Woman.ru

Woman.ru

Martın 21-də Azərbaycan prezidentinin həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident, yəni özündən sonra ikinci dövlət məmuru təyin etməsinin bir ayı tamam oldu. Fevralın 21-də və bu təyinatdan sonra bir həftə dünya KİV-ləri və analitikləri postsovet məkanı ölkələrində ali dövlət vəzifəsinə ilk açıq ailə təyinatı ilə bağlı məlumat yayır və onu şərh edirdilər, sonradan isə bu mövzu siyasi gündəlikdən yoxa çıxdı. Hazırda Azərbaycanda birinci vitse-prezidentin təyin edilməsi yalnız erməni KİV-lərində müzakirə olunur, əlbəttə ki, sevincli tonda. Yerevanda Cənubi Qafqazda məşhur olan Britaniyalı politoloq və "Qara bağ" kitabının müəllifi Tomas de Vaaldan sitat gətirirlər ki, bu təyinatla şəxsən onun Azərbaycan demokratiyasına ümidi qalmayıb.

Niyə nepotizm mövzusu bu qədər qısamüddətli oldu?

Bəlkə ona görə ki, Azərbaycandan şimalda və qərbdə digər dövlətlər üçün belə kadr təyinatları qeyri-mümkündür.

Rusiyada nepotizm mümkün deyil, ən azından, prezident Vladimir Putinin hazırki ailə vəziyyəti şəraitində, şərqdə və cənubda, keçmiş SSRİ-nin müsəlman ölkələrində isə prezidentin yaxın qohumunu yüksək vəzifəyə təyin etməsi adi haldır. Nursultan Nazarbayev 2015-ci ildə qızı Dariqanı baş nazirin birinci müavini təyin edib.

Uzaq xaricə nəzər salsaq, keçmişdə və indiki əsrlərdə Argentina belə kadr təyinatları ilə fərqlənib, burada prezident Peron sevimli həyat yoldaşı Evitanı (1919-1952) vitse-prezident vəzifəsinə təyin edib. O, 31 yaşında vəfat edib, buna görə gözəl xanımın qeyri-adi məşhurluğunu nəzərə alaraq, onun prezident vəzifəsinə yüksəlməsi tamamilə real idi. Əvəzində Evita Peronun tamamlaya bilmədiyi yolu 2015-ci ilə qədər Argentinanın prezidenti olan və bu vəzifəni həyat yoldaşı Nestor Kirşnerdən alan Kristina Kirşner keçib.

Hətta ABŞ-da belə nepotizm ola bilər. Donald Tramp kürəkəni Cared Kuşneri Ağ Evdə müşavir təyin edib, ABŞ Ali Məhkəməsi isə bunda qanunazidd heç nə görməyib, baxmayaraq ki, ABŞ qanunvericiliyində bu cür ailə təyinatları qadağandır. Kennedi, Buş və Klinton klanlarının üzvləri dövlətdə rəhbər vəzifələr tutublar, amma eyni zamanda deyil, ardıcıl olaraq.

Yeri gəlmişkən, İ.Əliyevin həyat yoldaşının vitse-prezident təyin edilməsi haqqında fərmanı Azərbaycan məmurların yaxın qohumlarını tabeliklərində olan vəzifələrə təyin etməsini qadağan edən (7.1-ci maddə) "Korrupsiyaya qarşı mübarizə haqqında" qanununu pozur. Amma prezidentə kim göstəriş verə bilər? Cəmi bir gün sonra Azərbaycan daxili işlər naziri də ondan nümunə götürərək, böyük oğlunu DİN idarələrindən birinin rəisi vəzifəsinə təyin edib.

Bütün dövlətlərin demokratik quruluşa can atmaq və onu inkişaf etdirmək niyyətlərini bəyan etdikləri dünyada nepotik təmayüllərin yayılmasının səbəbi nədir? Türkmənistan prezidenti belə Demokratiya Partiyasına rəhbərlik edir.

"Kommersant FM"in icmalçısı Stanislav Kuçerin fikrinə diqqət yetirməmək olmaz. O, nepotizmin təkcə və bir o qədər də Azərbaycan üçün səciyyəvi olmadığını hesab edir. "... XXI əsrin növbəti qlobal trendinin təzahürü - vaxtilə qərb demokratiya modelini sınamış bir sıra dövlətlərin açıq-aşkar faktiki monarxiya vəziyyətinə qayıtması ilə üz-üzəyik. Zənnimcə, İlham Əliyevin siyasi taleyi xalqının qərb dəyərləri adlandırılan bir çox şeyi paylaşaraq, çoxdan Yaradıcının onun ölkəsi üçün mütləq idarəetmə modelindən daha yaxşı bir şey düşünmədiyi qənaətinə gələn layiqli oğlunun tarixidir.

Ümumiyyətlə, Azərbaycan və Türkiyədən başlayaraq, Belarus və Rusiyaya qədər dünyanın müxtəlif ölkələrində baş verənlərə baxarkən getdikcə daha tez-tez öz-özümə ciddi şəkildə sual verirəm: "bir gün kim ilk olaraq çıxacaq və təxminən belə deyəcək: "Yaxşı, uşaqlar, bəsdir, kommunizmçilik də oynadıq, Amerikasayağı demokratiyaçılıq da, gəlin, dürüst olaq və açıq-aşkar etiraf edək - bu, bizlik deyil. Bütün bu formallıqlar: parlament, siyasi rəqabət, müstəqil məhkəmə bizə lazım deyil. Xalqımızın öndərə ehtiyacı var, seçkilərə vaxt və pul sərf etdiyimiz yetər. Monarxiya - bizim üçün ideal dövlət quruluşu forması budur".

Kuçer başqalarının deməkdən çəkindiyi şeyləri dediyi hesab olunan Vladimir Jirinovskini yada salır. 15 il əvvəl o, açıq-aşkar Vladimir Putini çar elan etməyi təklif edirdi: ""Prezident" nə sözdür? Biz Amerika, ya Fransayıq? "Çar" - Rusiyanın başçısı və ali dövlət vəzifəsi belə adlanmalıdır... Heç kimi seçmək də lazım deyil. Necə ki, Yeltsin Putini təyin edib, qoy eləcə də Putin özünə davamçı təyin etsin. Ailə xətti ilə olması mütləq deyil, qoy, davamlılığı dəqiq təmin edəcək kim olursa olsun".

Həqiqətən, təəccüblənməli nə var? Məgər bu gün maariflənmiş Avropada hakimiyyət krallar və kraliçalardan irsi olaraq keçmir? Bəli, deyirlər ki, Avropada kral sülalərinin mövcudluğu ənənədir. Bəs onda dövlətlər bu formallığı ödəmək üçün boyük vəsait xərcləyirsə, o, nəyə lazımdır?

Əlbəttə, keçmiş sovet respublikalarında nepotizmin səbəbi Bukinqham sarayının ənənələrinin kor-koranə təkrarlanmamasındadır. İlk növbədə, belə təyinatların yerli əhali tərəfindən qeyd-şərtsiz dəstəklənməsindən olmasa da, dəqiq susqun müşahidədən danışmaq lazımdır. Politoloq Zərdüşt Əlizadə M.Əliyevanın vitse-prezident təyin edilməsinin səbəblərini təhlil edərkən azərbaycanlıları "müşahidəçi millət" adlandırıb. Amma elə bu "müşahidəçilər" 1990-cı il yanvarın 19-da əliyalın sovet tanklarının qarşısına çıxaraq, Bakıda barrikadalar qurublar. Onlar 90-cı illərin əvvəllərində ard-arda üç prezidenti və Azərbaycan Kommunist Partiyası MK-nin birinci katibini qovublar. 25 illik müstəqillik ərzində Azərbaycanlılara nə olub?

Demokratiya məyusluğu

Azərbaycan xalqı ölkəni idarəetmə sistemi kimi demokratiyadan və demokratik dəyərlərin mütləq ədalətliliyi ideyasından məyus olub. Sonuncu birbaşa Qərbin Azərbaycan ərazilərini işğal etmiş Ermənistanın əməllərini səssizcə dəstəkləməsindən irəli gəlib. Azərbaycanda əmindirlər ki, Avropa və Amerika demokratiya adı altında xristian həmrəyliyini rəhbər tutur. Qismən xristianlar tərəfindən təklif edilmiş "ərəb baharı"nın qurbanı olan bəzi ərəb ölkələrinə Qərbin məhz belə münasibəti özünü göstərdi. Hamı razılaşar ki, 2011-ci ildə başlayan, ərəblərə Avropa dəyərləri vəd edən "ərəb baharı" onları vətəndaş müharibələrinə, dövlətlərin dağılmasına, onların yerini dəhşətli İŞİD-in tutmasına gətirib çıxardı. Demokratik inqilablar elə demokratik şəkildə islamçıların seçilməsi ilə başa çatırdı, sonradan dünyəvi siyasi qüvvələr onları devirirdi (Misirdə). Bir sözlə, xaos...

Azərbaycan inqilabçıları, eyni zamanda Əliyev klanının əleyhdarları, hadisələrin ərəb ssenarisi üzrə acınacaqlı inkişaf variantlarını müzakirə etməyə bilmirlər, özü də Azərbaycanda azad seçkilər olarsa, siyasi İslamçı qüvvələrin seçilməsi tamamilə mümkündür. Azərbaycanda vətəndaş müharibəsi başlamaqdan qorxurlar, Qarabağda işğal zonasını genişləndirmək üçün fürsət axtaran Ermənistan ordusu bundan mütləq istifadə edər. Rusiyada passionar əhali Krımı itirməkdən ehtiyat edə bilər, İslam təhlükəsi isə Mərkəzi Asiyanın bütün postsovet ölkələri üzərində yaranır. Asiya nədir ki, Avropaya baxın! Tarix seçkilərdə faşist Hitlerin qələbəsini xatırlayır və seçkilərdə fransız nasist Mari Lepenin mümkün qələbəsini gözləyir. Bu, çox az insanın mövcudoəouğuna şübhəsi olan aşkar amillərdir. Bu amillər demokratların qarşısını alır və totalitar idarəetmə tərəfdarlarının əlinə əlavə üstünlüklər verır.

Azərbaycanın ailə tərəfindən idarə olunmasının tərəfdarları İlham Əliyevin həyat yoldaşının hakimiyyətə cəlb olunmasının məqsədəuyğunluğuna tamamilə yeni izah irəli sürüblər. Guya Kremldən idarə olunan Azərbaycan əsilli Rusiya milyarderlərinin siyasi fəalığının gözlənilmədən artdığı barədə mülahizələr oxuyublar. Bu baxımdan rus qüvvələrindən əlavə müdafiə kimi Azərbaycanın hakim komandasına ən etibarlı şəxslərin (Qafqaz kişisi ən dəyərli varlığını böyük arvadından başqa kimə etibar edər ki?) cəlb edilməsi Azərbaycanın dövlət müstəqilliyinin qeydinə qalmaq kimi qələmə verilir.

Siyasi şərhçi Vüqar Seyidovun facebook-dakı yazısına diqqət yetirin. Almaniyada yaşayır, "çörək ağacına yaxınlıqda" şübhəli bilinə bilməz. Seyidov yazır: "Mən ümumiyyətlə Azərbaycanda demokratiyanın əleyhinəyəm. Qanunun aliliyinin tərəfdarıyam, bəli, bu, zəruridir. . .. xalq hakimiyyətinə münasibətim bütün qərarların hamı tərəfindən birlikdə qışqırıq gücü əsasında qəbul edildiyi Novqorod Şurası kimidir. Lider seçimini cəmiyyətə etibar etmək təhlükəlidir. Tramp, Hitler, Yeltsin bunun təsdiqidir. Onlar hamısı hakimiyyətə məhz demokratik yolla gəliblər. Odur ki, bağışlayın, bizə heç bir demokratiya lazım deyil. Qarşısında hamının bərabər olduğu qanun lazımdır. Hesab edirəm ki, Azərbaycan üçün BƏƏ modeli ideal olardı...".

Həqiqətən, mütləq monarxiya ölkələrində: Qətərdə, Səudiyyə Ərəbistanında, BƏƏ-də və Küveytdə sakitlik, sabitlik və zənginlik hədsiz dərəcədə qəzəbləndirir.

Rusiyalı Andrey Yepifantsev Seyidovun fikrini davam etdirir: "... hər bir ölkənin öz inkişaf yolu var. Azərbaycan avtoritar, klan və hətta ailə idarəetməsi yolunda möhkəmlənir. Bu, nə yaxşı, nə də pisdir - onlarla ölkə var ki, onlarda rəsmi olaraq belə bir sistem mövcuddur və bu, onların dünya ictimaiyyətinin hörmətli üzvləri olmasına mane olmur. Bəli, bu, demokratiya deyil, amma demokratiya da ideal dövlət quruluşu deyil, hələ də ona mütləq can atmaq və bütün kəsişmə nöqtələrində əl sallamaq lazım olan jupel deyil. Müxtəlif dövrlər, müxtəlif cəmiyyətlər və müxtəlif vəziyyətlər üçün demokratiya, avtoritarizm və bir çox digərləri də daxil olmaqla, müxtəlif məqbul quruluş üsulları var. Azərbaycan rəhbərliyi hesab edir ki, ona belə daha rahatdır, xalq, ən azından, açıq-aşkar etiraz etmir, qoy elə belə də olsun", deyə Yepifantsev yazır.

Bu addımın həm müsbət, həm də mənfi cəhətləri var. Müsbət cəhətləri hakimiyyətin cəmləşməsi, aydın dəyişkənlik sxemi və ölkə idarəetməsinin yaxşılaşmasıdır. Mənfi cəhətləri - nepotizm Azərbaycanın Qərblə münasibətlərini yaxşılaşdırmayacaq və Ermənistan tənqidçilərinin əlinə böyük yem verir, onlar indi bu faktı acgözlüklə, məsələn, şərq despotiyasının nümunəsi kimi göstərir, buna görə Bakı ilə heç bir iş görmək olmaz, təkcə Yerevanla iş görmək lazımdır. Əlbəttə "azadlıqsevər Qarabağı heç cür Azərbaycan sultanının mərhəmətinə" buraxmaq olmaz. "Bakıda rəsmilərin Azərbaycanı demokratiya adlandırması indi daha da çətinləşəcək... Amma bütünlükdə heç nə dəyişmir...", deyə Yepifantsev şərh verib.

Darıxdırıcı bir mənzərə yaranıb. Demokratiya yolu riskli və keşməkeşlidir, buradan maariflənmiş Avropaya baxanda, əvvəlki totalitarizmə qalmağı da istəmirik. Məqaləni bədbin tamamlamaq istəmədiyimiz üçün demokratiya ideyasının yaşadığını və təslim olmaq niyyətində olmadığını nümayiş etdirmək üçün köhnə Azərbaycan demokratı, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin prinsipial fikri ilə yekun vuraq. İ.Qəmbər M.Əliyevanın təyin edilməsinin obyektiv müsbət tərəflərini axtarmadan, prezidentin fərmanını ölkə üçün biabırçılıq adlandırıb. Bu fərmanın əsasında yeganə bir şey dayanır: ər yüksək vəzifəni arvadına verdi. Başqa söz yoxdur...

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti