un qurucusu və dünyanın ən zəngin insanlarından biri olan Bill Geytsdən gəldi. O, öz ölkəsi ABŞ-ı covid-19 epidemiyasıyla mübarizədə Trampa admistrasiyasını sərt şəkildə tənqid etdi: “Təəssüf ki, davranışlarımız və virusla bağlı təqibimiz effektiv olmadığı üçün onun miqyası artmaqda davam edir. Və çox utanc vericidir. Epidemiyaya qarşı verdiyimiz reaksiya məndə xəyal qırıqlığı meydana gətirdi."

Zənginlərin çağrışı: bizə koronavirus sərvət vergisi tətbiq edin!

Daha sonra dünyanın zəngin insanlarının epizodik narahatlıqları xor səsi ilə əvəz olundu. Dünyanın ən zəngin insanları (80-dən çox) hökumətləri koronovirus pandemiyası ilə əlaqədar bir araya gəlməyi və ən zənginlər üçün yeni vergi siyasəti tətbiq etməyə çağrıblar. Özünü "İnsanlıq Üçün Milyonçular" olaraq adlandıran bu qrup açıq məktub yazaraq hökumətlərə pandemiyaya dəstək məqsədilə özlərinin sərvətlərinin bir hissəsini könüllü olaraq ödəməyə hazır olduqlarını bildiriblər. Onların məktublarında olduqca təsirli məqamlar yer alıb: "Covid-19 dünyanı çökdürdüyü bir zamanda bizim kimi milyonçuların dünyamızı yaxşılaşdırmada vacib bir rolunun olduğunu unutmuruq. Çünki bizlər reanimasiya xidmətlərindəki xəstələri ölümdən qurtarmırıq. Xəstəni xəstəxanalara aparacaq təcili yardımlardan istifadə etmirik. Market rəflərini yenidən doldurmuruq və ya qapıdan-qapıya yemək təslim etmirik. Amma bizlərin çoxlu pulumuz var. Dünyamızın bu böhrandan xilas olması üçün indi daha çox ümidə ehtiyac duyulan pul bizdədir."

Bu müraciətdən sonra İngiltərənin maliyyə sahəsinin dövlət təmsilçiləri bildirdilər ki, yüksək vergilərin yalnız zənginlərin deyil, çoxsaylı sektorları əhatə etdiyinin qaçılmaz olduqlarını vurğulayıblar. İspaniyanın baş naziri Pedro Sankez bu ay hökumətin daha yüksək vergi yığımları əldə edəcəyini bəyan etdilər. Rusiyanın rəsmi təmsilçiləri isə yüksək gəlirli kəsləri hədəf alacağını açıqca ifadə etdi.

“İnsanlıq üçün Milyonçular”ın müraciətinin sonunda “... indi daha çox ümidə ehtiyac duyulan pul bizdə “ cümləsində bir səxavət mesajı, insanlığa xidmət borcu missiyası hiss olunur. Çünki həmin zəngin insanlar onun fərqindədirlər ki, pulu hamının yaxşı yaşaya bildiyi zamanlarda qazanmaq olur. Hamının itirdiyi və “minalanmış ərazilərdə” ehtiyatla gəzdiyi yerlərdə pul tapmaq olmur.

Bir də ki, pul o zaman dəyərli sayılır ki, müqəddəs işlərə sərf olunsun. Çətinə düşən situasiyalarda səni sınaqlardan qurtarsın. Dərdə düşəndə dərdinə məlhəm olsun.

Buradan Azərbaycandakı işbazlara da mesajlar var. Şirkətlərin korporativ sosial məsuliyyət anlayışları var. Cəmiyyət qarşısında reputasiyalarını kritik məqamlarda ifadə edəcək belə öhdəlikləri var. Dara düşəni dardan qurtarmaq kimi iqtisadi “insan” olmaq məsuliyyətiniz var. Kommersiya bankları vəhşi kapitalizmin praqmatik maraqlarını yox, humanist dəyərlərini də nəzərə almalıdırlar. Hər şeyi Mərkəzi Bankın tənzimləmə qərarları ilə bağlamayın! Biz də fərindəyik ki, siz kommersiya qurumlarsız, xeyriyyə fondları deyilsiz. Amma müştəriləriniz də ağılsızlıqdan ödənişlərini daimi gecikdirənlər deyillər. Bazarların olmadığı halda öhdəliklərinin icrası ilə bağlı obyektiv çətinliklə üz-üzə qalanlardırlar. Siz indi də müştərilərinizə “pişik yolu” verməyəcəksinizsə, qurd sizi yeyəndə verəcəksiniz? Qaradan tünd rəng var? Pandemiyadan çətin gün var?

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti