GETTY IMAGES

GETTY IMAGES

Fransa prezidenti Emmanuel Makron Türkiyəli həmkarı Recep Tayyip Erdoğana iki ölkə arasındakı münasibətləri normallaşdırmaq təklifi ilə “çox yaxşı” məktub göndərib. Bu barədə bu günlərdə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib.

“İki gün əvvəl biz Makrondan çox müsbət məktub aldıq. Münasibətləri inkişaf etdirmək, prezidentimizlə görüşmək istəyi vurğulanır. Hətta xitabı əl yazısı ilə türk dilində yazılmış məktub aldıq (Məktub “Dəyərli Recep” sözləri ilə başlayır)”, deyə Türkiyənin Sabah qəzeti Mevlut Çavuşoğlunun sözlərindən sitat gətirir.

Türkiyənin xarici işlər idarəsinin rəhbərinin sözlərinə görə, Recep Tayyip Erdoğan Emmanuel Makronun məktubuna müsbət reaksiya verib.

“Prezidentimiz “məmnuniyyətlə görüşərik” dedi. Söhbət ilk növbədə videokonfransdan və telefon danışıqlarından gedir”, deyə nazir qeyd edib.

Bir müddət əvvəl o, ölkələr arasında hiss olunan gərginliyin yaranmasına gətirib çıxaran bəzi məsələlərlə bağlı ciddi fikir ayrılıqları olmasına baxmayaraq, Ankaranın Fransa ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.

Bu hadisə çoxlarını təəccübləndirib. Hadisənin qeyri-adiliyi ondadır ki, son bir il ərzində Erdoğan və Fransalı həmkarı arasında yaranmış problemlərin sayı həddindən artıq çoxalmağa başlayıb.

Onlar arasında münasibətlər 2019-cu ildə Londonda Şimali Atlantika Alyansına üzv ölkələrin liderlərinin sammitində Makronun Türkiyəni İD ilə (İslam Dövləti) əlbir olmaqda ittiham etməsindən sonra gərginləşməyə başlayıb. Daha sonra o, NATO-nun “beyin ölümünün baş verdiyini” bildirib və bu şəkildə Türkiyənin Suriyadakı hərəkətləri ilə bağlı qəzəbini ifadə edib. Sonradan o, Rusiyadan S-400 zenit raket kompleksləri almaq qərarı ilə əlaqədar Türkiyəni alyansdan çıxarmağa belə çağırıb.

Bundan başqa, Ankara Parisin “Kürdüstan İşçi Partiyasının” (Türkiyədə terrorçu təşkilat olaraq qadağan edilib) Suriya qolu olan DİP/XÖD-ə (“Demokratik İttifaq” Partiyasına / Xalq Özünümüdafiə Dəstələrinə) dəstək göstərməsindən həddindən artıq qəzəblənib. XÖD liderlərini Parisdə qəbul edən Makron onlarla həmrəyliyini nümayiş etdirib. Özü də Fransanın dəstəyi təkcə siyasi deyil, həm də maliyyə xarakteri daşıyır. Bundan başqa, 30 mart 2018-ci il tarixində Makron bu partiyanın hərbi birləşmələrinin mövqelərini möhkəmləndirmək üçün öz xüsusi təyinatlılarını Münbiç (Suriya) şəhərinə göndərmək qərarı qəbul edib.

Sonradan Türkiyə və Fransa arasında Aralıq Dənizində, Liviyada problemlər, Qarabağ müharibəsi ilə bağlı fikir ayrılıqları yaranıb. Bundan əlavə, Fransanın satirik Charlie Hebdo jurnalının Türkiyə prezidentinin karikaturalarını dərc etməsi ilə əlaqədar da qalmaqal baş verib.

Paris yaxınlığında dini fanatın dərsdə şagirdlərə Məhəmməd Peyğəmbərin karikaturalarını göstərən 47 yaşlı müəllim Samyuel Patini öldürməsindən sonra Makron ictimai təhqiri ifrat həddə çatdıran bəyanatla çıxış edib. Fransa lideri islamın böhran vəziyyətində olduğunu bildirib, müəllimi “sakit qəhrəman” və “respublikanın təcəssümü” adlandırıb. Buna cavabda Erdoğan fransalıların tezliklə “təhlükəli dövr yaşayan Fransanın başına bəla” olan Makrondan “tezliklə xilas olacaqlarına” ümid etdiyini bildirib.

Fransa prezidenti “mədəni islam” qurulması zərurətini qeyd etdikdən sonra Erdoğan həmkarını islamofobiyada ittiham edib, onu “xəstə” adlandırıb və “psixi vəziyyətinin müayinə olunmasını” məsləhət görüb.

Paris dərhal Ankaradakı səfirini məsləhətləşmələr üçün geri çağırıb, Erdoğan isə Makronu islama qarşı “ədavət kampaniyası” təşkil etməkdə ittiham edib. Həmçinin, Türkiyə prezidenti ölkəsinin vətəndaşlarını Fransa malları almaqdan imtina etməyə çağırıb.

Bir sözlə, Ankara və Parisin münasibətləri ağır siyasi böhran dövrünə qədəm qoyub. Bu zaman mövcud fikir ayrılıqları kifayət qədər ciddi xarakter daşıyır və onlar arasında ən əsası, yəqin ki, Şərqi Aralıq Dənizi və Liviya ilə bağlı fikir ayrılıqlarıdır.

Belə ki, Türkiyə kiçik Kastelorizo adasına (türk dilində Meis, yunan dilində Meyisti – Dodekanes arxipelaqının Şərqi Aralıq Dənizində, Türkiyə sahilindən 2 km məsafədə, Yunanıstanın Rodos adasından isə 110 kilometr şərqdə yerləşən adalarından biri) iddia edir, Yunanıstan isə bu adanı özünün hesab edir və bu dəniz hissəsinin onun müstəsna iqtisadi zonası olduğunu iddia edir.

1945-ci ildən etibarən bu ada, eləcə də arxipelaqın digər adaları Britaniya protektoratı altında olub, amma 1947-ci il Paris sazişindən sonra ada sakinlərinin “enozis” (yenidən Yunanıstana birləşmə) arzusunu, habelə Yunanıstanın ittifaqın qələbəsinə verdiyi töhfələri və yunan xalqının verdiyi itkiləri nəzərə alınaraq, Dodekanes, o cümlədən Meyisti Yunanıstana birləşdirilib.

10 avqust 2020-ci il tarixində Türkiyə HDQ (Hərbi Dəniz Qüvvələri) Kastelorizo yaxınlığında manevrlər həyata keçirməyə başlayıb. Bu zaman Türkiyəyə məxsus “Oruc Reis” geoloji kəşfiyyat gəmisi Afinanın öz ərazisi hesab etdiyi dəniz zonasında neft və qaz yataqlarının kəşfiyyatını həyata keçirib. Yəni, beləliklə, guya dənizin bu hissəsinin öz müstəsna iqtisadi zonası olduğunu iddia edən Yunanıstanın suverenliyi kobud şəkildə pozulub.

Təbii ki, Yunanıstan cavabsız qala bilməzdi. O da öz hərbi dəniz və hərbi hava qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirib. Hərbi qulluqçular məzuniyyətlərdən geri çağırılıb və (hətta) Yunanıstan hakimiyyəti Türkiyəyə 23.00-a qədər təxribatlara son qoymaq barədə ultimatum irəli sürüb.

Türkiyə bütün bunlara məhəl qoymayıb və bir gün əvvəl başlatdığı araşdırmaları davam etdirib.

Fransa Yunanıstanı dəstəkləmək qərarına gəlib, dəstək olaraq bir müddət əvvəl manevrlər üçün regiona gəlmiş iki ədəd Rafal qırıcı təyyarəsini və Fayette tipli freqatını (“Lafayet”) Kiprə göndərib.

Makron Yunanıstanın baş naziri Kiriakos Mitsotakisə Fransa hərbiçilərinin regiondakı vəziyyəti diqqətlə izləyəcəyini vəd edib. Cümə axşamı səhər artıq Fransa gəmiləri Krit adası yaxınlığında yunan donanması ilə birgə təlimlərdə iştirak edib.

Şelf yataqlarından Avropaya karbohidrogen tədarükü layihəsinin iştirakçısı olan Kipr, Misir və İsrail də şelflə bağlı Türkiyə ilə münaqişəsində Yunanıstanı dəstəkləyib.

Şərqi Aralıq dənizində bu hadisələrin başlanğıcını bir neçə gün əvvəl baş vermiş başqa bir hadisə qoyub. 2020-ci il avqustun 6-da Yunanıstan və Misir dəniz sərhədlərinin demarkasiyası haqqında saziş imzalayaraq, Şərqi Aralıq Dənizini öz aralarında bölüblər. Buna qədər (2 yanvar 2020-ci il) Yunanıstan, Kipr və İsrail arasında artıq Şərqi Aralıq dənizinin qaz yataqlarından təbii qazın Avropaya nəqli üçün EastMed (Eastern Medierranean pipeline – Şərqi Aralıq Dənizi boru kəməri) magistral dəniz qaz kəməri (MDQ) layihəsi haqqında hökumətlərarası saziş imzalanıb. Layihə 2025-ci ilə qədər bu yataqlardan Yunanıstandan Avropaya qaz nəqlini həyata keçirəcək boru kəmərinin tikintisini nəzərdə tutur.

Və bir “amma” olmasaydı, hər şey yaxşı olardı. 2019-cu il noyabrın 27-də Türkiyə və Liviya (MRH – Faiz Saracın rəhbərlik etdiyi beynəlxalq səviyyədə tanınmış Milli Razılıq Hökuməti – red. qeydi) hökumətləri arasında artıq iki qarşılıqlı anlaşma memorandum imzalanmışdı: biri hərbi əməkdaşlıq haqqında, digəri isə dəniz yurisdiksiyasının müəyyən edilməsi haqqında. Ankara bu sənədləri imzalamaqla Şərqi Aralıq Dənizi hövzəsində, xüsusən ŞKTR (Şimali Kipr Türkiyə Respublikası) hövzəsində geoloji kəşfiyyat işlərinin, daha sonra isə həm də qazıntı işlərinin həyata keçirilməsi üçün hüquqi baza yaratmağa çalışırdı. Və 2020-ci il oktyabrın 1-də BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) “Türkiyə və Liviya arasında dəniz yurisdiksiyasının müəyyən edilməsi haqqında saziş”i qeydiyyatdan keçirməsindən (qeydiyyat haqqında şəhadətnaməyə əsasən, saziş “BMT Katibliyində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçirilib”) göründüyü qədər, o, buna müvəffəq olub.

Beləliklə, Yunanıstan və Misir Türkiyə və Liviya ilə eyni sular üzərində öz hüquqlarını bəyan ediblər. Və əlbəttə ki, Ankara bu addımları cavabsız qoya bilməzdi. Əslində, onun avqustun 10-da gördüyü tədbirlər Aralıq Dənizi ölkələrinin Türkiyənin öz müstəsna iqtisadi zonası hesab etdiyi sularda bağladıqları istənilən sazişə qarşı demarş idi.

Aydındır ki, EastMed South Stream (“Cənub axını” – Avropaya təbii qaz çatdırılmasının şaxələndirilməsi üçün transmilli qaz kəməri layihəsi. Bu layihə Qara Dəniz hövzəsindən keçməklə (Rusiyadan Bolqarıstana) Cənubi və Mərkəzi Avropa ölkələrinə qaz nəqlini nəzərdə tuturdu) dəfn edildikdən və 2016-cı ildə onun yerinə yeni “Türk Akını” qaz kəməri layihəsi gəldikdən sonra özünü Cənubi Avropanın qaz habı hesab edən Türkiyənin qaz strategiyasını əməlli-başlı pozur.

Türkiyə, demək olar ki, Avropaya gedən bütün magistral qaz kəmərlərini özündə cəmləşdirib. Aydındır ki, EastMed kimi ciddi layihənin həyata keçirilməsi Türkiyənin maraqlarına uyğun deyil və buna görə onun bu layihənin həyata keçirilməsinə mane olmasında təəccüblü heç nə yoxdur.

Bəs Türkiyə təkbaşına Fransa, Yunanıstan, Kipr, Misir və İsrailə qarşı mübarizə aparmağa necə müvəffəq olur? Çox güman ki, ABŞ-ın prezident Donald Trampın dövründə götürülmüş xarici münaqişələrin nizamlanmasında iştirakın azaldılması kursu, eləcə də Aİ-nin müstəqil qərarlar qəbul etmək iqtidarında olmaması Ankaranın xeyrinə işləyir. Bunula belə, beynəlxalq münasibətlər qəlibi də dəyişib. Bu, ənənəvi qüvvə mərkəzlərinin zəifləməsində və münaqişələri “dünya polislərini” cəlb etmədən, özləri həll etmək iqtidarında olan ciddi regional oyunçuların ortaya çıxmasında özünü göstərib.  

Ən əsası isə, çoxsaylı fikir ayrılıqlarına baxmayaraq, Türkiyə Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqlərindən biri olaraq qalmaqdadır. 2019-cu ilin oktyabrında Amerika silahlı qüvvələrinin Şimali Suriyadan çıxarılması Vaşintqonun bu tərəfdaşlıq münasibətlərini itirmək istəməməsinə dəlalət edir. Bu, faktiki olaraq DİP / MÖD-ə qarşı “Barış pınarı” əməliyyatının başlaması üçün yaşıl işıq yandırıb. ABŞ həmçinin Suriyada hərbi əməliyyatlarına cavab olaraq Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib. Belə ki, ABŞ üçün Türkiyənin rolu əvəzedilməzdir. Buna görə Qərb tərəfdən Türkiyənin ünvanına çox da kəskin addımlar müşahidə olunmayıb.

Eyni zamanda (nə qədər qəribə də olsa!), Türkiyə Şərqi Aralıq dənizində addımlarını atarkən son onilliklər ərzində formalaşmış Rusiya-Çin alyansının gücünə arxalanırdı. Bu alyans Avrasiya qitəsindən və imkan daxilində Afrikadan Amerikanın təsirini bütün mümkün yollarla sıxışdırıb çıxarmağa çalışır.

Həm də EastMed-i istəməyən təkcə Türkiyə deyil... Onun həyata keçirilməsi Avropa qaz bazarından atılan Rusiyanın da maraqlarına uyğun deyil. Məlum olduğu kimi, ABŞ-ın sanksiyalar tətbiq etmək təhdidləri ilə əlaqədar Nord Stream 2 (“Şimal axını -2”, tikilməkdə olan Rusiyadan Almaniyaya qədər Baltik dənizindən keçən magistral qaz kəməri. “Şimal axını” qaz kəmərinin genişləndirilməsidir) boru kəmərinin tikintisi çərçivəsində “Qazprom”la əməkdaşlıq edən, demək olar ki, bütün Avropa şirkətləri boru çəkilməsi üzrə işləri və digər fəaliyyətləri dayandırıblar. Xüsusən, Norveçin Det Norske Veritas (DNV GL) şirkəti Nord Stream 2 qaz kəmərinin sertifikatlaşdırılması üzrə bütün tədbirlərin dayandırıldığını təsdiq edir. 2020-ci ilin noyabrında isə o, artıq layihəyə xidmət edən gəmilərə xidmət göstərməyi dayandırıb. Bundan başqa, COVİD-19 pandemiyası ilə əlaqədar energetika şirkətləri heç də yaxşı dövr keçirmirlər, tikintinin dayanması isə “Qazprom” və xarici tərəfdaşlar üçün onun dəyərini artırır. Bu, hər bir layihə iştirakçısını öz mənfəətini düşünməyə vadar edir – heç kim əlavə xərclər çəkmək istəmir və bunun nəticəsində layihədə irəliləyiş baş verə bilmir. Bu səbəblərlə əlaqədar Rusiyanın, prinsipcə, Cənub istiqamətində Türkiyənin tərəfdaşı olmağa etirazı yoxdur.

Bundan başqa, Rusiya Türkiyənin NATO-dan maksimum uzaqlaşmasında maraqlıdır. İştirakçıları Şimali Atlantika Alyansının üzvləri (Türkiyə, Yunanıstan və Fransa – red. qeydi) olan münaqişə isə nəinki NATO-nun möhkəmlənməsinə şərait yaratmayıb, əksinə, alyansın sıralarına böyük təfriqə salıb. Buna görə Türkiyənin Şərqi Aralıq Dənizindəki addımları Moskvada və Pekində tamamilə anlayışla qarşılanıb.

Amma, gəlin, prezident Makronun ritorikasının gözlənilmədən dəyişməsinə qayıdaq. Biz son günlərə qədər Yelisey sarayının Aksarayın Şimali Afrikadakı siyasətinə getdikcə daha çox tənqidi münasibətinin şahidi olduq. Və bu, Fransanın tarixən Liviyada olan maraqları, ilk növbədə də energetika sektorundakı maraqları ilə bağlı idi. Çox güman ki, Liviyada sərfəli neft müqavilələrinə ümid edən şirkətlər arasında Fransanın neft şirkətləri də var idi. Dünyada ölçüsünə görə dördüncü neft-qaz şirkəti olan, Liviyada da fəaliyyət göstərən Total da onlar arasındadır. Makron isə qiyamçı general Xəlifə Haftarın rəhbərlik etdiyi “LMO”nu (“Liviya Milli Ordusu”nu) fəal şəkildə dəstəkləyirdi, şünki Total-ın Liviyanın cənubundakı neft-qaz yataqlarına çıxışı ondan asılı idi.

Eyni zamanda, Parisin Afrikanın şimalında geostrateji maraqları var. Cənubi Liviya sərhədi Fransa üçün böyük əhəmiyyətə malikdir, çünki keçmiş müstəmləkələr – Çad və Nigeriya bu sərhəddə yerləşir. Bundan başqa, Liviya Qərbi Aralıq Dənizinə miqrasiya marşrutunun əsas mərkəzidir. Fransa qorxur ki, Türkiyə Liviyada nüfuz qazanarsa, bu, miqrasiya axınları cəhətdən bütün Avropaya təzyiqi də gücləndirəcək.

Bütün bunlar Türkiyə və Fransa arasında ixtilafların qaçılmaz olmasına səbəb olurdu və onlar arasında sonuncu ciddi hadisə 2020-ci il iyunun 10-da Liviya sahillərində baş verib. Həmin vaxt Fransaya məxsus “Kurbe” freqatı (Courbet – “Lafayet” tipli freqat) Aralıq Dənizində Türkiyəyə məxsus üç hərbi gəmidən və Tanzaniya bayrağı altında üzən bir mülki gəmidən ibarət dəstəyə yaxınlaşıb. NATO-nun digər məqsədlərlə yanaşı, silah qaçaqmalçılığının qarşısının alınması məqsədi daşıyan “Dəniz keşikçisi” (Sea Guardian) əməliyyatı çərçivəsində cəlb edilmiş “Kurbe” mülki gəminin yükünə baxış keçirmək istəyib. Buna cavab olaraq Türkiyəyə məxsus freqat üç dəfə “Kurbe”ni top nişanı radarı vasitəsilə nişan alıb (bu, adətən hücumdan əvvəl edilir). Hadisə ilə bağlı Fransanın versiyası belədir.

Ankara bu versiyanı təkzib edir, Fransa freqatının “təhlükəli manver həyata keçirdiyini”, Türkiyəyə məxsus gəminin isə onu müşahidə etmək üçün öz radar sistemindən istifadə etdiyini iddia edir. Bu zaman türk dənizçilər onların gəmisi ilə heç kimin əlaqə yaratmadığını iddia edirlər.

Məsələ onunla başa çatıb ki, Fransanın Müdafiə Nazirliyi Şimali Atlantika Alyansına Türkiyəyə münasibətini yenidən nəzərdən keçirməyi və bəlkə də, onu NATO üzvlüyündən məhrum etməyi təklif edib.

Brüsselin (NATO) müdaxiləsi sayəsində münaqişənin inkişafının qarşısını almaq mümkün olub. Həmin vaxtdan etibarən Fransa Türkiyəni embarqoya baxmayaraq, Liviyaya qanunsuz silah göndərməkdə ittiham edir. Ankarada bu ittihamları təkzib edirlər və Parisin qiyamçı Haftarı dəstəklədiyini, bunun beynəlxalq ictimaiyyətin mövqeyinə zidd olduğunu xatırladırlar.

Ümumiyyətlə Paris mənfi Türkiyə obrazı yaratmaq üçün çox səy göstərib. Avropa KİV-ləri Erdoğanın getdikcə daha çox özünü “Qərbin müttəfiqi” kimi deyil, düşməni kimi apardığını yazırdılar. Yeri gəlmişkən, amerikalılar da bu oyuna uyurdular. ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, “Türkiyə NATO-nun prinsiplərinə və fəaliyyətinə qarşı çıxır, bu blokun birliyini pozur və Şərqi Aralıq dənizində, Suriyada, Liviyada və Dağlıq Qarabağda təxribat xarakterli addımlar atır”.

Amma, gördüyümüz kimi, Paris Ankaraya qarşı mübarizəni uduzub. Əslində Makronun məktubu bunun etirafı idi. Yelisey sarayında Türkiyəyə qarşı martın 30-da tətbiq edilməsi nəzərdə tutulan sanksiyalar layihəsi üzərində fəal iş fonunda baş vermiş bu hadisə çoxlarını təəccübləndirib.

İndi Fransa prezidenti Emmanuel Makronun vəzifələrindən biri də Parisi islamın düşməni kimi deyil, mürəkkəb də olsa, hansısa konkret məsələlər üzrə razılaşma əldə etmək iqtidarında olan tərəf kimi təqdim etməkdir. Makronu Erdoğana görüş təklifi ilə məktub hazırlamağa vadar edən səbəblər məhz bunlar olub.

Makronun “islam düşməni” imicindən və Fransa mallarının boykotundan qorxduğu üçün geri addım atdığını düşünmək yanlış olardı. Erdoğana görüş təklifi yer alan məktubun hazırlanmasına vadar edən əsas səbəblər Türkiyə-Rusiya alyansının möhkəmlənməsinə heç bir halda yol verməmək istəyi olub. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Qarabağla bağlı müzakirələrdən və qərarların qəbulundan kənarda qaldıqdan sonra Parisdə başa düşüblər ki, Ankara ilə heç bir problemi düşünmədən həll etmək mümkün deyil.

Bunun başa düşülməsi dekabrın 29-da Ankara və Londonun 20,5 mlrd. avro dəyərində ticarət sazişi imzalaması fonunda xüsusi əhəmiyyət qazanır. Bu sənəd Türkiyənin Aİ-nin mümkün sanksiyalarının mənfi təsirini neytrallaşdırmasına kömək edəcək. Təsadüfi deyil ki, prezident Erdoğan bu sazişi 1995-ci ildə Türkiyənin Avropa İttifaqı ilə ticarət sazişi imzaladığı gündən etibarən “ən mühüm saziş” adlandırıb.

Həm də Parisi hələ Suriya və Liviya ilə bağlı Ankara ilə razılaşma gözləyir və bunun üçün ən yaxşısı indidən körpü qurmağa başlamaqdır.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti