hurriyet.com.tr
Iyunun 24-də Türkiyədə keçiriləcək seçkilərlə bağlı kampaniya başa çatmaq üzrədir. Seçicilər 16 aprel 2017-ci ildə qəbul edilən yeni Konstitusiya ilə ilk dəfədir ki, dövlət başçısını birbaşa seçəcək. Bu seçki həm də Türkiyədə geniş səlahiyyətlərə malik prezident üsul idarəsinə keçid olacaq. Eyni zamanda Böyük Millət Məclisinə seçkilər də həmin gün keçirilir.
Ölkədə fövqəladə vəziyyət şəraiti hökm sürsə də siyasi azadlıqlara heç bir məhdudiyyət gətirilməyib. Son illər yaxın və uzaq regionların ən hərarətli və çox rəqabətli seçki kampaniyası aparılır. Açıq ifadə edilməsə də bu rəqabət şəxsi yarışdan daha çox ideolojidir. Seçkiyə qatılan əsas tərəflər üçün son dərəcə həyati əhəmiyyət kəsb etməsi diqqəti çəkir.
Hakim partiyanın uzun müddət iqtidarda qalmasına və güclənməsinə səbəb kimi dini cərəyanların dövlət işlərinə sirayət etməsi göstərilir. Sekulyar müxalifətin isə Atatürk ideyalarının gələcəyi ilə bağlı narahatlığı getdikcə artır. Odur ki bu seçkini ölkə tarixinin ən gərgin və həlledici siyasi prosesi adlandırmaq olar.
Bu seçki Türkiyənin daxili və xarici siyasətinin öncəliklərini, regional və qlobal siyasətdə mövqelərini, ölkə daxilində ideoloji, siyasi və sosial münasibətlər sistemini müəyyən edəcək. Türkiyənin də yerləşdiyi coğrafiya hazırda dünyanın ən mürəkkəb və ziddiyyətli hərbi-siyasi münaqişələrinin mərkəzi halındadır.
Bu gərginlik qarşıdakı illərdə daha da yüksələcək və Türkiyə üçün çox məsuliyyətli dönəm olacaq.
Ərdoğan iqtidarının yürütdüyü çağdaş xarici siyasət qənaətbəxş olsa da risklidir və dayanıqlı deyil. Daha çox xarici faktorların təsiri altındadır. Həmçinin daxili siyasətdə də möhkəm və dayanıqlı sosial-iqtisadi sabitlik yoxdur. İstər milli-etnik, istər dini-ideoloji, istərsə də sosial-siyasi baxımdan həlli çətin ziddiyyətlər mövcuddur.
Analizlər göstərir ki, 24 iyun seçkisində seçicilərin iştirak faizi indiyədək müşahidə edilməyən ən yüksək həddə çatacaq. Türkiyə və ölkə xaricində keçirilən seçkilərdə ümumilikdə 59 milyon 391 min 328 nəfər seçici iştirak edəcək. Ölkənin bütün siyasi təşkilatları, ictimai qurumları, vətəndaş cəmiyyəti, sahibkarlar və media bu seçkidə çox fəal iştirak edir. Hər kəsin açıq dəstəklədiyi namizədləri var. Seçicilərin iradəsi həlledici olduğundan milyonlarla seçici açıq təbliğat və təşviqat prosesində iştirak edir. Xüsusilə də prezidentliyə namizədlərin uğurlu və azad seçki kampaniyası ölkədə seçici fəallığına ciddi təsir edib.
Türkiyə prezidentliyinə 6 namizəd mübarizə aparır. Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasından Məhərrəm İncə, İYİ Partidən Meral Akşener, Səadət Partiyasından Təməl Karamollaoğlu, Xalqların Demokratik Partiyasından Səlahəddin Demirtaş, Vətən Partiyasından Doğu Perinçek namizəd kimi iştirak edirlər. XDP-nin namizədi S.Demirtaşdan başqa bütün namizədlərə bərabər şərait yaradılıb. Hətta həbsxanada olmasına baxmayaraq, S.Demirtaşın da seçicilərə müraciət etmək imkanı təmin edilib. Namizədlər hamısı əsas rəqib kimi hazırkı prezident Ərdoğanı açıq hədəf alaraq təbliğat aparırlar.
Müstəqil rəy sorğuları göstərir ki prezidentlik uğrunda əsas mübarizə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanla Məhərrəm İncə arasında olacaq. Namizədlərdən kimin qalib gələcəyini hələlik qəti şəkildə demək çətin olsa da müəyyən ehtimallar var.
Ərdoğanın uzun müddət iqtidarda olmasını və dövlət başçısı kimi inzibati resurslara qismən təsir imkanlarını kənara qoysaq belə, o, bəlli bir sabit elektorata sahibdir. Bütün sorğular göstərir ki, Ərdoğan kifayət qədər güclü rəqibdir və yenidən prezident seçilməsi ehtimalı xeyli yüksəkdir. MHP-nin dəstəyi də ona əlavə güc qazandırır. Müxtəlif rəy sorğularında ölkənin ən reytinqli siyasətçisidir və 48-53 faiz səs alacağı proqnoz edilir.
CHP-nin namizədi Məhərrəm İncə də kifayət qədər hazırlıqlı və yetkin siyasətçidir. Apardığı seçki kampaniyası göstərdi ki, o da Türkiyə cəmiyyətini hərəkətə gətirə bilən siyasətçilərdəndir. Arxasında dayanıqlı siyasi güc və stabil elektorat var. CHP-nin təqribən 25 faizlik sabit seçiciləri ilə yanaşı, tərəddüdlü seçicilərin də qismən dəstəyini ala bilər. Rəy sorğularına görə, 28-33 faiz səs alması ehtimalı var.
Təhlillər göstərir ki hər iki namizədin həm xalqdan, həm də beynəlxalq aləmdən güclü dəstəyi var. Nəzəri baxımdan hər iki namizədin ikinci tura qalması ehtimalını da istisna etmək olmaz. Müxalifətin seçkiyə daha çox namizədlə qatılması iqtidar namizədinə çoxsaylı tənqidlər istiqamətləndirmək baxımından uğurlu taktika olsa da eyni zamanda müxalifətin səslərinin bölünməsinə də səbəb olacaq. Əgər seçkinin ilk turunda qalib müəyyən olunmasa, o zaman ikinci turda Ərdoğana qarşı geniş koalisiya formalaşması imkanları hələ də var.
Parlament və prezident seçkilərinin eyni vaxtda keçirilməsi müxalifətin iqtidara qarşı vahid güc kimi çıxış etməsini də müəyyən qədər əngəllədi. Parlamentin səlahiyyətləri qismən azalsa da ölkənin əsas siyasi müstəvisi kimi qalır. Partiyalar da məhz öz siyasi maraqları baxımından seçkilərdə ayrılıqda iştirak etməyi üstün tutdular.
Parlament seçkisinin təhlili göstərir ki hakim AKP-nin əvvəlki kimi böyük üstünlüklər əldə etməsi real deyil. Ərdoğan prezident seçilsə belə, parlamentdə həlledici çoxluğa sahib olması xeyli çətindir. Bu, Türkiyə cəmiyyətinin demokratik ənənələrini qoruyub saxlaması baxımından əhəmiyyətli ola bilər.
Seçki sonrası ölkədə müəyyən etirazların olmasını istisna etməsək də irimiqyaslı qeyri- sabitliyin yaranması ehtimalı aşağıdır. Türkiyədə dövlət-vətəndaş münasibətlərinin dərin tarixi kökləri, ənənələri və qanuni əsasları var. Regionda sabit və güclü Türkiyənin olması ölkəmizin də marağındadır.
Rəy yaz