İnsan kapitalı: Enmə strategiyası

İnkişaf etmək istəyən ölkələr in qarşısında başlıca məqsəd insan yetişdirməkdir. Öz hüquqlarını bilən, hüquqları qorunan, elmli, təhsilli, sağlam, yüksək ixtisaslı insanların yetişməsi üçün şərait yaratmaq bu məqsədi qarşısına qoyan dövlətlərin əsas prioritetidir. Buna həm də insan kapitalı yetişdirmək deyilir.

Bəs Azərbaycanda bununla bağlı vəziyyət nə yerdədir?

Dünya Bankının Azərbaycanın insan kapitalı ilə bağlı son hesabatına (2010-2020) görə, son 10 ildə Azərbaycanda doğulan bir uşaq bu ölkədə öz potensialının cəmi 58%-ni reallaşdıra biləcək. Yəni 42% potensialını sırf Azərbaycanda doğulduğu üçün itirəcək. 2030-cu ilə qədər isə bu göstərici daha da aşağı düşə bilər. Çünki təhsil, sosial və tibbi xidmətlərdə 2020-ci ilə qədərki dövrlə müqayisədə son illərdə ciddi geriləmələr mövcuddur.

Bu vəziyyəti dəyişmək mümkündürmü?

Əslində illər əvvəl, ölkəyə neft pulları ilk gələn dövrlərdə hökumətin imzaladığı bir çox yol xəritələrində insan kapitalı yetişdirmək üçün bəzi addımların atılması məqsədlərini prioritetlər arasında ön sıralarda görmək mümkün idi. Amma illər dəyişdi, bu termin unudulmağa başladı. İndi prioritet sənədlərdə bu amili nadir hallarda görmək olur.

Mövzu ilə bağlı III Respublika Platformasının qurucu heyət üzvü Araz Əliyev mövzu ilə bağlı ASTNA-nın suallarını cavablayıb.

* * *

Sual: Araz bəy, Azərbaycanda insan kapitalı necə yetişir?

Cavab: Öncəliklə qeyd edim ki, insan kapitalı dedikdə insanların həyatları boyu topladıqları və onların istehsal potensialını reallaşdırmağa imkan verən bilik, bacarıq, sağlamlıq və sosial müdafiə şəraiti başa düşülür. 

Azərbaycanda hələ 2014-cü ildən etibarən “qara qızılı insan kapitalına” çevirmək ideyası dövlət siyasətinin mühüm tərkib hissəsi kimi vurğulanır. Digər tərəfdən 2 fevral 2021-ci il tarixində təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də rəqabətli insan kapitalı məsələsinə xüsusi önəm verildiyi, beş əsas prioriterdən birinə çevrildiyi qeyd edilir.

Lakin bu gün Azərbaycanda insan kapitalı yetişdirmək prosesinin könüllülük fəaliyyəti, xaricdə təhsil proqramları, o cümlədən gənclərlə bağlı layihələr ətrafında aparıldığını görürük. Bu addımları isə insan kapitalı formalaşdırmaq prosesi adlandırmaq doğru deyil. İnsan kapitalını formalaşdıran əsas amillər ölkənin təhsil, tibbi və sosial xidmətlər sahəsindəki üstün göstəriciləridir.

Dünya Bankının insan kapitalı ilə bağlı hesabatlarında da əsas üç meyar, təhsil, səhiyyə və sosial müdafiə ölkələr üzrə insan kapitalını formalaşdıran zəruri amillər kimi qeyd olunur. Bu baxımdan insan kapitalı tək-tək şəxslərin uğurları üzərindən yox, ortalama vətəndaşın özünü reallaşdırmaq imkanları və bu imkanları təmin edən təhsil, tibbi və sosial amillər baxımından qiymətləndirilir.

Sual: İnsanlar Azərbaycanda öz potensiallarını reallaşdıra bilirlərmi?

Cavab: Dünya Bankının hazırladığı “Human Capital İndex”-ə görə Azərbaycanın insan kapitalı göstəricisi 0.58-dir. Bu o deməkdir ki, Azərbaycanda yeni doğulmuş bir uşaq mövcud sosial, tibbi və təhsil şərtləri ilə öz potensialının cəmi 58%-ni reallaşdıra bilir. Qeyd edim ki, bu göstərici 2010-2020-ci illər arasında təhsil, sosial və tibbi xidmətlər üzrə rəsmi statistikaya əsasən müəyyən edilib.

2020-ci ildən sonrakı vəziyyətlə bağlı isə hələ ki, rəsmi göstərici mövcud deyil. Lakin istər təhsil, istərsə də sosial və tibbi xidmətlər üzrə son illərdəki göstəricilər vəziyyətin heç də yaxşı olmadığını göstərir. Hər 3 istiqamət üzrə Azərbaycanın 2020-2024 arası göstəriciləri 2010-2020-ci illər arası göstəricilərindən geri qalır. Bu da haqlı olaraq 2030-cu ilədək insan kapitalı indeksinın azalacağını, yəni insanların öz potensiallarını reallaşdırmaq imkanlarının daha da azalacağını deməyə əsas verir.

Sual: Buna səbəb nədir?

Cavab: Qeyd etdiyim kimi, insan kapitalı indeksi dünya üzrə əsas 3 faktor nəzərə alınmaqla hesablanır. İnsanların keyfiyyətli təhsilə yiyələnmələri və özlərini inkişaf etdirmələri, bunu edərkən sosial xidmətlər tərəfindən dəstəklənmələri və tibbi xidmətlər vasitəsilə müdafiə olunmaları. Bu 3 faktor üzrə göstəricilər hər bir dövlətin insan kapitalının səviyyəsini müəyyən edən amillərdir. Azərbaycanın mövcud insan kapitalı göstəriciləri də məhz bu faktorlar əsasında müəyyən edilir. Ölkədə təhsil, tibb və sosial xidmətlər sahəsində həll edilməyən problemlər insan kapitalı indeksinin azalmasının əsas səbəbləridir.

Sual: Bu səviyyədə davam edəcəksə, Azərbaycanı nə gözləyə bilər?

Cavab: Azərbaycandakı mövcud mənzərəni daha dəqiq müəyyən etmək üçün statistik məlumatların müqayisəsini aparmağa ehtiyac var. Təhsil sahəsinə baxsaq, PİRLS (Oxu Bacarığının İnkişafı üzrə Beynəlxalq Tədqiqat)  üzrə Azərbaycanın göstəriciləri 2011-ci ildə 462 bal olduğu halda, 2021-ci ildə 440 bala geriləyib. PİSA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) üzrə isə Azərbaycan dilində oxuyub anlamaq üzrə orta göstərici 2018-ci ildə 389 bal olduğu halda, 2022-ci ildə 365 bala enib. Riyaziyyat üzrə göstəricilər 2018-ci ilin nəticəsi olan 420 baldan 2022-ci ildə 397 bala, təbiət elmləri sahəsində isə əvvəlki göstərici olan 398 baldan 380 bala enib. 

Tibb sahəsi üzrə, rəsmi statistik məlumatlara əsasən, əhalinin hər 10 min nəfərinə düşən həkimlərin sayı 2010-cu ildə 36.9 olub, 2023-cü ildə isə bu rəqəm 33-ə enib. Həmçinin çarpayı fondunun ixtisaslandırılmasına əsasən əhalinin hər 10 min nəfərinə düşən tibbi çarpayı sayı 2010-cu ildə 76 ikən, 2023-cü ildə 37.5-ə düşüb. Ali təhsil qurumlarında 2010-cu ildə 267 pediatr, 169 stomatolog hazırlandığı halda, 2023-cü ildə bu rəqəm müvafiq olaraq 33 və 62-yə düşüb.

Sosial xidmətlər üzrə Beynəlxalq Əmək Təşkilatının 2022-ci il üzrə hesabatına görə, Azərbaycanda pensiya yaşına çatmış yaşlı əhalinin pensiya sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb. Bu göstərici 2000-ci ildə 90% olduğu halda, 2015-2020-ci illər arası dövrdə 73%-ə enib. Ölkə üzrə ən azı bir növ sosial müdafiə mexanizmləri ilə əhatə olunmuş əhalinin payı isə 39%-dir.  Həmçinin ölkə üzrə uşaqların sadəcə 16,9%-i bu və ya digər sosial müdafiə mexanizmləri ilə əhatə olunub. Azərbaycanda işsizlərin yalnız 19,1%-i bu və ya digər sosial müdafiə mexanizmi ilə əhatə olunub.

Statistik məlumatları daha da artırmaq olar. Lakin görünən mənzərə hər şeyi izah edir. Üstəlik bu geriləmələrin nəticəsini görmək üçün heç də 2030-cu ili gözləməyə ehtiyac yoxdur. Təhsil, sosial və tibbi sahədəki geriləmələr artıq öz mənfi nəticələrini göstərir. 2019-cu ildə 37.3 min olan abort sayı 2023-cü ildə 73.8 minə yüksəlib. Həmçinin bu illər üzrə yeni doğulan uşaqların sayında da ciddi azalma müşahidə olunur. 2019-cu ilin göstəricilərinə əsasən diri doğulanların sayı 141.1 min olduğu halda, 2023-cü ildə bu rəqəm 112.6 minə düşüb.

Zəif tibbi sistem nəticəsində son illərdə körpə ölümlərinin sayında da ciddi artım müşahidə olunur. 2020-ci ildə 1242 körpə ölümü qeydə alınıbsa, 2023-cü ildə bu rəqəm 2039-a yüksəlib. Abortların sayındakı artım və yeni doğuşların sayının azalmasını Azərbaycanda gələcəyə yönəlik olduqca pessimist baxışın mövcudluğu kimi qiymətləndirilə bilərik. Ailələr təhsil, səhiyyə və sosial müavinətlər sahəsindəki vəziyyətin övlad böyütmək üçün yetərli olmadığı qənətindədir. İnsanlar bu reallıqda övlad dünyaya gətirməkdə tərəddüd edirlər. Bu vəziyyətin davam etməsi 2030-cu il üçün heç də yaxşı bir gələcək vəd etmir.

Sual: Bəs dünyanın inkişaf etmiş ölkələrində insan kapitalının yetişdirilməsi ilə bağlı vəziyyət necədir?

Cavab: Bu müqayisəni aparmaq o qədər də çətin deyil. İnsan kapitalını müəyyən edən təhsil, tibbi və sosial xidmətlər üzrə Azərbaycanın dünya ortalamasındakı yerini müəyyən etmək bir çox suala cavab verə bilər.

Nümunə olaraq nəzərdən keçirsən, Azərbaycanın 58% olan insan kapitalı indeksi Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə orta göstəricidən 5 faiz bəndi, Avropa İttifaqı ölkələri üzrə orta göstəricidən isə 16 faiz bəndi aşağıdır.

Dünya Səhiyyə Təşkilatının universal sağlamlıq təminatı indeksi üzrə 2021-ci ilin statistikasına əsasən isə Azərbaycanın göstəricisi 66-dır. Bu göstərici dünya ortalaması olan 68-dən və Avropa ölkələri üzrə ortalama göstərici olan 81-dən aşağıdır.

Dünya Bankı tərəfindən 2022-ci ildə yayımlanan “Azərbaycan: İnsan kapitalı icmalı”nda Azərbaycanın Universal Səhiyyə (UHC) İndeksi balı 65 olaraq qeyd olunur. Bu rəqəm həm Avropa və Mərkəzi Asiya regionu üzrə orta göstəricidən (75), həm də orta gəlirli ölkələr üzrə göstəricidən (69) aşağıdır.

Uşaqların sosial müdafiə mexanizmləri ilə əhatə olunma səviyyəsi Azərbaycanda 16,9% olduğu halda, həmin göstərici Gürcüstanda 48,1%, Ermənistanda 30,2%, o cümlədən dünya üzrə orta hesabla 26,4%, yüksək orta gəlirli ölkələrdə isə 22%-dir. Azərbaycanda il ərzində doğulan uşaqların yalnız 16,0%-nin anaları müxtəlif müavinətlər əldə etdiyi halda, bu göstərici Ermənistanda 61,6%, Gürcüstanda 26%, o cümlədən dünya üzrə orta hesabla 45%, aşağı gəlirli ölkələrdə 10,5%, yuxarı orta gəlirli ölkələrdə 52% ətrafında, yüksək gəlirli ölkələrdə isə 86% təşkil edir.

Bu göstəricilər Azərbaycanın nəinki inkişaf etmiş, hətta eyni inkişaf qrupunda yer alan ölkələrlə müqayisədə yerini müəyyən etməyə imkan verir.

Sual: Bəs sizcə, insan kapitalının yetişdirilməsi üçün Azərbaycanda hansı addımlar atılmalıdır?

Cavab: Düşünürəm ki, başlıca atılmalı olan addım, təhsil, tibbi və sosial xidmətlər sahələrində davamlı inkişafı təmin etməkdir. Əlbəttə, bir il içərisində hər 3 sahədə inqilabi dəyişikliklər etmək mümkün deyil. Lakin ardıcıl və məqsədli şəkildə icra olunacaq tədbirlər bu sahələr üzrə ciddi keyfiyyət fərqi yarada bilər. Təbii ki, bu inkişaf insanların həyat şərtlərinə, o cümlədən ölkənin insan kapitalına ciddi formada təsir edəcək. Strateji prioritetləri sadəcə rəsmi sənədlərdə yox, həmçinin əməli addımlarda da göstərmək lazımdır.

Əks halda, yuxarıda qeyd olunan məlumatların təhlili son illərdə Azərbaycanda insan kapitalının formalaşması üçün zəruri istiqamətlər (təhsil, səhiyyə və sosial müdafiə) üzrə vəziyyətin qənətbəxş olmadığını, daha da pisləşdiyini deməyə əsas verir. Bu istiqamətlər üzrə ciddi dəyişikliklər edilmədiyi müddətcə insan kapitalı indeksinin yüksələcəyi və 2030-cu il üçün müəyyən edilmiş prioritetlərin isə reallaşacağı olduqca şübhəlidir.

Rəy yaz

Cəmiyyət

Bizi izləyin

Populyar xəbərlər