Martın 1-də Yerevanda Paşinyana dəstək mitinqi.
***
Hərbi döyüşü uduzdu, siyasi döyüşü qazandı
Bu, inanılmazdır: Azərbaycanla müharibəni faciəli şəkildə uduzan, ölkə iqtisadiyyatını bütün göstəricilər üzrə 4-10% zəiflədən Paşinyan məharətli populizmlə məğlubiyyətə görə öz məsuliyyətini əvvəlki prezidentlərin, pandemiyanın və Ermənistan hərbiçilərinin üstünə atmağa müvəffəq oldu. Siyasətdə tamamilə təcrübəsiz olan Paşinyan, ətrafını Rusiya istehsalı olan silahın döyüş qabiliyyəti haqqında ona yalan məlumat verməkdə ittiham edərkən olduğu kimi, məharətlə manevr edir. Paşinyan baş nazirin qatı düşməni – eks-prezident Robert Koçaryanla dostluğunu gizlətməyən RF prezidenti V.Putinin ona qarşı nifrətinə qalib gələ bildi. Putin baş nazirin Rusiyaya qarşı loyallığına o dərəcədə inandı ki, Vətən Müharibəsinin son ayında Kreml açıq şəkildə Ermənistanı yeni silahlarla təchiz etməyə başladı.
Ermənistan baş naziri qarşısında duran obyektiv çətinliklərə daxili mətbuatın hücumlarını da əlavə edək. Demək olar ki, bütün Ermənistan KİV-ləri və siyasi icmalçıları mövcud hakimiyyətə qarşı çıxış edir.
Rusiyanın cənubunda yaşayan ermənilərin qəzeti – Yerkramas hər gün Paşinyana qara yaxır.
Rusiyanın “Sputnik-Armenia” nəşrinin müxbiri Karine Karapetyan: “Hazırki rəhbərliyə qarşı hansısa məhkəmə prosesi keçiriləcəksə, o, ancaq Şuşada keçirilməlidir. Ermənistan Şuşasında”.
“Enaket” analitika mərkəzinin rəhbəri Tiqran Abramyan hərbiçiləri baş nazirə qarşı təhrik edir: “silahlı qüvvələrin və onların rəhbərliyinin ünvanına ittihamları (Paşinyanın – Turan) cavabsız qoymaq olmaz. Hüquqi, siyasi və mənəvi sahələrdə zəruri addımlar nəzərdən keçirilməlidir”.
Siyasi icmalçı Ayk Xalatyan: “Paşinyanın çürük mahiyyətini tam dərk etmək üçün onun mitinqdə səsləndirdiyi bütün yalanları ətraflı təhlil etməyə belə dəyməz...”. Xalatyan öz xalqını təhqir etməkdən çəkinmir: “Nikolun mitinqinin yeganə müsbət tərəfi – Ermənistanda qəpik-quruş müqabilində Vətəni satmağa hazır olan nə qədər şərəfsiz və vicdansız insan - faktiki olaraq, türk marionetinin nə qədər tərəfdarları olduğunu öyrəndik”.
ARFD İqtisadi Araşdırmalar Bürosunun proqram koordinatoru Tadevos Avetisyan: “Hakim partiyanın “iqtisadi inqilab” və “maddi yardımdan işə doğru” vədlər köpüyü partladı. Üç il sonra yalan vədlərə tamamilə zidd vəziyyətdəyik”.
Fırıldaq baş tutdu
Yerevanda sual edirlər: Nikol əleyhdarlarından daha məşhur olaraq qalmağa necə müvəffəq oldu? Əlbəttə, Sarkisyan rejimini dağıdan şəxslə birlikdə addımlayanların hamısı indi onun ardınca getmir, amma baş nazirin yanında qalanlar onun mitinqdə bütün xalqın onun kursunu dəstəklədiyini iddia etməsi üçün kifayətdir.
Ekspertlər müxalifləri arasında əvvəlki cinayətlərə bulaşmamış, təmiz siyasətçi olmamasını Paşinyanın qələbəsinin əsas səbəbkarı (ən azından, hələlik...) hesab edirlər. Xüsusən, Ermənistan cəmiyyətində adı ikrah hissi doğuran eks-prezident Robert Koçaryanın hakimiyyət uğrunda mübarizəyə qoşulması barədə açıqlaması baş nazirin xeyrinə oldu. Koçaryan Ermənistanda bir çox əsas KİV-lərə birbaşa və ya dolayı yolla nəzarət edir, Paşinyan əleyhinə çirkin nəşrlər və kütlənin baş nazirə dəstəyi arasındakı bu uyğunsuzluq da buradan irəli gəlir. Ermənistanda əvvəlkilərin təbliğatı sadəcə olaraq işləmir. Bu təbliğat çox vaxt yöndəmsizdir, müxalifətçilərin səhvləri isə elə onların öz ideologiyasına zərər verir.
Mətbuat və siyasətçilər Paşinyanı hərbi məğlubiyyətdə ittiham edərkən onun tərəfdarları regionda qüvvələr bölgüsünə və xarici siyasi təzyiqə eyham edərək, sual verirlər: “O, nə edə bilərdi ki?”.
Baş nazir bir çox müsahibələrində Qarabağda hərbi əməliyyatlar zamanı satqınlıq mövzusunu qaldırıb, 44 günlük müharibənin epizodlarının araşdırılması zərurətindən bəhs edib. “Parket generalları” gözlənilmədən hökumət başçısına qarşı çıxaraq, baş nazirin satqınlıqla bağlı dediklərini təsdiq ediblər. Müdafiə Nazirliyinin gizlicə Qarabağa əsgər göndərmək cəhdi ilə bağlı səs-küy doğuran qalmaqal da Paşinyanın xeyrinə oldu, indi o, övladları əsir götürülən valideynlərin başına gələn fəlakətdə generalları ittiham edə bilər.
Karine Karapetyan Paşinyanın qələbəsinin səbəbini onun əleyhdarlarının mübarizə apara bilməməsində görür. “Müxalif qüvvələrin davranışına baxdıqda belə bir təəssürat yaranır ki, köhnə siyasətçilər (artıq onları “elita” adlandırmağa dilim gəlmir) səhvlərdən, hətta öz səhvlərindən belə dərs çıxarmaq istəmirlər. “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zoqrabyanın Paşinyanı hakimiyyətə gətirən “zibilə” nifrət etdiyi barədə replikası da, “Vətənin Xilası Hərəkatı”nın lideri (bir sıra siyasi qüvvələrin baş nazirliyə namizədi) Vazgen Manukanyanın Gümrüdə baş nazirin tərəfdarlarının ünvanına səsləndirdiyi alçaldıcı “səfillər” sözü də az təəccüb doğurmayıb”.
Xalq arasında revanşizm yoxdur, sadə ermənilər “Qarabağı veriblər”
Rusiyalı bloger Aleksey Romanov Yerevanda yaşayır. Onun Qarabağda atəşkəs haqqında üçtərəfli Bəyanatın imzalanmasından sonrakı gün Yerevanda mitinqdə çəkdiyi videoçarx məşhurdur.
O, oxu.az-a müsahibəsində Paşinyan hakimiyyətinin möhkəmliyinin səbəblərinə aydınlıq gətirir. Sən demə, əslində Ermənistan və ermənilər heç də yerli mətbuatın bizə göstərdiyi kimi deyil. Ölkə silkələnmir, revanşizm yoxdur.
“0-ın müharibəyə və hətta koronavirusa qədərki adi vaxtı, 10 balın isə hərbi əməliyyatların başlamasından sonrakı ilk günləri göstərdiyi 0-dan 10-a qədər bir gərginlik şkalası götürsək, Ermənistan təqribən ortalardadır. 5 ballıq gərginlik var”, deyə o izah edir.
Paşinyan əleyhinə ən ciddi əhval-ruhiyyə, onların maliyyə dəstəyi və informasiya təminatı diaspordan gəlir. Niyə belə olduğunu anlamaq asandır. Məsələn, Paşinyan gedəcək, amma, axı əhalinin əksər hissəsində ikrah hissi oyandıran əvvəlki hakimiyyətlə diaspor nümayəndələri yaşamalı olmayacaq. Cəmi iki düşərgə və sadə seçim var: 2018-ci ildə inqilab nəticəsində hakimiyyətə gələnlər və ya inqilaba qədər ölkəni idarə edənlər. Məhz buna görə müxalifətin dəstəyi çox da böyük deyil. Əksər KİV-lər ya birbaşa əvvəlki hakimiyyətin adamlarına məxsusdur, ya da onlardan asılıdır. Hətta bəzi yeni KİV-lər və teleqram kanalları Nikol Paşinyana qarşı çıxır. Pul, insanların aksiyalara toplanması texnologiyaları onların tərəfindədir. Amma, buna baxmayaraq, Paşinyan ən məşhur siyasətçi olaraq qalmaqdadır. Bu günlərdə onun çağırdığı mitinq bunu çox yaxşı nümayiş etdirdi.
Ermənistan “əvvəlkilərin” tərəfində deyil. Əhalinin əksər hissəsi Paşinyana ya dözməyə, ya da onu dəstəkləməyə hazırdır. Robert Koçaryan formal olaraq müxalifətə rəhbərlik etmir, bugünki Ermənistanda ona nifrət edirlər, onun böyük antireytinqi var. Və müsahibələrindən birində siyasətə qayıtdığını deməsi çoxlarına hər şeyin aydın olması üçün kifayət etdi. Bu gün müxalifətin lideri kim olursa olsun, - hətta Manukyan belə, - onun arxasında Koçaryan dayanır və onu manipulyasiya edir. Odur ki, Vazgen Manukyan ciddi qəbul edilmir.
Diasporda isə hər şey əksinədir. Müstəsna olaraq sosial şəbəkələrə görə mühakimə etsək, belə bir təəssürat yaranır ki, Ermənistanda normal insan yoxdur, hamı faşistdir, ölkə isə gücə arxayın olan kiçik imperiyadır. Əslində isə sağlam düşünənlər çoxdur. İnsanlar müharibə etmək deyil, sakit yaşamaq, işləmək istəyirlər. Erməni xalqında yorğunluq hissi, süstlük var. Bunun isə diasporun və “keçmişlərin” dəstəklədiyi revanş ideyası ilə heç bir əlaqəsi yoxdur. Müharibə sarsıntısı ona gətirib çıxarıb ki, ermənilər qəlblərinin dərinliyində “Qarabağ tarixini” bağlamağa, hadisələri yenidən qiymətləndirməyə hazırdırlar, deyə Yerevanda yaşayan Rusiyalı bloger bildirir.
Romanov xatırladır ki, Ermənistan Baş Qərargahı Nikol Paşinyanın istefası çağırışı yer alan bəyanatı səsləndirdiyi zaman çağırışçıların valideynləri övladlarının Qarabağa xidmətə göndərilməməsini tələb edirdilər. Amerikalı jurnalistin Azərbaycanda məşhurlaşan videoreportajında erməni valideynlər övladlarını orduya göndərməkdən imtina edərkən Ermənistanın Qarabağa əsgər göndərməsini qadağan edən prezident Əliyevin çıxışına istinad edirlər.
Zaman Nikol Paşinyanın xeyrinə işləyir. Rusiya və digər ölkələr hava yollarını açıblar və indi hər gün sərnişin dolu “Boinqlər” etirazçı erməniləri ölkədən daşıyır. Yerevanda yarım milyon potensial yeni miqrant olduğu deyilir. Ermənistanda hərbi vəziyyət rejiminin qalmasına baxmayaraq, Paşinyan ölkədən çıxışı qadağan etmir, baxmayaraq ki, hərbi vəziyyət varsa, çağırış yaşında olan kişilər üçün çıxış qadağan olmalıdır.
Təcrübəsiz baş nazirin birləşmiş müxalifətə qarşı müqavimət göstərmək üçün bu qədər məharəti haradandır? Burada onun əleyhdarlarının Nikolun Qərbdən dəstəklənməsi barədə çoxsaylı arqumentləri yada düşür. Siyasi əleyhdarlarına qarşı mübarizədə Paşinyanı Kreml televiziyasının tez-tez ittihamlarla hücum etdiyi xarici konfliktoloqların “idarə etməsi” istisna deyil. Hələlik baş nazirin məsləhətçiləri işlərinin öhdəsindən gəlirlər...
Rəy yaz