Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinə dair qəsd nəzəriyyələrini necə yayır

Fevralın 26-sı və 27-də, müvafiq olaraq, Azərbaycanda və Ermənistanda Qarabağ münaqişəsinin iki faciəsinin - Xocalıda dinc sakinlərin qətlə yetirilməsinin və Sumqayıtda erməni talanının (poqromunun - red.) qurbanları anılır. Bu hadisələr dörd il fərqlə eyni gündə baş verib və hər iki tərəf üçün qarşı tərəfin amansızlığının və nifrətinin rəmzinə çevrilib: Sumqayıt - ermənilər üçün, Xocalı - azərbaycanlılar üçün.

Zaman keçdikcə bu hadisələr ətrafında böyük bir qəsd nəzəriyyələri şəbəkəsi yaranıb. Bu nəzəriyyələr üst-üstə gələndə sürrealist bir mənzərə alınır: ermənilər dinc erməniləri zorlayır və öldürür, cavab olaraq azərbaycanlılar isə azərbaycanlı qadın və uşaqları güllələyir.

BBC Rusca xidməti, konspiroloji versiyalarının necə yarandığını və onların yaranmasında hər iki ölkənin liderləri, diplomatları və ideoloqlarının hansı rol oynadığını anlamağa çalışıb.

Liderlərin mübahisə etdikləri məsələ

"1990-cı illərin ortalarında Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Rusiyanın "Arqumentı i faktı" qəzetinə müsahibə verərək bildirib ki, Xocalı təxribatı Azərbaycan müxalifəti tərəfindən onun hakimiyyətdən kənarlaşdırılması məqsədilə təşkil edilmişdi", - Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən debat zamanı bildirib.

Paşinyan demək istəyirdi ki, Qarabağ münaqişəsinin tarixində mülki əhaliyə qarşı edilmiş ən qanlı qırğın hadisəsini - 1992-ci ilin fevralında Xocalıda yüzlərlə dinc azərbaycanlının qətlə yetirilməsini - azərbaycanlıların özü təşkil edib. Bu versiyanı 1990-cı illərin sonlarından bəri Ermənistan XİN-i təkrarlayır, lakin onu ən fəal şəkildə Ermənistan prezidentinin administrasiyası yayıb.

Eynilə bundan bir neçə ay əvvəl Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, 1988-ci ilin fevralında Sumqayıtda erməni talanları - bütün Sovet İttifaqını sarsıtmış kütləvi zorakılıq püskürtüsü - erməni qəsdçilərinin işi idi. Bu versiyanı Azərbaycan prezidentinin administrasiyası yayır və respublika XİN-i bunu təkrarlayır.

Bu nəzəriyyələr kənar müşahidəçi üçün inamsız və dolaşıq görünsə də, Ermənistanda və Azərbaycanda həmin hadisələrin populyar versiyasına çevrilib.

Sumqayıt: Xalqlar dostluğunun sonu

Sumqayıt 1940-cı illərdə nümunəvi beynəlmiləl şəhər kimi inşa edilib, lakin 1980-ci illərin sonunda o, Sovet İttifaqının ən təhlükəli və acınacaqlı sənaye mərkəzlərindən birinə çevrilmişdi.

Şəhər sakinlərinin orta yaşı 25 idi və hər beş nəfərdən birinin məhkumluğu var idi. Kimya müəssisələri SSRİ-nin ən çirkli yerlərindən biri idi. Uşaq ölümü o qədər yüksək idi ki, Sumqayıtda hətta xüsusi uşaq qəbiristanlığı da yaranmışdı. Hökumətin Ermənistandan olan azərbaycanlı qaçqınların Sumqayıta köçürülməsi ilə bağlı qərarı da şəhərdə gərginliyi artırdı.

1988-ci il fevralın 20-də Dağlıq Qarabağın xalq deputatları şurası Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşmək haqqında müraciət qəbul etdikdən sonra vəziyyət alovlandı. Qarabağda toqquşmalar baş verdi. Fevralın 27-də SSRİ hərbi prokuroru Aleksandr Katusev televiziya ilə toqquşmalarda həlak olanların adlarını açıqladı - soyadlar azərbaycanlılara məxsus idi.

Elə həmin gün Sumqayıtda talanlar başladı. Dalbadal bir neçə gün ərzində izdiham erməniləri zorladı, qarət etdi, işgəncə verdi və öldürdü. Bəziləri diri-diri yandırıldı. Qrup tərəfindən zorlanma qurbanlarından biri xatırlayırdı ki, təcavüzkarlar onun əmlakını bölərkən o, özünü ölülüyə vurmuşdu. Rəsmi məlumatlara görə, ən azı 32 nəfər - 26 erməni və 6 azərbaycanlı - öldürülmüşdü, yüzlərlə adam yaralanmışdı. Qurbanların dəqiq sayını müəyyənləşdirmək mümkün deyil, çünki demək olar ki, şəhərin bütün erməni əhalisi (müxtəlif hesablamalara görə, 14-18 min nəfər) qaçmışdı.

Sumqayıtdakı iğtişaşlar bütün ölkəni sarsıtdı - etnik zəmində bu qəfil zorakılıq püskürtüsü Sovet İttifaqı erasının son illəri üçün görünməmiş bir hadisə idi. Milis hərəkətsiz halda idi, Sovet ordusu isə şəhərə yalnız fevralın 29-da, talanların üçüncü günü girdi. Sov.İKP Mərkəzi Komitəsinin nümayəndəsi Qriqori Xarçenko Sumqayıta gələndə doğranmış və yandırılmış cəsədləri necə gördüyünü xatırlayırdı.

İlk əvvəl xəbərlərdə talanlar işıqlandırılmırdı və nə baş verdiyini anlayan az adam var idi. Bakıda millətçilərin mitinqlərində talan barədə məlumatlar "Sumqayıt qəhrəmanlarına eşq olsun!" şüarı ilə qarşılanırdı.

Xocalı: dağlarda qətl

Xocalının dinc sakinlərinin qətlə yetirilməsi düz dörd il sonra baş verdi. 1992-ci il üçün Dağlıq Qarabağa görə münaqişə azərbaycanlılarla ermənilər arasında tammiqyaslı müharibəyə çevrildi.

Lakin hətta həmin müharibənin meyarlarına görə yüzlərlə dinc azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi, bu münaqişənin bütün dövrü ərzində mülki əhaliyə qarşı törədilmiş ən qanlı qırğın olaraq şok yaratdı.

Xocalıya hücum Qarabağ müharibəsinin fəal mərhələsinə təsadüf etdi. Bu yaşayış məntəqəsinin strateji əhəmiyyəti var idi - o, Qarabağda yeganə aeroportun açarı rolunu oynayırdı və ərazinin əsas şəhəri olan Stepanakertin/Xankəndinin atəşə tutulduğu azərbaycanlıların yaşayış məntəqələrindən ibarət halqaya daxil idi.

Ermənilər hücuma hazırlaşırdılar, lakin mülki şəxslər şəhərdən vaxtında təxliyə edilməmişdi. Nəticədə, əməliyyat başlanarkən Xocalıda yüzlərlə mülki şəxs qalmaqda idi. "Memorial" insan haqları mərkəzinin məlumatına görə, qəsəbədə 2 mindən 4 minə qədər sakin qala bilərdi. Hücum 1992-ci il fevralın 25-də, axşam başladı. Ermənilər şəhəri ələ keçirəndə mülki şəxslərin bir hissəsi əsir düşdü. Digər hissəsi - bir neçə yüz nəfər, o cümlədən şəhərdə yerləşdirilmiş OMON-un bəzi döyüşçüləri - qaranlıqda Azərbaycanın Ağdam şəhərinə doğru getdilər.

Erməni tərəfinin bildirdiyinə görə, sakinlər üçün Ağdama "azad dəhliz" açılmışdı. Lakin "Memorial" insan haqları mərkəzinin apardığı araşdırma göstərdi ki, Xocalı sakinlərinin əksəriyyətinin dəhliz haqqında heç bir xəbəri olmayıb. Artıq sübh açılanda Xocalıdan olan qaçqınlar və OMONçular kolonu Ağdam əvəzinə erməni mövqelərinə gedib çıxdı. Human Rights Watch və Memorial mərkəzi tərəfindən iki müstəqil araşdırmanın nəticələrinə əsasən, onlar erməni dəstələrinin atəşi altına düşərək həlak olublar.

Ümumilikdə həmin səhər 100-dən çox insan öldürülmüşdü. Eybəcərləşdirilmiş cəsədlər torpaq üstündə qalmışdı. Hadisə yerinə gələn jurnalistlərin nəzərində dəhşətli bir mənzərə açılmışdı: qadınların, uşaqların və qocaların cəsədləri. Ölənlər arasında OMON döyüşçüləri də var idi, lakin əksəriyyəti dinc sakinlər idi.

Hadisələrin ardından Azərbaycan parlamentinin apardığı araşdırmaya görə, yolunu azaraq donmuş və ya sonradan donaraq ölənlər də daxil, 485 nəfər ölmüşdü. İndi Azərbaycan XİN-i 615 nəfər rəqəmini səsləndirir.

Xocalı sakinlərinin qətlə yetirilməsi Azərbaycanı sarsıtdı. Operator Çingiz Mustafayevin çəkdiyi, cəsədləri göstərən kadrlar martın 3-də parlamentdə nümayiş etdirildi. Müxalifət prezident Ayaz Mütəllibovu faciəni gizlətməyə çalışmaqda və öz xalqını qorumağa qadir olmamaqda günahlandırdı. Bir neçə gündən sonra o, istefa verdi.

O ərəfədə formalaşmış və başqa ölkələr tərəfindən tanınmamış "Dağlıq Qarabağ Respublikasının" hakimiyyəti hətta başsağlığı vermişdi. "[DQR Ali Sovetinin] Rəyasət Heyəti Xocalı qəsəbəsinin yaxınlığında yerləşən hava limanının ələ keçirilməsi zamanı dinc sakinlərin həlak olmasından təəssüfləndiyini bildirir və onların qohumlarına başsağlığı bildirir", - bəyanatda deyilirdi ("İzvestiya" qəzetindən iqtibas, 6 mart 1992-ci il tarixli Moskva axşam buraxılışı).

"Memorial" müşahidəçiləri ilə söhbətlərində [DQR] rəsmiləri Xocalıya hücum zamanı vəhşiliklərin baş verə bildiyini inkar etmirdilər, çünki erməni silahlı dəstələrinin üzvləri arasında qohumları azərbaycanlılar tərəfindən qətlə yetirilən acıqlı adamlar, habelə cinayət keçmişi olanlar var", - hesabatda deyilirdi. O zamankı müharibənin aparıcı komandiri Monte Melkonyanın qardaşı və bioqrafı Markar Melkonyan hadisəni ayrı-ayrı erməni qrupları tərəfindən qisas aktı adlandırıb. Bunları Qarabağ lideri və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da oxşar tərzdə xatırlayıb.

"Xocalıdan əvvəl azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdi ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bunu bötüvlüklə dağıtmaq lazım idi. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, bu uşaqlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi. Amma hesab edirəm ki, çox şeyi şişirdilib, çox şey", - Sarkisyan britaniyalı jurnalist, Qarabağ münaqişəsi barədə "Qara Bağ" adlı kitabın müəllifi Thomas de Waal-a müsahibəsində deyib.

Qarabağ ermənilərinin başqa bir lideri, Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz memuarlarında hadisələri "böyük faciə" adlandırır və iddia edir ki, buna hadisələrin cərəyanı gətirib çıxarıb.

DTK və psixodelik dərmanlar - prezidentin xeyir-duası ilə

Sumqayıt talanlarının mifləşdirilməsi demək olar ki, dərhal başladı. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Ziya Bünyadov "Niyə Sumqayıt?" adlı məqaləsində baş verənlərdə erməniləri ittiham etdi.

"Sumqayıt faciəsi erməni millətçiləri tərəfindən çox düşünülmüş şəkildə planlaşdırılmışdı. - Bünyadov yazırdı, - Onun başlanmasına bir neçə saat qalmış erməni tele-fotoreportyorları şəhərə gizli şəkildə girmişdilər və artıq gözləyirdilər. Azərbaycanlı adı altında ilk cinayət hərəkətini də şəxsən beş Sumqayıt ermənisini öldürən Qriqoryan törətmişdir".

Qriqoryan faktiki olaraq erməni talanlarınn qurbanları tərəfindən də tanınan adi bir cinayətkar idi və o, başçı yox, iğtişaşların sıravi iştirakçısı idi. Ondan başqa, istintaq nəticəsində mühakimə edilən onlarla talançıdan biri rus, qalanları isə azərbaycanlı idi.

Bünyadovun versiyası əvvəlcə az tanınırdı, lakin tədricən populyarlıq qazanırdı. Azərbaycanda onun versiyasını dəstəkləyən və genişləndirən müsahibələr çap olunur və kitablar nəşr edilirdi. 1990-cı illərin əvvəllərində rejissor Davud İmanov "Sumqayıtın əks-sədası" kinotrilogiyasında şəhəri SSRİ-nin dağıtmaq məqsədilə Mərkəzi Kəşfiyyat İdarəsinin təşkil etdiyi beynəlxalq qəsdin meydanı etdi.

2010-cu ildə onların işini "Sumqayıt - SSRİ-nin dağılmasının başlanğıcı" adlı kitab yazan hüquqşünas Aslan İsmayılov davam etdirib. O nəinki DTK və erməni millətçiləri haqqında qəsd nəzəriyyələrini təkrarlayıb, həm də rəngarəng detallar da əlavə edib: guya Qriqoryan digər talançılara idarəteməni itirən həblər paylayıb. Sübutların yoxluğunu o, ifadələr olan kasetlərin itməsiylə izah edirdi.

Bir il sonra Bakıda, Azərbaycan Respublikası prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında hakimiyyət nümayəndələri, vəzifəli şəxslər və deputatların qatıldığı tədbirdə www.sumqait.com (sayt hazırda aktiv deyil) saytının təqdimatı keçirildi. Sayt "həqiqəti dünya ictimaiyyətinə çatdırmalı idi", lakin əslində elə bütün qəsd nəzəriyyələrini təkrarlayırdı.

2014-cü ildə Əliyevin xeyir-duası ilə təxribatçı - Qriqoryan haqqında mövcud mif yeni detallar əldə etdi. Tanınmış jurnalist İbrahim Məmmədov "Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi" adlı kitab yazdı. Kitabda göstərilmişdi ki, o, Azərbaycan prezidentinin təşəbbüsü ilə nəşr edilib, 2019-cu ilə qədər Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev isə kitabın elmi redaktoru olub. Kitaba ön sözü də o yazıb.

"1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr əslində Azərbaycan xalqına qarşı törədilmiş bir təxribatdır. Buna görə də mənim göstərişimə əsasən, bu məsələ ilə bağlı cinayət işi bərpa edilib", - kitabda prezident iqtibas edilir.

Nəhayət, 2018-ci ilin fevral ayında, talanlardan düz 30 il sonra, bu versiyalar rəsmi səviyyədə səsləndirildi. XİN-in o zamankı mətbuat katibi, hazırda Azərbaycan Prezidenti Administrasiyasında Xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev talanların təşkilində Ermənistan və SSRİ xüsusi xidmət orqanlarını ittiham edib:

"Ermənistanın terror təşkilatları Azərbaycan əhalisinə qarşı terror aktları törədiblər", - Hacıyev Sumqayıt haqqında deyib. Orada da Baş prokurorluğun nümayəndələri Qriqoryanı bütöv bir talançılar qrupunun rəhbəri adlandırıblar. Azərbaycan XİN və Baş Prokurorluğun Prezident Administrasiyasının nəşr etdiyi kitabı da iqtibas edən birgə hesabatı dərc olundu. Bir müddət sonra həmin hesabat XİN saytından çıxarılıb.

2019-cu ilin noyabr ayında prezident Əliyev də Sumqayıtı yada salıb.

"Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini erməni millətçiləri və erməni dəstələri törətmişlər", - prezident şəhərin 70 illiyi münasibətilə keçirilən bayram tədbirində bəyan edib.

Əkrəm Əylislinin "Daş yuxuları"

Azərbaycanda rəsmi versiyanı sual altına alan ən məşhur yazı yazıçı Əkrəm Əylislinin 2012-ci ildə "Xalqlar Dostluğu" jurnalında dərc edilmiş "Daş yuxular" adlı romanı olub.

Burada 1988-ci ilin fevralında Sumqayıtda və Bakıda 1990-cı ilin yanvarında erməni talanları, həmçinin Naxçıvanda erməni tarixi irsinin məhv edilməsi anladırıldı.

Romanın çapdan çıxmasından sonra Azərbaycan KİV-də Əylislinin təqibi başladı. Siyasətçilər və həmkarları onun əleyhinə çıxış edir, gənclərdən ibarət qruplar yazıçının evinin qarşısında aksiyalar təşkil edir və ondan ölkəni tərk etməsini tələb edirdilər. Gəncədə və Əylislinin doğma kəndində onun kitabları yandırılırdı.

Yazıçı BBC-yə deyib ki, onu 1930-cu illərin Stalin kampaniyaları ruhunda xalq düşməninə çeviriblər. Müsahibə zamanı Əylisli təngənəfəs olurdu: onun 82 yaşı var və ürək xəstəliyindən şikayət edir. Lakin onu ölkədən buraxmırlar.

"Bütün pisliklər xalqın adından və vətənpərvərlik dalğasında edilir", - yazıçı deyir.

Azərbaycan tarixçisi Arif Yunus 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində Sumqayıtda baş vermiş qırğınlar barədə məlumatlar toplayıb. O deyir ki, əvvəlcə özü də faciələrin arxasında DTK-nın durduğunu düşünürdü.

"1988-ci il idi, SSRİ dövrü idi, hələ İnternet yox idi və hamıya elə gəlirdi ki, əgər nəsə baş verirsə, bunu hakimiyyət edir", - tarixçi BBC-yə müsahibəsində xatırlayır.

1992-ci ildə Yunus Prezident Administrasiyasında informasiya şöbəsinin rəhbəri təyin edilmişdi. Yunusun sözlərinə görə, DİN və DTK-nın sənədlərinə çıxış əldə etdiyini xatırlayır, lakin Sumqayıtda qırğınların təşkilatçıları haqqında məlumat tapa bilməyib, çünki qırğınların təşkilatçıları yox idi.

Siyasətdən gedəndən sonra Yunus hüquq müdafiəsi ilə məşğul olub. O, 2014-cü ildə həyat yoldaşı ilə birlikdə beynəlxalq təşkilatların siyasi hesab etdikləri ittihamlarla həbs edilib. Onlar iki il həbsdən və ev dustaqlığından sonra Azərbaycanı tərk ediblər.

Xocalı ətrafında qəsd nəzəriyyəsi

Xocalı dinc sakinlərinin qətlə yetirilməsi ətrafında qəsd nəzəriyyəsinin qurucusu isə, nə qədər qəribə olsa da, bu faciəyə görə hakimiyyətini itirən müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov olub. 1992-ci ilin aprelində istefa verdikdən bir ay sonra Mütəllibov Rusiyanın "Nezavisimaya qazeta" nəşrinə müsahibə verərək hadisələrə görə müxalifətçi "Xalq Cəbhəsi" partiyasını ittiham edib.

"Xilas olmuş xocalıların dediklərinə görə, bütün bunlar mənim istefa verməyim üçün əsas yaratmaq məqsədilə təşkil edilib. Hansısa qüvvə prezidenti nüfuzdan salmaq üçün fəaliyyət göstərib",- sabiq prezident bildirib.

Mütəllibovun müsahibəsi onun hakimiyyətə qayıdış strategiyasının bir hissəsi idi. Bakıda prezident vəzifəsini zəif lider icra edirdi, cəbhədə isə vəziyyət eyni dərəcədə pis idi. 14 may 1992-ci ildə Mütəllibov yenidən prezident seçildi - cəmi bir günlük.

Mütəllibovdan fərqli olaraq Qarabağ müharibəsində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyan bu versiyaya şübhə ilə yanaşsalar da, o, Yerevanda son dərəcə populyarlaşdı. Sonradan Mütəllibov sözlərindən imtina etdi, amma artıq gec idi.

"Mütəllibov özünə bəraət qazanmağa çalışaraq, hər şeydə "Xalq Cəbhəsinin" günahkar olması barədə nəzəriyyə qurub və erməni tərəfi də bundan məmnuniyyətlə istifadə edib", — erməni jurnalisti Mark Qriqoryan xatırlayır.

Mütəllibovun versiyasını dəstəkləyən ideoloqlardan biri tanınmamış "DQR parlamentinin" keçmiş deputatı Levon Melik-Şahnazaryan olub. 1998-ci ildə Melik-Şahnazaryan "Siyasət bir qətl vasitəsi kimi" adlı məqaləsində yazırdı ki, Xocalı qırğınını Azərbaycan müxalifəti hakimiyyəti ələ keçirmək üçün törədib.

Həm Bakıda, həm də Yerevanda öz tərəfinin üzərindən bütün məsuliyyəti götürməyə çalışan ideoloqların qarşısında sadə olmayan bir məsələ dururdu: düşməninin onlarla öz dinc həmvətənini soyuqqanlılıqla öldürə biləcəyini inandırıcı tərzdə izah etmək.

Melik-Şahnazaryan əvvəlcə populyar psixologiyaya müraciət etdi: guya "Azərbaycan milli mentaliteti" məqsədə çatmaq üçün öz həmvətənlərinin qətlinə bəraət qazandırır. Sonra o, irqi üstünlüyə dair nəzəriyyələrə keçdi və rəqibin tamamilə dehumanizasiyasınadək gedib çıxdı. O yazırdı ki, ermənilər azərbaycanlılardan sonsuz dərəcədə üstündürlər və o, Xocalı qurbanlarına görə qəm-qüssəni "çaqqal ulaşması"adlandırırdı.

2002-ci ildə Melik-Şahnazaryan tarixçi və sonradan "erməni soyqırımı" Muzey-institutunun direktoru olan Ayk Demoyanla birgə "Xocalı məsələsi: Xüsusi qovluq" adlı kitabını nəşr etdirib. Kitabda eyni fikirlər təkrarlanıb, amma bu zaman quru dəftərxana dilindən istifadə olunub, "çaqqal ulaşması" kəlməsi işdənilmədən.

Bu, elə bir vaxt idi ki, erməni dəstələrinin qisası barədə söhbətlər hələ dəbdən çıxmamışdı. 2002-ci ildə Ermənistan Respublikaçılar partiyasının kitabçasında publisist Gevorq Yazecyan yazırdı: "Müqəddəs milli qisasçılığın ən yaxşı nümunəsi 1992-ci ilin fevralında Xocalının azad edilməsi oldu. Sumqayıt, Kirovabad, Bakı və digər yerlərin qan hamamlarından erməni qanı içmiş düşmən amansızcasına, qəddarcasına, biz deyərdik ki, ermənicəsinə məhv edildi!", - Yazecyan yazıb. 1999-cu ildə Respublika Partiyası parlament seçkilərində qalib gəldi və 2018-ci ilə qədər erməni siyasətində ön yeri tutdu. Həmin kitabçanı hələ də partiyanın saytındakı "Kitabxana" bölməsində tapmaq mümkündür.

Yerevanda konspirologiyanın ciddi şəkildə vüsət almağa başlaması Bakıda Xocalı qətliamının soyqırım kimi tanınmasına nail olmaq qərarına gəlindiyi dövrə təsadüf etdi. Bu, müstəqil tədqiqatçıların haqqında danışdığı ayrı-ayrı dəstələrin kor-təbii hərbi cinayəti deyil, planlaşdırılmış və mütəşəkkil qətliamı əks etdirən mübahisəli mövqe oldu.

"Hər iki tərəf təcavüzkar kimi görünmək istəmir və hər iki tərəf qurban rolunda çıxış etməyə üstünlük verir", - jurnalist Mark Qriqoryan bildirir. - Nəzəriyyə də bu hisslərə uyğunlaşdırılır".

Qəbul mərhələsi

Xocalı konspirologiyasının yayılmasının əsas mərkəzi Ermənistan Prezidentinin Aparatı yanında "İctimai əlaqələr və informasiya mərkəzi" olub. Liberal dairələrdə o, postsovet məkanında ilk "troll" fabriklərindən biri sayılır. Bununla belə, mərkəzin əvvəlki rəhbərliyi ilə tanış olan mənbələr BBC-yə bildiriblər ki, orada ictimai rəyin liderləri ilə işləməyə üstünlük veriblər, "Facebook"-dakı saxta hesablar isə yalnız 2016-cı ilin yayında aktuallaşıb.

Məhz bu mərkəz qonşu respublika ilə informasiya müharibəsinin qərargahı idi. Bakıda isə həmin rolu Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi oynayıb və onun direktorunun etirafına görə "Azərbaycanın bütün dünyada təbliğinə" xidmət edib. Jurnalist Mark Qriqoryanın fikrincə, bu müharibəyə "hər iki tərəfdən bir çox təbliğat səyləri" sərf olunub.

Ermənistan Prezidentinin Aparatı yanında fəaliyyət göstərən mərkəzin əməkdaşları xocali.net, xocali.tv, karabakhrecords.info və başqa saytları idarə ediblər. Mərkəzdə Azərbaycanı soyqırımda ittiham edən və erməni dəstələrinin Xocalıda günahını inkar edən kitablar yazılıb, sənədli filmlər çəkilib.

Təqsiri inkar edən müəlliflər eyni zamanda eyham da vururdular ki, Xocalı sakinlərinin qətlə yetirilməsi ermənilərin iztirablarına görə qisasdır.

Xocali.net saytının Facebook səhifəsindəki "Xocalı: bir səbəbin nəticəsi" adlı fotoalbomda 1992-ci ilin yanvarında Stepanakertdə/Xankəndində yaralanmış və qətlə yetirilmiş ermənilərin şəkilləri həmin ilin fevralında Xocalıya edilmiş hücumun qurbanlarının şəkilləriylə bərabər kollaj edilərək yerləşdirilib.

Hər bir fotokollaja bəzək kimi epiqraf da əlavə edilib: "Çiçək və gələcək meyvə toxumdan doğduğu kimi, nəticə də səbəbdən doğur".

2009-2017-ci illərdə mərkəzin direktoru Ara Saqatelyan olub. O sonradan Parlament Aparatına rəhbərlik edib. Xocalı hadisələri haqqında sənədli filmə prodüserliyi onun yaxın qohumu, "Yeni Ermənilər" Şən və Hazırcavablar Klubu - komandasının kapitanlığından hakim partiyadan olan deputatadək yol keçmiş Arman Saqatelyan edib.

Prezident Administrasiyası ilə paralel olaraq, Xocalıya dair qəsd nəzəriyyəsini XİN də təbliğ edib. 1997-ci ildə onu Ermənistanın BMT yanında nümayəndəsi səsləndirib. 2014-cü ildə XİN rəhbəri Edvard Nalbandyan da bu versiyanı təkrarlayıb. O, Mütəllibovun müsahibəsinə istinadən qətlə görə azərbaycanlıları ittiham edib. 2018-da nazir bu versiyanı yenidən yada salıb.

Nəhayət, 2019-cu ilin noyabrında Ermənistanın Baş naziri Nikol Paşinyan bu versiyanı təkrarlayıb. "Hətta Azərbaycanın keçmiş prezidenti də öz müsahibəsində bildirib ki, Xocaluda (erm.tələffüzü - redaksiya) baş verən hadisələr Azərbaycanda dəyişikliklər və çevriliş həyata keçirmək üçün Azərbaycan müxalifəti tərəfindən təşkil olunmuşdu", - Paşinyan deyib.

15 fevral 2020-ci il tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti ilə diskussiya zamanı Paşinyan bu versiyanı təkrarlayıb.

"Mif həmişə reallıq üzərində qələbə çalır"

Paşinyan hakimiyyətə 2018-ci ildə kütləvi etirazlar dalğası ilə gəlib. O, özünü "kriminal-oliqarxik" rejimə qarşı tərəf kimi qələmə verib və yeni Ermənistan quracağına söz verib.

O zaman çox az adam güman edirdi ki, o, bu dərəcədə nifrət etdiyi bir sələfinin komandası tərəfindən ortaya atılan qəsd nəzəriyyələrini təkrarlayacaq. Amma Mark Qriqoryan hesab edir ki, "Qafqazda miflər reallıqla toqquşanda həmişə miflər qalib gəlir".

Ancaq mifləri hamı bəyənmir. 2014-cü ildə 1990-cı illərdə Ermənistan prezidentinin böyük müşaviri vəzifəsini icra edən Jirayr Liparityan Xocalının inkarının Sumqayıt talanları barədə Azərbaycan versiyalarına bənzədiyini yazıb. O, rəqib cinayətlərini inkar etməyə davam etsə də, məsuliyyəti tanımağa çağırırdı. "İnsan əzabları bazar alveri predmetinə çevrilməməlidir", - Liparityan yazıb.

"Ermənilər Xocalıda qətl törədiblər. Ermənistan SSR-də azərbaycanlılara qarşı zorakılıq hələ bir tərəfə qalsın, ermənilər başqa hərbi cinayətlər də törədiblər", - Cənubi Kaliforniya Universitetinin tarix professoru Riçard Antaramyan hesab edir.

İnformasiya müharibəsində iştirak etməkdən imtina edən jurnalistlər arasında, epress.am nəşrinin baş redaktoru Yuri Manvelyan da var. O, Azərbaycan SSR-də, Kirovabad (indi Gəncə) şəhərində anadan olub. O, şəhərdə qırğınlar başlananda 6 yaşında idi və ermənilərin böyük tonqal qurulduğu kilsənin həyətində necə gizləndiklərini xatırlayır. Onun ailəsi Yerevana qaçıb.

Son illərdə Manvelyan və onun işçiləri Sovet Ermənistanında azərbaycanlıların talanı və orduda baş verən dedovşina hallarına dair materiallara görə dəfələrlə təqiblərə məruz qalıblar. "Pidor, öz Bakıva qayıt" sözləri ilə anonim zənglər alırdı. Jurnalist gülümsəyərək qeyd edir ki, heç vaxt Bakıda olmayıb.

"Erməni Qarabağı uğrunda döyüşən adamın dinc sakinləri qətlə yetirməyə qadir olduğuna inanmaq mənə çətin gəlirmi? Yox, çətin deyil", - Manvelyan deyir.

"Paşinyan savadlır və səfeh deyil, millətçilik təhsili və mühitində qəsd nəzəriyyələrini təkrarlaya bilər", - jurnalist bildirir.

İndi Xocalı və Sumqayıt artıq Ermənistanla Azərbaycan arasındakı qarşıdurmada yalnız dəhşətli epizodlar deyil, eyni zamanda hər iki xalqın milli identikliyinin bir hissəsidir, Mark Qriqoryan qeyd edir. "Və bu epizodlarda öz günahını inkar etmək də milli identikliyin bir hissəsinə çevrilib, - jurnalist əlavə edir, - Bu o deməkdir ki, yaşayışımızı və düşüncə tərzimizi hələ xeyli müddət xalqlarımızın kollektiv şüuru müəyyənləşdirəcək. "

Redaksiya şərh üçün Ermənistan və Azərbaycan XİN-lərinə müraciət edib.

Ermənistan XİN-də BBC Ruscanın sorğusuna cavab olaraq bildiriblər ki, Xocalıda dinc sakinlərin qətlinə görə bütün məsuliyyəti Azərbaycan daşıyır. Qurum Azərbaycan hakimiyyətini həmin hadisələr barədə həqiqəti təhrif etmək və gizlətmək cəhdlərində ittiham ediblər.

Azərbaycan XİN-də BBC Ruscanın sorğusuna cavab olaraq Sumqayıtdakı talanı Azərbaycana qarşı hərtərəfli sürətdə planlaşdırılmış təxribat adlandırıblar və bildiriblər ki, erməni jurnalistləri əvvəlcədən Sumqayıta gəlmişdilər və talanın başlanmasını gözləyirdilər.

Kollaj Olesya Volkovanındır. İstifadə edilən fotoların mənbəyi: Getty Images, Oleg Litvin/TASS

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti