Əli Əliyev: �Problem Əli Həsənovda yox, YAP-ın eybəcər idarəçiliyindədir�

"YAP-ın daxilində çox kiçik qrup və onların ailə üzvləri qanunlardan üstdədir".

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev özünün "Facebook" səhifəsində son proseslər fonunda hakimiyyət daxilində mövcud olan ciddi təbəqələşmənin kəskin surətdə qabardığını göstərən geniş yazı paylaşıb:

"Əli Həsənovun nəvəsi Nail Allahvediyevin törətdiyi cinayət mətbuatda 2-ci plana keçir. Hadisənin harınlıqdan baş verməsi şəksizdir. Hadisə ilə bağlı maraqlı mövqelər oldu. Ən qabarıq sual isə "Valideyn və ailə üzvləri övlad hərəkətinə cavabdehdirmi?" oldu.

Kimin nə cavab verməsindən asılı olmayaraq, son dövrlər baş vermiş olaylara diqqət yetirsək yetərlidir. Cavab o vaqeələrin içindədir. Dəfələrlə Prezident məmurlara ailə üzvləri ilə bağlı rəsmi şəkildə xəbərdrlıq etmişdi. Hərbi səfərbərlik zabiti Novruzəli Orucovun oğlu Rüstəmin də tərbiyəsizliyi üstündə işdən qovulması buna bariz nümunə idi. Yəni Prezident Əliyevin qərarı sözləri ilə üst-üstə düşmənin təsdiqi idi.

Hakimiyyət bu davranışı müxalifətdə duranlara qarşı da nümayiş etdirir. Müxalifətçilərin ailə üzvlərinin, cümlədən qadınların kritik məqamlarda polis idarələrinə aparılması, dəfələrlə rast gəlinən praktikadır. Eyni zamanda bir sıra müxalifətçilərin ailə üzvlərinin, Stalin zamanının ruhunda, onlardan imtina etdirilməsi də dövranımızın siyasi işgəncə metodlarındandır. Əlbəttə ki, durduğu yerdə heç bir azərbaycanlı doğmasından imtina etməz.

Bu tərəfini başa düşdük. Hakimiyyət hesab edir ki, bir şəxsin hərəkətinə görə digər ailə üzvləri də məsuliyyət daşıyır. Bu Çeçenistanda da belədir. Putin Qroznısında müxalif hərəkətdə qeydə alınmış istənilən şəxsin ailə üzvlərinin yaşadığı ev belə yandırılır. Digər təhdidlər də öz yerində. Yeri gəlmişkən deyim ki, müxaliflərin ailə üzvlərinə basqı Kadırov tərəfindən bizdən əvvəl tətbiq edilir. Bu işi Ramzandan biz öyrənmişik.

Bir halda ki, ailə üzvləri hər hansı bir şəxsə görə cəza alırsa, bu qayda hamıya qarşı tətbiq olunmalıdır. Amma nədənsə, burada da ikili standart qeydə alınır. Əli Həsənov hələ də fəaliyyətdədir. Rəsmi saytdan tapmasam da, onun deyilənlərə görə Qaçqınkomda yüksək vəzifə tutan kürəkəni, Nailin atası da yerindədir. Yenə də Komitənin pul dövr edən sahəsində sərəncam vermək hüququnu davam etdirir. Bu yolla Nailin içəridəki xərclərini qarşılamaq üçün alın təri tökürlər. Ailə podratı bizim hakimiyyətin xarakterik tərzidir. Lakin belə miqyaslı cinayət törətmiş məmurun cəza almaması məyusluq yaradır.

Hadisədən o nəticə çıxır ki, Azərbaycanda kastanın sərhəddi iqtidar-xalq suayrıcında deyil. Sən demə hakimiyyətin də daxilində subsilklər mövcuddur. Belə olmasa idi, Novruzəli müəllim işdən qovulmazdı. Deməli, YAP-ın daxilində çox kiçik qrup və onların ailə üzvləri qanunlardan üstdədir. Yerdə qalan elə bizim tayımız, adi vətəndaşlardır. Bu da bir təskinlikdir. Sağ olsun bu qradasiyanı aparanlara.

Mən heç vaxt fərdi tənqid yolu tutmamışam. Heç indi də yazdıqlarım Əli Həsənova aid deyil. Demək istədiklərim YAP-ın eybəcər idarəçiliyidir. Ölkənin varidatını talayaraq, oğurluq yolu ilə varlanaraq, haqsız şəkildə millətə həqarət nümayiş etdirən bu yad təbəqəni 24 illik əski kommunist iqtidarı yetişdirib. Bu zümrə müstəqil olmanın, mübarizliyin, düşmənə nifrətin hayfını alır bizlərdən. Ötən əsrdə etdiklərimizin bədəlini ödətdirirlər bizə. Olsun, eyib etməz.

Bilin, bu millət bir də toparlanacaq. 1992-93-də buraxılan səhvlərdən nəticə çıxarılacaq. Bunu edəcək şəxslər də əvvəlkilərdən fərqli adamlar olacaq-hər mənada fərqli. Bu gün törədilənlərə görə birər-birər qanun qarşısında cavab verəcək, millətin borcunu qaytaracaqsınız".

VİP MƏTBUAT XIDMƏTI

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti