Azərbaycan prezidenti İlham Əliyevin seçkiləri oktyabrdan aprelə keçirmək qərarı ilə meydana çıxan siyasi intriqanın gözlənildiyi kimi, iki tərkib hissəsi var: daxili və xarici.
Xarici siyasi tərkib hissəsində iki komponenti ayırmaq olar. Birincisi, aparıcı dünya oyunçularının prezident seçkilərinin tarixinin dəyişdirilməsinin özünə və Əliyevin dördüncü müddət üçün prezidentliyə namizədliyinin irəli sürülməsinə münasibətidir. Bununla bağlı bir çox müşahidəçilər qeyd edirlər ki, ABŞ qarşıda duran hadisələr barədə rəsmi reaksiyasında Azərbaycan hakimiyyətinə mövcud konstitusiya çərçivəsində hərəkət etmək çağırışı ilə kifayətlənib, bu da mahiyyətcə, seçkilərin tarixinin dəyişdirilməsi və dördüncü müddət üçün Əliyevin namizədliyinin irəli sürülməsi faktının qəbul edilməsi deməkdir.
Bu mənada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a gözlənilməyən uğurlu və əlamətdar səfəri nümunəvidir.Yüksək səviyyədə keçirilən görüşlər açıq-aşkar Tramp administrasiyasının dünyada və postsovet məkanında prioritetinin ABŞ-ın geosiyasi maraqları olacağını və əməkdaşlıq üçün tərəfdaş seçimində onun əvvəllər də olduğu kimi, demokratiyanın varlığının və ya yoxluğunun səviyyəsini, bəyan olunan bu və ya digər prinsiplərin müdafiəsini rəhbər tutmayacağını göstərdi.
Azərbaycan üçün Nazarbayevin səfərini niyə əlamətdar hesab etmək olar? Cavab açıqdır: Qazaxıstan və Azərbaycan siyasi və iqtisadi institutları, formalaşmış hakimiyyət qurumları və idarəetmə ənənələri cəhətdən bənzər ölkələrdir. Qazaxıstan ABŞ üçün Rusiya və Çinin qonşusu kimi əhəmiyyətlidirsə, Azərbaycan mühüm Qərb müttəfiqi, İran-Amerika və İran-İsrail münasibətlərində gərginləşmiş böhran şəraitində də İranın qonşusudur.
Rusiyanın seçkilərin tarixinin dəyişdirilməsinə və İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə ənənəvi təmkinli reaksiyası göstərir ki, prezident Vladimir Putin Əliyevin bu regionda Rusiyanın maraqlarını nəzərə almağa hazır olduğunu nümayiş etdirməsindən məmnundur.
Əlbəttə ki, Azərbaycanın sayca ikinci, amma ölkənin xarici siyasət gündəliyində ən mühüm məsələ Ermənistan-Azərbaycan münaqişəsinin hazırki vəziyyətidir. Bu gün təəssüf ki, münaqişə ilə bağlı vəziyyəti yalnız danışıqlar prosesinin intensivliyi ilə ölçmək lazım gəlmir. Minsk prosesinin 25 illik tarixi və xüsusən 2016-cı il aprel hadisələrindən sonrakı son dövr bu danışıqların nəticələrinin həm Ermənistan, həm də Azərbaycan ictimaiyyəti tərəfindən sıfır həddində qəbul edilməsinə gətirib çıxarıb. Danışıqların müntəzəm olaraq təkrarlanan mərhələləri isə həm mətbuatda, həm də sosial şəbəkələrdə kinayəilə qarşılanır.
Buna görə Azərbaycanda, Rusiyada prezident seçkiləri kampaniyalarından və Ermənistanda baş nazir seçkilərindən sonra bu formatda danışıqlar prosesinin həm təbliğat, həm də nəticə baxımından uğurlu olacağını ehtimal etmək çətindir.
Erməni siyasi elitasının, xüsusən prezident Serj Sarkisyanın Avropa Şurası Parlament Assambleyasında çıxışlarının təhlili göstərir ki, Ermənistanın mövqeyinin radikallaşması maksimum həddə çatıb. Bir neçə il əvvəl erməni liderlərin çıxışlarında Dağlıq Qarabağ ətrafında işğal edilmiş bəzi ərazilərin Azərbaycan tərəfdən bu və ya digər güzəştlər müqabilində azad edilməsinin mümkünlüyü haqqında fikirlərə rastlamaq olurdusa, indi Dağlıq Qarabağ da, onun ətrafındakı ərazilər də Ermənistan tərəfin fikrincə, "suveren Arsax dövlətinin ərazisidir", onun sərhədləri danışıqlar predmeti ola bilməz.
Azərbaycan cəmiyyətində bu radikallaşmanın səbəbinin və erməni elitasının əminliyinin mənbəyinin etnik erməni olan xarici işlər naziri Sergey Lavrovun fəaliyyəti olması haqqında fikir möhkəmlənib. Onu Azərbaycana münasibətdə Rusiyanın ermənipərəst siyasətinin əlaqələndiricisi və ifadəçisi hesab edirlər.
2016-cı ilin aprelində və ondan sonra Rusiyanın əməlləri göstərdi ki, Rusiya dövləti "təhlükəsizlik çətirini" təkcə Ermənistan Respublikasının əraziləri üçün deyil, de-fakto ermənilərin işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı ərazilər üzərində də açıb. Bunu apreldə Azərbaycanın uğurlu hücumunun dərhal dayandırılması tələbi, Ermənistana sürətləndirilmiş silah göndərişi və Rusiyanın Azərbaycan torpaqlarının davam edən işğalı şəraitində iki ölkənin müdafiə imkanlarının tarazlığını təmin etmək niyyəti haqqında bəyannamələri təsdiq edir.
Yuxarıda deyilənlər o deməkdir ki, danışıqlar prosesi və onun intensivliyini təqlid etmək cəhdləri Azərbaycanda müsbət ictimai rezonans doğurmur və doğurmayacaq. Bu vəziyyət ilk növbədə Azərbaycan rəhbərliyi üçün problemlər yaradır, belə ki, nəticəli danışıqların olmaması şəraitində ərazilərin işğaldan azad edilməsini və yüz minlərlə köçkünün doğma yurdlarına qayıtmasını təmin edə bilmədiyi üçün ictimaiyyətin hakimiyyətə sualları və iradları yaranır. Bu şəraitdə Rusiya ilə münasibətlərdə bu problemlər haqqında bugünki kimi susma təcrübəsinin çox da uzun sürə bilməməsi ehtimalını istisna etmək olmaz.
Rusiya XİN başçısının hazırki taktikası yalnız hazırki vəziyyətin uzadılması üçün müvəqqəti vasitə rolu oynaya bilər, amma problemin həllinə gətirib çıxara bilməz. Bu problemlərdən ən əsası yüksək intensiv və genişmiqyaslı hərbi əməliyyatların kortəbii şəkildə bərpa edilməsi təhlükəsidir. Bu vəziyyətdə Rusiya münaqişədə tərəflərdən birini qəbul etməli və dəstəkləməli olacaq ki, bu da uzun illər ərzində region ölkələri, ən azı onlardan özünü zərərçəkmiş kimi hiss edəcək biri ilə qurulmuş çoxsəviyyəli əlaqələr sisteminin bütün konstruksiyasının dağılmasına gətirib çıxaracaq.
Qeyd etmək lazımdır ki, Ermənistan və Azərbaycanın müdafiə imkanlarının mütərəqqi təkamülü hərbi əməliyyatların bərpasının "domino prinsipi ilə" qısa müddətdə hər iki dövlətin bütün ərazilərini əhatə edə bilməsinə gətirib çıxarıb. Həm də Ermənistan bəyan etdiyi kimi, orta mənzilli raket silahından istifadə edərsə, anklav Naxçıvan amili Azərbaycanı Ermənistan paytaxtının mərkəzinə zərbələr endirmək imkanı ilə təmin edəcək. Qeyd etmək lazımdır ki, Əliyevin strateji vəzifənin - "Azərbaycanlıların Yerevana qaytarılması" vəzifəsinin həyata keçirilməsi zərurəti haqqında sonuncu bəyanatının da əlamətdar olduğunu qeyd etmək lazımdır. İndi Ermənistan tərəfin Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin qeyri-mümkünlüyü, Bakıya zərbə endirilməsi və Azərbaycan dövlətinin məhv edilməsi zərurəti haqqında bəyanatı yalnız o deməkdir ki, Qarabağ mövzusu və Dağlıq Qarabağ regionu iki dövlət arasında əməliyyat-taktiki və strateji dərinliyi ilə ümümi münaqişə panoramasının bir hissəsinə çevrilir.
Dağlıq Qarabağ regionu iki ölkə arasındakı münaqişənin ümumi mənzərəsinin bir hissəsi kimi, onların ərazilərinin bütün əməliyyat-taktiki və strateji dərinliyi üçün yaradılıb.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, prezidentlər Ərdoğan və Putinin danışıqlarının gündəliyinə Ermənistan-Azərbaycan münaqişəsi məsələsinin də salınması Türkiyənin praktiki olaraq bu problemin həllinin onun milli maraqları sisteminə daxil olduğunu və hərbi əməliyyatlar bərpa ediləcəyi təqdirdə onun birbaşa və ya bilavasitə kənarda qalmayacağını başa saldığını göstərir.
Bundan və sadalanan digər amillərdən aydın olur ki, Rusiya Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpası mümkünlüyündən hər yolla qaçacaq. Buna görə böyük ehtimalla iddia etmək olar ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı vəziyyət birbaşa Rusiyada seçkilərin necə keçəcəyi və vasitəçiliyin həyata keçirilməsinin şəxsən kimə həvalə olunacağı ilə bağlı olacaq. Bununla əlaqədar bir çox analitiklər qeyd edirlər ki, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü və Putinin S.Lavrovun Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində irəliləyişi təmin etmək iqtidarında olmaması ilə bağlı "gizli razılığı" (yalnız Azərbaycanda hökumətyönlü mətbuat "S.Lavrovun rəhbərliyi altında Rusiya-Azərbaycan münasibətlərinin pozulması ilə məşğul olan üçüncü qüvvələrin olduğu" haqqında yazırdı) seçkisonrası kadr dəyişiklikləri haqqında proqnozlar üçün mühüm əsas oldu.
Qərbin maraqlarından danışsaq, Ermənistan-Azərbaycan münaqişəsi məsələsi Qərb və Rusiya arasında qarşıdurma sisteminin elementlərindən biri ola bilər və çox güman ki, olacaq. Qərbin hazırki passivliyi yalnız ilk növbədə nizamlanma prosesini inhisara alan Rusiya XİN başçısının destruktiv fəaliyyətinə mane olmamaq məqsədi daşıyan müvəqqəti taktika kimi qəbul edilməlidir. Məsələnin mahiyyətindən göründüyü kimi, onlar Rusiyanın onun maraqları nöqteyi-nəzərindən yanlış siyasət aparmasına mane olmamaqla kifayətləniblər. Qaçılmaz kollaps və böhranı gözlədikdən sonra isə hamını barışdırmaq istəyən ədalətli və qərəzsiz vasitəçi kimi "səhnəyə" çıxacaqlar. Qərbin hazırki taktikası yalnız Rusiyada seçkilərdən və komandanın əsaslı şəkildə dəyişməsindən sonra rusiyalı vasitəçi ilə bağlı vəziyyət dəyişdiyi təqdirdə düzəldilə bilər.
Rəy yaz