Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/28.05.21/Turan: Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinin iştirakçılarının qeydiyyatı başa çatıb. 23 partiya və 4 blok qeydiyyatdann keçib, onların bəzilərinin adları bir-birinə bənzəyir və adlarında eyni sözlərdən: “respublika”, “vətən”, “azadlıq”, “Ermənistan” və s. sözlərdən istifadə olunur. Bu, erməni seçicilər üçün qarmaqarışıqlığa səbəb olur, onların sosial şəbəkələrdə yazdıqları bunu göstərir.

Azərbaycanla sərhəddə və Qarabağda gərginliyin artması ilə əlaqədar seçkilər təxirə salınmasa (belə bir ehtimal var), parlamentdə yerlər uğrunda mübarizədə əsas rəqiblər aşağıdakılardır:

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası. Gələcək deputatlar siyahısında əsasən hazırki komandanın üzvləri, habelə əvvəllər partiyaya üzv olmayan iki oliqarx – Xaçatur Sukiasyan və Qurqen Arsenyan da var.

Birinci yerdə Nikol Paşinyan, ardınca Ararat Mirzoyan, Lilit Makunts, Suren Papikyan, Lena Nazaryan, Alen Simonyan və başqaları var. Baş nazir müavini Tiqran Avinyan siyahıya daxil edilməyib.

Keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” bloku – buraya “Dirçələn Ermənistan” partiyası (lideri Sünikin keçmiş qubernatoru Vaqe Akopyandır) və “Daşnaksutyun” partiyası daxildir.

Məşhur şəxslər arasında keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş baş nazir müavini Armen Qevorkyan və daşnakların liderləri var.

“Azad Vətən” bloku bir neçə kiçik Qərbyönlü partiyanı – Mikael Ayrapetyanın “Konservativ partiya”sını, Andreas Qukasyanın “Konstruktiv partiya”sını, Paruyr Ayrikyanın “Milli müqəddəratı təyinetmə uğrunda ittifaq”ını (hələ sovet dövründən məşhur olan dissident qrupu), “Demokratik vətən” (Petros Makeyan) və Artur Baloyanın rəhbərlik etdiyi “Ədalət” partiyasını birləşdirir.

Növbəti blok – Respublika Partiyası və “Vətən”i birləşdirən “Şərəfim var” blokunda respublikaçıların bir sıra məşhur nümayəndələri, habelə “Vətən”in lideri, keçmiş milli təhlükəsizlik naziri Artur Vanetsyan və Yerevanın sabiq meri Taron Marqaryan iştirak edir.

İki parlament partiyası – “Maariflənən Ermənistan” – bu partiyanın siyahısının başında Edmon Marukyanın adı var. Partiya özünü “üçüncü qüvvə” kimi qələmə verir və Paşinyan və ya Koçaryanla koalisiyanı istisna edir, parlamentə keçəcəyindən əmindir və səslərin təxminən 10%-ni alacağını gözləyir.

Və “Çiçəklənən Ermənistan” partiyası da Paşinyanla koalisiya mümkünlüyünü istisna edir. Bloka qalmaqallarla məşhur olan zəngin Qaqik Tsarukyan rəhbərlik edir. Qevorq Petrosyan və Naira Zoqrabyanın ayrılması ilə partiya zəifləyib.

Və nəhayət keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” partiyası. Ter-Petrosyan və müavini Levon Zurabyan mətbuatda fəal şəkildə çıxış edir, ölkənin bütün siyasi qüvvələrini qeyri-real, qeyri-mümkün və beynəlxalq hüquq nöqteyi-nəzərdən qanunsuz vəzifələr irəli sürməkdə ittiham edirlər.

Müşahidəçilərin fikrincə, ən kəskin mübarizə Nikol Paşinyan və Robert Koçaryan arasında olacaq. Bu mübarizənin nəticəsi “Şərəfim var” blokunun parlamentə düşüb-düşməyəcəyindən asılı olacaq. Bu anti-Paşinyan blok parlamentə keçdiyi təqdirdə ikinci mərhələ keçirilə bilər, “Şərəfim var” lazımi sayda səs yığmasa Pa

şinyan birinci mərhələdə qalib gələcək. Ən azından, hazırki bölgü bu şəkildədir, qaıan üç həftə ərzində isə bu vəziyyət hələ dəyişə bilər, sosioloq Qrant Mikaelyan belə hesab edir.

Ermənistan parlamentində 132 deputat var. Bu gün Paşinyan komandasının 83, müxalifətin 44 yeri var. Parlamentə düşmək üçün partiya seçicilərin səslərinin 5%-ni, partiyalar bloku isə 7%-ni yığmalıdır.

Ölkədə proporsional seçki sistemi mövcuddur. -0- 

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti