Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Bakıda havaya iki amil nəzərəçarpacaq dərəcədə təsir göstərir: gah Rusiyadan soyuq külək əsir, temperatur 7-10 dərəcə aşağı düşür, gah da İrandan külək əsir, temperatur 7-10 dərəcə yüksəlir. Qərbdən əsən külək isə buraya çatmır.

İrandan gələn küləklərin yaratdığı son gərginlik 2020-ci ilin aprelində–Araz çayı üzərində bəndin və Su Elektrik Stansiyasının (SES) tikintisi ilə bağlı hələ 2016-cı ildə İranla Azərbaycan arasında imzalanmış görünməmiş sazişin ictimaiyyətə məlum olmaması barədə informasiyanın qəzetlərə sızması ilə baş verdi. Müqaviləyə əsasən İrana onunla Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonları arasında tikintiyə icazə verilirdi. Müqaviləyə görə, bu kompleksin istismarı müqavilə tərəfləri ilə birlikdə həyata keçirilməliydi. Lakin  nə İrana, nə də ermənilərin işğal etdikləri ərazilərə azərbaycanlı mütəxəssislərin sərbəst girişi olmadığı üçün onların bəndə və SES-ə necə nəzarət edəcəyi aydın deyil. İranın bu obyektin tikintisini hələ 2010-cu ildə Azərbaycan tərəfinin hər hansı razılığı olmadan başa çatdırması barədə KİV-də dərc edilən fakt isə ictimaiyyətin daha da hiddətinə səbəb oldu!..

Sonra məlum oldu ki, bu layihəyə dair müqavilə hələ 1988-ci ildə SSRİ ilə İran arasında imzalanıbmış, lakin SSRİ-nin süqutu və regiondakı sonrakı hadisələr səbəbindən layihə dayandırılıb. 1993-cü ildə Azərbaycan prezidenti Əbülfəz Elçibəy layihəni davam etdirməkdən imtina edib, 5 ildən sonra prezident Heydər Əliyev də onun davam etdirilməsinə razılıq verməyib. Ancaq Tehran bu məsələyə yenidən qayıdır və 2000-ci ilin əvvəlində Azərbaycan tərəfinin hər hansı icazəsi olmadan bəndin tikintisini davam etdirir və  2010-cu ildə başa çatdırır.

Layihə üzrə danışıqların yeni raundu 2016-cı ildə başlayıb. Göründüyü kimi, Azərbaycan hökuməti qərara alıb ki, inad etməyin mənası yoxdur, çünki layihə çoxdan istismara verilib. Bəlkə, Azərbaycan İrandan Qarabağ məsələsində hansısa dəstəklə bağlı vəd alıb?..

Belədir, ya yox, ancaq müqavilə xüsusi açıqlama olmadan imzalanıb və 14 iyun 2016-cı ildə parlamentdə ratifikasiya edilib. Bu müqavilə haqda məlumatlar 2020-ci ildə Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olub. Ancaq kiçik ölkələrin taleyi belədir, çox zaman səninlə hesablaşmırlar, səni diqqətə almırlar və dözməli olursan.

Hazırda bənd Azərbaycan və Ermənistan ordusunun təmas xəttindən 85-90 km. qərbdə, Cəbrayıl rayonunun cənub-qərbində yerləşir. Məlumat verilir ki, layihə üzrə kompleksin Azərbaycan tərəfinə məxsus hissəsi İran tərəfindən 10 kilometrlik təhlükəsizlik zonası ilə əhatə edilib, erməni hissələri bu zonadan çıxarılıb, onların yerini isə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) qüvvələri tutub.

Araz çayı üzərindəki mübahisəli bənd İranla Azərbaycan arasında ilk və əsas ziddiyyət deyil. İran bu ölkə azərbaycanlılarının müstəqillik uğrunda hərəkatını qızışdırmağa qadir Azərbaycan millətçiliyindən ehtiyatlanır. Azərbaycan Respublikası isə ölkədə islam inqilabı ideyalarının yayılmasından ehtiyat edir. Burada daha bir ciddi ziddiyyət İranın Ermənistana - Azərbaycan torpaqlarını işğal etmiş ölkəyə iqtisadi dəstək verməsidir.

Doğrudur, son illər İran prezidenti, “islahatçı” Həsən Ruhani Bakı ilə münasibətləri normallaşdırmağa çalışıb - rəsmi şəxslərin qarşılıqlı səfərləri həyata keçirilib, müxtəlif  iqtisadi sazişlər bağlanıb.  Eyni zamanda, İranda ölkənin mühafizəkar qanadına yaxın mediada Azərbaycan hakimiyyətinə qarşı tənqidi məqalələrin sayı artıb. Azərbaycan Respublikasına münasibətdə “islahatçı” və “mühafizəkar” qanad arasında ənənəvi fərq bunda özünü göstərir. Həsən Ruhani Azərbaycana münasibətdə  ənənəvi  “islahatçı”  yanaşma  nümayiş  etdirir. Yəni,  daha çox dost əldə etməyə, qonşu ölkələrlə münasibətləri yumşaltmağa, diplomatik əlaqələri yüksək səviyyədə saxlamağa çalışır.  Amerikanın artmaqda olan sanksiyaları fonunda qonşularla soyuq münasibətlər ölkənin maraqlarına cavab vermir, prezident H. Ruhani belə hesab edir.

Amerika-İran qarşıdurmasının yeni mərhələsi

İran üçün xarici siyasətdəki əsas problem ABŞ prezidenti D. Trampın siyasətidir. 2018-ci ilin mayında ABŞ İranı nüvə silahının yaradılması üzrə işləri davam etdirməkdə ittiham edərək 2015-ci ildə İran və “altılıq” ölkələri (ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin və Almaniya) arasında bağlanmış nüvə sövdələşməsindən çıxıb. Bunun ardınca Vaşinqton İrana qarşı həm İranın nüvə proqramı, həm də “İranın region ölkələrindəki təcavüzkar siyasəti”ndən irəli gələn iqtisadi sanksiyalar tətbiq edib.

Tədricən sanksiyalar sərtləşməyə başlayıb, Tehranın Qərb ölkələri ilə imzaladığı ticarət razılaşmalarının əksəriyyəti dayandırılıb, neft satışı minimuma endirilib. Əlbəttə ki, bu addımlar “qarşılıqlı” olub. Ölkələr arasındakı gərginlik məhdud hərbi insidentlərə çevrilməyə başlayıb. Tehran ABŞ-a qarşı mümkün olan bütün vasitələrdən istifadə edib. 2019-cu ilin iyununda iranlılar ABŞ-a məxsus pilotsuz uçan aparatını vurublar. Sonra Vaşinqton İranı Oman körfəzində bir neçə xarici tankerə hücumda ittiham edib. Öz növbəsində İran 2019-cu ilin mayında nüvə sövdələşməsindən mərhələli şəkildə çıxdığını və “dinc nüvə fəaliyyəti”nin bərpasını elan edib. Bununla yanaşı Tehran Avropa ölkələrinə– Almaniya, Fransa və Britaniyaya müraciət edərək sazişi müdafiə etməyə və ondan irəli gələn öhdəlikləri yerinə yetirməyə  çağırıb.

Vəziyyət gərginləşməyə başlayıb. 2019-cu ilin aprelində ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunı terror təşkilatı elan edib, bir müddət sonra isə İran bütün Amerika ordusunu terror təşkilatı elan edib. Beləliklə, tərəflər qarşılıqlı hərbi zərbələr endirmək hüququ əldə ediblər.

Oktyabrda Bağdadda İraqın iranpərəst hökumətinə və İranın bu ölkəyə təsirinə qarşı etirazlar başlayıb, nəticədə İraq hökuməti istefaya gedib. Paralel olaraq İran tərəfdarları da etiraz aksiyaları keçiriblər, Bağdadda Amerika səfirliyinə hücum təşkil edilib. Bundan dərhal sonra - yanvarın 3-də Bağdad aeroportunda Amerika ordusunun xüsusi əməliyyatı nəticəsində İranın Yaxın Şərq əməliyyatları üzrə rəhbəri, “Qüds” briqadasının komandiri general Qasım Süleymani “Həşd-Şabi” qüvvələrinin əməliyyatlar komandanı Mehdi əl-Mühəndislə birlikdə öldürülüb.

Buna cavab olaraq, yanvarın 8-də İraqda ABŞ-ın iki hərbi bazası raket atəşinə məruz qalıb. Rəsmi məlumata görə, 100-dən çox hərbçi kəllə-beyin xəsarəti alıb, lakin itkilərdən qaçmaq mümkün olub. Ümumilikdə isə H. Süleymaniyə sui-qəsddən sonra İraqda Amerika ordusuna qarşı 20-dən artıq hücum həyata keçirilib. Təkcə martın 11-də “Taçi” hərbi bazasına hücum zamanı Qərb koalisiyasının üç hərbi qulluqçusu öldürülüb və on iki nəfər yaralanıb. Bundan sonra Amerika qüvvələri İraqın bu hücuma görə məsuliyyət daşıyan “Kataib Hizbullah” qruplaşmasının bazalarını darmadağın edib.

2020-ci il aprelin 15-də İran katerləri bir saat ərzində Fars körfəzində ABŞ hərbi gəmilərinin yaxınlığında “təhlükəli manevrlər” ediblər. Bundan sonra prezident D.Tramp bildirib ki, ABŞ hərbi qüvvələrinə təzyiq göstərəcək İran gəmilərinin vurulması üçün göstəriş verib. Buna cavab olaraq, İran bəyan edib ki, öz hərbi gəmilərinin yaxınlığındakı ABŞ hərbi qüvvələrini nişangahda saxlayacaq.

Bu hadisələr, həmçinin İranın 1,05 mln. barel benzinlə yüklənmiş 5 tankerinin Venesuelaya göndərilməsi hələlik iki dövlətin qarşıdurma prosesində pik hesab oluna bilər.

Lakin İranın sıxışdırılması ilə bağlı iqtisadi embarqo və daim hərbi-siyasi təzyiqdən istifadə ilə yanaşı bu insidentlər də ciddi nəticə verməyib. Bu qarşıdurmada fasiləni 2020-ci ilin əvvəlindən bütün dünyada yayılmış yeni koronavirus pandemiyası şərtləndirib. Pandemiya dünyanın bütün ölkələrinin hökumətlərinin diqqətini daxili problemlərin həllinə cəmləşdirib, həmçinin sülh əməkdaşlığı məsələsini aktuallaşdırıb.

Eyni zamanda İran xarici siyasətdə maksimum dinamik hərəkətlərlə Q.Süleymaninin yerini doldurmağa çalışıb. Tehranın bu ölkədən sıxışdırılması cəhdinə cavab olaraq Suriyada siyasi manevrlərin güclənməsi, Yəmən, İraq və Fələstində iranpərəst qüvvələrin dəstəklənməsi Tehranın regionda öz nüfuzunu qorumaq, İran tərəfindən ölkə ətrafında yaradılan “şiə qurşağı”nı möhkəmləndirmək cəhdlərinin göstəricisi olub. ABŞ hərbi bazalarına sözügedən hücumdan sonra bəzi bazaları tərk etmək və hərbi qüvvələri daha böyük və mühafizə olunan bazalarda cəmləşdirmək barədə Tramp administrasiyasının qərarı bəzi müşahidəçilər tərəfindən İranın uğuru kimi qiymətləndirilir.

Hazırda Amerika hökumətinin diqqəti pandemiyaya qarşı mübarizəyə yönəlib. İqtisadi vəziyyət və ABŞ-da seçkiqabağı yarışma ilə əlaqədar Tehran üçün ABŞ ilə qarşıdurmada bir il müddətinə fasilə yaranıb. Bu müddətdə Tehran regionda öz nüfuzunu möhkəmləndirməyə, həmçinin Avropa ölkələrini Amerikanın sanksiyalarına qoşulmamağa razı salmağa və onları nüvə sövdələşməsindən tamamilə çıxmaqla hədələməklə ticari əməkdaşlığı yoluna qoymağa ümid edir.

Prezident Ruhaninin bəyanatına görə, Amerikanın sanksiyaları nəticəsində “İranın büdcəsində hər il 50 milyard dollar (yəni, haradasa ötən ilin iki büdcəsi) çatmır”. Buna baxmayaraq, İran hələlik ölkə daxilindəki sosial etirazların qarşısını ala bilir. Uzun müddətəmi? Axı, Trump geri çəkilmək niyyətində deyil.

Xatırladaq ki, 15 noyabr 2019-cu ildə İranda yanacağın bahalaşması səbəbindən etirazlar rejimin dəyişdirilməsinə çağırışlara çevrilmişdi. Beynəlxalq təşkilatların məlumatına görə, 6 gün ərzində şiddətli etiraz aksiyaları zamanı İranın onlarla şəhərində 106-dan çox adam həlak olub.

Lakin Qərbin dəstəklədiyi bu etirazlar hökumət qüvvələri tərəfindən yatırılıb və “rejimin daxildən dəyişməsi”nin mümkünlüyü ilə bağlı versiyalar növbəti dəfə özünü doğrultmayıb.

***

Qarşıdakı il İran üçün həm iqtisadi (sanksiyalar), həm də siyasi sahədə ciddi sınaq ili olacaq. 21 fevral 2020-ci ildə İranda parlament seçkiləri keçirilib. Seçkilər  mühafizəkarların nəzərəçarpacaq qələbəsi ilə nəticələnib –parlamentdə 290 yerdən 223 mandati mühafizəkarlar, 16 mandatı islahatçılar, 36 mandat isə müstəqil deputatlar qazanıb. Parlamentin sədri də dəyişib, Tehranın keçmiş meri, keçmiş hərbçi və ölkənin dini liderinə yaxın şəxs Mühəmməd Bager Qalibaf sədr olub. Parlament seçkiləri pandemiyanın qızğın çağında keçirilib və İran tarixində ilk dəfə ən az sayda seçicinin – 42.57%-in  iştirak etdiyi seçki kimi yadda qalıb.

Gələn il ölkədə prezident seçkiləri keçirilməlidir. Prezident postunda ikinci müddətə yekun vuran Həsən Ruhani seçkidə iştirak edə bilməz. Seçkilərdə islahatçıların əsas iddiaçılarından biri kimi rabitə naziri Azəri Çehrominin adı çəkilir, lakin onun namizədliyi ilə bağlı qərarı Konstitusiyanı Müdafiə Şurası (Şurayı Negahban) qəbul edəcək.

Həsən Ruhaninin öz seçkiqabağı vədlərini reallaşdıra bilməməsi, həmçinin Qərblə nüvə sövdələşməsinin pozulması təkcə onun nüfuzuna yox, ümumiyyətlə, islahatçı qanadın nüfuzuna ciddi təsir göstərib. Gərginliyin  artması, xüsusilə Yaxın Şərqdə münaqişələrin dərinləşməsi bir qayda olaraq, mühafizəkarların mövqelərini gücləndirir. Lakin əgər noyabrda ABŞ-da seçkilərdə demokratlar qalib gələrsə, bu, İranın islahatçı qanadı üçün ümid ola bilər. Ən azı, nüvə sazişi yenidən bərpa oluna bilər, sanksiyaların yumşaldılması ehtimalı yenidən aktuallaşar.

İranın mövcud siyasi sistemində ölkədə ən yüksək vəzifəni 81 yaşlı ali dini lider Əli Xamenei tutur. Bu mənada ölkənin gələcəyi ilə bağlı təhlil və proqnozlarda onun sağlığı və xələfi məsələsi xüsusi yer alır. Bu, Qərbə öz loyallığı ilə seçilən Həsən Ruhani və ya Məhəmməd Hatəmi olacaq, yoxsa məxməri inqilabçı-mühafizəkar,  Suriya münaqişə zonasında səngərlərdə olan İbrahim Raisi?

Hazırda dini liderin mühafizəkar qanaddan potensial varisləri arasında İbrahim Raisi, Muctab Xamenei (indiki dini liderin oğlu) və Əli Xomeyninin (İran inqilabının lideri Ayətullah R. Xomeyninin nəvəsi) adları çəkilir

 

İrandakı Azərbaycan türkləri özlərini necə aparacaqlar

Bakıda Azərbaycan Respublikası ilə Cənubi Azərbaycanın (İran Azərbaycanı) birləşməsinin tərəfdarlarının gözləntilərinin əksinə olaraq, son iki onillikdə İrandakı 30 milyon Azərbaycan türkü İrandan ayrılmaqla bağlı xüsusi fəallıq göstərmir. Baxmayaraq ki, fars assimilyasiya siyasətinə, sosial problemlərə və vətəndaş hüquqlarının pozulmasına qarşı etirazlar periodik olaraq İranın Azərbaycan vilayətlərini, o cümlədən Təbriz, Ərdəbil, Zəncan kimi şəhərləri əhatə edir, lakin müstəqillik uğrunda mütəşəkkil hərəkata çevrilmir.

Fikrimizcə,  XX əsr boyunca İranda inqilabi hadisələrin hər zaman önündə olan İran azərbaycanlılarının bu cür passivliyi aşağıdakı amillərlə bağlıdır.

Əvvəla, İranın hazırkı dini rəhbəri Əli Xamenei etnik azərbaycanlıdır, İran siyasi rəhbərliyində, güc strukturlarında və biznesdə Azərbaycan türklərinin sayı az deyil. Yəni, burada yerliçilik və etnik diskriminasiyanın olmaması amili rol oynayır. Azərbaycan türklərinin çoxu İranı “özünün” və ya “ümumi” dövlət hesab edir.

Antiklerikal ovqata  - molla rejimindən narazılığa gəlincə, məlum olur ki, dini sahədə də Azərbaycan türkləri kifayət qədər təmsil olunublar. Ümumilikdə, İran azərbaycanlılarının müəyyən hissəsini indiki dövlət quruluşu tamamilə qane edir.

Lakin İranda azərbaycanlı millətçilərin ciddi qrupları da var, onların bu səyləri belə bir amili ortaya qoyur ki,  ölkənin əsas müxalifət qüvvəsi – Qərbin dəstəklədiyi monarxistlər vahid unitar İrana tərəfdardır və heç bir Azərbaycan muxtariyyəti, üstəlik müstəqillik haqda eşitmək istəmirlər.

Son illərin etiraz aksiyalarında aparıcı rol digər etnik qruplara – farslar, kürdlər, ərəblər və bəluclara məxsusdur, bu cür etiraz hərəkatları azərbaycanlılara mühüm heç bir şey vəd etmir.  Başqa sözlə, Azərbaycan milli hərəkatının liderləri nəzərə alırlar ki, daha pis hakimiyyətlə üzləşə bilərlər. Halbuki, İran azərbaycanlıları arasında hazırkı hakimiyyətdən sosial və siyasi planda ciddi narazılıq var.

Digər tərəfdən, əgər ərəblər və bəluclər coğrafi baxımdan Azərbaycandan uzaqda yaşayırlarsa, kürd amili, xüsusilə də kürdlərin Urmiyə rayonunda və Təbrizin yaxınlığındakı rayonlarda kütləvi məskunlaşması azərbaycanlıları narahat etməyə bilməz. Odur ki, kürdlərin separatçı fəaliyyəti, onların ərazi iddiaları azərbaycanlıların onların hökumət əleyhinə etirazlarına laqeyd münasibətinə səbəb olub. Bəzən onlar hətta iqtidarla  eyni mövqedən çıxış ediblər.

Və, əlbəttə ki, İranın növbəti dini liderinin və ya ölkə prezidentinin (və onların ətrafının) etnik mənsubiyyəti azərbaycanlıların hakimiyyətə münasibətinə ciddi təsir göstərə bilər. Bu gün prezidentliyə namizədlərdən biri kimi etnik azərbaycanlı Azəri Çahromi nəzərdən keçirilir. Düşünmək olar ki, onun etnik mənsubiyyəti ölkənin konsolidasiyası və ya dezinteqrasiyası proseslərinə nəzərəçarpacaq dərəcədə təsir göstərəcək.

***

Beləliklə, bir sıra beynəlxalq və regional hadisələr və amillər gələn il İslam Respublikası üçün ciddi əhəmiyyət daşıyacaq. Onların arasında ən önəmlisi 2020-ci ilin noyabrında ABŞ-da, 2021-ci ilin mayında isə İranın özündə keçiriləcək prezident seçkiləridir. Onların nəticələri ikitərəfli münasibətlərə ciddi təsir göstərməklə yanaşı, həm də regional vəziyyətə təsir göstərəcək. Digər tərəfdən, Trampın İrana qarşı mümkün uğursuz sərt pressinq və təcrid siyasəti, Fələstin-İsrail qarşıdurmasının güclənməsi (Trampın İordan vadisinin İsrail tərəfindən anneksiyası planı – “əsrin planı”) İranın xarici siyasi böhrandan çıxması üçün əlavə imkanlar yarada bilər. Bu mərhələdə Vaşinqtonun əsas kartı İrana qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsindən irəli gələn daxili sosial etiraz olacaq.

Lakin İranın başqa problemləri də meydana çıxa bilər. Belə ki, mətbuatın məlumatına görə, ABŞ-ın Taliban hərəkatı ilə razılaşmasından sonra  İranın şərq sərhədlərində mümkün təhlükə ölkə rəhbərliyini əfqanlardan ibarət “Fatimiyun”  briqadasının bəzi qruplarını Suriyadan Ədqanıstana yerləşdirməyə sövq edib.   Beləliklə, növbəti Amerika-İran qarşıdurması Əfqanıstanda baş verə bilər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti