PRESS ASSOCIATION

PRESS ASSOCIATION

AXCP-nin sədri Əli Kərimlinin telekommuniksiya blokadasına alınması ilə bağlı məlum vəziyyət son informasiyaların qiymətləndirilməsində bəzi məqamları açıq şəkildə ortaya çıxarır.

Turan İA-nin suallarına[1] cavab verən "Azercell Telekom" MMC-nin açıqlamasını düzgün oxuduqda və analiz etdikdə nəyi müşahidə edirik?

Qurumun açıqlamasının ilk cümləsində: ”Azercell Telekom" MMC öz fəaliyyətində telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla, bütün müştəriləri ilə bərabər davranır və onların arasında siyasi baxışlarına görə fərq qoymur”- deyir.

 İkinci  cümlədə isə: “şirkət müştəri məlumatlarının məxfiliyinə xüsusi diqqət yetirir və hər hansı abunəçinin istifadəsində olan nömrə ilə bağlı istənilən məlumat, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, üçüncü şəxslərə təqdim oluna bilməz”- deyilir.

Hər iki cümlədə əslində olayın nə olduğu cümlələrdəki vurğulardan anlaşılır. Birinci cümlədə vurğu “…telekommunikasiya haqqında qüvvədə olan qanunvericiliyi rəhbər tutmaqla”,  ikinci cümlədə isə vurğu “…qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla”-dır.

Bu vurğular əslində nəyi deyir?

Məsələnin mahiyyəti 14 iyun 2005-ci ildə qəbul edilən Telekommunikasiya haqqında Azərbaycan Respublikası Qanunun[2] 39-cu maddəsində gizlidir.

Məhz bu maddə, açıqlama verən “Azercell Telekom MMC”-də daxil olmaqla ölkədə fəaliyyət göstərən bütün operatorların, provayderlərin əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən orqanlarla qarşılıqlı əlaqəsini tənzimləyir.

Maddənin 1-ci bəndində göstərilir: “operatorlar, provayderlər qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli saxlamağa borcludur.”

Maddənin 2-ci bəndində:Bu tələblərin pozulmasına görə operator, provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır”-deyir.

 Maddədə çox aydın ifadə edilib ki, mobil operator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, eyni zamanda bunu gizli saxlamağa borcludur.

Azercellin açıqlamasının ilk iki cümləsində bunu aydın görmək mümkündür.

1.       Azercell ilk cümlədə bildirir ki, müştərilərin bərabərliyi, siyasi mənsubiyyəti onun üçün fərq etməz, lakin telekommunikasiya haqqında qanunun tələbləri daha rəhbər tələblərdir;

2.       Azercell müştəri gizliliyinə önəm verir, lakin qanunvericilikdə nəzərdə tutulan hallar istisnadır. Əməliyyat-axtarış tədbirləri zamanı informasiyaları verirəm və gizli saxlamağa borcluyam.

Qanunun 39-cu maddəsində adı keçən müvafiq icra hakimiyyəti orqanı hansıdır?

Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixdə imzaladığı № 277 saylı “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının[3] 1.12 bəndində Nazirlər Kabinetinə tapşırır ki, 2 ay ərzində həmin Qanunun 39.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

27 sentyabr 2006-cı ildə (13 ay sonra) “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının icrası ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının[4] 2-ci bəndində bildirilir ki, Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir.

Burda xüsusi vurğulamaq lazımdır ki, Telekommunikasiya haqqında Qanunun 39-cu maddəsində məhkəmə nəzarəti şərti olmadan birbaş icra hakimiyyətinə  səlahiyyətlərin verilməsi insan hüquq və azadlıqlarının  kütləvi pozulmasına şərait yaradır. 2015-ci il məşhur MTN əməliyyatı bunun son  olmayan nümunəsidir.

Qeyd etməliyəm ki, Məşhur MTN əməliyyatına qədər bu səlahiyyətlər MTN-ə verilmişdi. Lakin, Fərmana 2 oktyabr 2015-ci il tarixli 640 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri əlavə edilmiş[5], 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə (Nazirliyin ləğvindən 17 ay sonra) “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.[6]

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 26 dekabr 2012-ci il tarixdə yaradılan Xüsusi Dövlət Mühafizə Xidmətinin Əsasnaməsi Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun açıq tələbi olmasına baxmayaraq, yayılmamış və gizli saxlanılıb.

Bu qurum Azərbaycan Respublikası Prezidentinin 16 mart 2020-ci il tarixli Fərmanı[7] ilə ləğv edilib, üç fərqli qurum yaradılıb.

1.       Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti[8];

2.       Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

3.       Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Fərmanın 3-cü bəndində bu qurumların Əsasnamələrinin hazırlanması üçün 2 ay (16 may 2020-dək) vaxt verilib. Lakin, 4-cü bənddə nəzərdə tutulub ki, Əsasnamələr hazır olanadək, bu qurumlar 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də müvafiq hissələrdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etsinlər.

Azercell Telekom MMC-dən xidmət alan hər hansı abunəçi ilə bağlı “əməliyyat-axtarış” tədbirlərini zəruri edən səbəb birbaşa DTX-ya Aid səlahiyyət olmayıb, Daxili İşlər Nazirliyinə aiddirsə o zaman DİN -in razılığı ilə bunu Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirməlidir. 

Əlbəttə, burada bir hüquqi boşluq yaranır. Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olan məsələrdə Telekommunikasiya haqqında Qanunun 39-cu maddəsini icra edən əsas qurum kimi Xüsusi Dövlət Mühafizə Xidməti nəzərdə tutulub. DİN-in işi burada yalnız razılıq verməklə kifayətlənir.  Qanunun icrasını nəzərdə tutan 27 sentyabr 2006-cı il tarixli “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nda  hər hansı dəyişiklik edilməyib. Hələ də bu səlahiyyət ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətində görünür. Halbuki, bu Fərmanda da dəyişiklik edilməli, mövcud səlahiyyət  Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə ötürülməli idi. Çünki, hüquq və azadlıqların məhdudlaşdırılması yalnız qanunla və legitim əsaslarda mümkündür.

Baş verən hadisə qanuni baxımdan problemli olmaqla bərabər, məhkəmə nəzarəti olmadan baş verir. Bu daha böyük özbaşınalığa yol açır. Qurumlar keyfi davranır, bərabərlik prinsipini pozur, fərdləri siyasi mənsubiyyətinə görə ayrıseçkiliyə məruz buraxa bilir. Bir sözlə hüquqlar qanunsuz və  diskriminativ şəkildə pozulur.

 


[1] http://www.turan.az/ext/news/2020/4/free/politics%20news/az/123503.htm

[2] http://www.e-qanun.az/framework/10663

[3] http://www.e-qanun.az/framework/10665

[4] http://www.e-qanun.az/framework/12117

[5] http://e-qanun.az/framework/30841

[6] http://e-qanun.az/framework/34981

[7] https://president.az/articles/36183

[8] https://dmx.gov.az/page/98/prezidentin-tehlukesizlik-xidmeti

 

Ələsgər Məmmədli

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti