Hakimiyyət Quba-İsmayıllı yolunda.

 

İsmayıllı xalq üsyanı son bir ayda hakimiyyətin aldığı 3-cü zərbə oldu. Hörmətli oxucum xatırlayırsa, hələ 12 yanvar tarixdə orduda ölümlərə etiraz aksiyasını "Azadlıq" radiosuna şərh edərkən demişdim ki, bu gündən biz artıq yeni siyasi reallıqda, yeni ölkədə yaşayırıq. Bu fikirləri həm də bloq yazımda və Facebook profilimdə təkrar göstərmişdim. 12 yanvar aksiyasının ardınca "Binə" ticarət mərkəzində keçirilən sərt etiraz aksiyası, İsmayıllı xalq üsyanı və nəhayət 26 yanvar etiraz aksiyası bu yeni reallığın hələ cücərtiləridir.
 
Ona görə yox ki, kimsə nəsə plan cızıb və bu plan üzrə ardıcıl olaraq daha nələrsə olmalıdır və olacaq. Xeyr, ona görə ki, 12 yanvar aksiyasından sonra özünə gələ bilməyən iqtidar qorxu içində öz sınanmış üsuluna əl atdı, yəni zorakılığa. Zorakılıq isə zorakılıq doğurur. Belə də olacaq. İsmayıllı xalq üsyanının ardınca eyni ssenari üzrə analoji üsyanların digər bölgələrdə olacağı da istisna deyil. Səbəb, dediyim kimi, çox sadədir. Hakimiyyət adekvat reaksiya verə bilmir, o, keçmış Azərbaycanda qaldığından reallıq hissini tam itirib və ən son (həm də ən etibarsız) vasitəni - zorakılığı var gücü ilə işə salıb. 
 
Normal hakimiyyət İsmayıllı üsyanının ilk saatlarında təxminən belə edərdi: hansısa bir dövlət rəsmisi təcili İsmayıllıya yollanıb İH-nin binası qarşısında toplaşmış xalq qarşısında çıxış edib öncə yerli baronun ailə üzvlərinin tərbiyəsizliyinə görə xalqdan üzr istəyərdi. Sonra deyərdi ki, prezident Davosdan tapşırıq verib və bu tapşırığa əsasən Nizami Ələkbərov artıq öz vəzifəsini icra etməkdən kənarlaşdırılıb. O, həm də xalqa bildirərdi ki, prezidentin tapşırığı ilə maşınların və hotelin yandırılması faktına görə təhqiqat aparılmaması haqda qərar verilib. Sonda isə o deməliydi ki, rayonu yaxın 10 gündə idarə etmək həmin rəsmiyə tapşırılıb və sabahdan insanlar İcra Hakimiyyətinə gələrək şəxsən ona öz sözlərini deyə bilərlər və bu sözlərin hamısı da ölkə prezidentinə çatdırılacaq.
 
Amma... Amma bu cür davranışı İlham Əliyev hakimiyyəti xalqın qarşısından geri çəkilmək kimi dərk edir və belə "zəiflik" göstərməkdənsə "xarici güvvələrin idarə etdiyi təxribatçılara" səs qumbaraları, qaz bombaları, su şırnaqları, rezin güllələr və bu kimi digər təsirli "arqumentləri" göstərməyi üstün tutur. Halbuki, ilk baxışdan 2-3 nəfər azğınlaşmış məmuru nümayişkəranə cəzalandırmaq hakimiyyətə hətta əlavə dividentlər də gətirərdi. Amma bu yalnız ilk baxışdan belə gəlir, əslində isə məsələnin kökündə daha ciddi məqamlar var. Göründüyü kimi, hakimiyyət azğınlaşmış bir məmurunu cəzalandırmaqdansa xalqın üzərinə silahlı polis yeridib onu repressiya eləməyə üstünlük verir.
 
Niyə? Cavab çox sadədir: Ilham Əliyev düşünür ki, bir məmuru cazalandırsa xalq hər yerdə ayağa qalxıb bütün məmurların cəzalandırılmasını tələb edəcək. Buna isə qətiyyən yol vermək olmaz. Beləliklə də siyasi rəhbərlik etiraf etmiş olur ki, o, nümayəndələrinin hər yerdə xalqa divan tutduğunu bilir. Əgər bilirsə və bu yoldan imtina etmirsə, demək xalqla belə münasibətin hakimiyyətin planlı siyasəti olduğunu etiraf edir. Daha dəqiq desək, hakimiyyət Quba-İsmayıllı yolu ilə getməyə üstünlük verir. Ədalət naminə deyim ki, onun mahiyyəti başqa yola keçməyə nə imkan, nə də şans vermir. O zaman, necə deyərlər, yolunuz açıq olsun! Tanrı da millətimizi qorusun!

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti