Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

3-cü yazı

İkinci Qarabağ müharibəsi heç şübhəsiz ki, Azərbaycan və Ermənistan iqtisadiyyatına fərqli təsirlər göstərəcək. Hətta post-müharibə dövründə də hər iki ölkədə artan hərbi, sosial və səhiyyə xərcləri dövlət büdcəsindən  digər vacib sahələrə yetərincə vəsait ayırmaq imkanlarını məhdudlaşdıracaq. Bu çətinliyi  hökümətlər 2021-ci ilin büdcəsinin formalaşması zamanı əhəmiyyətli dərəcədə  hiss edəcəklər.  Digər tərəfdən də Azərbaycan üçün sıradan çıxmış infratstukturun,  eləcə də yurdlarına qayıdacaq məcburi köçkünlərin yaşayış-mənzil təminatının bərpasına yönələcək investisiyalar iqtisadiyyatda dövlətin xərcləri və sərmayələrini çoxaldacaq. Bu da Keynsçi iqtisadçıların yanaşması ilə  iqtisadi artıma stimul verəcəkdir. Belə ki,  Keynsçi iqtisadçılar iddia edirlər ki, hərbi xərclər iqtisadiyyatın böyüməsinə təkan verir. Onlar bunu  müharibə zamanı dövlət xərclərinin artımı ilə izah edirlər.

Lakin, bəzi tədqiqatçılar iddia edirlər ki, hərbi xərclər əksinə iqtisadiyyatın böyüməsinin qarşısını alır. Belə ki, bir sıra empirik tədqiqatları nəticəsində məlum olur ki, hərbi xərclər  ÜDM-ə müsbət töhfə verə biləcək məhsuldar fəaliyyət sayılmır. Əslində müharibənin ÜDM-ə təsirinin empirik araşdırmalarından əldə edilən tapıntılar bir-birinə ziddir. Barro və Lee müharibənin iqtisadi atrıma əhəmiyyətsiz təsir göstərdiyini düşünürlər[1]. Jong‐ A‐ Pin[2]  araşdırmalarından məlum olur ki, siyasi qeyri-sabitliyin iqtisadi artıma  təsir etdiyini, ancaq müharibənin təsir etmədiyini təsbit edib. Buna baxmayaraq, Murdoch və Sandler[3] isə öz tədqiqatlarında daxili müharibələrin adambaşına düşən ÜDM-in artım sürətinə mənfi təsir göstərdiyini aşkar ebiblər.

1998-2017-ci illərdə 85 ölkədə iqtisadi böyümə və adambaşına düşən gəlirlər üzərində təsirlərin araşdırılması zamanı müdafiə xərcləri-iqtisadi böyümə əlaqələrini təyin etmək  xüsusi model qurulub[4]. Bu model müdafiə xərclərinin  iqtisadi böyüməyə təsirinin mənfi olduğunu ortalığa çıxarıb. Çünki,  hərbi xərclər artdıqca infrastruktur, səhiyyə, təhsil və iqtisadiyyatın  digər sahələrə sərmayə qoymaq üçün büdcədə  daha az pul qalır. Hərbi xərclər və silah ixracatının qarşılıqlı təsirinə gəlincə,  təsvir olunan modeldə diqqətəlayiq məqamlardan biri də o olub ki, əgər iqtisadi böyüməyə hərbi xərclərin mənfi təsir varsa, silah ixracatının isə iqtisadi artıma müsbət təsiri mövcuddur.  Beləliklə,  silah ixracatının ÜDM səviyyəsi və  əksinə  böyüməsi üçün müsbət təsirləri yalnız modern və inkişaf etmiş hərbi sənaye kompleksi olan ölkələr üçün xarakterikdir.

MakMillan genişlənmiş neoklasik istehsal funksiyasından istifadə edərək[5], Cənubi Afrikanın bir sıra ölkələrinin 1950-1985-ci illər arasında  hərbi xərclərinə dair toplanan məlumatları əsasında gəldiyi qənaət belədir ki, hərbi xərclərin iqtisadi böyüməyə təsirlərinin müsbət olduğu, hərbi xərclərin xarici təsirlərinin böyüməyə mənfi təsiri mövcuddur. Chang, Huang və Yang  dinamik panel tətbiq edərək,  belə nəticəyə gəlib ki, Hindistan, Pakistan, Nepal, Sri Lanka və Banqladeşin təcrübəsində sübut edib[6] ki, az gəlirli ölkələrdə  hərbi xərclər iqtisadi böyüməyə  mənfi təsir edir.

