Dövlətin vəzifəsi ünvanlı sosial qruplara dəstək verməkdir

***

-Rəşad bəy, Nazirlər Kabinetinin koronavirusun iqtisadiyyata təsirlərinin aradan qaldılması ilə bağlı tədbirlər planı açıqlandı. Planda nəzərdə tutulan istiqamətlərdə sahibkarlara dəstək, işsizlərə ödənişlər nəzərdə tutulub. Amma planda bütün bunlar göstərilsə də insanlarda hələ çaşqınlıq və suallar qalır. Rəşad bəy, siz izah edin, bu tədbirlər planından kimlər yararlana biləcək?

-lk olaraq onu qeyd edim ki, tədbirlər planında əksini tapan güzəştlər və dəstəklər gözləntilərin xeyli altındadır. Həm vətəndaş və həm də biznes daha ciddi və daha əhatəli dəstək gözləyirdi. Hətta bəzi güzəştlər şərtlidir, məsələn işçilərin işdən çıxarılmaması, 2019-cu il üçün fiskal və vergi öhdəliklərinin tam icrası və s. Açıqlanan dəstək tədbirləri pandemiyadan daha çox zərər çəkən 20 fəaliyyət sahəsini, o cümlədən turistlərin yerləşdirilməsi, səyahətin təşkili, ictimai iaşə, yəni restoranlar, kafelər və s. bu kimi fəaliyyət sahələrini, sərnişindaşıma seqmentini əhatə etməklə yanaşı, ölkədə ərzaq və dərman təminatına yaranan riskləri nəzərə alaraq bu sahələr üzrə müəyyən fəaliyyətləri, məsələn hazır məhsulların yaxud xammal və materialların idxalını əhatə edir. Bundan başqa iqtisadi resessiyanın miqyasını azaltmaq məqsədi ilə tikinti sektoru da müəyyən mənada dəstəklənəcək. Bu sahəyə dəstək daha çox tələbin təşviqi yolu ilə ediləcək. Bir sıra sosial xarakterli tədbilər də planda əksini tapıb ki, bunlara ünvanlı sosial yardım alan və müddəti başa çatan ailələlərə yaxud işsiz kimi qeydiyyatdan keçmiş şəsxlərə müavinətlərin ödənilməsinin davam etdirilməsi, aztəminatlı ailələrə təhsil haqqı xərclərində dəstək və s. aiddir.

-Bu tədbirlər planı bu karantin rejimində gəlirlərini itirən və ya hər hansısa formada biznesi zərərçəkmiş hər bir şəxsi tam əhatə edirmi?

-Xeyr. Etiraf etmək lazımdır ki, bu tədbirlər planı əsas zərər çəkən sahələr üzrə nəzərdə tutulub ki, bu özü əhatəliliyi zəfilədən amillərdən biridir. İkincisi, gizli əmək bazarının iştirakçısı olan, ailə büdcəsinin gəlirlərini günəmuzd işlərdən çıxaran bununla belə dövlətə bu günə qədər əlavə xərc yaratmayan milyonlarla vətəndaşın bu proqramlardan yararlanmaq imkanı olmayacaq.

 

Tədbirlər planı üçün nə qədər vəsait ayrılıb? Çünki fərqli rəqəmlər var. Kimi 2,5 milyard, kimi isə 1 milyard deyir.

Bu çox maraqlı məqamlardan biridir. Günlərdir ki, mediada dəstək məqsədi ilə 2.5 milyard, hətta 3 milyard manat pul ayrıldığı yayılır. Əslində isə proqramlar cəmi 1 milyard 343.6 milyon manat vəsiatin hesabına maliyyələşdiriləcək. Bu vəsaitin 1 milyard manatı dövlət büdcəsi, 343.6 milyon manatı isə digər mənbələrin (dövlət resursları, BMT, Dünya Bankı və s.) hesabına təmin ediləcək.

 Göründüyü qədər banklar tərəfindən verilmiş bir milyard manat kredit və gələcəkdə verilməsi təşviq olunacaq 500 milyon manat kreditlər də dövlətin ayırdığı vəsait olaraq qiymətləndirilir. Lakin, nəzərə almaq lazımdır ki, bu vəsaitlər banklarındır. Dövlət bu proqramların maliyyələşdirilməsi məqsədi ilə cəmi 70 milyon manat xərcləməyi nəzərdə tutur ki, bu da 1 milyard 343.6 milyon manata daxildir.

 Bilirsiniz ki, hər gün medaida digər ölkələrin xilas planlarının parametrləri açıqlanır və cəmiyyətdə geniş müzakirə edilir. Mənim fikrimcə bu kimi məqamlar nəzərə alınaraq rəqəmlər bilərəkdən təhrif edilir və daha çox piar məqsədi ilə istifadə edilir.

-Daha bir mübahisəli məsələ işsizlərin sayı ilə bağlıdır. Hamımız bilirik ki, Azərbaycanda işsizlərin sayı çoxdur və onların bir çoxu rəsmi qeydiyyatdan keçmirlər. Hökumətin açıqladığı rəqəmdə isə 200 min nəfər göstərilib. Baxmayaraq ki, bundan əvvəl bu rəqəm rəsmi sənədlərdə xeyli aşağı göstərilirdi. Indi birdən - birə 200 min göstərilməsi bəzi suallar və şübhələr yaradıb. Bunun siz tərəfdən bir açıqlaması varmı? Eyni zamanda rəsmi qeydiyyatda olmayan  digər işsizlərə də yardım payı verilməsi necə tənzimlənməlidir?

-Dövlət Statistika Komitəsi 2020-ci ilin mart ayına olan və məşğulluq orqanlarında qeydiyyatdan keçən işsizlərin sayının 90 min 800 nəfər olduğunu açıqlayıb. Xatırlatmaq lazımdır ki, bu işsizlik səviyyəsini göstərən rəqəm deyil. Əslində normal iştisadi şəraitdə işsizlərin sayı təxminən 250 -300 min nəfər arasında dəyişir. Amma metodologiya işaxtaranı işsiz kimi qəbul etməyə üstünlük verir. Amma bununla yanaşı digər məsələ də ondan ibarətdir ki, pandemiya Azərbaycanda aktiv frazaya mart ayında daxil olub. Bununla əlaqədar mart ayında işsizlərin sayının kəskin artması qaçılmazdır. Ola bilsin ki, bu rəqəmlər artıq rəsmi qurumlarda vardır. Yaxud da cari müraciətlərin kəskin artacağı ehtimalı nəzərə alınıb. Çünki, 2 aylıq 190 manatlıq birdəfəlik müavinatların verilməsi insanları bu müraciət üçün təşviq edəcəkdir. Artıq minlərlə vətəndaş bu imkandan yararlanmaq üçün sistemdə qeydiyyatdan keçməyə başlayıb. Düşünürəm ki, bu qismən də təxmin edilən rəqəmdir.

-Maraqlı məsələlərdən biri də müqaviləsiz çalışanlara heç bir ödənişin verilməməsidir. Onlar nə işsiz kimi, nə də zərəçəkmiş kimi yardım alacaqlar. Sizcə, bu ədalətlidirmi?

-Xeyr. Bu ədalətli deyil. Hər kəs pandemiyadan zərər çəkib. Hətta iddia edirəm ki, illeqal əmək bazarı iştirakçıları daha çox zərər çəkib və işəgötürən tərəfindən də heç bir sosial hüququ müdafiə edilmir. Onlar da bu ölkənin vətəndaşlarıdır. Onların da ailələri və evdə çörək gözləyən övladları var. Bilirsiniz bu insanların çoxunun olan qalan pulu yalnız sabah işə gedib çatanədək kifayət edirdi. Biz isə sosial karantin elan edib bu insanların fəaliyyətinin məhdudlaşdırmışıq. Demək ki, onların zəruri xərclərini də kompensasiya etməliyik. Ərzaqla, dərmanla, kirayə və kommunal xidmətlər üzrə xərclərinə yardım etməklə onların yanında olmalıyıq. Bilirsiniz, gizli iqtisadiyyat pisdir, amma heç olmayan iqtisadiyyatdan daha yaxşıdır. Bu insanlar mövcud şərtlər daxilində kimsə üçün yük olmadan yaşamağa bəzi hallarda sürünə-sürünə yaşamağa çalışırlar. Dövlətə müraciət edib əlavə maliyyə yükü yaratmırlar. Sadəcə bu məqamı nəzərə alsaq kifayətdir ki, biz bu ailələrin yanında olaq. Bu kimi fors major hallarda diskriminasiya yaradacaq, ayrıseçkiliyə səbəb olacaq istənilən addımdan yayınmaqda fayda olduğu qənaətindəyəm. 

-Insanların bu yardım paketindən gözlədiyi kommunal ödənişlərin bir neçə aylıq dayandırılması və bank kreditlərinin dondurulması idi ki, tədbirlər planında biz bunu görmürük. Sizcə, niyə hökumət bu məsələdə yardım düşünmədi?

-Tamami ilə haqlısınız. Ailə gəlirlərinin tam və yaxud qismən azaldığı halda sabit xərclər ciddi problemlərə yol açır. Buna görə də kommunal xidmətlər üzrə güzəştlərin verilməsi müəyyən limitlər çərçivəsinzdə istifadəçilərin müddətli, yəni pandemiya dövründə azad edilməsi lazım idi. Amma bunun əvəzində hər ailəyə iki aylıq 4 manatlıq güzəşt təklif edilir. Bu məbləğ heç bir ailələnin maliyyə yükünü azaltmayacaq və buraya ayrılan vəsaiti havaya sovrulan vəsait hesab edirəm. Mənim fikrimcə bu paket neft qiymətlərinin ucuzlaşmasından yaranacaq fiskal təzyiqlərin təsiri altında hazırlanıb və hökumət daha ağır maliyyə yükünün altına girmək istəmir.   Kreditlərlə bağlı məsələ isə qismən fərqlidir. Burada kommersiya bankları əsas tərəfdir. Mərkəzi Bank kommersiya banklarının likvidliyini dəstəkləməklə kommersiya banklarına tövsiyyə edə bilər ki, kredit tətilləri verilsin. Bir məsələni qeyd edim ki, pulu olmayan vətəndaş istənilən halda kredit borcunu ödəməyəcəkdir. Ona görə də maliyyə intizamsızlığı vərdişlərini dəstəkləyən şəraitin yaranmasının qarşısı indidən alınmalıdır. Bizim bununla bağlı acı təcrübəmiz var. 2015-ci ildə yaranan problemi 2019-cu ildə qat-qat ağır bədəl ödəməklə düzəltməyə çalışdıq. Amma bunun təsiri zəif olur. Ona görə də Mərkəzi Bank, o cümlədən də hökumətin aidiyyatı qurumları bu məsələni bir daha gözdən keçirməli və müvafiq tətillərin verilməsini dəstəkləyən şərait və normalar yaradılmalıdır.

-Necə düşünürsünüz? Təkliflər planında daha nələr olsaydı yaxşı olardı? Hökumət hər bir vətəndaşa dəyən ziyanı əhatə etmək üçün hansı addımlar atmalı idi? Siz nə təklif edərdiniz?

-Biznesə dəstək sosial tədbirlərlə müqayisədə xeyli yaxşıdır. Amma bununla yanaşı yaxşı olardı ki, mikrosahibkarlıq subyektlərinə dəstək şərtli olmasın və daha uzun müddəti əhatə etsin. Çünki, bu seqment daha müdafiəsiz və dayanıqsızdır.

Vətəndaşa dəstək isə daha fərqli mexanizmlər yaradılaraq sabit xərcləri nəzərə almaqla ailəyə dəstək proqramları kimi formalaşdırıla bilərdi. Bu zaman kirayə və kommunal xərclər, ərzaq və dərman vasitələrinə tələb əsas götürülməklə pandemiya və sosial karantin müddətində ailələrə maliyyə yardımı edilə bilərdi.

Başa düşürəm ki, heç bir ölkədə zərərin tam olaraq kompensasiya edilməsi nəzərdə tutulmur və bu mümkün də deyil. Ancaq, zərərin həcminin optimallaşdırılması, sosial təminatın o cümlədən qidalanmanın minimal səviyyədə saxlanması əsas meyarlar kimi götürülməli idi. Mən tərəfdarı deyiləm ki, hər kəsə yardım edilsin. Bu doğru deyil. Bu vətəndaş maraqlarına da uyğun deyil. Hesab edin ki, sizin ödədiyiniz vergilər hansısa milyonerə, korrupsionə xərclənir. Bu görə də mütləq hədəfli sosial-qruplar müəyyən edilməli və onlara dövlət dəstəyinin necə çatdırılması mexanizmləri üzərində baş sındırılmalıdır. Bu dövlətin ən vacib öhdəliklərindən biridir.  

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti