Açıq mənbələrdən foto
Uzun müddətli yuxarı neft qiymətləri təkbaşına siyasi mahiyətcə idarəçilik sistemləri olan hökumətləri möhkəmləndirdi. Və həmin hökumət başçıları havayı neft pullarını iqtisadi idarəçiliklərinin uğuru kimi cəmiyyətlərinə sırımağa çalışdılar. Amma bir balaca neft qiymətlərindəki enişlər zəif iqtisadi konstruksiyaya malik ölkələrdə xarici şoklar yaşatdı. Hazırda neftin 21 dollarlıq eniş qiymətləri 18 il əvvəlki – 2001-ci il həddi xatırlatdı. 2011-ci ildə 104 dollarlı bazarlar daha yoxdur. Neftin qiymət volatilliyi şərtləndirən zaman və şərait fərqlilikləri var. Əlli il bundan öncə yəni 1970-ci illərdə neftin 1 bareli 1,8 dollar idi. 2008-ci ildə 147 dollara qədər yüksəldi.
Qayıdaq bu günə… Koronovirus pandemiyası qlobal səviyyədə iqtisadi fəaliyyəti zəiflətdi, neftə tələb azaldı və qiymətlər üzü aşağı gəldi. Dünyada əvvəlki illərdə gündəlik neft hasilatı 93-95 milyon barel idi. İndi bu rəqəm 101 milyon barel səviyyəsinə yüksəlib. Neft təklifi tələbi xeyli üstələyib. Eyni zamanda neftin istehlakı da azalıb. Dünyada isə 3,8 milyard insan iqtisadiyyata heç tövhə verməyib evdə qaldığına görə dünyada neftə tələb 75 milyon barelə qədər eniş zolağına gəlib çıxıb. Qısası, neftə tələb 25 faiz aşağı azalıb. Əgər neftə tələb 25 faiz düşdüyü halda, niyə neft qiymətləri 50 faizdən çox düşüb sualı meydana çıxır. Bunun əsas dominantlığı neft hasilatının bolluğu və ucuzluğu şəraitində bəzi dövlətlərin hələ də neft almasına davam etməsi ilə bağlıdır. Onlar sadəcə ehtiyatlar toplayırlar. Neft bazarında treyderlər ucuzlu neft almaqla neftə cüzi də olsa tələbi təşviq edirlər. Məsələn bazarda belə bir ucuz nefti görən qeyri-resurs dövlətləri, o cümlədən Çin, Hindistan kimi nəhəng iqtisadiyyata malik ölkələr ucuz neft alıb ehtiyatlar (stoklar) yaradırlar.
OPEK neft qiymətin necə artırmaq istəyir?
Neft bazarında əsas oyunçu olan OPEK özünün qərarları ilə bazara müxtəlif siqnallar verirlər. Neft bazarında qiymət dalğalanmalarına mühüm təsir gücü hələ də OPEK karteli ilə bağlıdır. OPEK üzvlərinin görüşlərində yaranmış fikir ayrılıqları neft qiymətlərinə də izsiz keçmir. Son görüşlərdə Rusiya-Səudiyyə Ərəbistanı arasında olan hasilat səviyyəsi ilə bağlı mövqelər haçalandı. OPEK-də hər iki dövlət əsas neft hasilatçıları sayılır. Hər iki dövlət birgə hasilat gücü gündəlik olaraq dünyada toplam neft hasilatının 15 təşkil edir. Səudiyyə Ərəbistanı neft hasilatını artırmağı, Rusiya isə bununla razı olmadığını ifadə etdilər. Səudiyyə Ərəbistanında neftin 1 barelinin maya dəyəri 15 dollara, Rusiyada isə 22 dollara başa gəlir. OPEK görüşlərində qərara gəlindi ki, toplam olaraq 10 milyon barelə yaxın üzv ölkələr hasilatı aşağı salsınlar. Bunun yarısı Rusiya və Səudiyyənin payına düşüb. Bu qərarın 10 gündən sonra qüvvəyə minəcəyinə baxmayaraq artıq indidən neft bazarında psixoloji faktor öz rolunu oynadı və qiymətlər nisbətən artdı. Amma OPEK-in hasilatının azaltması belə qiymətin yüksəltməsinə mühüm təsir göstərə bilməyəcək. Çünki bundan aşağı neft hasilatını ciddi sürətdə aşağı salmaq da mümkün deyil. Deməli neftin qiymətinn qiymət yüksəlişi HASİLATI azaltmaqla yox, İSTEHLAKI artıqmaqla dəyişə bilər.
OPEK formatında Səudiyyə Ərəbistanı-Rusiya münasibətlərinə yalnız iki dövlətin fərqli mövqeləri kimi də baxmaq doğru olmaz. Böyük ehtimalla Səudiyyə Ərəbistanının arxasında ABŞ durur. ABŞ OPEK formatında Səudiyyə Ərəbistanının əli ilə Rusiyaya qarşı basqıları artırmaq istəyir. Ucuz neft mərhələsindən istifadə edib Rusiyanın gəlirlərinin mümkün hədləri çərçivəsində minimumlaşdıraraq çökdürmə planını həyata keçirmək istəyir.
Neft yayı və demokratiya oxu: hədəfi necə vurmaq olar?
Yüksək neft qiyməti resursla zəngin avtoritar dövlət başçılarını uzun müddət konfort zonasında gəzdirdi. Bahalı neft erasından xumarlandılar. Demokratiya qurmaq əvəzinə özlərinin digər bölgələrdə separatizm ağaclarının “kübrəsi” kimi neft pulların həmin yerlərə axıtdılar.
Səudiyyə Ərəbistanı neft maqnatları ilə meydan suladı. Krallar və əmirlərin həyat tərzləri ədəbsiz və harın müsəlman obrazları yaratdılar. Dövlət neft gəlirlərinin ədalətli bölüşdürülməsi mexanizmləri tapmaq yerinə şeyxlərin nifrət doğran zövqləri və gözqamaşdıran əyləncələri üçün milyardların xərclənməsinə şərait yaratdılar. İslam bankçılığı adı altında kiçik və orta biznesin inkişaf etdirilməsi yerinə iri maqnatlarını faizlərini artırdılar. Ölkə daxilində demokratiyanı qurmaq yerinə dünyanın müxtəlif ölkələrində dini məzhəbçi çevrələri maliyyələşdirdilər.
İran kimi dünya neft hasilatının 5 faizinə yaxınını təmin edən bir dövlət sosial rifahı becərmək yerinə, siyasi islamı yetişdirdi. Molla-fars rejimi yerində qalsın deyə, dünyaya qarşı savaş açıb neft pullarını militarist maraqlar üçün xərclədi. Nüvə silahını zənginləşdirmək yerinə bir tikə çörəyə möhtac milyonlarla vətəndaşlarını yoxsulluğun girdabından çıxarmağı bacarmadı. Suriyada, Yəməndə yüzminlərcə mühafizə korpusuna xərclədiyi pulları elementar hüquqları olmayan müsəlman bacı-qardaşlarımızın təhsil müəssisələrinə xərcləsəydilər, indi izolyasiyaya salınmış ölkə yerinə inteqrasinın ön xəttinə çıxmış bir dövlət idi. O zaman isə indiki kimi qapalı siyasi sistem yox, açıq cəmiyyət quracaqdı. İqtisadi avtarkiya siyasəti yürüdən dövlət yox, liberal iqtisadi yönü olan sistem kimi xaraketeriza olunacaqdı.
Rusiya özünün keçmiş SSRİ ədasını təqlid etmək yerinə, resursla zəngin ölkə kimi sərhədləri daxilində öz insanlarının rifahın düşünsəydi, indi başqa Rusiyanı görmüşdük. Dünyanın döyüşkən cinahı yox, konsensus tərəfdarı olsaydı qonşularla daha sağlam siyasi münasibətlər qura bilmişdi. Neftin yüksək hasilatından 100 milyardlar dollar qazanan bir dövlət siyasi açılımı təşviq etsəydi, indi Putinzmdən xəcalət çəkməzdi. Neft sərvətini militarist məqsədlərə yox, bazar iqtisadiyyatının inkişafına xərcləsəydi indi Rusiyanı 400 milyard dollarlıq xarici borcu yox, digər dövlətlər üçün güclü bir finans təminatçısı olan donor dövlət kimi tanınardı.
Venesuela kimi zəngin neft ehtiyatlarına malik bir ölkə sosial rifahı təmin etməyi bacarmadı. İqtisadiyyatı üçün xroniki hal alan yoxsulluq və hiperinflyasiya halları iqtisadi sistemin nə qədər müvazinətsiz olduğunu göstərir. Dünyada adicə şirkətə rəhbərlik gücündə olmayan Nikolas Maduro kimi bir insanın dövlət adından qərarlar qəbul etməsi gerçəkdən bir ayıbdır. Xalqa çatmalı olan böyük neft pulları bu ölkəyə nəinki rifah gətirmədi, daha çox fəlakətlər yaşatdı.
Bu sıraya digər OPEK üzvlərin də əlavə etmək olar. Oxşar fikirləri digər resurs ölkələri üçün söyləmək olar. Ümumi kontekst ondan ibarətdir ki, resurs ölkələri demokratiya və azad iqtisadiyyat qurmaq yerinə millətlərinə fəlakətlər yaşatdılar. Neft “lənətinin” əhatə etdiyi dairə bu xalqların hüzurun pozdu. İnsan haqları, demokratiya və azad bazar kimi sivil quruluşa sahib olmaq yerinə, mədəni dünyadan xeyli uzaqlaşdılar.
Nə bilək, bəlkə də aşağı neft erasının yayı demokratiya adında oxu ilə doğru hədəflərə yön olacaq?
Bəlkə də aşağı neft hasilatı və ucuz neft qiymətləri bu dövlətləri demokratiya zolağına doğru istiqamətlənməsinə səbəb olacaq?
Zaman göstərər...
Məhəmməd Talıblı
Rəy yaz