Wijeweera və Webb  1988-2007-ci illər ərzində Cənubi Asiyada inkişaf etməkdə olan beş ölkədən ibarət bir panel tədqiqatında ortaq inteqrasiya metodundan  istifadə etdərək[7] belə nəticəyə gəliblər ki, hərbi xərclərin hər 1 faiz  artımı real ÜDM-i 0,04 faizi aşağı salır.

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə[8], birinci Qarabağ müharibəsi nəticəsində ümumi iqtisadi zərər 53,5 milyard dollar təşkil edib.

Araşdırmaları ümumiləşdirərkən belə qənaətə gəlmək olar ki, hərbi xərclərin  yaratdığı xərcləri orta və uzunmüddətli dövrdə qarşılamaq iqtisadiyyata əlavə çətinliklər yaradır.  Artıq bu çətinlikləri Ermənistanda büdcə müzakirələrinin gedişindən görmək olur. Belə ki, parlamentdə büdcə müzakirəsində çıxış edən Ermənistanın  Maliyyə Naziri Atom Cancuqazyan 2020-ci ildə ölkədəki iqtisadi tənəzzül proqnozunu əvvəllər gözlənilən 2,6%-dən 6%-ə qədər pisləşdirdiklərini açıqlayıb. Bunu maliyyə naziri bu gün ölkə parlamentində çıxış edərkən deyib. Nazir iqtisadiyyatdakı tənəzzül proqnozunun daha da  pisləşməsinin Qarabağdakı müharibə və respublikada koronavirusun artan yayılma sürəti ilə əlaqəli olduğunu da qeyd etdi. Onun sözlərinə görə, 2021-ci ildə Ermənistandan ÜDM artımının 4.6% olacağı proqnozlaşdırılır. Parlamentdə büdcə müzakirəsində çıxış edən Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan isə  millət vəkillərinə 2021-in gərgin olacağını söyləyib. O təklif edib ki, gələn ildə sosial-iqtisadi inkişafı təmin etmək üçün bütün riskləri və problemləri nəzərə alacaq bir büdcə formalaşdırmaq lazımdır[9].

Bununla yanaşı,  Ermənistan Mərkəzi Bankının 2020-ci il üçün iqtisadi tənəzzül proqnoz daha bədbindir. İndi Mərkəzi Bank bu ilin sonuna ÜDM-in 7% azalacağını gözləyir, bankın əvvəlki proqnoz isə - 4% idi.

Hələ müharibə başlamamışdan proqnozlarını açıqlayan Beynəlxalq Valyuta Fondu 2020-ci ildə Ermənistanda iqtisadi azalmanın 4,5%, 2021-ci ildə isə ÜDM-in artımının 3,5% olacağını proqnozlaşdırır.

Ermənistan hökumət koronavirus böhranı səbəbindən artıq aprel ayında büdcəyə yenidən baxsa da oktyabr ayının 7-də cari ilin büdcəsində ikinci dəfə düzəlişlər edib. Verilən məlumatlara görə, aprel ayının  proqnozu ilə müqayisədə vergi yığımı 35 milyard dram azalacaq. Nəticədə, 2020-ci ildə büdcənin  vergi gəlirləri 1 trilyon 320,5 milyard dram (2,72 milyard dollar) təşkil edəcək və ya aprel ayında gözləniləndən 112,7 milyard dram (230 milyon dollar) az olacaq. Büdcə xərcləri 1 trilyon 637,4 milyard dram (təqribən 3,38 milyard dollar) və ya aprel ayından 9,5 milyard dram (19,5 milyon dollar) çox olacaq[10]. Beləliklə də büdcə kəsiri təxminən 660 milyon dollar və ya ÜDM-in 7,4% -i  qədər olacaq ki, bu da o deməkdir ki, büdcə kəsiri aprel ayına  nisbətən ilin sonunda  təxminən 135 milyard çox olacaqdır.

Göründüyü kimi, Ermənistanda pandemiya və müharibə ilə bağlı xərclər cari ilin büdcəsində kəsiri əhəmiyyətli dərəcədə böyüdü. Hətta nəzərə alsaq ki, müharibə dövründə Ermənistan qayıdan və  Qarabağdan köçürülən ermənilərin sosial xərcləri də büdcə üçün əlavə maliyyə yükü yaradır. Belə olan halda da 2020-ci ilin sonunda Ermənistanda büdcə kəsirinin ÜDM-in 10 faizinə qədər artacağı gözlənilir.

Azərbaycana gəlincə, İqtisadiyyat Nazirliyi[11] 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3,7 faiz azalacağını proqnozlaşdırılır. Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook" hesabatının oktyabr buraxılışında[12] Azərbaycan üzrə verdiyi yeni proqnoza əsasən, bu il Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası səbəbindən 4% azalacaq və  2021-ci ildə ölkədə ÜDM   2% artacaq.

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında göstərilir[13] ki, 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 mln. manat təşkil edib ki, bu da cari il üçün  proqnozlaşdırılan 1156,6 mln. manat məbləğində kəsirdən 479,0 mln. manat və ya 41,4 faiz az olub. Böyük ehtimalla Azərbaycanda büdcə kəsiri cari ilin sonuncu rübündə müharibə və pandemiya ilə əlaqəli xərcləmələrə görə kəskin artacaqdır.  Azərbaycan höküməti bu il üçün  kəsirin örtülməsini  özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin etmək niyyətindədir.

Yekun olaraq onu qeyd etmək istərdim ki, həm Azərbaycanda və həm də Ermənistanda artan hərbi xərclər ÜDM-in tənəzzülünü daha da dərinləşdirir və hər iki ölkədə büdcə kəsirini böyüdür.

 



[1] Barro, R. J., and Lee, J.-W. (1993) “Losers and Winners in Economic Growth.” NBER Working Paper No. 4341

[2] Jong‐​A‐​Pin, R. (2009) “On the Measurement of Political Instability and Its Impact on Economic Growth.” European Journal of Political Economy 25 (1): 15–29.

[3] Murdoch, J. C., and Sandler, T. (2004) “Civil Wars and Economic Growth: Spatial Dispersion.” American Journal of Political Science 48 (1): 138–51.

[4] Taimur Rahman, Danish Ahmed Siddiqui, The Effect of Military Spending on Economic Growth in the Presence of Arms Trade: A Global Analysis, https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3401331

[5] John Paul Dunne, David S. Saal Military Spending and Economic Growth in South Africa, https://www.researchgate.net/publication/227347797_Military_Spending_and_Economic_Growth_in_South_Africa

[6] Hsin-ChenChang, Bwo-NungHuang, Chin WeiYang, Military expenditure and economic growth across different groups: A dynamic panel Granger-causality approach, https://www.sciencedirect.com/science/article/pii/S0264999311001337

[7] Matthew J. Webb, Albert Wijeweera Military Spending and Economic Growth in South Asia: A Panel Data Analysis, https://www.researchgate.net/publication/234007041_Military_Spending_and_Economic_Growth_in_South_Asia_A_Panel_Data_Analysis

[8] Azerbaijan Human Development Report 2000, http://hdr.undp.org/sites/default/files/azerbaijan_2000_en.pdf

[9] http://www.finmarket.ru/database/news/5345969

[10] https://ru.armeniasputnik.am/economy/20201006/24794475/Pravitelstvo-Armenii-perelozhilo-byudzhet-na-voennye-relsy.html

[11] https://qazet.az/business/iqtisadi/167846/

[12] https://www.imf.org/en/Publications/WEO/Issues/2020/09/30/world-economic-outlook-october-2020

[13] http://maliyye.gov.az/news/5491/2020-ci-ilin-doqquz-ayinda-dovlet-budcesinin-icrasina-operativ-dair-melumat

Rəy yaz

Makroiqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti