First Vice President Mehriban Aliyeva at a vote in parliamentary elections on February 9

First Vice President Mehriban Aliyeva at a vote in parliamentary elections on February 9

Növbədənkənar parlament seçkisini əsasən başa çatmış hesab etmək olar. Ölkə üzrə 125 dirənin 121-də Milli Məclis üzvlərinin qazandığı nəticələr MSK-nın rəsmi saytında qeyd olunub. Yalnız 4 dairənin nəticələri ləğv edilib. Əlavə olaraq 10 dairə üzrə də şikayətlər dairə seçki komissiyalarında araşdırılır. Şikayətlərin nəticəsindən asılı olmayaraq MM-in yetərsayı var. Artıq ümumi nəticələri analiz etmək mümkündür.

Öncə onu aydınlaşdıraq ki, parlament seçkiləri niyə növbədənkənar keçirildi? Burada məqsəd nə idi? MM buraxılmasını və yeni seçkilərin keçirilməsini zəruri edən daxili və xarici amillər nədən ibarət idi?

İqtidar partiyası olan YAP-ın təşəbbüsü ilə MM 2 dekabr 2019-cu ildə prezident İlham Əliyevə MM-in buraxılması ilə bağlı müraciət qəbul etdi. Müraciətdə qeyd olunurdu ki, bu qərar prezidentin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verilib.

“Dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr ishalatlarının daha da sürətləndirilməsi, bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur”.

Mövcud parlamentin ölkədaxili sosial-siyasi münasibətlərdə rolunun çox aşağı olması heç kəsə sirr deyildi. MM ölkədaxili hüquqi, ictimai, iqtisadi, siyasi, sosial münasibətlər sistemini yaradan və tənzimləyən qurum olmadığı üçün onun hansı müddətdə, necə fəaliyyət göstərməsinin də elə bir fərqi yox idi. Digər tərəfdən isə MM Prezident administrasiyasından gələn bütün qanun layihələrini dərhal və müzakirəsiz qəbul edirdi. Deməli, növbədənkənar seçkilərlə bağlı iqtidarın rəsmi arqumentlərini əsaslı saymaq olmazdı.

Əslində ölkədəki sosial-siyasi vəziyyətin analizi erkən demokratik parlament seçkisinin keçirilməsini vacib edirdi. Ölkədə qanunun aliliyi və hüququn üstünlüyü arxa plana keçib. Şəffaflıq, hesabatlılıq, vətəndaş iştirakçılığı, ictimai nəzarət, hüquqlara və mülkiyyətə etibarlı təminat yoxdur. Ölkənin beynəlxalq imici xeyli zədələnib. 

Eyni zamanda parlament siyasi baxımdan nəinki cəmiyyət, hətta hakimiyyətin özü üçün də əlavə yükə çevrilmişdi. Çox kiçik istisnalarla deputatların əksəriyyəti cəmiyyət qarşısında hüquqi və mənəvi  məsuliyyətini dərk etmirdi. Əməlləri və danışdıqları ilə cəmiyyətdə narazılığı dərinləşdirir və hakimiyyətə əlavə problemlər yaradırdı. Deputatların qanunsuz sahibkarlıq fəaliyyəti, oliqarx məmurların, regional klanların və xarici təsir qruplarının maraqlarını qoruyan imtiyazlı şəxslərə çevrilməsi daim mətbuatın gündəmində idi.

Növbədənkənar seçkinin nəticələrinin analizi göstərir ki, yeni seçkilərin keçirilməsinin məqsədi nə iqtidarın rəsmi arqumentlərinə, nə də cəmiyyətdəki real sosial-siyasi duruma adekvatdır. Prezidentin islahatları ilə ayaqlaşa bilmədiklərinə görə özlərini buraxan deputatların 78 nəfəri inzibati resursların səfərbər edilməsi ilə təkrar mandata sahib oldular.

Seçkini kim keçirtdi? İcra strukturlarına yeni təyinat alanlar yoxsa köhnə kadrlar?

Ölkə başçısı dekabrın 5-də MM-in beşinci çağırışının buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzaladı. Növbədənkənar seçkilərə start verilməzdən 54 gün öncə, oktyabrın 23-də prezident administrasiyasının rəhbəri və bir neçə digər vəzifəli şəxslər tutduqları postdan çıxarıldı. Faktiki olaraq 1995-ci ildən bütün seçkilərin keçirilməsinə məsul olan Ramiz Mehdiyev növbədənkənar parlament seçkisinin təşkilindən rəsmən uzaqlaşdırıldı.

Prezident administrasiyasına yüksək vəzifələrə təyinat alan şəxslər əsasən gənc və geniş ictimaiyyətin tanımadığı şəxslər oldu. Bu şəxslərin əksəriyyətinin karyerası H.Əliyev fondu ilə bağlı olduğundan onları daha çox birinci vitse-prezidentin komandası kimi xarakterizə edirlər. Ümumiyyətlə 2016-cı il referendumundan sonra yüksək vəzifələrə təyinat alan şəxslərin mütləq əksəriyyəti cəmiyyətdə Mehriban Əliyevanın komandası kimi qəbul olunur. Sanki hakimiyyətin içərisində yeni alternativ komanda formalaşdırılır. Məntiqlə 9 fevral seçkisini də məhz bu yeni komanda keçirtdi.

Seçki necə keçdi? Əvvəlki seçkilərdən nə ilə fərqləndi?

Bütün parametrləri ilə növbədənkənar ənənəvi seçki keçirildi. Nə seçki öncəsi mühit, nə təbliğat-təşviqat mərhələsi, nə də seçki günü müsbət dəyişikliklərin şahidi ola bildik. Hətta seçkidən dərhal sonra nəticələrdən narazı qalan və şikayət edən namizədlərə etiraz etmək üçün imkan verilmədi. MSK-nın önündə  namizədlərə qarşı polis zorakılığı və qanunsuz saxlanmalar da oldu.

Seçki öncəsi mühit demokratik seçkilərin keçirilməsini mümkünsüz edirdi. Bütün instansiya seçki komissiyaları tamamilə hakimiyyətin nəzarətində idi. Ölkədə 130 siyasi məhbusun olmasını, sərbəst toplaşmaq azadlığının təmin edilməməsini, habelə, mətbuat və ifadə azadlığının olmamasını qeyd edə bilərik.

Həmçinin təbliğat-təşviqat mərhələsində də sərt məhdudiyyətlər yaradılmışdı. 2010-cu ildəki vəziyyətlə müqayisədə 2020-ci ildə imkanlar təxminən 18 dəfə məhdudlaşdırılıb. 2010-cu ildə namizədlərin seçicilərlə görüşməsi üçün açıq və qapalı yerlərin sayı 4930 olduğu halda, 2020-ci ildə  bu say 272 olub. Ölkədə 4500 kənd və qəsəbə olduğunu nəzərə alsaq, ölkə üzrə namizədlərin görüş yerinin 272 olması məhdudiyyətlərin miqyasını göstərirdi. 118 saylı Ağdam şəhər seçki dairəsinin seçicilərinin 80 faizi Bakıda yaşadığı halda, seçicilərlə namizədlərin görüşü üçün Bakıdan 330 km uzaqlıqda Bərdə rayonunda görüş yeri müəyyən edilmişdi. Qışın ən soyuq fevral ayında tələsik seçki  keçirilməsi də dolayısı ilə seçicilərə və namizədlərə əngəl yaratmaq üçün düşünülmüşdü.

İctimai televiziyada və dövlət televiziyasında namizədlərin pulsuz təbliğat və təşviqatına imkan verilmədi. İTV-nin namizədlər üçün müəyyən etdiyi pullu efir vaxtı ölkə reallıqlarında fantastik qiymət idi. Namizədlərə “Prime-time” zamanı 1 dəqiqə üçün müəyyən edilən məbləğ 4602 AZN  idi. Demokratik Təşəbbüslər İnstitutunun (İDİ)-nin seçki hesabatlarından aydın olur ki efirlər 100% iqtidarın təbliğatına xidmət edib.

Seçki günü də ənənəvi total qanun pozuntuları qeydə alındı. Seçki məntəqələrinin açılmasından səsvermənin başa çatmasına qədər, habelə səslərin sayılmasından protokollaşdırmaya qədər bütün mərhələlərdə kobud qanun pozuntuları baş verdi.

Yeni deputatlar kimdir və hansı keyfiyyətlərinə görə MM-ə gətirilib?

İqtidar cəmiyyətdə olan geniş narazılığı müxalifət və müstəqil namizədlərin vasitəsi ilə parlanmentə daşımaq istəmədi. Parlamentin tərkibinə kosmetik dəyişiklik edildi. Siyasi-sosial müzakirələrin parlamentdən kənarda aparılması kursu davam etdirildi. MM-ə 43 nəfər yeni şəxslər gətirilsə də 78 nəfər öncəki ənənəvi tərkibdir.

Yeni tərkibin hansı siyasi-ideoloji parametrlərə görə parlamentə gətirilməsini müəyyən etmək çox çətindir. Xüsusilə də mandat qazanmış 43 nəfər yeni şəxsin yalnız 9 nəfəri haqqında ictimaiyyətdə ümumi məlumatlar var. İnternet resurslarından aparılan axtarış nəticəsində 32 nəfər yeni deputatın barəsində hər hansı ictimai-siyasi məzmunlu məlumatlar yoxdur. İqtidarın qanunverici orqana gətirdiyi yeni şəxslərin əksəriyyəti cəmiyyətin sosial-siyasi problemlərinin müzakirəsində iştirak etməyib. Sosial şəbəkələrdə səslənən arqumentlərə istinad etsək, yeni seçilən şəxslərin əksəriyyəti birinci vitse-prezidentin komandasının üzvləridir.

Nəticə necədir? Nə ola bilər?

Təqribən iki ay öncə özünü buraxmaq haqqında qərar layihəsinin lehinə səs verən 99 deputatın 78 nəfəri və ya 79%-i yenidən MM-ə mandat aldı. Yerli və beynəlxalq ictimaiyyət növbəti dəfə iqtidarın siyasi islahat vədinin yerinə yetirilmədiyinin çox açıq şahidi oldu.

Onsuzda ölkə müxalifətinin əhəmiyyətli hissəsi və müstəqil vətəndaş cəmiyyətinin əksəriyyəti demokratik seçki keçiriləcəyinə inanmırdı. Etirazları təşkil etmək potensialı olan müxalifətin seçkilərdə iştirak etməməsi iqtidar üçün asan və azad seçki keçirmək fürsəti də yaratmışdı. Ancaq siyasi iradə demokratik seçki keçirməkdən çox uzaq oldu. Seçkidən xeyli öncə Milli Şura iqtidarın mandat verəcəyi deputatların siyahısını mətbuatda yaydı.

Cəmiyyət seçki prosesindən bir qədər də uzaqlaşdı. Ölkədə siyasi dəyişikliklərin seçki ilə baş tutmasına inam daha da azaldı. Müstəqil müşahidələr göstərdi ki bu seçkidə seçici fəallığı son 25 ilin ən aşağı göstəricisi oldu. İndiyədək iqtidara loyal yanaşan, islahat vədinə inanan, demokratik seçkiyə ümid edən insanlar və qurumlar da narazıların sırasına qoşuldu. Hakimiyyəti siyasi-psixoloji baxımdan daha da zəiflədəcək, nüfuzdan salacaq bir parlament formalaşdı.

  İqtidarın parlamenti yeniləmək planı ya hansısa səbəbdən baş tutmadı, ya da ümumiyyətlə belə bir məqsəd olmayıb. Hər iki versiyanı ciddi arqumentlərlə təhlil etmək mümkündür. Ancaq birmənalı şəkildə aydın olan məsələ budur ki, iqtidar daxilində şəxsən İ.Əliyevin iradəsinə zərrə qədər təsir edə bilən amillər yoxdur. Onu öz planından çəkindirən, tərəddüd yarada bilən heç bir təhlükə və ya qüvvə mövcud deyil. O, iqtidar komandasını istədiyi kimi yönləndirmək gücündədir.

Ölkə müxalifətini də inzibati zor aparatı vasitəsilə istədiyi vaxt əzir, həbs edir, zəiflədir. Bu istiqamətdə də iqtidarı ciddi narahat edən xüsusi məsələlər hələlik yoxdur.

Beynəlxalq təsirləri də həlledici saymaq üçün tutarlı arqumentlər gətirmək çətindir. Qərbin ara-sıra insan hüquq və azadlıqları ilə bağlı təzyiqləri iqtidarı geri çəkilməyə vadar edəcək səviyyədə deyil. Hətta Avropa Məhkəməsinin qərarlarını ən çox icra etməyən birinci ölkə Azərbaycandır. Qərbin enerji təhlükəsizliyində Azərbaycanın yeri və rolu da inkar edilməzdir.

Regional güclər kimi Rusiya və İran da ölkəmizdən istədiklərini asanlıqla alır. Nə Xəzərin hüquqi statusunun müəyyən edilməsində, nə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində, nə də qonşu dövlətlərin dini-milli və siyasi təhlükəsizlik məsələlərində mənfi rolu var.

Tələskənliyin və parlamentin yeni formalaşan qeyri-müəyyən tərkibinin səbəbləri iqtidarın hansısa özəl maraqları, qayğısı və planları ilə bağlı ola bilər. Növbəti seçkiyə qədər 9 ay gözləmək görünür iqtidar üçün hansısa əlavə risk yarada bilərdi. Siyasi islahat vədinə güvənib seçkidə namizəd və seçici kimi iştirak edən minlərlə fəal insanı narazı salmağın başqa məntiqli izahını tapmaq çətindir. 

Hazırkı şəraitdə iqtidar-müxalifət münasibətləri və cəmiyyət daxili münasibətlər sistemi gərginləşməyə doğru istiqamət götürüb. Yeni parlamentin cəmiyyətdə etimad qazanması real görünmür. Əhalinin bütün təbəqəsi bilir ki bu MM onun iradəsinin ifadəçisi ola bilməyəcək. Bu parlamentin qəbul edəcəyi qanunların legitimliyinə şübhə olduğundan cəmiyyətdə qanunlara hörmət bir az da itəcək.

İqtidar ölkədəki sosial-siyasi problemləri təkbaşına həll etmək gücündə deyil. Cəmiyyət irimiqyaslı siyasi fəallığa doğru gedir. İqtidar yalnız zor ilə prosesləri yönləndirməsi getdikcə çətinləşir. Cəmiyyətdə dayanıqlı sabitlik üçün hələ də siyasi vasitələrdən istifadə etmək niyyəti sezilmir.

Baş verənlərin təhlili göstərir ki, ölkədə fors-major siyasi situasiyanın yaranması ehtimalı çox yüksəkdir. Yaxın vaxtlarda  iqtidarın yeni siyasi-hüquqi təşəbbüslərinin də şahidi ola bilərik. Bu, məhkəmə-hüquq islahatları, yeni referendum və növbədənkənar seçkilər də ola bilər. Ölkə yeni və sabit sosial-siyasi dönəmə deyil, daha da mürəkkəb və ziddiyyətli dönəmə qədəm qoyur. Hazırkı durumun yaradacağı sosial-siyasi nəticələr ölkədə köklü dəyişikliklərə gətirib çıxara bilər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti