Mingachaur Hydroelectric Station
Ölkə rəhbərliyi və ordu öz düşmənindən zəif olduğunu bilərək Silahlı Qüvvələrin öz vəzifəsini icra etməyə qadir olmadığını başa düşəndə mülki obyektlərə zərbələrin endiriləcəyi ilə bağlı hədələri işə salırlar. Bütün dünyadakı terrorçular belə hərəkət edirlər, Ermənistan da bununla məşğul olur. Hələ 2014-cü ildə, yəni 2016-cı ilin aprel hərbi şokundan əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyan (aprel məğlubiyyətindən sonra səriştəsizliyinə görə kənarlaşdırılıb) hökumətin iclasında demişdi: "Azərbaycan qüvvələri erməni tərəfinin Mingəçevir su anbarı ilə bağlı hərəkətlərindən ehtiyat edirlər". 2017-ci ildə Yerevanın Aysor.am saytı və "Yerevanın səsi" qəzeti Ermənistan Silahlı Qüvvələrinin Mingəçevir HES-də su bəndinə raket zərbələrinin endirilməsi barədə planlarından yazırdı. Ötən həftə isə Xankəndidən təlaşlı sədalar gəldi. 2018-ci il iyulun 24-də başqa ölkənin vətəndaşlarından ibarət marionet ordunun naziri (Levon Mnatsakanyan) bildirdi ki, əgər zərurət yaranarsa, tanınmamış Dağlıq Qarabağ Respublikasının müdafiə ordusu Azərbaycanda Mingəçevir HES-ə dərhal zərbə endirəcək.
Erməni hərbçiləri və siyasətçiləri Azərbaycanın mülki və yaşayış məntəqələrinə zərbə endiriləcəyi ilə bağlı çoxdan və tez-tez təhdid edirlər. Hədəf kimi iri şəhərləri (Bakı) və enerji infrastrukturu (əsasən neft kəmərləri yada salınır) göstərirlər. Ancaq bu zaman hərbi cinayətkar olmaq niyyətlərini inkar edirlər.
Ensiklopedik bilgilərə nəzər salaq:
Hərbi cinayət termininin tərifi Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun (Nizamnamə) 8-ci maddəsinin 2-ci bəndində verilib. Hərbi cinayətlərə aşağıdakılar daxildir:
- hərbi hərəkətlərdə birbaşa iştirak etməyən mülki əhali və ayrı-ayrı şəxslərə qəsdən hücumlar;
- mülki obyektlərə, yəni, hərbi məqsədli olmayan obyektlərə qəsdən hücumlar;
- qəsdən hücum etmək, belə hücumun təsadüfən vətəndaşın ölümünə və ya xəsarət almasına, mülki obyektlərə ziyan dəyməsinə, ətraf mühitə böyük, uzunmüddətli və ciddi ziyan verməsinə səbəb olduğunu bildikdə;
- müdafiə olunmayan və hərbi məqsədli sayılmayan şəhər, kənd, yaşayış yeri və ya binaya hücum etmək və ya hər hansı vasitə tətbiq etməklə onları atəşə tutmaq.
Maraqlı və azərbaycanlıları sakitləşdirən həqiqət odur ki, Ermənistan istəsə də Mingeçevir su bəndinə elə zərbə endirə bilməz ki, bu zərbə ciddi nəticə versin. Fotodan görünür ki, Mingəçevir su bəndi Misirdəki Asuan HES kimi beton divardan yox, torpaq bənddən ibarətdir. Bununla əlaqədar keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov oxucular üçün analitik yazı paylaşıb.
О yazır:
- erməni tərəfi sosial şəbəkələrin, həmçinin özünün rusdilli KİV-i və onların təsiri altında olan Rusiyanın bəzi KİV-nin vasitəsilə Azərbaycan ictimai şüuruna hərbi əməliyyatlar bərpa olunarsa "itki və dağıntının qəbuledilməz dərəcəsi" ideyasını yeritməyə çalışırlar. Erməni təbliğatı və Ermənistandakı bir sıra siyasətçilər Mingəçevir su bəndinə fəlakətlə nəticələnəcək zərbələrin endiriləcəyi barədə məlumatlar yayımlayırlar.
Erməni "strateqləri"nin fantaziyasının nə qədər real olduğunu bilmək üçün gəlin, heç olmasa diletant, ancaq faktoloji səviyyədə söhbətin nədən getdiyini aydınlaşdıraq:
1. Mingeçevir HES-in generasiya gücü Azərbaycanın ümumi generasiya imkanlarından bir qədər, 10% çoxdur. Odur ki, hətta bu hidroelektrik stansiyası sıradan çıxarsa belə, qalan enerji imkanları qısa müddətdə bu itkini kompensasiya etməyə imkan verir (yeri gəlmişkən, nümunə üçün qeyd etmək lazımdır ki, Metsamor AS Ermənistanın elektrik enerjisinin 40%-nə qədərini istehsal edir və Vorotan HES kaskadı ilə birlikdə Ermənistanın istehlak etdiyi elektrik enerjisinin kritik faizini təşkil edir.
2. Azərbaycan ictimaiyyətinin qorxudulması cəhdinin əsas obyekti stansiyanın özünün dağıdılması və sıradan çıxarılması deyil, Mingəçevir su bəndinin dağıdılmasıdır ki, bu bəndin sayəsində tutumu təxminən 19 mlrd. kubmetr su olan Mingəçevir su anbarı yaradılıb.
3. Ermənilər hesab edirlər ki, Azərbaycan üçün təhlükə ondan ibarətdir ki, bəndin eyni vaxtda dağıdılması ilə on metrdən çox yüksəklikdə qısamüddətli dalğa əmələ gələ bilər ki, bu onlarla kv. km. ovalığı örtə bilər və Kür çayı boyunca geniş ərazilər su altında qala bilər.
Azərbaycan ictimaiyyətinə hesablanmış tezislər təxminən bunlardır ki, bu tezislərin ətrafında erməni spekulyasiyası yer alır.
Bu təhlükənin nə qədər real olduğunu və ermənilərin bu bəndi dağıtmaq imkanlarının necə olduğuna aydınlıq gətirmək üçün Mingəçevir su bəndi ilə bağlı bəzi faktlar ilə tanış olaq.
Mingəçevir su bəndinin inşası 1945-ci ildən 1954-cü ilədək davam edib və indiyədək Avropada ən iri bənd hesab olunur.
Bu bəndin özəlliyi ondan ibarətdir ki, pulpa (qruntun su ilə qarışığı) şəklində qrunt xüsusi qurğularla müəyyən sahələrə verilir və beləliklə, faktiki olaraq su üçün torpaq maneəsi, indiki halda gil maneəsi yaranır və bəndin özü yaradılır. Məlumatlara görə, 9 il ərzində bu bəndə 16 mln. kubmetr gil yığılıb ki, bu su anbarının daxili tərəfindən 80 sm. beton örtük qatı və çoxmetrlik bitum qatı ilə möhkəmlənib. Əlavə edək ki, bir neçə il öncə ixtisaslaşdırılmış şirkətlərdən biri bəndi xüsusi tərkibli penetron sistemi ilə möhkəmləndirib.
Həmçinin o faktı da qeyd etmək lazımdır ki, bu bəndin layihələndirilməsi və tikintisi İkinci Dünya Müharibəsinin başa çatması dövründə olub ki, o dövrdə Sovet İttifaqında bu cür strateji əhəmiyyətli obyektlər tikilərkən müharibə zamanı onların aviasiya və raket zərbələrinə qarşı dayanmaq imkanları nəzərə alınırdı.
Yəni, əgər Google Earth-dən fotolara baxsaq, görərik ki, faktiki olaraq bu 1,5 kilometr uzunluğu və 80 metr hündürlüyü olan geniş özüllü dağ kimidir. Odur ki, mina partlayışı üzrə istənilən mühəndis və ya mütəxəssis əminliklə deyə bilər ki, bəndin bir anda məhv edilməsi üçün onun özülünə on, bəlkə də yüz tonlarla partlayıcı maddə qoymaq lazımdır. Bu sayda partlayıcı maddəni onlarla böyük yük avtomobili, hava yolu (bombardmançı aviasiya və ya yük vertolyotları) və raket ilə daşımaq olar. Təxribatçıların partlyıcıdan ibarət bir neçə yük maşınını gizli şəkildə gətirməsi mümkün deyil. Ermənilərdə bunu edəcək bombardmançı aviasiya da yoxdur. Qalır raket sistemləri.
Hətta Azərbaycan HHM sistemi hansısa raketi, deyək ki, P17-ni buraxarsa həmin raketlərin döyüş hissəsində olan 500 kq. partlayıcı maddə ilə 3-5 metr dərinlikdə çala əmələ gətirmək olar.
Bir və ya bir neçə belə raket stansiyanın işini poza bilər, ancaq bəndin eyni vaxtda dağıdılmasını və Kür ovalığı boyunca çoxmetrlik dalğanın əmələ gəlməsini təmin edə bilməz.
60 il öncə yaradılan "Р17 SKAD" raketi dünya ölkələrinin çoxunun silahlanmasında var. Bu silah növünü düzəldənlər nəzərdə tutublar ki, nüvə başlığından istifadə həmin raketlərin hədəfə çatması üçün yüksək dəqiqlik tələb etmir. Lakin nüvə başlıqlarının adi - fuqas tipli başlıqlarla əvəzlənməsi ilə məlum oldu ki, bəzən bir neçə yüz metrlik fərq bu tipli silahı düşmənə yüksək dəqiqliklə zərbə endirmək üçün az effektli edir.
Bu raket sistemlərindən İran-İraq müharibəsində istifadə edilib. Mütəxəssislər bildirirlər ki, tərəflərin hər biri 450-dən çox raket tətbiq edib. Lakin nəticələr göstərir ki, onlar dinc əhaliyə qorxunc təsir göstərir, düşmənin silahlı qüvvələrinə və mühüm iqtisadi obyektlərinə təsir vasitəsi kimi isə nüvə başlığı olmadan tamamilə effektsizdir. Körfəzdə müharibə zamanı İraqın İsrail tərəfə atdığı raketlər də faydasız olub.
Odur ki, cəsarətlə ehtimal etmək olar ki, hətta Ermənistanın Silahlı Qüvvələri öz silahlanmasında olan bütün SKAD raketlərini Mingəçevir su bəndinə yönəltsə belə onlarla ton partlayıcı maddəni gətirmək və cəmləmək iqtidarında deyil və eyni anda bəndin dağıdılması ilə bağlı effektə nail olmayacaq.
Əminəm ki, erməni hərbçiləri bunu yaxşı başa düşürlər. Belə ki, Azərbaycan SQ-nin zərbə, raket imkanları kontekstində Metsamor AES və Vorotan enerji kaskadı həm coğrafi məkan, həm də keyfiyyət və kəmiyyət baxımından yuxarıdakılarla bir araya sığa bilməz.
Azərbaycan Müdafiə Nazirliyi də öz bəyanatında Azərbaycan SQ-nin cavab zərbələrinin Ermənistan üçün fəlakətli nəticələr verəcəyini bildirib.
Lakin əminəm ki, Ermənistanda təkcə hərbçilər deyil, həm də siyasətçilər Azərbaycanın öz ordusunun təchizatı məsələsində nail olduğu üstünlüyün reallıqda nə demək olduğunu yaxşı başa düşürlər. Onlara aydındır ki, disbalans getdikcə artır. Ancaq bundan siyasi nəticələr çıxarmaq və danışıqlar prosesinə münasibəti dəyişmək əvəzinə erməni tərəfi və onların havadarları Azərbaycanı qorxutmaq ümidilə dezinformasiya yaymaqda davam edirlər.
Ehtimal edirəm ki, Mingəçevir bəndindən sonra, ikinci qorxutma variantı Metsamor AES-də məişət tullantılarından hazırlanan "çirkin bomba" haqda mif olacaq.
Ancaq "Ermənistanın təbliğat cəbhəsinin işçiləri"nə məsləhət görərdim ki, yeni informasiya sızdırmadan öncə Ermənistanın sərf edilmiş yanacağın ixracatçıya, yəni Rusiyaya qaytarılması ilə bağlı öhdəlikləri ilə yaxşı tanış olsunlar.
Sonda bir daha demək istərdim ki, heç bir informasiya manipulyasiyası Ermənistanın yeni rəhbərliyinin siyasi iradə çatışmazlığını və sülhə real can atmasını əvəzləyə bilməz.
Bu cür informasiya oyunları ilə ancaq vaxtı uzatmaq olar, öz ölkəsini böhrandan çıxarmaq və Ermənistanın inkişafına yol açmaq üçün əsas problemi həll etmək olmaz, Tofiq Zülfüqarov hesab edir.
Rəy yaz