Səlahiyyətli orqanların razılığı olmadan qeyri-hökümət və ya ictimai təşkilatın fəaliyyət göstərə bilmədiyi ölkədə yaxşı insanlar bir araya gələrək öz şəxsi təşəbbüsləri ilə imkansızlara kömək edirlər.
QHT funksiyasını öz üzərinə götürən bu adamlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyiblər, qrant almırlar, sadəcə, qeyri-rəsmi xeyriyyəçilərin dəstəyilə fəaliyyət göstərirlər.
"Mən çox xoşbəxtəm - tənha anaya ev tikdik"
Fevralın 15-də Bakı sakini Nigar Bayramlı dostlarına bildirib ki, Saatlı rayonundakı evin tikintisi başa çatmaq üzrədir. Divarları suvamaq və mebel yerləşdirmək qalır. Nigarın müraciəti: "Kim bacarırsa pul və ya mebel ilə köməklik etsin".
Fevralın 3-də o, Facebook-da yazıb: "Bilmirəm, xoşbəxtliyimi necə çatdırım. Mən çox sevinirəm. Biz Saatlıda iki oğlu olan tənha ana üçün ev tikməyə başladıq. Dostlarım yanımdadır, ustalar çalışırlar, günəş parlayır və biz xoşbəxtik. Sizi sevirəm, əziz insanlar. Yalnışları bir kənara atın, öz çevrənizdə dünya yaradın. Ancaq yaxşı işlər görün. Vacib olan hər şeyin ən yaxşısına inanmaqdır."
Mən Nigardan özü haqda danışmasını xahiş etdim. O, blogerdir (nikabayramli.blogspot.com), ehtiyacı olanlar üçün pulsuz əşyaların toplanması məntəqəsinin, "Güvən" dostluq və xeyriyyəçilik təşkilatının təsisçisi və rəhbəridir.
- Məntəqə Bakıda 2016-cı ilin martından fəaliyyət göstərir. İlk dəfə onu Amay Ticarət Mərkəzində açdım. Yayda Dilarə Əliyeva küçəsi, 251 ünvandakı qaraja köçdük, 2016-cı ilin qışında isə yenə Dilarə Əliyeva küçəsi, 243 ünvanda daha böyük məntəqəyə köçdük.
Bizdən əşya götürməyə müxtəlif insanlar gəlir. Biz onları tanıyırıq və bilirik ki, onlar öz ehtiyaclarından danışarkən yalan söyləmirlər. Onların arasında rayonlardan gəlib Bakıda təhsil alan tələbələr, internat məktəblərin keçmiş şagirdləri var. Bizim məntəqənin geyim və mebelindən kəndlərdəki məktəblər, uşaq bağçaları istifadə edir.
Hər həftə rayonlara əşya aparırıq, əyalətlərdə aksiyalar keçiririk, 100-200 adam toplayırıq. Hər gün bizə demək olar ki, hər şey gətirirlər: düymədən tutmuş mebelə qədər. Ancaq oyuncaq çatışmır. İstərdim ki, məntəqə haqda daha çox insanın məlumatı olsun. Geyim və əşyalar nə qədər çox olarsa, bir o qədər çox ehtiyacı olanı təmin etmiş olaraq.
Analar öz övladlarını evdə qoyub başqalarına yardım etmək üçün gəlirlər
- İndi başa düşürəm ki, həyatım təsadüfü olmayıb. Hər şey ulu yaradan tərəfindən yazılıb. Atam hərbçidir. Biz tez-tez bir rayondan digərinə gedərdik. Uşaqlıqda atam məni qocalar evinə aparmışdı. 2009-cu ildə bankda təcrübə keçərkən xeyriyyə yarmarkasına dəvət olunmuşdum. Hər şey elə o gündən başladı. Dostlarıma kömək etməyə başladım, aztəminatlı ailələrə ərzaq aparan bir qrup uşaqla tanış oldum.
2010-cu ildə "Gəlin, mehriban yaşayaq!" adlı qrup açdım. Özüm sosial şəbəkələrdə yazdım, özüm layk etdim, özüm oxudum. Əməkhaqqımın hamısını ərzağa və şirniyyata xərclədim. Müxtəlf qruplara qoşuldum, nəsə eləmək istəyirdim. 2012-ci ildə qrupun adını "Help Hand" qoydum. Çalışırdım, eyni zamanda faydalı olmaq istəyirdim.
Yaxşı insanların sayəsində 20-dən çox xeyriyyə işimiz oldu: ehtiyacı olanlar üçün evlər, uşaq bağçalarının, məktəblərin, müxtəlif yerlərdə reabilitasiya mərkəzlərinin bərpası. 2017-ci ildə pulsuz əşyalar məntəqəsi vasitəsilə ehtiyacı olanlara 1000-dən çox müxtəlif geyim verilib. Əşyaları sığınacaqlara, uşaq evlərinə və reabilitasiya mərkəzlərinə veririk.
2017-ci ilin dekabrında 700-ə yaxın uşaq Yeni il hədiyyəsi alıb. Layihə Bakıdakı Hard Rock kafesi ilə birgə keçirilib. Uşaqlar şaxta babaya məktub yazıblar. Biz də hədiyyələri kafedə qoyulmuş yolkadan asmışdıq. Hədiyyələri oradan götürürdülər. "Şaxta baba ol!" layihəsi üçüncü ildir ki, uğurla keçirilir.
Bir ildən çoxdur ki, bizim məntəqənin icarə haqqını yerli "Antaris" şirkəti ödəyir. Mən rəhbərliyə təşəkkür edirəm. Tədris ilinin əvvəlində onlar Füzuli rayonundan olan uşaqları məktəb ləvazimatı ilə təmin etdilər. Belə xeyirxah şirkətlərin sayı çoxdur, hər kəs bacardığı köməyi edir və bu, uğurdur.
Əlbəttə, macərasız da olmur, ancaq bacardığım qədər möhkəm dayanıram.
"Güvən"in əsas məqsədi fiziki imkanları məhdud uşaqlara yardım etməkdir. Uşaqlara və böyüklərə əlil arabaları veririk. Hər ay müxtəlif restoranlarda doğum günlərini qeyd edirik, ekskursiyalar təşkil edirik. Uşaqlar gəmidə də olublar.
Dostlar təkcə Bakıda yox, regionlarda da yardım göstərirlər. Müxtəlif adamlar gəlir. Onların arasında analar da var. Onlar başqalarına kömək etmək üçün öz uşaqlarını evdə qoyub gəlirlər. Hər gün sanki bayramdır. Mən insanları, uşaqları sevirəm və Nika bacı sözlərini eşitmək üçün yaşayıram. İnternata gedirəm, əlil arabalarında olan uşaqlar mənim adımı söyləyirlər, bir başqası əllərini açaraq mənə tərəf yüyürür. Həyatda bundan da yaxşı nəsə varmı? Xoşbəxtlik bu deyilmi?
Bizə yardım edən xeyirxah insanlar və yoxsulluqdan xilas olmağı bacaran insanlar haqqında kitab yazmaq istəyirəm. Artıq onların işi və isti evi var. Kimsə mənim haqsız olduğumu sübut edə bilməz. Mən bilirəm k, pis adam yoxdur, sadəcə, pis şərait var. Şükür Allaha, mənə ancaq ən yaxşılarla tanış olmaq nəsib olub",- Nigar Bayramlı öz maraqlı həyatı haqda söhbətini yekunlaşdırır.
Geyim əşyalarını paylaşmaq və ya başqa dəstək göstərmək üçün telefon: +994 55 2668535
Rəy yaz