Ağdam üzərində Ermənistana məxsus vertolyotun vurulmasından sonraki iki gün ərzində nəinki cəbhə xəttində, hətta sosial şəbəkələrdə də azərbaycanlılarla ermənilər arasında virtual müharibə gedir.
Ermənilərin əsas tezisləri belədir: “Buna görə sizi cəzalandıracağıq”, “Biz müharibəyə hazırıq, siz yox”, “Siz müharibəyə təhrik edirsiniz”, “Siz beynəlxalq qanunvericiliyi pozmusunuz” və nəhayət, “Biz sizə gözləmədiyiniz yerdə zərbə vuracağıq və bu, dəhşətli olacaq”.
Qısası, qonşularımız həmişəki kimi orijinal deyil, rola girərək özlərini və başqalarını əmin edirlər ki, bu dəfə onlar Xəzərə qədər gələcəklər və onlardan bunu etməmək xahiş olunacaq.
Ən çox da Tvitteri “sərhəddi pozmayan” “dinc” vertolyotu vuran azərbaycanlıların “barbarlığı” haqda məlumatlarla dolduran diaspor nümayəndələri canfəşanlıq edirlər.
Ümumiyyətlə, ermənilərin “müqəddəs həqiqət”i danışdıqlarına özlərini inandırması onları hər zaman pis vəziyyətdə qoyub. Ancaq bu, ayrıca söhbətin mövzusudur.
Beləliklə, biz müharibədən qorxuruqmu? Ona hazırıqmı? Mən dəfələrlə erməni həmkarlarımla bu mövzuda mübahisə etməli olmuşam. Belə ki, beynəlxalq konfranslardan birində erməni jurnalist ilə açıq mübahisə yaranmışdı. O bildirirdi ki, Azərbaycanın sıravi vətəndaşları müharibə istəmirlər, bunu İlham Əliyev istəyir, ancaq o da vuruşa bilmir, Qərbi şantaj etmək üçün özünü elə göstərir.
Erməni cəmiyyətinin şüuru bu cür tezislərlə doludur və rəsmi erməni təbliğatının əsasını təşkil edir. Bu təbliğat azərbaycanlıların satqın, qorxaq olması, döyüşmək istəməməsi və döyüşə bilməməsindən ibarət olur.
Etiraf etmək lazımdır ki, analoji problem bizdə də var, daha doğrusu problem yox, düşmən haqda stereotip. Bu təbliğatın əsas çatışmazlığı odur ki, birtərəflidir: onlar hamısı düşməndir, hamısı faşistdir, ordu dağılır, əsgərlər acından ölür.
Stereotiplər yalnız təbliğatda yaxşıdır, müharibədə işə keçmir. Düşmənin imkanlarının qəsdən kiçildilməsi özünü sakitləşdirməyə xidmət edir.
Bu planda erməni təbliğatı bizim xeyrimizədir. Onlar öz əhalisini nə qədər çox inandırsalar ki azərbaycanlılar heç nəyə yaramır, o qədər yaxşıdır. Vertolyot göstərdi ki, biz bacarıqsız, qorxaq deyilik, vuruşa bilirik. Üstəlik düşmənə psixoloji zərbə də vurulur.
Lakin vertolyot epizodu başqa cür də yozulur. Bəzi səlahiyyətli beynəlxalq ekspertlər güman edirlər ki, Qarabağ və Ukraynadakı vəziyyət arasında birbaşa əlaqə var.
Sirr deyil ki, Rusiya Ukraynanın şərqi rayonlarına yeni hücuma başlayır. Belə olan halda beynəlxalq ictimaiyyətin diqqətini qismən də olsa yayındırmaq lazımdır. Keçən yayda da belə bir şey olmuşdu.
Ağdam rayonunda ermənilərin 40-50 min hərbçinin, aviasiya, zirehli texnika və artilleriyanın iştirakı ilə hərbi təlimləri Bakıda reaksiya doğurmaya bilməzdi, xüsusən də düşmənin vertolyotlari sənin mövqelərinin üzərində uçarkən.
Donbas və Mariupola hücümlar başlamaq üzrədir və yenə də dünyanın diqqətini Gürcüstan, Qazaxıstanın şimalı və Qarabağda baş verən hadisələrdən yayındırmaq lazım gələcək.
Odur ki, ön cəbhədə daha çox “Strela” yerləşdirmək lazımdır ki, noyabrın 12-də olduğu kimi ikinci vertolyot qaça bilməsin.
Rəy yaz