Açıq mənbələrdən foto
Böhranlar həyatın batması deyil. Sektorlarda tənəzzül elementlərinin güclənməsi halıdır. Böhranlar iqtisadiyyatın vaxtı ilə bünövrəsinə yerləşdirilmiş “minaların” partladılması prosesidir. Və ya iqtisadiyyatın qəfil qəzaya uğraması vəziyyəti də ola bilir. Amma böhranlardan hərənin bir dərsi olur. Biz iqtisadçıların alternativ düşüncəmizdə dərin izlər buraxmış real işsizliyin kölgədən işığa çıxması ilə daha çox yadda qaldı.
İşləməyənlərə 190 manatlıq dövlət yardımları nəzərdə tutuldu. Bu ölkə üzrə 200 min insanı əhatə edirdi. Bu məqsədlə 70 milyon manat (2 aylıq - aprel və may ayları) vəsait ayrılıb. Sonradan artan sosial narazılıqlar da görsətdi ki, ölkədə bu qədər real işsizlər yoxdur. Sonradan bu rəqəm artırılaraq 600 min nəfəri əhatə etməyə başladı. Bu da son olmadı. Və nəhayət məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işsiz statusunda olan 1 mln 250 min nəfər müraciət edib. Bu faktın özü sübut edir ki, ölkədə azı bu qədər işsiz var. Deməli əvvəllər 30-50 min arasında dəyişən rəsmi işsizliklə bağlı məlumatlar yalan imiş. Halbuki rəsmi məlumatlarda tamam başqa rəqəmlər yerləşdirilmişdi. Rəsmi məlumatlara görə, 2018-ci il üzrə məşğulluq xidməti orqanlarında rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 20 min 88 nəfər olub. İşsizliyə görə müavinət alanların sayı 1117 nəfər təşkil etmişdir. [1] Hökumətin işsiz statusuna yanaşması bir meyar əsasında müəyyənləşir: kim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəsmi müraciət etməyibsə, ona işsiz kimi baxmır. Görünür ona görədir ki, bizdə mövcud qanunvericiliyin tələbinə görə, həm gəliri və iş yeri olmayan, lakin işə başlamağa hazır olaraq aidiyyatı dövlət qurumlarına rəsmi müraciət edərək işsiz statusunda qeydiyyata alınan əmək qabiliyyətli şəxsin olduğu başa düşülür. Əgər sən rəsmi qaydada aidiyyatı rəsmi dövlət qurumlarına müraciət etməmisənsə, o zaman səni işsiz statusunda heç kim tanımır. Covid-19-la bağlı ƏƏSMN-ə edilən rəsmi müraciətlər görsətdi ki, ölkədə azı bu qədər işsiz var. Çünki bu cür müraciət edənlərin nəinki cari müqavilə öhdəlikləri, hətta keçmişdə mövcud olmuş əmək müqavilələri də arxivdə açılır.
Əvvələr rəsmi işsiz statusu ona görə reallığı əks etdirmirdi ki, o zamanlar ümidi qırılmış vətəndaşlar rəsmi dövlət qurumlarına müraciətdə maraqlı deyildilər. İndi isə faktik işsizliyi rəsmiləşdirə bilən 190 manatlıq sosial dəstək pakti var idi. Bunu isə aztəminatlı sosial qrup olaraq ödənməsinə qıymadılar. Halbuki heç bir təbii resurs gəlirləri olmayan Gürcüstanda nəinki işsiz olanlara, hətta pensiyaçılara belə maddi dəstək proqramlardan yararlanmaq imkanı yaradıldı.
Dövlətin daxili resurslarından işsizləri necə himayə etməsi simvolik həddə olması bir yana, hətta bu məqsədlə beynəlxalq maliyyə qurumlarından maliyyə resursu da cəlb etdi. Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb. Dünya Bankı bunun üçün Azərbaycana $150 milyon kredit verdi; $100 mln-u 14 ilə, $50 mln-u 11.5 ilə qaytarılmaq şərti ilə müqavilə bağladı. [2] Deməli bir tərəfdən valyuta ehtiyatlarından pandemiyanın təsirlərini azaltmaq üçün istifadə etmirik. Bir tərəfdən faktik işsizlərin statistikasını təhrif edib, mümkün qədər daha az vətəndaşa maddi dəstək veririk. Digər tərəfdən isə Dünya Bankından bu məqsədlə öz ehtiyatlarımız olduğu halda borclanmaya gedirik.
Başqa bir məlumatla görə, ölkədə 2018-ci ildə iqtisadi fəal əhalinin sayı 5 mln. 133 min nəfər təşkil etmişdir ki, bunun da 4 mln. 879 min nəfəri məşğul əhali təşkil etmişdir. [3] Deməli ölkədə cəmi 254 min işsiz insan var imiş. Bu cür səhih informasiya olması şübhə doğran məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ölkədə covid-19 bağlı işsiz əhali olaraq 200 min insana yardım edilməsini nəzərdə tutmuşdur. Azərbaycan hökuməti bilə-bilə ki, ölkəmizdə rəsmi müraciətlərin olmamasına görə işsizliyin rəsmi statistikası doğru deyil, amma buna baxmayaraq bu yenə də bu rəqəmlər əsasında hesablamalarını davam etdirdi. Halbuki hökumətin rəsmi məlumata görə, əməkqabiliyyətli əhalinin 19,1% və ya 1,2 milyon insan əmək bazarında iştirak etmir.
Gəlin məsələyə başqa aspektdən yanaşaq. Məhşur Okun qanununa görə işsizliyin azalmasının hər bir faizi 2,5% iqtisadi artımla nəticələnməlidi və ya 2.5% iqtisadi artım varsa, deməli işsizlik 1% azalmışdır. Elə olar ki, ilin sonunda iqtisadi artım nəinki stanqnasiya, hətta ressesiya ilə yekunlaşar, amma işsizliyin səviyyəsi artmaz. Burası Azərbaycan paradoksu olar.
İşsiz və aşsız qalan xalqa mənəvi nasosla hava vurma əks təsir yarada bilər. Tarixdən də bilirik ki, məşğulluq faktoru təkcə makroiqtisadi indikator deyil, həm də özündə siyasi kataklizmləri daşıyan amildir. Siyasi iqtidar əvvəl problemi qəbul etməli və cəmiyyət üçün onun müzakirəsini təşkil etməlidir. “Nəyin hesabına olursa-olsun” prinsipi çox zaman insanı yalana, qeyri-humanistliyə və nəticəni əldə etmək üçün ağlagəlməz davranışlara təhrik edən bir düşüncədir. Bu mənada iqtisadiyyatda da hansısa müsbət nəticələrin əldə olunacağı ilə bağlı hədəflər əlçatan olmayanda bunu çox soyuqqanlılıqla izah etmək daha səmimi yoldur. Pandemiya var, iqtisadiyyatın mühərriki işləmir və s.
Əks halda, öncədən proqnozlaşdırılan “cənnət” tablo və optimist ssenarilər rəsmi qurumların həmin rəqəmi əldə etdirmək üçün metodoloji spekulyasiyaya təhrik edə bilər. Bundan mütləq mənada qaçmaq lazımdır. Rəqəmlərdəki artımlar həyatımızı bircə anda yaxşılaşdırmadığı kimi, geriləmələrdə həyatımızı bircə anda cəhənnəmə döndərmir. Həyatımızda olduğu kimi, iqtisadiyyatda da keyfiyyət göstəriciləri davamlı prosesin ortalama həddi kimi meydana çıxır. Bu mənada iqtisadiyyat siyasi maksimalizmi sevmir!
Mənbələr:
Rəy yaz