KİV 9 fevral seçkiləri prizmasından

TV-siyasət

İnformasiya blokadası adı altında bütün televiziya şirkətlərinin (onların arasında 11 ümumyayım şirkəti var) namizədlərə efir vaxtı verməkdən imtina etməsi nəzərdə tutulur.

Özəl televiziya kanallarından heç biri pullu əsaslarla namizədlərin təbliğat materiallarını yerləşdirmək niyyəti barədə MSK-ya müraciət etməyib. Təkcə İctimai Televiziya təşviqat materiallarını ödənişli şəkildə yaymaq istəyini ifadə edib. İTV-nin yaydığı qiymət cədvəlinə əsasən Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqatın aparılması üçün televiziyanın efirində deputatlığa namizədlikləri qeydiyyata alınan şəxslər və ya onların nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat (1 dəqiqə üçün 1320 manat), bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manat olacaq (1 dəqiqə üçün 3900 manat). İctimai radioda isə bir saniyə minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır. Qanunvericiliyə görə, İTV deputatlığa namizədlər üçün həm də pulsuz efir vaxtı ayırmalıdır. Ancaq İctimai TV açıqlama yayıb ki, 60-dan çox dairədə namizədləri qeydə alınmış partiyalara (yəni, təkcə YAP-a) pulsuz efir vaxtı veriləcək. Digərləri isə saniyəsi 65 manatdan ödənişli efir vaxt ala bilərlər. Eyni zamanda 30 informasiya agentliyi və sayt, 9 qəzet və bir TV namizədlərin təşviqat materiallarını ödənişli şəkildə yerləşdirməyə hazır olduqlarını bildiriblər. Seçkiqabağı təşviqat yanvarın 17-də başlayır və 8 fevral saat 08:00-da - səsvermənin başlanmasına bir gün qalmış başa çatır. Media məsələləri üzrə ekspert, hüquqşünas Xalid Ağəliyev medianın seçkiqabağı təbliğat və təşviqat kampaniyasına münasibəti ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.

Bu, namizədlərin seçicilərlə ünsiyyətini ciddi şəkildə məhdudlaşdırıb.

YAP reklam vaxtından imtina etsə də dolayı yolla televiziya şirkətləri prezident Əliyev də olmaqla, məmur- funksionerlərin daxil olduğu hakimiyyətin fəaliyyətini fəal şəkildə təbliğ ediblər.

Nəzərə alsaq ki, televiziya şirkətləri mühüm KİV mənbəyi olaraq qalır və seçkilər isə mühüm ictimai-siyasi hadisədir, onların kütləvi ictimai marağı təmin etməkdən imtina etmələri teleradio yayım haqqında qanunun və vətəndaşların Konstitusiya hüquqlarının kobud şəkildə pozulmasıdır.

Telekanalların fəaliyyəti   “Televiziya və radioverilişləri haqqında” qanun ilə tənzimlənir. Həmin qanunun 32 –ci maddəsinin 32.0.2.1 bəndinə əsasən bütün telekanal və radiostansiyaların ictimai-siyasi verilişləri bitərəf, qərəzsiz, ölçülüb-biçilmiş və mötəbər olmalıdır;

- 32.0.4 bəndində fakt və hadisələr işıqlandırılarkən onlara birtərəfli şərhin yolverilməz olduğu göstərilir;

- 32.0.3 bəndində insanların şərəf və ləyaqətinin alçaldılmasının, işgüzar ad-sanının ləkələnməsinin yolverilməz olduğu, vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarına hörmətlə yanaşmağın lazım olduğu göstərilir;

- 40-cı  maddəsinin 40.2.4 bəndinə əsasən bütün informasiya mənbələri vətəndaşların şəxsi həyatına,   işgüzar ad-sanına,  şərəf və ləyaqətinə hörmətlə yanaşmağa borcludur;

-  40.2.5 bəndinə əsasən peşə etikası gözlənilməlidir;

- və nəhayət, 40.2.9 bəndinə əsasən bitərəflilik və qərəzsizlik təmin edilməlidir.  

Deməli, qanuna əsasən  telekanallar  başqa cür düşünməyə qarşı dözümsüzlük təbliğ  etməməli, siyasi qüvvələr üçün eyni efir vaxtı verməlidir və s., hələ vətəndaşların təhqir olunmasının yolverilməz olduğunu demirik.

Telekanallarin müxalifətlə mübarizə prosesinə qoşulduğunu görməməzliyə vurmaq olmaz. Başqa sözlə, biz  YAP-ın artıq neçə ildir ki, vergi ödəyənlərin hesabına özünün piar kampaniyasını keçirdiyinin şahidiyik.

Seçkilər ərəfəsində Milli Teleradio Yayım Şurası beş özəl ümumrespublika teleradioyayım şirkətinin – “Lider”, “Xəzər”, ATV, ARB 24 və “Space”- hər birinə 600 min manat (cari məzənnə ilə $352.9 min) məbləğində birdəfəlik maliyyə yardımı ayırıb.

Bu vəsait seçkilərin pulsuz işıqlandırılmasına kifayət edə bilərdi. Lakin telekanalların müstəqil informasiya siyasəti aparmadığını və tamamilə icra hakimiyyətindən asılı olduğunu nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, seçkilərin işıqlandırılması mövzusunun əngəllənməsi barədə göstəriş ali icra hakimiyyətindən verilib. Beləliklə, vətəndaşların tərcih etdikləri namizədin lehinə səs verməsi üçün qərar qəbul etməkdən ötrü namizədlər haqda mühüm informasiya almaq hüquqları pozulub.

Televiziya yeganə KİV-dir ki, konkret seçki dairəsi auditoriyasını əhatə etməyə qadirdir.  Qəzetlər və İnternet media bunu etməyə qadir deyil. Məsələn, mediada on minlərlə ziyarətçi ola bilər. Ancaq bu, ölkə boyunca və xaricdədir. Konkret seçki dairəsində bu rəqəm xeyli aşağıdır və ən yaxşı halda bir neçə yüz istifadəçini əhatə edə bilər. Az tirajlı qəzetlər, ümumiyyətlə, heç bir şəkildə seçki prosesinə və seçicilərə təsir etməyə qadir deyil.

 

MSK-nın informasiya siyasəti

MSK seçkilərin işıqlandırılması üçün informasiya mərkəzini yaradıb və orada müxtəlif KİV-dən ibarət media qrupu formalaşdırılıb. Məqsəd seçkilərin düzgün işıqlandırılması və seçicilərin məlumatlandırılması üçün şəraitin yaradılmasıdır. Lakin informasiya mərkəzi vasitəsilə dezinformasiya yayıb, media qrupu isə namizədlərin, məsələn,  İqbal Ağazadə, Mehman Hüseynovun qərargahları tərəfindən qeydə alınan saxtalaşdırmalara əhəmiyyət verməyərək rəsmi mövqeyi yayımlayıb.

 

 

MŞ jurnalistlərə qarşı zorakılığı görmür

Yanvarın 16-da Mətbuat Şurası “KİV-də seçkilərin işıqlandırılması” informasiya sessiyasında bəyan edib ki, seçki günü Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək. “Qaynar xətt”ə daxil olan məlumatlar ilk növbədə MSK-ya ötürüləcək. Bu barədə MŞ sədri Əflatun Amasov bildirib. O həmçinin qeyd edib ki,  Mətbuat Şurasının üzvləri regionlarda da seçkiləri müşahidə edəcəklər.

MŞ-nin saytının xülasəsi göstərdi ki, “jurnalistlərin müraciətləri var. Lakin müraciətlərin məzmunu açıqlanmır. “Qaynar xətt”in fəaliyyətinin, müşahidələrin nəticələri ilə bağlı indiyə kimi hesabat yoxdur. Seçki günü jurnalistlərin fəaliyyətinə maneçiliklər, onlara qarşı zorakılıq tətbiq edilməsi barədə məlumat yoxdur. Baxmayaraq ki, bəzi KİV və sosial şəbəkələr bu kimi faktlar barədə məlumat ötürüblər. MŞ jurnalistlərə və blogerlərə qarşı qanunsuz hərəkətlər barədə heç nə demir.

Onu da geyd etmək lazımdır ki,  Mətbuat Şurası medianın parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini aparıb. Monitorinqdə məqsəd ölkənin aparıcı, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki dövrünü işıqlandırmasında nəzərəçarpan peşəkarlıq meyllərini müəyyənləşdirməkdən və bununla əlaqədar cəmiyyəti məlumatlandırmaqdan ibarətdir. Monitorinqdə KİV-lərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na nə dərəcədə riayət etmələrinə diqqət yetirilib. Bu xüsusda təbliğat, əks-təbliğat materiallarına, “qara piar” hallarına diqqət yetirilib.

Monitorinq 3 mərhələdə keçirilib.

Milli Məclisə növbədənkənar seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək olan dövr – 5 dekabr 2019-16 yanvar 2020;

Təbliğat-təşviqat kampaniyası dövrü 17 yanvar – 7 fevral 2020;

9 fevral parlament seçkisinin işıqlandırılması. Medianın prosesdə iştirakçılığı, jurnalist fəaliyyətinə yaradılmış şəraitin öyrənilməsi – 9 fevral 2020.

20 qəzetin, 30 elektron informasiya resursunun cəlb olunduğu monitorinqin ilkin nəticələri

Hesabatlar iki mərhələ üzrə dərc edilib. KİV-in seçki mövzusuna diqqətinin artması birinci mərhələdəki 30% -dən ikinci mərhələdə 70% -ə qədər yüksəlib. Həmçinin “qara piar”dan istifadə barədə danışılıb. Üçüncü vacib mərhələ - KİV-də səsvermə günü ortaq MŞ-nin saytında öz əksini tapmayıb. MŞ seçkilərin KİV-də işıqlandırılması ilə bağlı hesabat vəd edir.

 

Jurnalistlərə qarşı zorakılıq

Parlament seçkilərində səsvermə zamanı bəzi seçki məntəqələrində səhərdən jurnalistlərə hücumlar qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videolara görə, bu, Bakının mərkəzində 23 saylı seçki dairəsində (1 saylı seçki məntəqəsi), 76 saylı Lənkəran dairəsində (30 saylı məntəqə) baş verib.

Seçki komissiyalarının üzvləri və naməlum şəxslər jurnalistlərin işinə maneçilik törədirlər, onları qovurlar və kameralarını sındırırlar.

Digər məntəqələrdə də KİV işçilərinə qarşı analoji münasibətə dair çoxsaylı məlumatlar daxil olur. MSK baş verənlərə reaksiya verməyib.

Fevralın 11-də gecə saatlarında MSK-nın qarşısında etiraz aksiyasının dağıdılması zamanı xüsusi təyinatlı polis dəstəsi təkcə deputatlığa namizədlərə qarşı deyil, böyük bir qrup jurnalistə qarşı da kobud davranıb. Belə ki, polis qadın jurnalistləri tutub avtobuslara mindirib, onlardan bəziləri xəsarət alıb. Aynur Elgünəşin başı yarılıb.

Həmçinin  frilanser Aytac Tapdıq, Sevinc Vaqifqızı (“Meydan” TV) qolunda ciddi xəsarət  üzündə qançır), Ülviyyə Quliyeva və Aygün Rəşidova (“Amerikanın Səsi”) saxlanılıb.

Onların hamısı saxlanılarkən zorakılığa məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıblar.

“Basta” saytının redaktoru Mustafa Hacıbəyli fevralın 11-də MSK-nın binasının qarşısında deputatlığa namizədlərin etiraz mitinqi zamanı döyülərək 5-ci polis bölməsinə aparılıb.

ATƏT-in KİV  azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir fevralın 11-də axşam Bakıda MSK-nın önündə keçirilən etiraz aksiyası zamanı jurnalistlərə qarşı amansız rəftar, həbslər və zorakılıq hadisələrinə görə təəssüfləndiyini bildirib.

“İctimai etirazı işıqlandıran jurnalistlərə qarşı hüquq-mühafizə orqanlarının amansız rəftarı,  həbslər və zorakılıq hadisələri məni çox narahat edir. Bu, xüsusilə yolverilməzdir, çünki jurnalistlər qanunvericilik orqanına seçkilərin nəticələri ilə bağlı ictimai maraq kəsb edən hadisələri işıqlandırıblar”, - A.Dezir əlavə edib.

 

9 fevral seçkilərində sosial şəbəkələr əsas alternativ informasiya məkanı kimi

İndiki seçkilər onun bütün mərhələlərində sosial şəbəkələrin artan nüfuzu ilə yadda qaldı. Bir sıra namizədlər  öz dairələrində seçicilərlə ünvanlı işləmək, o cümlədən platformalarını çatdırmaq və seçiciləri öz ətrafında birləşdirmək sosial şəbəkələrin kommunikativ imkanlarından istifadə etdilər. Həmçinin sosial şəbəkələr seçki prosesinin seçicilər tərəfindən izlənməsi, namizədlərlə seçicilər arasında, seçicilərin özləri arasında interaktiv əlaqə, ictimai nəzarət və seçkilərin qiymətləndirilməsi üçün əsas vasitəyə çevrildi.

Növbəti seçkilərdə sosial şəbəkələrin və ayrı-ayrı onlayn məlumat platformalarının təşviqat kampaniyalarında, seçkilərin izlənməsində rolunun həlledici olacağı, habelə öz səslərini qorumaq istəyən seçicilərin səfərbərlik vasitəsinə çevriləcəyi gözləniləndir.

Hakimiyyət sosial şəbəkələrin bu rolunu başa düşür. Təsadüfi deyil ki, səsvermə günü və sonrakı günlərdə YouTube və WhatsApp platformalarının işi pisləşib.

Fevralın 9-dan Azərbaycan ərazisində YouTube sosial şəbəkəsinin istifadəçiləri problemlərlə üzləşib.

Sosial şəbəkələrin istifadəçiləri bildirirlər ki,  müxtəlif brauzerlərdən giriş zamanı problemlər yaranır.

“İki gündür YouTube saytında videolar açılmır. Elə bildim ki, brauzerdə problem var. Silib yenidən yüklədim yenə eyni şey oldu. Deyəsən, kimsə YouTube-a girişi bloklayır”, - Vəli Quliyev adlı istifadəçi Turan-a bildirib.

“Xural” saytının redaktoru Əvəz Zeynallı bildirib ki, o da YouTube-dan istifadə zamanı ptoblemlərlə üzləşib. “Seçki günündən başlayaraq YouTube-da olan kanalımızda canlı efirə çıxa bilmirik. Son günlər İnternetin sürəti kəskin aşağı düşüb. Bizim provayderimiz KaTV olsa da digər provayderlərdə də eyni problem var”, - Ə.Zeynallı deyib.

CityNet provayder şirkəti bloklama haqda məlumatı təkzib edib. “Sadəcə, YouTube kanalının özündə problem var, ona görə də bəzi istifadəçilərdə problem yaranıb”, - provayderin nümayəndəsi Turan-a bildirib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Turan-a bildirib ki, son üç gündə YouTube şəbəkəsi ilə bağlı hər hansı problemin haqda məlumat yoxdur. Onun sözlərinə görə, istifadəçilərdən şikayətlər daxil olmayıb.

Media sahəsində ekspert Ələsgər Məmmədli Turan-a bildirib ki, Azərbaycanda İnternet sürəti ilə bağlı problemlər var. İnternetin bəzi hallarda, məsələn 19 oktyabr aksiyası zamanı kütləvi şəkildə provayderlər və mobil operatorlar tərəfindən kəsildi.

“Düşünürəm ki, son günlər parlament seçkiləri ilə bağlı çoxsaylı informasiyalar, video kadrlar paylaşıldığı halda, istisna deyil ki, bu tipli məhdudlaşdırıcı addımlar atıla bilər”, - o vurğulayıb.

Belə bir addımın atılıbsa, bu, qanunun və Konstitusiyanın, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozulmasdır.  Bundan əlavə, provayder və istifadəçi arasında müqavilənin şərtlərinin pozulmasıdır.

“Kaspersky Lab” şirkətinin 2018-ci ildə apardığı araşdırmanın nəticələrinə görə, Azərbaycanda İnternet istifadəçilərinin 97%-i müntəzəm olaraq YouTube-a daxil olur. Azərbaycanda İnternet istifadəçilərinin sayı 7 mln. 991 min nəfər təşkil edir. Ümumilikdə, əhalinin 79,8 %-i İnternet istifadəçisidir.

 

Tövsiyələr

1. Seçkiqabağı təşviqat kampaniyası 60 günə qədər uzadılsın;

2.MSK yanında seçki dövründə yayımlanacaq və pulsuz əsaslarla namizədlərin çıxışlarını təqdim edəcək, diskussiyalar və s. keçirəcək xüsusi TV yaradılsın;

3.Namizədlərin təşviqat aparması və seçkilərə  nəzarət etməsi  üçün sosial şəbəkələrdən istifadəyə yardım göstərilsin;

4. MSK-nın informasiya şəbəkəsində manipulyasiyalar istisna edilsin.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti