Bakı/12.09.18/Turan: Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, xüsusi xidmət orqanlarının keçmiş polkovnik-leytenantı İlham İsmayıl "Amerikanın səsi" radiosuna müsahibəsində 2001-ci il 11 sentyabr terrorunun dünyaya və regiona təsirlərindən danışıb
Sual: 2001-cu il 11 sentyabr terrorunun Azərbaycan və dünya üçün hansı siyasi-iqtisadi dərsləri olub?
Cavab: 11 sentyabr Roma imperiyasından başalayaraq bu günümüzədək dünya terror tarixində ən dəhşətli hadisədir. Burada terrordan çox müharibə elementləri var idi. Bu terrorun miqyası böyük olduğuğu üçün dünyada həm siyasi, həm də iqtisadi təsirləri oldu. Hesablamalara görə, terror nəticəsində Amerikanın özü 3 trilyon dollar vəsait itirib. Bundan sonra Əfqanıstana, İraqa bir-birinin ardınca Amerikanın Silahlı Qüvvələri daxil oldu. Siyasi dəngələr (tarazılıq-red.) dəyişdi. Azərbaycana da təsirləri oldu. Azərbaycan da Əfqanıstandakı qoşunlara dəstək üçün öz əsgərlərinin bir qrupunu göndərib. Azərbaycan üzərindən Əfqanıstana hava koridoru açılıb. Bu proseslər həm də onu göstərdi ki, terror müharibəni əvəz edən bir faktora çevrilib. Əgər əvvəllər, birinci, ikinci dünya müharibələrində dövlətlər öz aralarındakı hər hansı məsələləri ayırd edirdilərsə, artıq atom bombası yaranandan sonra bu məsələlər arxa plana keçdi. Dövlətlər artıq bir-birinə qarşı münasibətlərini, hirslərini terror vasitəsi ilə həyata keçirir.
Sual: Dünyada terrorizmə qarşı mübarizə adı altında aparılan hərbi əməliyyatlar artıq Suriyada böyük güclərin maraqlarının toqquşması ilə nəticələnib. Bu maraq toqquşmalarının Qafqaz regionuna və Xəzər hövzəsinə hansı təsirləri ola bilər?
Cavab: Suriyadakı problem 11 sentyabrın bir növ davamıdır. Düzdür, burada konkret olaraq Əl-Qaidənin rolu var idi. İslam dünyasıdır, yəni "Ərəb baharı"ndan sonra Suriyadakı proseslər dünyanın diqqət mərkəzinə, hadisələrin ən gərgin yerinə çevrildi və bu proses davam edir. Orada faktiki olaraq Amerika və Rusiyanın, həmçinin Suriyanın ətrafındakı dövlətlərin maraqları toqquşur. Fransa bir tərəfdə, Türkiyənin öz maraqları var, İranın tamam başqa marağı var. İsrailin isə tamamilə başqa maraqları var. Dünyanın güc mərkəzlərinin hamısının maraqları Suriyada toqquşur. Bunun Azərbaycana da təsirləri var. Türkiyə, İran və Rusiya bizim qonşumuzdur. Orada baş verən hadisələr bu və ya digər şəkildə Azərbaycana təsir edir. Əgər İŞİD Suriyada xeyli rol oynadısa, bizdən İŞİD-ə üzvlər getdi. Sonra geri qayıdanlar oldu. Qayıdanların hər biri potensial terrorçudur. Düzdür, geri qayıdanlar nəzarətdədir, həm də Azərbaycanda Cinayət Məcəlləsində dəyişiklik edildi, orada iştirak edənlər cinayət məsuliyyətinə cəlb olunur.
Suriyada baş verənlərin təsirini hesablasaq, hazırda Suriya hadisələri dünyanın bir nömrəli problemidir və orada toqquşmalar davam edir. Bunun tezliklə başa çatacağı da gözlənilmir. Türkiyə öz maraqlarını, öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə çalışır. Amma son Tehran görüşündə məlum oldu ki, İran və Rusiya eyni mövqedədir, Türkiyənin mövqelərini gözləmirlər. Hərçənd ki, İdlibdə Türkiyə məhz Amerikanın köməyi ilə möhkəmlənib. Bundan sonra İdlibin Rusiya aviasiyası tərəfindən bombalanması xüsusi bir gərginlik yaradacaq. Əlavə olaraq kürd separatçıları yenidən fəallaşacaq. Amma Amerika da bu işdə sürətlə geri çəkiləsi deyil. Çünki Tramp bəzən məsələləri nə qədər yumşaltmağa çalışsa da, Konqres və müdafiə naziri bu məsələdə geri çəkilən deyil. Ona görə də biz də Xəzər hövzəsində bunun davamlı addımlarını görəcəyik. Necə ki vaxtilə Rusiya məhz Xəzər hövzəsindən Suriyanı vurmuşdu.
Sual: Qafqaz və Xəzər hövzəsindəki münaqişə zonaları regionda terrorizmin yayılması üçün zəmin ola bilərmi? Terrorizm risklərindən qaçmaq üçün region dövlətləri hansı addımları atmalıdır?
Cavab: İlk öncə Qafqazı müzakirə edək. Şimali Qafqaz həmişə radikal dindarlarla, kəskin mövqedə olan insanlarla zəngin olub. İŞİD tərkibində döyüşənlər arasında ərəblərdən sonra Şimali Qafqazdan getmiş insanlar ikinci yerdə olub. İŞİD dağılandan və yaxud zəifləyəndən sonra Şimali Qafqaza geri dönmək, Şimali Qafqazdan Azərbaycana keçmək təhlükəsi qalmaqdadır. Azərbaycanın şimal bölgəsində də radikal vəhabilərin fəaliyyət göstərməsi, bütün bunlar göstərir ki, Qafqazda hələ radikal dindarların, radikal islamın başağrıları davam edəcək. Təbii ki, sərhəd var, qoşunlar var, nəzarət var. Amma ideya elədir ki, din həssas məsələdir, xüsusi sərhədlər tanımır. Xəzər məsələsində isə Xəzəryanı dövlətlərin son razılaşması da göstərdi ki, işlər sonadək bitməyib. Bu sazişdən İran bir qədər zəif çıxdı. Bütün qalibiyyət daha çox Rusiyanın tərəfində oldu. Sabah İranda nələrin olacağı, İranın bir rejim kimi, dövlət kimi hansı addımlar atacağı, Xəzərin özündə, ətrafında hansı addımlar atacağı məlum deyil. Xüsusilə, biz bilirik ki, beynəlxalq güclər İranı terroru dəstəkləyən bir dövlət kimi tanıyırlar. Hansı addımlar atılacağını bəri başdan demək olmaz. Amma vəziyyət gərgin olacaq.
Hesab edirəm ki, bizim apardığımız daxili və xarici siyasət ölçülü-biçili, düzgün və orqanlar tərəfindən nəzarətdə olmalıdır. Bölgədə hər hansısa irimiqyaslı bir terror hadisəsi olarsa Azərbaycanda da böyük fəsadlar yarada bilər.-0--
Rəy yaz