Cahil adam az bilən deyil, bunda heç bir eyib yoxdur. "Bilməməzliyinin" sərhədini bilməyən və yaxşı başı çıxmayan şeylər haqqında mühakimə etməyə cürət edən cahil adlandırılmalıdır. Belə insanla mübahisə etmək mənasızdır, onsuz da qulaq asmayacaq.
Cənab Qurbanlı ilə mübahisə etmək niyyətində deyiləm, mənasızdır, amma məsələ ondadır ki, o, adi şəxs deyil, daim bu və ya digər rəsmi vəzifələri tutur və öz şəxsi nöqteyi-nəzərindən (belə bir nöqteyi-nəzəri varsa belə) daha çox hakimiyyətin rəsmi nöqteyi-nəzərini dilə gətirir. Belə hallarda isə cəmiyyətin təhsilli təbəqəsi və ya, - belə də demək olar, - ziyalı elita öz nöqteyi-nəzərini bildirmək məcburiyyətindədir.
Mən də öz mövqeyimi açıqlayıram
Cəmiyyətdə açıq şəkildə hakimiyyətin yanlışlarını göstərən, onun, müxalifətin hakimiyyət funksiyasını daha uğurlu şəkildə həyata keçirmək iqtidarında olduğunu sübut etməyə çalışan və güc metodlarına əl atmadan, leqal şəkildə mövcud hakimiyyəti dəyişdirməyə can atan müxalifət olmalıdır.
Ziyalı elitanın ictimai problemlərə fərqli baxışı və öz məqsədlərinə nail olmaq üçün fərqli üsulları var. Onun hakimiyyəti tənqid etməsi hakimiyyətlə əməkdaşlığı istisna etmir. Əməkdaşlıq dedikdə hakimiyyətin arxasında gizlənmək, hakimiyyətdən sərfəli təkliflər almaq cəhdlərini və s. nəzərdə tutmuram, tərəflərdən heç birinin bir tərəfdən öz legitimlik sərhədlərini, digər tərəfdən isə ləyaqət (vətəndaş ləyaqəti, peşəkar ləyaqəti, sadəcə insan ləyaqəti) sərhədlərini aşmadığı əməkdaşlığı nəzərdə tuturam.
Bu, idealizm, hətta utopizm deyil?
Məncə yox, baxmayaraq ki, bu və ya digər real şəraitdə (əsasən, bu, bizim siyasi reallığımıza da aiddir) əməkdaşlıq imkanlarının məhdud olduğunu düşünürəm, belə ki, hakimiyyət əməkdaşlıq dedikdə hakimiyyətə qarşı loyallıq, onun bütün qərarlarının dəstəklənməsini başa düşür.
Nəzərə almaq lazımdır ki, siyasi hakimiyyət cəmiyyət üzərində tam nəzarət əldə etməyə can atırsa, "siyasət" dedikdə siyasi manevrləri nəzərdə tutursa, tez və ya gec (bu "gec" onillər boyu davam edə bilər, amma tez və ya gec gələcək) o, ictimai və müvafiq olaraq, siyasi cəhətdən tamamilə təcrid olunacaq. Mənim fikrimcə, ziyalı elita hakimiyyətə və cəmiyyətə hakimiyyət və cəmiyyət arasında tamamilə qırılma nəticəsində baş verəcək siyasi sarsıntılardan uzaq durmaqda kömək etməlidir.
Başqa şübhələr də yarana bilər
XX əsrin təcrübəsi göstərir ki, XX əsrin ən qəddar rejimləri (kommunizm və faşizm) ziyalı elita arasında ideoloji dəstək tapıb. XXI əsrin təcrübəsi (qonşu böyük ölkədə baş verənləri yada salmaq kifayətdir) göstərir ki, çox vaxt hakimiyyətdəki ziyalılar cəmiyyətə manipulyasiya aləti kimi baxan arsız təfəkkürün daşıyıcıları olur.
Bununla razılaşmaq lazım gəlir, amma bu cür nümunələr yalnız ziyalı elita ilə əməkdaşlığın uğurun zəmanəti olmadığını, ziyalı elitanın özünün də həm sağçı, həm də solçu qəddar təfəkkürün daşıyıcısı ola biləcəyini və s. göstərir. Söhbət yalnız ondan gedir ki, bu cür əməkdaşlıq, birincisi, ictimai problemlərin həllində zəruri də olsa, yalnız ilk addımdır, ikincisi, həm hakimiyyət, həm də ziyalı elita ictimai təfəkkürü inhisara almamalıdır.
Demokratiya məhz ictimai təfəkkür üzərində istənilən inhisara mane olacaq sistemdir: heç kim demokratik institutlardan yan keçərək hamının yerinə danışa bilməz.
… tarix magistralı mövcuddur?
Cənab Qurbanlı belə bir fikir bildirir:
"İri dövlətlər" var, elə həmin dövlətlər "böyük dövlətlər"dir, elə bu dövlətlər həm də "Qərb ölkələri"dir, onların məqsədi "mədəniyyətlərin yerdəyişməsi", "vahid din" yaradılmasıdır, buna görə "biz öz dəyərlərimizi qoruyub saxlamaq instinktimizi möhkəmləndirməliyik".
Bu cür sadələşdirmələr (bizi udmağa çalışan "onlar", özümüzü qorumaq məcburiyyətində olan "biz") yuxarı sinif şagirdləri səviyyəsində belə yolverilməzdir, amma bunu yüksək vəzifəli məmur səsləndirdiyinə görə, hamıya məlum olan şeyi təkrarlamaq lazım gəlir.
Birincisi, bu cür mühakimələrdə mütləq tarixi zaman nəzərə alınmalıdır. "Əbədi düşmənlər" də "əbədi dostlar" kimi mifologiyadır. XXI əsrdə, "qeyri-müəyyənlik", "ehtimal", "qeyri-səlis çoxluqlar" və s. kimi anlayışların məktəb proqramına daxil edildiyi bir dövrdə bu barədə danışmaq yaxşı deyil.
İkincisi, "onlar" və "biz" dünya tarixi inkişafının müstəmləkəçilik və postmüstəmləkəçilik dövrünün – bu zaman müstəqilliyin əldə edilməsi onları müstəmləkəyə çervirmiş xalqlara "şeytani" əlamətlərin sırınması ilə (demək olar ki, qaçılmaz surətdə) müşayiət olunur – mirasıdır. Müasir aləmdə bu cür "uşaq solçuluğu"na xas pafos ictimai inkişafı ləngidir.
Üçüncüsü, qlobal əsr təkcə xalqlar və mədəniyyətlər arasında qarşılıqlı fəaliyyətin dana çox intensivləşdiyini deyil, həm də qlobal əsrin müxtəlif xalqların və mədəniyyətlərin cəlb edildiyi tarix magistralının nəticəsi olduğunu göstərir.
Bu mənada deyə bilərik ki, Qədim Şərq mədəniyyətləri (Hindistan, Çin və digərləri) hamı üçündür, antiklik hamı üçün mövcuddur, Qədim Yunan demokratiyası hamı üçündür, Roma hüququ hamı üçündür, müsəlman mədəniyyətinin Qədim Yunan irsini qoruyub saxlaması hamı üçündür, İntibah hamı üçündür, Kopernik çevrilişi hamı üçündür - bir çox halqaları atlayaraq - sənayesonrası dövr hamı üçündür, informasiya texnologiyaları, İnternet hamı üçündür və s. və i.a.
Bu gün "öz dəyərlərini qorumaq instinktini" itirməkdən qorxaraq tarixin əsas inkişaf yolundan kənarda qalmaq sadəcə mənasızlıq və avamlıq deyil, həm də təhlükəlidir, bu o deməkdir ki, şərti “biz” "öz dəyərlərini qorumaq instinktini" yox, sadəcə özünüqoruma instinktini itirmişdir.
Dördüncüsü, şərti "biz"
... bu "biz" nə qədər aydın olsa da, adi təfəkkürdə o, öz-özünə başa düşülən bir şey kimi dərk edilsə də, bu "biz" özündə bir çox müəmma və bir çox sualtı qayalar gizlədir...
bu tarix magistralı daxilində baxılmalı, təhlil edilməlidir, o, özünü, özünəməxsusluğunu yalnız tarix magistralına cəlb edildiyi halda qoruyub saxlaya bilər. Əks halda o, ən yaxşı halda başqalarını "ekzotikası" ilə cəlb edə bilən "folklor xalq" olaraq qalacaq (buna hələ qayıdacağıq).
Tarixən dünya tarixi magistralına necə cəlb edildiyimizi aydınlaşdırmağa çalışaq.
Dünya tarix magistralı daxilində "biz"
İlk baxışda tarix keçmiş haqqında elmdir, keçmiş isə artıq baş vermiş, dəyişdirilməsi mümkün olmayan şeydir, keçmiş də, keçmiş haqqında elm də dəyişdirilməməlidir. Amma hər şey heç də o qədər asan deyil.
Çox keçmişdə yox, dünən başınıza gələnləri bir neçə dəfə danışmağa çalışın. Dünənki hadisənin sizin üçün nə qədər əhəmiyyətli olmasından, kimə danışdığınızdan, emosional əhval-ruhiyyənizin necə olmasından və bir çox başqa hallardan asılı olaraq, bir çox mümkün versiyadan bu və ya digərini danışacaqsınız (yaradacaqsınız).
Tarixdə də təxminən eyni şey baş verir. Xüsusən, söhbət keçid dövründən gedirsə, bu zaman bizim bu "keçmişi" necə görəcəyimiz hazırda necə inkişaf edəcəyimizdən asılı olacaq. Çox şey danışandan (peşəsi, ixtisası və s.) və bu "keçid dövrünü" necə - "postsovet dövrü", "müstəmləkəçilikdən sonrakı dövr", "müstəqillik əldə edilməsi dövrü" və ya başqa bir şəkildə adlandıracağından asılıdır.
Belə bir təsəvvür mövcuddur - adi təfəkkür səviyyəsində kifayət qədər yayılıb - ki, peşəkar tarixçilər, həqiqətən də peşəkardırlarsa, daha "obyektiv" olmalıdırlar. Əslində peşəkar tarixçilər öz mətnlərini tarixi mənbələrin tənqidi təhlili əsasında yazırlar, amma bu, onların müasir dövrün insanı olaraq qalmasına və bu və ya digər tarixi keçmişi yaratmasına mane olmur.
Bu qısa mühakimələrin daxilində (daha ətraflı mühakimələr üçün birdən çox məqalə, birdən çox kitab, birdən çox insan lazımdır) tariximizin bütün səviyyələrinə üz tutsaq (bu isə təkcə peşəkar tarixçilərin və təkcə ziyalı elitanın deyil, bütün düşünən insanların işidir), mahiyyətcə bir-birindən prinsipial şəkildə fərqlənən iki "tariximiz" var (baxmayaraq ki, bu, açıq şəkildə etiraf olunmur).
Bir tarix - onu "rəsmi tarix adlandıraq", - mahiyyətcə hakimiyyətin ideologiyasının törəməsidir. Bu tarix Azərbaycanın minillik tarixinə istinad etsə də, 1969-cu il ətrafında mifolojiləşdirilib və bu halda xronologiya əsl ornamentallıqdır ("orientalizm"). Rəsmi institutlar, Azərbaycanın bütün orta və ali məktəb kitabları bu tarixə işləməlidir.
… Cənab Qurbanlı düşünür ki, din haqqında və "milli dəyərlərin qorunub saxlanması instinkti" haqqında danışarkən o, "rəsmi tarixə" əsaslanır...
İkinci tarix, - onu sözün əsl mənasında "tarix" adlandıraq, - öz konseptual mərkəzinə malikdir.
… Bu "mərkəz", inkişafımız onu suallar verən, hazır cavablar təklif etməyən tarixi proses daxilində qiymətləndirdiyi müddətcə, mifolojiləşdirilməyəcək...
50 illik - təxminən 1870-ci ildən 1929-cu ilə qədərki dövrü nəzərdə tuturam.
Bu çağ bizim dünya tarixinin, dünya sivilizasiyasının əsas inkişaf yoluna qədəm qoyma (daha doğrusu, "düymələnmə") dövrü oldu.
Həsən Bəy Zərdabi fiqurunun bu dövrün başlanğıcında durduğunu demək kifayətdir ki, ilk qəzetimiz, ilk dünyəvi məktəbimiz, ilk tamaşamız, Azərbaycanlıların parlamentdə (Duma və Uprava) iştirakı və bir çox başqa hadisələr onun fəaliyyəti ilə bağlıdır.
Bu "ikinci" tarixdə (artıq dırnaqsız) bir çox ciddi adlar, bir çox ciddi kitablar var, ADR-in 100 illiyi ilə əlaqədar fəallaşan xüsusi saytlar var, amma onların qarşısında, bəlkə də, ən əhəmiyyətli məsələ durur.
Birincisi, iqtidar ideologiyasının əlavəsi olmayaraq, o, çox vaxt millətçi ideologiyasının bu və ya digər təzahüründən azad ola bilmir.
İkincisi, tariximizin dərkində bir növ Kopernik çevrilişi etmək və keçmişimizin bizim şəraitdə ağrılı olacaq (Adornonun təbirincə, "keçmişin amansız dərk edilməsi") tənqidi təhlilini əsas vəzifəmiz hesab etmək.
Bizim XIX və XX əsrlərimiz, bizim davam edən XXI əsrimiz çox çətin olub və hələ də çətindir. Amma biz yalnız özümüz haqqında yalan xülyalardan xilas olduqda normal inkişaf edə bilərik.
… "orientalizm" məcburi və könüllü
"Orientalizm" termini Edvard V.Saidin "Orientalizm" kitabı sayəsində geniş yayılıb. Saidin əsas fikri ondan ibarətdir ki, orientalist "Şərq" mahiyyətcə Qərb tərəfindən uydurulub, orientalizm Avropanın Şərq üzərində hakimiyyətinin rəmzidir.
Bundan başqa, "şərqçilik" gözəl, zərif, nəfis (epitetlər qoşmağı davam edə bilərsiniz) olmaq deməkdir, amma özünütəhlil yoxdur, "lal" mədəniyyətlər kimi bir şedir.
Saidlə mübahisə etməyək. Bu var idi, var (lovğalıq, messianizm və s.), amma bir çox başqa şeylər də var, nəticə etibarilə Saidin kitabı məhz Qərbdə geniş şəkildə yayılıb, orada müstəmləkəçilikdən sonrakı araşdırmalarla bağlı çoxsaylı "study"lərin tərkib hissəsinə çevrilib. Məsələ başqadır.
Qərbi "Şərqi" şərqçilik baxımından dərk etməkdə istənilən qədər suçlamaq olar. Bəs bir çox inkişaf edən ölkə mədəniyyətlərinin anti-Qərb coşğunluğuna qapılaraq nə üçün "Şərqə səmtləşmə"yə səmtləşdiyini (təsadüfi taftologiya mənasız deyil) kim izah edə bilər?
Niyə biz plana uyğun şəkildə və israrla öz mədəniyyətimizi dünyada "oriental" olaraq təqdim edirik?
Heç kim mübahisə etmir, istənilən xalq dünyanı öz nailiyyətləri ilə tanış etməlidir, bunun üçün müxtəlif biennalelər, beynəlxalq festvallar, müsabiqələr və s. var. Amma, ilk növbədə, hər bir xalq, hər bir mədəniyyət dünya qarşısında açılmalıdır. Əks halda onlar özlərini dünya qarşısında oriental şəkildə açılmağa məhkum edirlər.
Təəssüf ki, bu, eyni dərəcədə iqtidar tərəfindən sırınan və intellektual elitamızın bir hissəsi tərəfindən qəbul edilən mədəniyyətə də aiddir.
Üzeyir Hacıbəyovla bağlı misal gətirim.
Onu Azərbaycan mədəniyyətinin dahisi adlandırmaq üçün kifayət qədər əsasımız var, amma bu zaman zəhmət çəkib dünyaya bunu dedikdə nə nəzərdə tutduğumuzu izah etməliyik.
Mən iki məqamı qeyd edərdim (təbii ki, mədəniyyətşünaslar və musiqişünaslar bu siyahıya əlavələr edə, onu dərişləşdirə və genişləndirə bilər).
Birincisi.
"Arşın mal alan" və "Məşədi İbad" bizim ən arxetipik əsərlərimizdir. Onlar bizi özümüzə qaytarır, onlar bütün dövrlərdə bizim xülyamız və bizim mədəni terapiyamızdır. Bir qədər sadələşdirərək deyə bilərəm ki, “Arşın mal alan” və “Məşədi İbad”dan sonra biz azərbaycanlı olduq, zira kollektiv təhtəlşüurumuz (collective unconscious) ədəbi mətndə təcəssüm etdi (K. G. Jungun nəzəriyyəsindən istifadə edərək).
İkincisi.
Ü.Hacıbəyov bəstəkar kimi də, mədəniyyət xadimi kimi də əsasən folklor olaraq qalan autentik musiqimiz və klassik Qərb musiqisi arasında körpü salıb. Bu, asan olmayıb, o, şübhə edib, yazdığını yandırıb, bəzən yanılıb (musiqinin "Azərbaycan dilinə" tərcümə edilməsi ideyasında olduğu kimi), amma bir şeydən əmin idi: dünya mədəniyyətinin inkişaf magistralı var, dünya musiqisinin inkişaf magistralı var və biz bu musiqi dilini və bu musiqi institutlarını mənimsəməliyik (simfonik orkestr, opera, konservatoriya və s.).
Biz "dahi bəstəkar" adını tapmışıq, o, bizə kafi gəlir və başa düşə bilmirik ki, niyə dünyada onu eşitmirlər.
Sözlərimdən hansı nəticəni çıxarmaq olar? Dünyaya (aydındır ki, mənim bəhs etdiyim "dünyanın" öz dərəcələri var) "bizim dahimiz" dedikdə nə nəzərdə tutduğumuzu danışmalıyıq. Bəli, amma bu da kifayət deyil.
Başqa bir imkan - bizim musiqimiz, bizim teatrımız, bəlkə də bizim kinomuz göstərməlidir ki, Ü.Hacıbəyovun yaradıcılığı muzey deyil, arxiv deyil, əsl klassika kimi zamanla birlikdə dəyişmək, müxtəlif interpretasiyalarda, o cümlədən ən avanqard interpretasiyalarda mövcud olmaq iqtidarındadır.
Burada nöqtə qoyuram, baxmayaraq ki, "orientalizm" aynası mən dediyimlə heçdə bitmir.
Son söz
Ziyalı elita mütləq hakimiyyətdə təmsil edilməli deyil. Yüksək vəzifəli məmur mütləq ziyalı olmalı deyil. Amma mütləq bilməməzliyinin sərhədini bilməli, başı çıxmayan şeyləri mühakimə etməyə cürət etməməlidir.
Bütün bunlar cəmiyyətin yerində saymasına gətirib çıxara bilər. Ən yaxşı halda...
Rəy yaz