Фото из открытых источников
Natiq Cəfərli: Hamı görür ki, nəsə baş verir, bunun yaxşı, ya pis olması 2-ci dərəcəli məsələdir, amma nəsə baş verir. Müəyyən strukturlar dəyişdirilir, müəyyən strukturlar ləğv olunur, yeniləri yaradılır, idarəetmənin insani sifətə salınması üçün müəyyən addımlar atılır, imic dəyişikliyinə gedilir. Amma hələ cəmiyyətdə bunun nə ilə bağlı olması haqqında ciddi bir müzakirə yoxdur. Kənardan baxsaq, bir tərəf deyir ki, bu boş şeydir, bunların hamısı gözdən pərdə asmaq üçündür, bir tərəf də deyir ki, bu ciddi struktur islahatlarıdır. Mən belə düşünürəm ki, yəqin ki, həqiqət haradasa ortada olar, "tamam boş şeydir" demək də olmaz.
Mənim tezislərimdən birincisi odur ki, "nəyə görə baş verir?". Bu loyallıq məsələsidir. Uzun illərdir Azərbaycanda loyallıq ideoloji deyildi, təməldən ideoloji olmayıb. Yeni Azərbaycan Partiyasının ciddi ideologiyası yoxdur ki, insanları onunla cəlb eləsin. 90-cı illərin əvvəlindən başlayaraq hakimiyyətin yeganə hekayəsi şəxs üzərində qurulmuş hekayə idi: "Heydər Əliyev gəlib xilas etdi, ölkə dağılırdı". Amma bu ideoloji platforma deyildi, yəni oturaq və işlək ideoloji platforma deyildi deyə 2003-cü ildən sonra yəni Heydər Əliyevin vəfatından sonra bu tezislərdə müəyyən problemlər yaşandı və ölkəyə ciddi pul gəldi deyə loyallığın pulla alınması prosesi başlandı. Müəyyən klanlar, qruplar, oliqarxlar və loyallıq, hakimiyyətə loyallıq, prezidentə loyallıq artıq maddi müstəviyə keçdi.
Uzun zaman böyük neft pulları zamanı bu elə böyük problem yaratmırdı, pul var idi. 2008-ci ilin dövlət büdcəsi təqribən 9 milyard dollardan bir az çox idi, həmin il ölkəyə 21 milyard dollar pul gəlmişdi, yəni dövlət büdcəsindən 2,5 dəfə çox pul gəlmişdi. O pul var idi deyə, loyallıq çox asanlıqla və rahat həll olunurdu. Bu həm də, belə demək mümkündürsə, atasının komandası idi.
Bu elita 3-5 nəfər deyildi, onların klanları, qrupları, təmsil etdikləri bölgələr və bütün bunlar cəm şəklində loyallığın təmin edilməsində mühüm rol oynayırdı. Pulun çoxluğu çox rahat şəkildə loyallığın alınmasına xidmət edirdi və üstəlik belə deyək ki, prezidentin atasından qalma komandasının vacibliyini vurğulayırdı. O komanda özünü çox vacib göstərirdi ki, biz gətirdik, biz saxlayırıq, bunun üçün bizə belə ödəniş edilməlidir.
Bu təqribən 2014-2015-ci ilə qədər davam etdi, rahatlıqla bu söhbətlər gedirdi. 2009-cu ildə çox maraqlı bir cəhd oldu ki, ikinci hakim partiya yaradılsın və ideoloji bir təməl yaradılsın. Amma bu təşəbbüs çox zəif idi, baxmayaraq ki, "birinci ledinin" adı ilə bağlı idi, öz-özlüyündə çox zəif idi, təşəbbüsün özü zəif idi, insanlar zəif idi. Qarşı tərəf çox asanlıqla və çox qısa bir müddətdə bu söhbəti bağladı.
Bu söhbət son referenduma qədər uzandı, 2016-cı il referendumuna qədər ertələndi. 2016-cı il referendumu mənə görə çox vacib keçid dövrü idi, belə deyək, bir sərhəd idi. 2016-cı il referendumunun əsas məğzi hakim ailə və hakimiyyətin vertikalının həddindən artıq möhkəmləndirilməsi, yəni artıq başqa yerlərdə bu imkanların məhdudlaşdırılması idi. Çox güman ki, danışıq və razılığın məğzi vitse-prezidentlik institutları vasitəsilə bu günə kimi artıq formalaşmış güc mərkəzlərinin səlahiyyət bölgüsündən ibarət idi. Bu günə kimi güc mərkəzləri formalaşıb və vitse-prezidentlik institutları vasitəsilə o səlahiyyətlərin legitimləşdirilməsi olmalı idi.
Ona görə Azərbaycanda çox absurd, yəni başqa ölkələrdə görünməyən bir qərar verdilər ki, bir neçə vitse-prezident ola bilər. Normalda maksimum bir vitse-prezident ola bilər. Amma görünür ki, bu sonradan işləmədi və sistem daxilində ciddi problemlər yarandı.
2016-cı ildə birinci vitse-prezident təyin olunanda, ən çox tənqid olunanlardan biri mən idim, çünki müsahibəni oxumadan hamı bir cümlədən tutub "niyə də yox" söhbətinə görə məni tənqid edirdi. Amma cümlə bundan ibarət idi ki, əgər bu təyinat hakim daxili elitanın parçalanmasına, çalxalanmasına və yaxud da qarşıdurmasına səbəb olacaqsa, de-fakto olan de-yure rəsmiləşdirilməsinin bir problemi yoxdur, niyə də yox, bu problem qoy şişsin. İndi görünən odur ki, o zamandan bəri bu problemlərin şişməsi baş verdi və loyallığın baha olduğu üzə çıxdı.
Prezidentə ya anlatdılar ya anladı, bunu təəssüf ki, bilmirəm, amma görünən odur ki, anladı ki, loyallıq çox baha başa gəlir. Sadə dildə desəm, nəyə görə hansısa nazirin 5 milyardı, 3 milyardı olmalıdır. Söhbət loyallıqdan gedirsə, bunu daha ucuz almaq olar. Bu çox baha başa gəlir və əlavə yük düşür. Prezidentin də dünyagörüşü, psixologiyası belədir ki, dövlət büdcəsi, Neft Fondu, şəxsi pul, eyni şeydir. Çünki sərəncam hüququ ondadır deyə, ona fərqi yoxdur, cibindən ya büdcədən pul verdi. Bunu öz pulunun və özünün sərəncam hüququ olduğu vəsaitin paylanılması kimi düşünür.
Buradan belə bir maraqlı proses başladı ki, yəni ənənəvi strukturlarının islah olunmasının mümkünsüzlüyü üzə çıxdı. Bu əslində ASAN Xidmətlə başlamışdı, amma getdikcə bu daha çox özünü büruzə verməyə başladı ki, ənənəvi strukturlarının islah olunmaz dərəcədə klanlara, qruplara, şəxslərə bağlı olduğunu görüb paralel strukturların yaranmasına qərar verildi və ASAN Xidmət də əslində bunun bir nəticəsi idi. Yəni belə bir zərurətdən doğan nəticə idi və əslində böyük bir şey də deyil. Sadəcə bizim pulumuza bizə daha keyfiyyətli xidmət edən qurum yaradıldı. Məsələn, keçən il ASAN Xidmət yarım milyarda yaxın pul yığıb, pulumuzu veririk, xidmət alırıq.
Görünən odur ki, bu da bəs etmədi və belə bir qərar verildi ki, "CEO" sistemi, yəni menecment sisteminə keçidlə bağlı bir qərar verildi. Loyallığın daha ucuz alınması və daha peşəkarların bu işə cəlb olunması prosesinə start verildi. Məsələn, keçmiş vergilər nazirinin 2 milyarda yaxın pulu var idi, böyük bir biznes şəbəkəsi var idi. Amma indiki vergilər nazirinə ayda "qara maaş" maaş verirlər, o heç bir biznesə girişmir.
Biri var ki, Vergilər Nazirliyi və onun klanının loyallığını milyarda alasan, bir də var ki, ayda bir neçə yüz min verəsən. CEO sisteminin üstünlüyü loyallığın daha da ucuzlaşmasına səbəb olmasıdır. Yəni menecment sistemi loyallığı ucuzlaşdırdı, amma effektivlik məsələsində problem yarandı. Bəli, loyallıq ucuzlaşdı, prezidentə daha sərf edirdi. Təqribən keçən ilin yay aylarında Vergi Qanunvericiliyində dəyişikliklə bağlı ilkin rəsmi bəyanatlar səsləndi ki, ciddi dəyişikliklər gözlənilir. Bizim bir üstünlüyümüz də bir yerdə oynayıb, futbola getdiyimiz nəsil indi hakimiyyətə gəlir. Müəyyən pillələrdə, özü də yuxarı pillələrdə yer tutur. İstər-istəməz insani münasibətlər var, mən bunu normal qarşılayıram. Əslində nə baş verdi, mənə təklif olundu ki, müqavilə ilə bizə Vergi Qanunvericiliyi yaz, mən ondan imtina etdim və pulsuz yazıram, may ayında elan edəcəyəm.
İlkin versiyada çox gözəl vergi dəyişiklikləri ilə bağlı qanun layihəsi təklifləri hazırlanmışdı. Mənimlə də görüşdülər, təkliflərimizi dedik, son mətni də görmüşdüm, çox yaxşı idi, normal idi. Bizim dediyimiz bir çox şeyi həll etmişdilər. Üstündən bir həftə, 10 gün keçmişdi ki, mətn Prezident Aparatına göndərildi, orda nə baş verdisə, bu mətni alt üst etdilər və çox biabırçı bir şey yaratdılar, işlək mexanizm deyildi. Özü də başa düşür, Vergilər Naziri sonuncu müsahibələrinin birində deyir ki, sadələşdirilməlidir və insanlar üçün əl çatan və anlaşıqlıqlı dilə salınmalıdır. Qəbul olunub, prezident imzalayıb, qanun qüvvəyə minib, indi fevral ayında deyir, pis gündədir, işləmək olmur. Doğrudan işləmək olmur, təqribən 800 minə yaxın insan bilmir, bu gün necə işləsin.
Bunlar niyə belə edirlər?
Mənim gördüyüm odur ki, Paşayevlər adlı komanda yoxdur, bu mifdir, bu İlham Əliyevin Paşayevlər brendi adı altında yaratmaq istədiyi öz komandasıdır. Atasının komandasının minnətindən bezərək Paşayevlər brendi adı altında öz komandasını yaradır və burda bir güllə ilə də iki dovşan vurur. Həm özü moderator rolunda çıxış edir ki, mənlik deyil, gözləyir, harada ciddi problem olsa, ora moderator kimi müdaxilə edir. Mənim gördüyüm odur ki, Paşayevlər sadəcə yaxşı düşünülmüş brenddir.
Niyə belə edirlər? Mənə dedilər ki, Prezident Aparatında köhnə adlandırılan komanda belə bir tezislər irəli sürüblər, hətta iradlar bildiriblər ki, sizin təklifləriniz biznesi asılı vəziyyətdən çıxarır! Biznes tamamilə asılı vəziyyətə düşmür, müstəqilləşir, rahat, qanuni işləməyə başlayır. Sonra onların qabağını almaq olmaz. Onların maraq qrupları yaransa, onlara pul versə, axırı nə olacaq?
Onların arqumenti çox bəsit şəkildə bundan ibarət idi. Mən bildiyim qədər bu Natiq Əmirovun işi olub, o da Vergilər Nazirliyində uzun illər müavin olub, bu sahədə təcrübəlidir. Bildiyim qədər, mətnin üzərində o işləyib, prezidentə də onu imzaladıblar. Açıq söhbət olub ki, sən biznesi buraxsan, ardınca heç nəyi yığıb yığışdıra bilməyəcəksən.
Bu hadisələrin eşitdiyim, bildiyim qədər, hətta müəyyən məqamlarda söhbətlərin içində olanları çatdırdıqlarına görə mən axırdakı baş verən davanın strukturu başa düşdüm. O struktur təbii ki, pul davasıdır, resurslara nəzarət davasıdır.
İkincisi, daha ciddi məsələdir, Azərbaycanda hamımız bilirik ki, hakimiyyətin, kreslonun itirilməsi, tək vəzifədən çıxarılma deyil, bütün nəsil-kök, pulun əldən alınması deməkdir. Köhnə komandanın istədiklərindən biri odur ki, legitim bir institut olsun, məsəl üçün ikinci vitse-prezident olsun, bizim adam olsun, qanunvericiliklə səlahiyyət verilsin. (Yeri gəlmişkən birinci vitse-prezidentin də elə bir səlahiyyəti yoxdur, bir cümlə var ki, beynəlxalq danışıqlarda təmsilçilik etmək hüququ var, yəni beynəlxalq danışıqları apara bilər.)
İndi bunlar istəyir ki, ikinci vitse-prezident olsun, Naxçıvandan olsun, bizim adam olsun və buna səlahiyyət verilsin, elə-belə yox və hüquq mühafizə orqanları olsun.
Bu vergilər dəyişikliyinin ilkin versiyasını qəbul olunmamasının ən böyük səbəbi də, davası da məhz burda qızışdı, çünki doğrudan da ilkin versiya qəbul olunsaydı, bu gün Azərbaycanda, keçmiş Post Sovetdə ən mütərəqqi vergi sistemi olacaqdı, hətta Gürcüstandan da yaxşı olacaqdı.
Gürcüstanda gəlir vergisi 20%-dir, çox yüksəkdir. Biz orda elə bir şkala düzəltmişdik ki, tamamilə düz işləsən, 5-6 % vergi ilə sən hər şeyi həll edə bilərdin, çox yaxşı idi. Düzdür, Mikayılın dəstəsi ondan qorxurdu ki, vergi yığımları ilk 6 ay ərzində, 1 il ərzində, yəni bu il ərzində azala bilər. Azala bilərdi, belə bir ehtimal var idi, amma mənimlə danışanda dedim, bundan qorxmayın, bu il azala bilər, amma bunu sistemləşdirsəniz, bir il zərbələrə dözsəniz, İlham Əliyev arxanızda dursa, deyirsiniz ki, durur, 1 il sonra 2020-ci ildə vergi ödəmələri indikindən 30-40% artacaq. İndi 7 milyarddır, 1 il sonra rahatlıqla 10 milyard olacaq.
Amma bu keçmədi, prezidentə bunu da izah ediblər ki, vergi ödənişlərində ciddi azalma olacaq, 3 milyarda yaxın azalma olacaq.
İkinci ən böyük tezis o olub ki, biz biznesi müstəqil qoya bilmərik. Bəs nəyə görə bu baş verir? Bunun siyasi tərəfi və iqtisadi tərəfi var. Siyasi tərəfindən az-çox danışdım ki, prezident köhnə komandadan yeni komandaya transfer etmək istəyir ki, bu sırf özünə aid, özünə bağlı insanlar olsun, loyallığı ucuzlaşdırır, bir də doğrudan ölkədə ciddi büdcə problemləri var. Əgər biz perspektivi götürsək, yaxın 2-3 ili ciddi problemlərin olması indidən görünür, borc yükünün artması, kredit yükünün artması, neftlə bağlı hələ bilinmir aşağımı gedəcək, yuxarımı qalxacaq, doğrudan da Azərbaycanda neft $50 civarında düşsə, çox böyük fəsadı olacaq. 2015-2016-cı ildəkində daha ciddi fəsadlar olacaq, çünki büdcəni bir az da şişirtdilər.
Hasilat da azalır, qazla da bağlı ciddi problem odur ki, Azərbaycan böyük borc yükünün altına girib və 20-ci ilin təqribən ortasından başlayaraq kreditlərin verilməsinin sürəti artacaq, pik nöqtəsi təqribən 24-cü ilə çatır. Sırf qaz layihələri ilə bağlı alınmış borc 11 milyarda yaxındır. Sırf "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı hələ gəlin il də alınacaq. Keçən il Azərbaycan tarixində ilk dəfə idi ki, biz büdcənin 12%-ni borca yönəltdik, bu ildə aşağı-yuxarı eyni səviyyədə qaldı, məbləğ artdı, amma büdcə də artdığına görə yenə 12% qaldı. Gələn il daha çox olacaq, sonrakı il lap çox olacaq. Yəni bu büdcə yükünün azaldılması üçün bu korrupsiyanın, prezidentin bu günə kimi nəzarəti altında olmayan pul axınlarının qarşısını almaq, Ziyanın və s. o pulun qarşısını almaq lazımdır. Onların oğurladığı pul büdcə pulu idi. Bizdə korrupsiya dedikdə, büdcə korrupsiyasından danışmaq lazımdır, məişət korrupsiyası boş şeydir. Onlar əhalidən də yığırlar, amma o ciddi pul deyil, olsun 500-600 milyon dollar.
Prezident də büdcə yükünü azaltmaq üçün struktur islahatları vasitəsilə köhnə komandanı puldan ayırır.
Yəni ölkəyə gələn vəsaitin azalması, büdcədə artıq yaranmış və yarana biləcək problemlər bu menecer sisteminə keçidi labüd etdi. Bu yaxşıdır, yoxsa pisdir? Əslində, məncə hər hansı bir prosesin baş verməsi yaxşıdır. Bu dəyişikliklərin özü-özlüyündə faktordur.
Bu yaxşılığa gətirib çıxaracaqmı? Burda suallar çoxdur, amma bir şeyi deyim, istər-istəməz müəyyən addımlar çox ciddi əks reaksiyalar doğurur. Mən sizə bir faktoru deyim, xatırlayırsınızsa, keçən ilin elə bu vaxtlarında, fevral, mart, aprel aylarında ölkədə, səhv etmirəmsə, təqribən 6 rayonda, çox ciddi pambıq zəhərlənmələri ortaya çıxdı. Birdən-birə hamı zəhərlənməyə başladı. Məlum olur ki, İnam Kərimov əvvəllər bir başa icra hakimiyyətlərinə köçürülən kənd təsərrüfatı üçün nəzərdə tutulmuş dotasiyaları şəxsi kartlara köçürməyə başlayıb. Fermerlər hesab açır, şəxsi kart açır, normal sivil ölkələrdə olduğu kimi dotasiyanı ora köçürür, icra hakimiyyətləri göydə qalır, 50% onlara qalırdı. Amma İnamdan mən gözləmirdim, onu da çoxdan tanıyıram, o dirəşdi. Heyf ki prezidentə çıxış imkanları, bu ölkədə çox azdır. Bəlkə bundan sonra dəyişdi. Bu olayda tutulanlar oldu, İcra Hakimiyyətindən işdən çıxarılanlar da oldu. Məhz ondan sonra İcra Hakimiyyətlərinə aparat rəhbərinin məsləhəti olmadan təyinat başladı. Bu çox vacibdir, 6-7 dənə son təyin olunan icra başçılarının əksəriyyəti əvvəl Heydər Əliyev fondunda işləyirdi. Bu köhnə komandaya ciddi siqnal oldu ki, bizim ən böyük gücümüzdən birini yavaş-yavaş əlimizdən alırlar. Amma problem odur ki, bu bir şəxsin qərarına bağlı addımlardır, bunun strukturu yoxdur, bunun sxemi yoxdur, sistemliliyi yoxdur.
Digər bir tezis iqtisadi addımların idarəçilikdə dəyişikliklər və tamamlanmamasıdır. Bu ən vacib tezislərdən biridir. Burda məsələ odur ki, hələ ki institusional deyil, hələ ki ixtisardır, islahat deyil, buna hələ ki ixtisar demək olar. Büdcənin ütünə düşən yükün bir hissəsini kəsirlər, böyük bir hissəsindən azad olurlar, amma o yükü vətəndaşın çiyninə qoyurlar. Bunu niyə edirlər? Azərbaycanda ümumiyyətlə bizim hamımızı dolayı vergi sisteminə cəlb ediblər, birbaşa vergi toplaya bilmirlər, normal ölkələrdə il qurtarır, gəlir bəyannaməsini verirsən, hesablayırlar ki, 10 manat qazanmısan, 1 manat vergi verməlisən. Bizdə bu sistem yoxdur, oturda bilmirlər, mümkün deyil, ona görə bizim hamımızı dolayı vergiyə oturdublar. Bu yaranan agentlik, "Dost" əslində onlara maliyyə müstəqilliyi verməklə dövlətin göstərə biləcəyi xidmətlərin vətəndaşlara pullu xidmət şəklində satılmasıdır. Rüşvət yoxdur, amma bu xidməti sənə dövlət pulsuz göstərməlidir, amma pullu göstərəcək və vergi yükü vətəndaşın çiyninin üzərinə düşəcək. Prezidentin məsləhətçiləri də deyir ki, onsuz da bu millət vergi vermir, vergidən yayınır, 300 manat maaş yazdırır, 1000 manat maaş alır. 700 manatın vergisi onsuz da görünmür, gəlin, bunu dolayı yolla camaatdan alaq. Pullu təhsil də, agentliklər də onun nəticəsidir. Yəni normal vergi sistemi yaradılmadığı üçün dolayı vergilər ilə əhalini yükləyirlər.
Dünyanın heç bir yerində gömrük ƏDV yığmır. Bunlar düşünür ki, sərhəddə bunu almasaq, içəridə itib batacaq. Bu çox absurd qaydadır. Amma bunu ediblər ki, 18%-i iş adamı sərhəddə ödəsin, camaatdan da özü alar. Gömrüyün rəisi fəxrlə dedi ki, biz 1 milyard manat artıq pul yığmışıq. Kimdən yığıb? Bizdən, istehlakçıdan yığıb. Söhbət axı tək rəsmiləşdirmədən getmir. Artan bütün vergi, gömrük rüsumunun son ödəyicisi alıcıdır. Yəni bu iqtisadi addımların bir məntiqi büdcənin yükünü azaltmaqdırsa və o yükü vətəndaşın çiyninə qoymaqdırsa, digər tərəfdən də insan sifətli xidmət orqanları yaratmaqdır. Baş verənlərin siyasi idarəetmədə tamamlanması yoxdur deyə, hələ çox zəif, oturmamış və kövrək olduğu üçün hər an dəyişə bilər. Bir çox faktorlara bağlı dəyişə bilər, daxili siyasi vəziyyətlə bağlı dəyişə bilər. Köhnələr özləri yaxşı siyasi koalisiya qururlar. Daxildə vəziyyət, gərginlik çox ciddidir. Bu da institutlaşmır, qanunvericilik səviyyəsində həll olunmur. Qanun dəyişməlidir, bu onların əlindədir, istəsələr, dəyişərlər. Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin etdirir, sonra görür ki, bu yaxşı şey deyil, prezident bir gündən sonra fərman verir, 3 nəfərdən ibarət idarə heyəti qoyur, Zahid Oruc o 3 nəfərə tabe olur. Bu hər an dəyişə bildiyi üçün son vaxtlar baş verənlərə oturmuş struktur dəyişiklikləri, sistem dəyişiklikləri demək olmaz. Amma mən görürəm ki, bunun bir son müddəti (deadline) var, uzun zaman bu davam edə bilməz. Mənim üçün son müddət böyük ehtimal ki, parlament seçkiləridir. Növbəti parlament olacağını, ya növbədən kənar parlament olacağını , bu il olacağını, ya gələn il olacağını bilmirəm. Kohnə komanda istəmir ki, olsun, hətta Siyavuş Novruzov da dedi ki, bunun üçün referendum olmalıdır, nə olsun ki, o səlahiyyəti prezidentə vermişik. Biz seçiləndə prezidentin o səlahiyyəti yox idi, bizim seçici o səlahiyyəti bilmədən bizə səs verib.
Məncə son müddət, prezidentin təzə komandası ilə köhnə komandasının davasının son müddəti parlament seçkiləridir, o vaxt bitəcək. Hansı tərəfin üstünlük qazanması onda bilinəcək, struktur dəyişikliklərinin islahata çevrilməsi məhz o zaman məncə bilinəcək ki, bu oturmuş, qalıcı, dəyişikliklərə açıq, institutlaşmış olacaq ya boş şeyə çevriləcək.
Sonuncu tezis - sistem daxili çəkişmələrin müsbət və mənfi tərəfləridir. CEO sisteminin müxalif siyasətçilər üçün mənfi tərəfi ondan ibarətdir ki, doğrudan da bu sistemin simasının, imicinin dəyişməsi, müəyyən pozitivliyin olması sistemin daha ciddi şəkildə oturmasına, bir az legitimliyinin artmasına, müsbət imicinin yaranmasına səbəb ola bilər. Bu da əslində görünür, çünki uzun illər prezidenti ilahiləşdirmişdilər, indi onu insanlaşdırırlar.
Rəhbərliyin müxalifətlə bir masaya oturacağmı? Yox. o heç vaxt olmayacaq, amma müəyyən maraqlı proseslər ola bilər.
Mənfi cəhətləri müxalifət üçün budur, ilahiləşdirmədən insanlaşdırmaya keçid müxalifətin şanslarını azalda bilər. Amma insanlar üçün, xalq, cəmiyyət üçün bu müsbət haldır. Siyasətçi kimliyim olmasa, mənə nə fərqi var, düzgün xidmət göstərəcəksə, korrupsiya azalacaqsa, müəyyən imkanlar genişlənəcəksə, lap yaxşı.
Rəy yaz