Açıq mənbələrdən foto
Milli Mətbuatın yaranmasından 145 il keçir. Hər il bu ərəfədə mətbuatın vəziyyətinə nəzər salır, son bir ildə hansı uğurların və ya tənəzzülün olduğunu müəyyən etməyə çalışırıq.
Medianın hüquqi mühitindəki vəziyyət bu baxımdan önəm daşıyır. Aşağıdakı suallar cavab tələb edir.
Son bir ildə mətbuatın fəaliyətinə təsir edən qanunvericilikdə hansı istiqamətə hərəkət olub? Yeni normalar jurnalistlərin və medianın fəaliyyətinə dəstək verən, yaxud ona maneələr yaradan xarakterli olub?
Ən diqqət çəkən dəyişikliklərdən biri 2020-ci ilin martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklişdir. Yeni əlavə olunan 13-2.3.10-1-ci maddə çox diqqət çəkicidir. Həmin maddəyə əsasən:
“insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar”ın yayılmasına məhdudiyyət gətirildi.
Bununla da 2017-ci ilin martında bu qanuna edilən məhdudlaşdırıcı normalara daha biri əlavə edildi. 2017-ci ildəki əlavə nəticəsində 13-2-ci maddədə internet informasiya ehtiyatının və onun domen adının sahibilərinə həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın siyahısı verilmişdi. Bu siyahıda məhdudlaşdırılan informasiyalar 10 bənd üzrə 11 fərqli məlumat kateqoriyasında cəmlənmişdi. Yeni əlavə ilə bu siyahıdakı məhdudiyyətlərin sayı 12-yə yüksəldi.
Yeni əlavələrdən bir digəri informasiya yayımına görə məsuliyyət daşıyan şəxslər qrupunun dairəsinin genişləndirilməsi oldu. Daha öncəki dəyişiklikdə “internet informasiya ehtiyatının və onun domen adının sahibilərinə” bu qadağalar gətirildiyi halda yeni əlavə ilə buraya “informasiya-telekommunikasiya şəbəkəsində”, “və ya informasiya-telekom-munikasiya şəbəkəsinin istifadəçisi” söz biləşmələri əlavə edilərək, məkan və məsuliyyət daşıyanların əhatə dairəsi genişləndirildi.
Hər iki dəyişiklik müəyyən problemlər yaratmağa meyillidir və tətbiqi zamanı fundamental hüquqların ciddi zədələnməsinə səbəb ola bilir.
Məsələnin ən narahatedici tərəfi budur ki, yeni əlavə olunan 13-2.3.10-1-ci maddədə birbaşa “zərər vuran yalan məlumatların” yayılmasını yox, zərər vurma ehtimalı olan məlumatların yayılmasını qadağan edir. Hər hansı yalan məlumatın yayılması “insanların həyat və sağlamlığına”, “əmlaklarına” zərər vurardısa yaxud “ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması”na səbəb olardısa və ya “həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması”na səbəb olardısa o zaman zərərin mövcudluğunu müəyyən etmək mümkün olacağından, belə bir tənzimləmənin normal tənzimləmə olduğunu fərz etmək mümkün olardı. Lakin yeni maddə yalan məlumatın yayılması nəticəsində zərər vurulmasını yox, zərər vurma ehtimalını cəzalandırır. Ehtimalın (təhdidin) müəyyən edilməsi subyektiv dəyərləndirmədir. Yalnız başqasına zərər verən yalan məlumatlar məhdudlaşma üçün əsas ola bilər. Ona qərar verən isə nazirlik yox, məhkəmə ola bilər. Halbuki yeni maddədə məhkəmə qərarı olmadan da nazirlik birbaşa bu “təhdidin” olduğu qənaətinə gəlib, saytların bloklanmasına qərar verəcək.
Bundan əlavə, maddənin son hissəsinə “başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidi” kimi tamamilə qeyri-müəyyən bir ifadə qoyulub. Beləliklə, məhdudiyyət tətbiq edən tərəfə qeyri-məhdud mülahizə imkanı yaradıb.
İnformasiya qanunvericiliyinə ardıcıl məhdudlaşdırıcı normaların gətirilməsi və tətbiq edilməsi ölkədə ifadə azadlığına ciddi zərər verir. Qanuna gətirilən hər iki əlavə mövcud informasiya azadlığının vəziyyətini daha çox daraldan və tətbiqi zamanı sui-istifadələrə açıq qapı buraxan dəyişiklikdir. Həri iki dəyişiklik həm Azərbaycan Konstitusiyasının 47 və 50-ci maddələrində qoruma altına alınan ifadə azadlığı və məlumat azadlığını, həm də Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsini zədələyən xarakterdədir.
2020-ci il 23 iyunda qüvvəyə minən dəyişikliklə İnzibati Xətalar Məcəlləsinə KİV-də dövlət dili normalarının pozulmasını cəzalandıran maddə əlavə edildi.
“Maddə 533-1. Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə- fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.”.
Bu maddə bir neçə aspektdən hüquqaziddir. Hüquqi baxımdan istənilən öhdəlik qanunda (legitimlik və sosial zərurət, balanslılıq şərtləri çərçivəsində) müəyyən ediləndən sonra məsuliyyət nəzərdə tutula bilər. Dövlət dili ilə bağlı məsuliyyəti nəzərdə tutan qanun isə “Dövlət dili haqqında” qanundur. Onun 19-cu maddəsində məsuliyyət nəzərdə tutulub. Məsuliyyətin subyektini İnzibati Xətalar Məcəlləsi yox, qanun özü müəyyən etməlidir. “Dövlət dili haqqında” qanunda fərqli 9 maddədə bu məsuliyyət yaradan hallar göstərilib. kütləvi informasiya vasitələrindən yalnız televiziya və radiolar üçün məsuliyyət nəzərdə tutulub.
İXM-də Bütün kütləvi informasiya vasitələrinin məsuliyyətinin müəyyən edilməsi doğru deyil və buna hüquqi əsas yoxdur.
Dövlət dili normalarının pozulmasına görə bütövlükdə kütləvi informasiya vasitələri üçün inzibati cəzanın müəyyən edilməsi Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərə, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə də ziddir.
Bu məsələdə medainı əlaqələndirən bir digər məsələ, KİV-də və internet resurslarında dövlət dili normalarının pozulmasına görə cəzalandırma səlahiyyətinin inzibati orqan olmayan Mətbuat Şurasına verilməsidir. 23 iyun 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” əlavə edildi.
Fərmana əsasən dövlət dili normalarını pozan kütləvi informasiya vasitələrinin jurnalistləri, vəzifəli şəxsləri və KİV orqanları haqqında inzibati protokolu Azərbaycan Mətbuat Şurası adından – Şuranın sədri, onun müavini, Naxçıvan Mətbuat Şurasının sədri tərtib edəcək.
Azərbaycan Mətbuat Şurası təşkilati-hüquqi formasına görə qeyri-hökumət təşkilatıdır, inzibati orqan deyil. İctimai qurum olduğundan onun nə dövlət qurumu kimi nə də müvafiq icra hakimiyyəti orqanı kimi inzibati səlahiyyət alması hüquqi baxımdan mümkün deyil və Konstitusiyanın pozulmasıdır. Konstitusiyanın 6-cı maddəsində bildirilir: “Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz”.Konstitusiyanın 25-ci maddəsi bildirir ki:
“III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.”
Halbuki hazırda praktikada bir mətbu orqan təsis edən QHT ilə, ona cərimə tətbiq edən QHT (Mətbuat Şurası) arasında hüquqi bərabərsizlik yaradılıb. Bir QHT-yə inzibati cərimə protokolu tərtib etmə hüququ verilib, digərinə o QHT-nin verdiyi cəzaya əməl etmə öhdəliyi yüklənib.
Bu dövrdə qəbul edilən qanunvericilik aktlarından biri də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun icrası ilə əlaqədar media qanunvericiliyinə əlavələrin gətirilməsidir. 19 noyabr 2019-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, Televiziya və radio yayımı haqqında”, İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Nəşriyyat işi haqqında” qanunlara“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyə zəruri edən və müəyyən addımların atılmasını tələb edən müddəlar əlavə edildi.
Ümumiyyətlə, son bir ildə yenə də qanunvericilikdə edilən əlavələr ifadə azadlığını və meda azadlığını təhdid edən və legitim əsaslar olmadan daha çox məhdudlaşdırmağı hədəfləyən xarakterdədir. Bu onu göstərir ki, hökumət azad medianın varlığını sistemli şəkildə qəbul etmir və onun bütün manevr imkanlarını məhdudlaşdırmağı ardıcıl həyata keçirir.
Ələsgər Məmmədli
Rəy yaz