Bayramdan bayrama - mediamız

Heç olmasa, il bitəndə, 22 iyul kimi əlamətdar günlərdə də olsa, medianın durumu bir neçə günlüyə ictimaiyyətin gündəm mövzusuna çevrilə bilir. İllərdir, bu tendensiya davam edir. Çoxdan hökumətin kontroluna daxil olanlar öz durumlarına haqq qazandırır, sərbəst fəaliyyət göstərə biləcək mediası olmayan alternativ rəylərin daşıyıcılarından ibarət kiçik dairədəki jurnalistlərsə, əks mövqelərini ifadə edirlər. Bu yazı da həmin müzakirələr müstəvisindədir və media hüququ müstəvisindəki gəlişmələri əhatə edir.

Ötən ilin 22 iyulundan bu yanakı gəlişmələr üzərində gəzişdikdə, təəssüflər olsun ki, media hüququ müstəvisində pozitiv işartıları görmək olmur. Əlbəttə, media, internet müəyyən düzənləmələrə tabe olmaq zorundadır, ancaq bu düzənləmələr ifadə azadlığının təməl prinsipləri nəzərə alınmaqla inşa edilməlidir. Son bir ildə gətirilən düzənləmələr belə məzmunda deyil, həmin düzənləmələrin nəzərəçarpan ifadələri "bağlamaq", "qapatmaq", "cərimələmək"dir.

Net medianın düzənlənməsi, yoxsa, cilovlanması?

Son bir ilin başlangıcında media hüququ müstəvisində ən çox yaddaqalan internet mediasının tənzimlənməsi ilə bağlı hüquqi mexanizmlərin yaradılıb, işə salınması oldu. Məhz ötən ilin ortalarından xəbər saytlarının başı üzərinə daha bir qorxu - "belə yazsam, bunu yazsam, qapadarlar" qorxusu əlavə olundu.

Hər şey ötən ilin yazında başladı. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna əlavə edilən bütöv bir fəsil dərhal alternativ düşüncələrin ifadəçisi olan, çoxsəsliliyə yeganə töhfə hesab olunan medialara tətbiq edildi. AzadlıqRadiosunun, "Azadlıq" qəzetinin, MeydanTV-nin, TuranTV-nin və "Azərbaycan saatı" televiziya proqramının saytlarına anlaşılmaz əsaslandırmalarla blok qoyuldu. O vaxtdan bu resurslara köməkçi texniki vasitələrsiz giriş mümkün deyil. Həmin medialar bu üzdən minlərlə izləyicisini, oxuyucusunu itirmək zorunda qaldılar.

Adıçəkilən qanuna edilən dəyişikliklərin məzmunu Avropa Məhkəməsi təcrübəsi işığında qüsurludur. Bu dəyişikliklər hökumətə hər hansı bir saytı anındaca bloklamaq imkanı verir. Əlbəttə, ifadə azadlığı mütləq hüquq deyil, məhdudiyyətlərə məruz qala bilər. Ancaq bu dəyişiklik necə gəldi, tam bir internet resursuna girişi yasaqlamaq imkanı verir. Konkret bir məzmuna, məqaləyə görə, bütövlükdə saytın blok edilməsi anlaşılmazdır, o, ifadə azadlığı haqqından istifadədən çəkindirmək qoxusu verir. Gələcəkdə Avropa Məhkəməsinin bu işlərlə bağlı verəcəyi qərarlar dəyişikliklərin mürtəce mahiyyətini onsuz da təkrar ortaya qoyacaq...

Blok edilən medialar adları yuxarıda sadalananlarla yekunlaşmır. Ötən ilin ortalarıdan bu yana girişi blok edilən xəbər saytlarının bəlli olan sayı 30-dan artıqdır. Həm də həmin resurslar məhkəmə qərarı-filan olmadan blok edilib. Rabitə Nazirliyindən soruşursan, "xəbərimiz yoxdur, biz bloklamamışıq", deyir, başqa əlaqəli qurumlar da eyni məzmunlu cavablar verir. Məhkəməyə üz tutursan, gərəkli araşdırma aparılmadan, müraciətlər rədd edilir.

Məsələn, ötən il böhtan ittihamı ilə həbs olunmuş jurnalist İkram Rafiqoğlunun sahibi olduğu www.realliq.info saytı noyabrda blok edildi. O quruma müraciət, bu quruma sorgu - blokun mənbəyini tapmaq mümkün olmadı. Jurnalist realliq.az saytını yaratdı, dekabrda onu da blok etdilər. Bu iliun yanvarında realliqinfo.com saytı yaradıldı, 4 gün keçmədi bloklandı. Əvvəlki saytların məzmunu dərhal realliqinfo.az saytını transfer edildi. 1 gün sonra həmin saytı da blok elədilər. Ötən il yanvarın 30-da realliqinfo.org saytı yaradıldı, aqibəti əvvəlkilər kimi oldu...

Məhdudiyyət məzmunlu dəyişikliklər...

Ötən ilin sonu həm də qanunvericilikdəki jurnalistləri cəzalandıran müddəların çevrəsinin genişləndirilməsi ilə yadda qaldı. Bu dəfə internet jurnalistlərini yada salan İnzibati Xətalar Məcəlləsi oldu. Qanunvericilər həmin məcəlləyə internet informasiya ehtiyatında "yayılması qadağan edilən informasiya"nın yerləşdirilməsinə, informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutan müddəa əlavə etdilər. Həmin müddəanın tələblərinə əməl etməyən vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslərsə 2000-2500 manatadək cərimə ediləcəklər. Məcəlləyə provayder və operatorların inzibati qaydada cərimələnməsi qaydası da gətirildi.

Dəyişikliklər media qanunlarını bu il də rahat buraxmadı. Onlar əsasən, Azərbaycan Avropa Şurasına qəbul olarkən media qanunlarına edilmiş mütərəqqi dəyişikliklərdən geri çəkilmə, ifadə azadlığından istifadədən çəkindirmə məzmundadır.

Dəyişikliklərdən biri "Kütləvi informasiya vasitələri haqqında" qanunun senzura ilə bağlı maddəsinə edilib. Dəyişiklik edilmiş həmin maddə "Senzuranın yolverilməzliyi" adlanır. Bu maddədə mediaya, jurnalistlərə hansı hallarda senzura tətbiq edilməli olmasının əsasları yer alır. Dəyişikliklər KİV-də senzuranın əsaslarının dairəsini genişləndirib. İndiyə qədər qüvvədə olan mətnində KİV üzərində dövlət senzurası qadağan edilir, ancaq 2 hal istisna təşkil edirdi. Fövqəladə vəziyyət durumunda, dini ekstremizm əleyhinə əməliiyyatlar zamanı informasiyaların verilməsinə məhdudiyyətlər qanuni sayılırdı. Dəyişikliklər bu çərçivəni bir qədər də genişləndirdi - Bundan sonra hərbi vəziyyət dövründə KİV-in məlumat və materialları da hərbi senzuradan keçirilə biləcək. Hətta, hərbi vəziyyət tətbiq edilən ərazilərdə KİV-ə xüsusi fəaliyyət rejimi tətbiq edilə biləcək. "Televiziya və radio yayımı haqqında" və "Telekommunikasiya haqqında" qanunlara da eyni məzmunlu dəyişikliklər edildi.

Qanunvericilərmiz qeyd edilən dəyişikliklərə söykənərək, İnzibati Xətalar Məcəlləsinə də əlavələr etdilər. Həmin əlavələr hərbi vəziyyət zamanı qaydaları pozan jurnalistlərin cəzalandırılması ilə bağlıdır. Hərbi vəziyyət rejiminin tələblərinin pozan jurnalistlər (jurnalistlər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər isə min manatdan min beş yüz manatadək) cəzalandırılacaqlar.

Bundan sonra maliyyə bilgilərinə çatım xüsusi rejimdə mümkün olacaq

Bayramdan - bayrama ən son dəyişikliyə məruz qalan media qanunu "İnformasiya əldə edilməsi haqqında" qanun oldu. 2010-2017-ci illərdə 32 dəfə dəyişiklik edilən bu qanunun 30-cu maddəsinə dəyişiklik edildi.

Qanunun 29-cu maddəsində informasiya sahiblərinin özlərinin internet saytında açıqlamalı oldugu informasiyaların sıralaması verilir. Qanunun 30-cu maddəsində isə bilgilərin açıqlanması üsulları əksini tapıb. Həmin maddəyə görə, qanunun 29-cu maddəsində sadalanan ictimai informasiyalar internet informasiya ehtiyatlarında açıqlanmalıdır. Eyni zamanda, qeyd edilir ki, bilgilər KİV-də, rəsmi nəşrlərdə, kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə də açıqlana bilər.

Bu maddəyə aşağıdakı ikinci cümlə əlavə edilib: "Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir".

Dəyişikliyə əsasən informasiya sahiblərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlar, dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaların internet informasiya ehtiyatlarında açıqlanması xüsusi qayda ilə tənzimlənəcək. Həmin qaydanı da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum (NK) təsdiq edəcək. Açıqlaması bundan ibarətdir ki, maliyyə ilə bağlı informasiyalara çatım bundan sonra daha çətin olacaq.

Jurnalisti qoruyan qanuni mexanizmlərin işləyişi

Milli qanunvericiliyin jurnalistləri qoruyan, peşə fəaliyyətinin toxunulmazlığının keşiyində dayanmalı olan, informasiya əldə etməsini təmin edən maddələrinin işləyişində əvvəlki illərdən hakim olan tendensiya dəyişmir. Həmin müddəalar işlək deyil.

