Palçıqla müalicə

"Səhv strategiyası" http://www.turan.az/ext/news/2018/3/free/analytics/az/119066.htm sərlövhəli məqalədə agentlik qeyd edirdi ki, qara piarın ən pis dalğası güclənir. Təhlil növbədənkənar prezident seçkiləri ərəfəsində təqdim edilmişdi və müəyyən dərəcədə bu hadisə ilə bağlı idi. Amma sonrakı iki ay göstərdi ki, bu təzahür təsəvvür edilə bildiyindən daha çox strateji xarakter daşıyır.

Çirkin informasiya müharibəsinin zirvəsi hakimiyyətin bu istiqamətdə ixtisaslaşan ideoloji qrupu tərəfindən təhrik edilmiş siyasi mühacir Vidadi İsgəndərlinin atasının guya məzarının təhqir edilməsi oldu. Martın 2-də YouTube-da yerləşdirilmiş süjet iki komponentdən ibarət idi: Vidadi İsgəndərlinin və atasının açıq şəkildə senzuradankənar sözlərlə təhqirindən və İsgəndərovun atasının qəbri kimi təqdim olunan, auditoriya tanış olmayan vətəndaşın məzarının təhqir edilməsindən. Vidadi İsgəndərov bu kadrları nümayiş etdirərkən başqasının qəbrinin təhqir olunduğunu bilsə də, bunu etiraf etməyib. Hakimiyyət İsgəndərovun məzarına qarşı vandalizm faktını təkzib edib, amma bununla belə, başqa insanın qəbrinə qarşı bu vandalizm aktını törədən və Vidadi İsgəndərlini senzuradan kənar ifadələrlə təhqir edən şəxsləri məsuliyyətə cəlb etməyib.

Ardınca vandalların əməllərinə faktiki olaraq bəraət verən televiziya reportajları, İsgəndərovun prezident İlham Əliyevi təqsirkarları cəzalandırmağa çağırdığı ultimatumları gəldi. "Kimin tərəfindən olursa olsun, mənə qarşı bütün təhqirlərə cavabı dövlət başçısı kimi prezidentə yönləndirəcəyəm", deyən Vidadi İsgəndərli senzuradankənar mübahisələri bu yolla dayandırmağa çalışırdı.

Qeyd etmək lazımdır ki, keçmiş siyasi məhbus Qurban Məmmədov kimi təhqirlərdən imtinaya və mübahisənin mental istiqamətə keçirməyə çağıran bir sıra xadimlərin vasitəçilik səyləri müvəqqəti təsirini göstərdi - siyasi mühacirlər birtərəfli moratorium elan etdi. Amma cavab olaraq qarayaxma kampaniyasının növbəti mərhələsi başladı. O, daha da strukturlaşdırılmış idi - Avropa şəhərlərinin küçələrinə qədər genişlənmişdi, burada rejimin tərəfdarları və əleyhdarları üçrəngli Azərbaycan bayrağı ilə silahlanaraq, çaş-baş qalmış mədəni Avropanın gözü qarşısında bir-birinə aqressiya püskürürdü. İnternet məkanında da eyni mənzərə müşahidə olunur, burada çirkli müharibənin ideoloqları tərəfindən cəlb edilmiş trollar aqressiyanı artırır.

Maraqlıdır ki, həqarətli mübahisə genişləndikcə prezident Əliyev və onun yaxınlarının mübahisə obyektinə çevrildiyi daha da aydın olur. Və bunda məntiq var. Belə bir sual yaranır: ya prezidentin yüz minlərlə insanın təhqir və müzakirə obyektinə çevrildiyindən xəbəri yoxdur, ya da o, təhqirlərlə dolu mübahisənin müəllifinin və memarının oyununa cəlb edilib. Əliyevin özünü və yaxınlarını atəşə atmaq missiyası götürdüyü şübhəlidir.Və çətin ki, o, zamanla hər şeyin adi hala çevriləcəyi və rəqiblərin söyüş arqumentinin artıq auditoriyaya təsir etməyəcəyi və həmin vaxt onlara məğlubiyyətlə barışmaqdan başqa çıxış yolu qalmayacağı məntiqi ilə hərəkət edir.

Hər iki halda o, təhlükəli intriqanın obyektinə çevrilir. Gəlin Qara Piar termininin açılışına baxaq (ingilis dilində negative campaigning; mud slinging). Qara PR konkret şəxsin və ya təşkilatın imicini korlamaq və ya onu məhv etmək məqsədi daşıyan məqsədyönlü fəaliyyətdir. Qara PR termini rus dilindən gəlir və nüfuzdan salma metoduna əsaslanır. Bizim halda daha çox ingilis dilində qara piarı ifadə edən mud slinging - palçıqla müalicə ifadəsi daha çox uyğundur. Çünki hər iki tərəf nüfuzdan salma müharibəsi aparmır, demək olar ki, sözün əsl mənasında bir-birinə palçıq atır. Bu, başqa xalqların ön səhnəsində qeydə alınmamış bir fenomendir.

Palçıqla müalicə kampaniyasının məntiqindən nəticə çıxarsaq, bu prosesin davam edəcəyini ehtimal etmək olar. PR kortəbii hərəkət deyil, kampaniyadır. Kampaniya qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsi üçün tədbirlər məcmusudur. Mütləq təşkilatçıları və icraçıları olur. Deməli, onu həyata keçirən şəxslər, təşkilat, mütəşəkkil qrup var. Əliyevin imicinin məhv edilməsi strategiyasını kim hazırlayır və prosesi kim idarə edir? O özü, yoxsa başqa biri? Şekspirin sözləri ilə desək: Sual budur, bu.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti