“Qarabağ üzrə razılaşma imkanı realdır” - ABŞ Dövlət Departamenti

Vaşınqton/08.08.23/Turan: Birləşmiş Ştatlar bazar ertəsi bildirib ki, ötən həftə hər iki paytaxtda keçirilən danışıqlardan sonra Bakı və İrəvanla sülh razılaşması əldə etmək üçün işləməyə davam edəcək.

“Xüsusi nümayəndə Luis Bono keçən həftə regiona səfər edib və liderlərlə danışıqlar aparıb. Biz inanırıq ki, bu məsələdə tərəf olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, razılaşma imkanı realdır və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik", - Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik brifinqdə "TURAN"ın Rusiyanın sülh prosesini pozmaq səyləri ilə bağlı sualına cavabında bildirib.

Məlumata görə, ötən həftə Moskva Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasını “süni” sürətləndirmək cəhdləri ilə bağlı xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Denis Qonçardan sitat gətirilib:

“Tələsik hazırlanmış çiy sülh müqaviləsi bölgəyə davamlı sülh gətirməyəcək. Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələrin əsasını qoyacaq".

"TURAN"ın Qərbin Rusiyanı sülh səylərini pozmaz cəhdlərini dayandırmağa çağırmasının vaxtı çatıbmı sualına Miller belə cavab verib: “Söhbət Ermənistan və Azərbaycandan gedirsə, Rusiya barədə danışmaq istəmirəm. Mən bilavasitə əlaqəli olan, bu mübahisədə birbaşa tərəf olan iki ölkə haqqında danışmaq istəyirəm".

"TURAN" həmçinin Millerdən dövlət katibi Blinkenin türkiyəli həmkarına şənbə günü zəng etdikdən sonra Türkiyənin sülh prosesindəki hazırkı rolu barədə də soruşub, həmin zəngdə ABŞ diplomatı "Ermənistan və Azərbaycan arasında sülh müzakirələrinin vacibliyini vurğulayıb.

"Mən bu barədə ətraflı danışmaq istəmirəm - bu, özəl diplomatik söhbətdir, lakin biz inanırıq ki, Türkiyə digər məsələlərdə olduğu kimi, bu məsələdə də məhsuldar rol oynaya bilər", - Miller deyib. -0-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti