thestatesman.com

thestatesman.com

Proqnoz dərc edilib: 2020-ci ildə dünya ÜDM-i 4,9% azalacaq, belə ki, pandemiya dünya iqtisadiyyatında növbəti dövri azalma dövrünün yaxınlaşması ilə eyni vaxta təsadüf edib - bu il belə uzun bir ildir. Bəzi ölkələrin bəxtindən DVF 2020 və 2021-ci illərdə bir barrel neftin qiyməti ilə bağlı proqnozunu müvafiq olaraq 36,18 və 37,54 dollara qədər artırıb. 2021-ci ildə bir çox ölkələrin (əsasən inkişaf etməkdə olan ölkələrin) böhrandan öncəki ÜDM göstəricilərini bərpa edə bilməyəcəkləri hesab olunur, belə ki, artım ən yaxşı halda 2020-ci ilin yekunlarına görə ÜDM-dəki azalmanı ödəyə biləcək.

Aİ-də ÜDM-in 9% azalacağı təxmin edilir, ABŞ iqtisadiyyatı isə 6% azalacaq, bir sıra Avropa ölkələrində işsizlik təxminən 10%-ə çatacaq. Amma bütün bu proqnozlar koronavirusun ikinci dalğası ehtimalı nəzərə alınmadan verilir. İkinci dalğa olarsa, dünya iqtisadiyyatının səviyyəsi daha da aşağı düşəcək, ən çox da inkişaf etməkdə olan dövlətlərə təsir edəcək.

Dünya sayğacı fasiləsiz işləyir: C.Hopkins Universitetinin məlumatına görə, 28.06 tarixinə qədər 10001527 nəfər koronavirusa yoluxub, COVİD-19-dan ölənlərin sayı isə 499,1 min nəfərə çatıb. Təsdiq edilmiş yoluxma hallarının sayına görə 2,5 mln. nəfərlə ABŞ lider olaraq qalır, onun ardınca 1,3 mln. nəfərlə Braziliya, 600 min nəfərlə Rusiya, 528 min nəfərlə Hindistan və 311 mindən çox yoluxma hadisəsi ilə Böyük Britaniya gəlir. Azərbaycanda dünənə olan məlumata görə 534 yeni yoluxma hadisəsi qeydə alınıb, 304 nəfər sağalıb, 5 nəfər vəfat edib.

Bu dövrdə Azərbaycanda ümumilikdə 16424 nəfər xəstəliyə yoluxub, 198 nəfər vəfat edib, 9026 nəfər sağalıb, 7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ölkədə 468967 COVİD-19 testi (5%-dən az) aparılıb.

Demək olar ki, bütün postsovet ölkələrində xərclərin yarısından çoxu yeməyə xərclənib, xərclərin artması qiymətlərin artması ilə müşaiyət olunur, dövlətin verdiyi yardım isə daim narazılıqlara səbəb olur. Pandemiya davam etdiyi təqdirdə bu yardımın nə qədər davam edə biləcəyi sualının cavabı yoxdur, hələ çoxlarının təxmin etdiyi “ikinci dalğadan” danışmırıq.

Təxminlərə üz tutaq. Koronavirusa qarşı mübarizədə ən yaxşılardan birini - Almaniyanı nümunə kimi götürsək, ölkənin qabaqcıl alimləri və virusoloqları hesab edirlər ki, bizi bir il ərzində karantin məhdudiyyətləri gözləyir, bu müddət ərzində xilasedici vaksin ortaya çıxmalıdır. Bu zaman yay aylarının virusu yatıracağı təxmin edilir, amma qışda xəstəlik yenidən sürətlə yayılacaq. Bədbinlər xatırladırlar ki, HİV, Hepatit C, malyariya və sifilis kimi virusların indiyədək vaksini yoxdur, buna görə panaseya ortaya çıxması ilə bağlı elan edilən tarixlərə çox da ümid etməyə dəyməz. Daha çox bəşəriyyətin kollektiv immunitetinin yaranmasına ümid etmək olar ki, bu da illərlə zaman apara bilər. AFR riyaziyyatçıları da pandemiyanın tezliklə başa çatmayacağı barədə xəbərdarlıq edirlər, belə ki, onların modelləşdirdiyi ssenarilərdən heç biri bu böhranı tezliklə rəf etmək mümkünlüyünə ümid etməyə imkan vermir.

Bununla əlaqədar bir sitat diqqət cəlb edir: “Bəlkə də, sovet dövrünün vaksin tətbiqi ilk növbədə yaşlı nəsil rusların xeyrinə olub. Həmin vaxt canlı xəstəlik törədici mikrobları ehtiva edən vərəm peyvəndi məcburi idi… Bəzi araşdırmalar göstərir ki, bu vaksin tətbiqi sayəsində immun sistemi koronavirusa daha yaxşı reaksiya verə bilir”, H.Dambek, K.Hebel. Bir virus - çox sayda diaqnoz. - Der Spiegel, 24.06.

İstənilən halda, nəticə göz önündədir - bəşəriyyət başlamış pandemiyaya hazır deyildi, bu pandemiya sağ qalma strategiyaları ilə bağlı saysız-hesabsız suallar doğurub. Onlardan biri - kimə qulaq asmalıyıq: epidemioloqlara, ya iqtisadçılara? - sualı K.Hulverşaydtın “İnsan həyatlarını xilas etməliyik, ya rifahı?” sərlövhəli məqaləsində ortaya qoyulur (05.06, Süddeutsche Zeitung). ““Məhdudiyyətlər nə qədər zəifdirsə, iqtisadi ziyan bir o qədər azdır” mülahizəsinin işləmədiyini Yaponiya və İsveç kimi ölkələr çoxdan göstərib. Almaniyanın nümunəsi, əksinə, göstərir ki: insan həyatlarını xilas edən təkcə humanist addım atmır. O, həm də əminliyi və etimadı - iqtisadi vəziyyəti bərpa etmək üçün istənilən vergi azaldılmasından, istənilən bürokratiyanın azaldılması proqramından və iqtisadi azadlıq haqqında istənilən nəzəri debatlardan dəfələrlə mühüm olan iki amili gücləndirir”. Müəllif İspaniya qripinin aşılması (1918-1920-ci illər) təcrübəsinə istinad edir. Bu təcrübə göstərib ki, həmin vaxt ən ciddi məhdudiyyətlərin tətbiq edildiyi şəhərlər böhrandan həm səhiyyədə, həm də iqtisadiyyatda ən az itkilərlə çıxıb. O xəbərdarlıq edir ki, pandemiyanın ikinci dalğası iqtisadiyyat üçün faciə olacaq.

Karantindən sonra ölkələrin “açılması” sürətindən göründüyü qədər, bu məsləhətlər təkrar faciə başlayana qədər, çətin ki, qəbul edilsin. Aydındır ki, bu prosesi dünyanın qabaqcıl iqtisadiyyatlarının - ABŞ və Çinin maraqlarının misli görünməmiş qarşıdurması yönləndirir. Pandemiyadan ən çox ziyan çəkən ABŞ rekord ölçüdə defisit olacağını və ABŞ-da daxili qənaətlərin ölçüsü mənfi göstəricilər istiqamətində hərəkət edərsə, dolların dəyərinin xeyli düşəcəyini proqnozlaşdırır. Bu proses daha iki təhlükəli təmayül fonunda gedir: Amerikanın istehsal kapitalı sürətlə köhnəlir və getdikcə daha çox dağılır, pandemiyanın davam etdiyi yeddi həftə ərzində isə ABŞ-da 33 milyona yaxın insan işsiz qalıb. S.Rouçun yazdığına görə, Konqresin Büdcə İdarəsinin proqnozlarına əsasən, ölkəni federal büdcədə misli görünməmiş defisit gözləyir, bu defisit 2020-2021-ci illərdə orta hesabla ÜDM-in 14%-ni təşkil edəcək.

Çində də vəziyyət heç də bundan yaxşı deyil. İqtisadiyyatın ən mühüm on sahəsində islahatların olmaması özəl sektorun borcunun durmadan artmasından və durğunluğundan asılılığa gətirib çıxarıb. “Pandemiya ilə əlaqədar ölkənin ÜDM-i ilin ilk üç ayının yekunlarına görə 6,8% azalıb - Çinin ən yeni tarixində ilk dəfədir ki, ÜDM birinci rübdə azalır. 25 ildən çoxdur ilk dəfə Çin iqtisadiyyatın artım tempi ilə bağlı hədəf rəqəmləri dərc etməyib”, deyə K.Rud və D.Rozen “Çin iqtisadi yol ayırıcında” sərlövhəli məqalədə yazırlar - Project Syndicate (ABŞ, 24.06).

Maraqlıdır ki, bir çox analitiklər pandemiya dövründə hadisələrin “işıqdan sürətli” olduğunu, qərarların isə həmişə gecikdiyini  qeyd edirlər.

Bir qədər də futuristika - gözlərimizin qarşısındaca gerçəkləşməyə başlayan gələcək haqqında danışaq. Burada ilk növbədə Le Temps-də (04.05) Məhəmməd-Mahmud Uld Məhəmməd - Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzinin rəhbəri, Cenevrə Beynəlxalq Münasibətlər və İnkişaf İnstitutunun professoru tərəfindən təqdim edilmiş “Koronavirusdan sonra geosiyasət” məqaləsi diqqət çəkir. Müəllif siyasi dünyada yaranan dörd əsas təmayülü müəyyən edir: avtoritar təmayüllü etatizmin möhkəmlənməsi, dünyanın hərbiləşməsinin artması, vətəndaşlara nəzarət təcrübəsinin normallaşması və qloballaşmadan uzaqlaşmanın başlanğıcı.

Böhranlardan və pandemiyadan qorxan cəmiyyət öz hüquqlarını möhkəmlənən dövlətlərə verir, onlar isə daxili və xarici siyasət fəaliyyətində getdikcə daha tez-tez “müharibə mədəniyyətinə” əl atırlar.

“Getdikcə daha az şübhəyə məruz qalan qlobal standart kimi müəyyən edilmiş nəzarət geniş yayılmış faydalılıq arqumentinə zərurət parametri də əlavə edəcək. Fövqəladə vəziyyətdə və parlament məsləhətləşmələri aparılmadan tətbiq edilmiş təcrübələri izləmək və onlara nəzarət etmək getdikcə daha da çətinləşir - Çin, İsrail, Rusiya və Cənubi Koreya vətəndaşların izlənilməsi, yerdəyişmə məhdudiyyətlərinə riayət olunub-olunmamasına rəqəmsal nəzarət, üz tanıma tələbi tətbiq edərək, artıq bunu ediblər və bütün bunlar yenə və həmişə müqəddəs təhlükəsizlik naminə edilir”.

Və nəhayət, yeni qarşılıqlı əlaqə məhdudiyyətlərinin ortaya çıxardığı qloballaşmadan uzaqlaşmanın fəallaşması, müəllifin fikrincə, cəmiyyətlərdə təkcə iqtisadi deyil, həm də ekzistensional zəiflik yaradacaq, beynəlxalq ayrılma və milli proteksionizm məntiqinin güclənməsinə gətirib çıxaracaq. Bütün bu mənfi hallarda müəllif bir müsbət məqam sezir: bəlkə də, baş verən ümumbəşəri böhran bizə həm yaşadığımız dünyanı, həm də həmin dünyaya qarşı “geosiyasətin oruelləşməsinə” aparan istehlakçı münasibətimizi daha yaxşı başa düşməyi öyrədəcək.

Bu arada dünyada iki qiymətləndirmə mühakiməsi formalaşır. Onların birincisinə əsasən, demokratiya dünyası koronavirusa qarşı mübarizədə avtoritar rejimlərdən daha səmərəli çıxıb, onun tərəfdarlarına görə, Çin, Rusiya, İran və s. kimi dövlətlərin pandemiyaya qarşı mübarizə tədbirləri bunu göstərib. The Washington Post-a görə (27.02), Rusiya və Çinin dövlət KİV-ləri “informasiya məkanını yalanlarla dolduraraq və bir səsdən başqa, bütün səslər üçün bu məkanı bağlayaraq” dünya ictimaiyyəti arasında qəsdən panika yaradır.

İkincisi, əksinə, dünyada hələ pandemiyadan əvvəl demokratiyanın yayılma zirvəsindən uzaqlaşması, milli qapalılığa aparan antiliberal və antiqlobal əhval-ruhiyyənin artması, demək olar ki, avtomatik olaraq avtoritar rejimlərin möhkəmlənməsinə, dünyada onların sayının artmasına şərait yaradan milliyyətçiliyin və ksenofobiyanın artması görünürdü. Bu əhval-ruhiyyə Qərb ölkələrini bürüdü, xüsusən, miqrasiyanın artması və milli kimliyin aşınması problemi ilə bağlı.

Bu iki qiymətləndirmə göstərir ki, pandemiya siyasi dünyanın qütbləşməsinə, ideologiyaların qarşıdurmasına, onların artıq dinc şəkildə birlikdə mövcudluğunun mümkün olmamasına səbəb olub. Daha radikal müşahidəçilər alternativ irəli sürür: ya pandemiyaya qarşı mübarizə nəticəsində avtoritar rejimlər devriləcək, ya da demokratiya ölkələri neoliberal ideologiyadan mərhələli şəkildə uzaqlaşmağa başlayacaq, bu da kapitalist sistemin əsaslarını sarsıdacaq.

Hələlik böhranlı pandemiya dövründə daha balanslı proqnozların ortaya çıxması gözlənilmir, amma bu, o demək deyil ki, tezliklə belə proqnozlar ortaya çıxmayacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti