İyulun 30-dan 31-nə keçən gecə Tarif Şurası - Azərbaycan Tarif Şurası həmişə qiymət artımı barədə gecə elan edir - sərnişin nəqliyyatında gediş haqqının 50% artdığını bildirib. Avqustun 1-dək Bakı metropoliteni və şəhər avtobuslarında gediş haqqı 20 qəpik idi, avqustun 1-dən 30 qəpik ($0.18) ödəmək lazım gələcək. Müvafiq olaraq şəhərətrafı marşrutlar üzrə işləyən avtobuslarda gediş haqqı kilometrdən asılı olaraq 90 qəpiyədək artıb.
Bu gecə, eləcə də əvvəlki sutkalarda, hətta aylarda ictimai nəqliyyatın keyfiyyəti yaxşılaşmayıb. Bakıda avtobusların və metro qatarlarının əksəriyyətində kondisionerlər işləmir, metroda lift yoxdur. "Sizcə, bu 10 qəpik yeni qatarların alınmasına və ya şəraitin yaxşılaşdırılmasına sərf ediləcək? İnanmıram", Leyla Mirzəhəsənova sosial şəbəkədə yazır.
Əlavə 10 qəpik o qədər kiçik məbləğdir ki, Azərbaycanda buna heç nə almaq olmaz. Əgər avqustun 1-dək bir manatla 5 dəfə metroda getmək olardısa, yeni qiymətlə ancaq 3 dəfə getmək olar.
Rusiyalı azərbaycanlılar iki ölkədə gediş haqqının qiymətini tarixi Vətənin xeyrinə müqayisə edirlər. Ancaq Azərbaycanda orta əməkhaqqı (520 manat - 305 dollar) Rusiyadakı orta əməkhaqqından (43500 rub - 699 dollar) iki dəfədən çox azdır. Ona görə də belə müqayisə aparmaq düzgün deyil.
Nəqliyyatda bahalaşma gözlənilən idi, çünki avtobus şirkətləri və metropoliten rəhbərliyi hər zaman zərərlə işlədiklərini və dövlət subsidiyasına ehtiyacın olduğunu bildirirdilər.
"Bakubus" şirkəti 2016-cı maliyyə ilini 54,638 mln. manat zərərlə başa vurub. "Bakı metropoliteni" 2017-ci ildə zərərlə işləyib, baxmayaraq ki, dövlət büdcəsindən 45 mln. manat subsidiya alıb. Sərnişin daşınmalarından 44,3 mln. manat əldə edilib. Amortizasiya ayırmaları (32,5 mln. manat) nəzərə alınmaqla metropolitenin illik zərəri 12 mln. 581 min manat təşkil edib.
Bakı metropolitenində gediş haqqının qiyməti MDB, həm də Avropa ölkələri arasında ən aşağıdır. Lakin Azərbaycan neft ölkəsidir, Rusiya və digər ölkələrdə otellər tikir. Dövlət ictimai nəqliyyata subsidiya ayıra, əhalinin yoxsul təbəqəsinə kömək edə bilərdi. Onsuz da imkanlı adamlar metrodan istifadə etmirlər.
İqtisadçı Samir Əliyev benzinin, sonra isə qaz və suyun qiymətinin artacağını proqnozlaşdırır.
İqtisadçı Qubad İbadoğlu güman edir ki, yeni qiymət (30 qəpik) keçid dövrü üçündür. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq.
"Bu qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq, həm də növbəti qiymət artımları üçün əsas yaradacaq", - Q.İbadoğlu hesab edir.
Nəqliyyatda gediş haqqının artırılması inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət sayılır. Kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun da qiyməti bahalaşacaq", - Q.İbadoğlu Facebook-da yazır.
O, hökumətə təklif edir ki, xüsusilə aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul edilsin. Tələbələr üçün gediş haqlarının əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, üçgünlük və birgünlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır ki, Moskvada olduğu kimi, dərhal və bir ay öncədən ödəməklə birdəfəlik gediş haqqının qiymətini azaltmaq mümkün olsun.
Saatlıq kartlara keçmək olar ki, bu müddətdə birdən çox nəqliyyat vasitəsinə oturub getmək mümkün olsun. Bu, əsasən hər gün Bakıya gələn (deyək ki, Sumqayıtdan) əcnəbi vətəndaşlar və ya paytaxta gələrək Bakı metrosundan istifadə edənlər üçün vacibdir.
Q.İbadoğlu nəqliyyat şirkətlərinin və bütünlüklə Azərbaycan iqtisadiyyatının işinin şəffaf olmadığını xatırladıb ki, nəticədə milyonlarla manat mənimsənilir və səmərəsiz xərclənir. Bakı metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovdan külli miqdarda pul alınması ilə bağlı cinayət işinin araşdırılması zamanı o, açıq şəkildə demişdi: "Heç kimə dəxli yoxdur, mən üç milyon manatı haradan almışam". Əgər miqyaslı oğurluq olmasaydı Azərbaycanın dövlət xəzinəsində nəqliyyatın əlavə subsidiyalaşdırılması üçün vəsait tapılardı.
Rəy yaz