Cinayət qanunvericiliyi jurnalistin peşə fəaliyyətinə maneçilik törədilməsi (zorla müşayət olunan) hallarına görə məsuliyyət nəzərdə tutur. Rəsmi statistik bilgilərdə bu müddəanın indiyədək tətbiq edilməsi barədə məlumat verilmir. Son bir ildə də bu müddəa işləmədi. Baxmayaraq ki, jurnalistlərin peşə fəaliyyətinə zorakılıqla müşayət olunan müdaxilə halları baş vermişdi. Məsələn, unikal.org xəbər saytının səhiyyə nazirinin fotosunu çəkən əməkdaşı zorakılıqla məruz qalmışdı. Jurnalistin qanuni peşə fəaliyyətinə mane olma cinayətinin aşkar əlamətləri vardı, ancaq toplum əlaqəli qurumların gərəkli addımlar atması barədə bilgiləndirilmədi.

Milli qanunvericiliyi jurnalistlərin bilgilərə rahat çatımına yardımçı ola biləcək normalarının işləməsində durum o qədər fərqli deyil. "İnformasiya əldə edilməsi" qanunu çox ciddi dəyişikliklərə məruz qalmasına rəgmən, jurnalistlərin bilgilərə çatımına imkanlar yaradır. Ancaq bu mütərəqqi müddəların işləyişi problemlidir. Məsələn, ötən il "Turan" agentliyi bir neçə dövlət qurumuna informasiya sorğusu vermiş, qanunla informasiya sahibinin sayta qoymnalı olduğu bilgiləri istəmişdi. Bilgilər verilmədi, bilgilərin əldə edilməsi üçün məhkəməyə müraciət edildi, məhkəmə davaları 1 ildən artıq davam etdi...

İctimai bilgiləri qapalı tutmaq olmaz, inzibati qanunvericilik buna görə, blgi sahiblərini cəzalandırmağı nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinə görə, informasiya əldə edilməsi qanunvericiliyi pozanlar - fiziki şəxslər 100-150, vəzifəli şəxslər 500-700, hüquqi şəxslərsə 1500-2500 manatadək cərimə edilməlidir. Əvvəlki illərdə olduğu kimi, son bir ildə də jurnalistlərin dostu sayılan bu müddəlar işləmədi. Məsələn, ictimai bilgiləri ala bilməyən Turan agentliyi məhkəmədən bilgini qapalı tutuanların cəzalandırılmasını istəmişdi, ancaq...

Böhtan və təhqir...

Böhtan və təhqirə görə məsuliyyət məsələsini hələ də Azərbaycanın cinayət qanunvericiliyi düzənləyir. Hökumətin sonuncu dəfə bununla bağlı mövqqyi "cəmiyyət böhtan və təhqirə görə, cinayət məsuliyyətinin ləğvinə hazır deyil" məzmununda olub. Bu üzdən, bu əməllərin dekriminallaşdırılmasının yaxın dövrlərdə hökumətin gündəmində olacağını gözləmək doğru olmazdı. Görünən budur ki, jurnalistlər, ifadə azadlığı ilə bu alət vasitəsilə davranış qarşıdakı zamanlarda da davamlı hal olacaq. Həm də son bir ildə, elə ondan əvvəlki yarım ildə də mediaya, jurnalistlərə qarşı böhtan, təhqirlə bağlı iddia və xüsusi ittiham qaydasında şikayətlərin sayında ciddi artım nəzərə çarpır.

Məsələn, 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar ayında xəbər saytlarına qarşı böhtana görə azı 50 iddia məhkəmə baxışında olub. Təkcə "AAAF İnşaat" şirkəti eyni məzmunlu məqaləyə görə, 21 xəbər saytını məhkəməyə verib. Ancaq qeyd olunmalıdır ki, həmin mülki iddiaların 50 faizdən çoxu rədd edilib.

Böhtan və təhqir əsası ilə həbs edilənlər də olub. "Gündəm-xəbər" qəzetinin müxbiri Məhbub Zülfüqarov 2017-ci ilin elə bu günlərində "Azərbaycan Standartlaşdırma İnstitutu"nun iddiası əsasında 5 aylığa azadlıqdan məhrum edilmişdi. Jurnalist cəzasını çəkib, dekabrda azadlığa çıxıb.

Tanınmış bloqqer Mehman Hüseynov da böhtana görə hələ də cəza çəkir. Bakıdakı polis rəislərindən birinin iddiası ilə 2 illiyə həbs edilən jurnalistin cəza müddəti gələn ilin yazında başa çatacaq.

6 sayta cinayət araşdırması...

Media sferasında nəzərə çarpan ən son gəlişmə də təəssüflər olsun ki, neqativ məzmundadır. Gəncədə baş vermiş olaylarla bağlı yaydıqları informasiyalara görə, 6 internet resursuna qarşı cinayət işi açılıb. Rəsmi məlumatlara görə, criminalaz.com, bastainfo.com, topxeber.az, fia.az, gununsesi.info və teref.info saytları iyulun 3-6-da ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq" məqsədi ilə bilə-bilə yalan məlumatlar yayıblar. Buna görə, saytların vəzifəli şəxslərinə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanılıb, hazırda istintaq gedir (jurnalistə, sayt rəhbərinə vəzifə saxtakarlığı ittihamlarına ayrıca yazıda toxunulacaq).

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti