MSŞT ilə əlaqələrin şüurlu şəkildə kəsilməsi

Ekspertlər, siyasətçilər, elə sadə sosial şəbəkə istifadəçiləri də Azərbaycan hökumətinin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MSŞT) çıxmaq barədə qərarının müzakirəsini davam etdirir.

Ən çox diqqət iki aspekt üzərində cəmləşir: 1) Beynəlxalq kreditlər üzrə şərtlər sərtləşdiriləcək, 2) Vətəndaş cəmiyyəti artıq şəffaflıq məsələlərində hökumətə hər hansı təsir göstərməkdən məhrum olacaq.

MSŞT-dən çıxmaqda, göründüyü qədər, tamamilə başqa səbəbdən maraqlı olan hökuməti bunların heç biri narahat etmir. Bu səbəb haqqında daha sonra danışmaq olar. Bundan əvvəl bu hadisədən əvvəlki qısa tarixi yada salmaq yaxşı olardı.

Azərbaycan 2003-cü ildə Britaniya baş naziri Toni Blerin irəli sürdüyü MSŞT-yə qoşulan ilk ölkələrdən biri olub. Onun mahiyyəti resursların hasilatı və onlardan əldə edilən gəlirlərin şəffaflığın təmin edilməsindən ibarətdir. Bu hesabat göstəricilərinə görə ölkə sonradan lider elan olunub. Azərbaycan MSŞT-yə qoşulan ölkələrin bu sahədə prinsipləri və kateqoriyaları tam tətbiq etdiyini təsdiq edən qiymətləndirmə prosesini keçən ilk ölkə olub və 2009-cu ildə bonus kimi Şəffaflıq Təşəbbüsü Mükafatına layiq görülüb. Bununla da bütün nailiyyətlər başa çatıb. Sonradan ölkə şəffaflıq sərhədlərinin genişləndirilməsi haqqında təşəbbüslərə daha süst reaksiya verməyə və şəffaflıq sərhədlərinin genişləndirilməsi məsələsində MSŞT-də hökumətin maraqlı tərəfdaşı kimi çıxış edən vətəndaş cəmiyyətinə təzyiqi artırmağa başladı. QHT sektoruna açıq meydan oxuyan təzyiq 2012-ci ildə olub və ona son qoyulmayıb, bu da MSŞT-də gözlənilən reaksiyanı doğurub.

Son 5 ildəki hadisələr MSŞT və Azərbaycan münasibətləri göstərir ki, rəsmi Bakı şüurlu olaraq bu təşəbbüslə əlaqələri kəsməyə doğru gedib. 2015-ci ilin aprelində ölkənin statusu daimi üzvlükdən namizəd səviyyəsinə endirilib və nəhayət, bu il martın 9-da üç tələbin: xarici donorlar üçün dövlət qeydiyyatının ləğvi, qrant və müqavilələrin qeydiyyatı təcrübəsinin ləğvi və hər iki ildə bir QHT reyestrindən çıxarış təqdim edilməsi qaydasının ləğvi tələblərinin yerinə yetirilməməsinə görə onun üzvlüyü formal olaraq dayandırılıb. Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov buna cavab olaraq operativ qaydada ölkənin MSŞT-dən çıxdığını elan edib.

Təbii ki, hakimiyyətin bu tələbləri yerinə yetirə bilməməsi və istəməməsi beynəlxalq təzyiqə və Azərbaycan vətəndaş cəmiyyətinin şıltaqlıqlarına güzəştə getmək istəməməsi ilə bağlı deyil. Söhbət mədən sənayesində və onun törəməsi olan sahələrdə şəffaf hesabatlılıq kimi Əliyev administrasiyası üçün daha mühüm məsələdən gedir.

24-28 sentyabr 2012-ci il. Köln şəhəri, Almaniya. MSŞT seminarı. MSŞT iştirakçılarının müzakirəsinə MSŞT-nin Beynəlxalq İdarə Heyətinin Zambiyanın Lusaka şəhərində keçiriləcək iclasında və daha sonra 2013-cü ildə MSŞT-nin Sidneydə keçiriləcək qlobal konfransında qaldırılması planlaşdırılan üç aktual məsələ çıxarılıb: müqavilələrin şəffaflığı, ümumi və ya xüsusi hesabat növü və yenidən təsdiqin hər 5 il yerinə hər 3 ildə bir həyata keçirilməsi.

22 may 2013-cü il. Sidney şəhəri, Avstraliya. MSŞT idarə heyətinin 23-cü iclası. Görüş iştirakçıları rəsmi olaraq MSŞT-də bir sıra strateji dəyişiklikləri elan ediblər. Məqsəd MSŞT-ni daha geniş, etibarlı və təhlil üçün daha asan etməkdir. İslahat həmçinin hökumətlərdən vətəndaşlara ölkələrində mədən sektoru haqqında təməl məlumatların, o cümlədən kimə və hansı lisenziyaların verilməsi, nəyin nə qədər hasil edilməsi, bu sektorda dövlət şirkətlərinin rolu haqqında məlumatların verilməsini tələb edəcək. Həm də MSŞT hökumətlərə könüllü olaraq daha bir addım atmaq və şirkətlərlə bağladıqları müqavilələri, onların sahibləri haqqda məlumatları açıqlamaq üçün stimul verməyi qərara alıb.

23-24 may. MSŞT-nin 6-cı Qlobal Konfransı. 24 ölkənin liderləri Sidneydə MSŞT-nin Beynəlxalq Konfransında MSŞT Maraqlı Tərəflərinin Forumunda bəyanatlarla çıxış ediblər. Onların əksəriyyəti şəffaflığın artırılması və ölkələrində MSŞT-nin möhkəmləndirilməsi üzrə öhdəliklər götürüblər.

Beləliklə, qeyd etmək olar ki, vətəndaş cəmiyyətinə təzyiq MSŞT və Azərbaycan hökuməti arasında süni münaqişənin yalnız formal bəhanəsidir. Deməli, hakimiyyətin MSŞT-nin yeni tövsiyələrini yerimə yetirmək istəməməsini əsas məqsəd hesab etmək lazım idi. Azərbaycanda rejimin özünün qapalı xarakterindən də belə nəticə çıxır. QHT sektoru ətrafında münaqişə olmasaydı da, hökumət bu qeyri-şəffaf mərhələdə çıxmaq üçün istənilən başqa bəhanə tapardı. Onun şəffaflıq sahəsində gələcək addımları da heç cürə Azərbaycan QHT-ləri üçün beynəlxalq standartlara uyğun şərait yaradılması ilə bağlı olmayacaq. Bu formal məsələ yalnız hökumətin Sidney qərarlarının tələblərindən mümkün olduğu qədər qaçmaq siyasətini müşaiyət edir. MSŞT-yə qayıdış yalnız hökumətin mədən sənayesindəki və onun gəlirlərinin paylanmasındakı boşluqları aradan qaldırmasından sonra mümkün olacaq, bu da bir neçə il tələb edəcək. Və onda QHT sektoru ilə tərəfdaşlıq münasibətləri qurulması MSŞT-yə qayıdışın səbəbi olmasa da, siqnalı ola bilər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti