Presidents of Russia, Iran and Azerbaijan Vladimir Putin, Hassan Rouhani and Ilham Aliyev. Archive

Presidents of Russia, Iran and Azerbaijan Vladimir Putin, Hassan Rouhani and Ilham Aliyev. Archive

Oktyabrın 6-da İran Dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Velayəti bir ölkənin ərazilərinin başqa bir ölkə tərəfindən işğalının yolverilməz olduğunu bildirib.

“Dağlıq Qarabağ və Azərbaycan Respublikasının ona bitişik yeddi rayonu işğal edilib. BMT bu məsələ ilə bağlı dörd qətnamə qəbul edib. Onlar hamısı Ermənistandan işğal edilmiş əraziləri tərk etməyi, beynəlxalq sərhədlərinə qayıtmağı tələb edir”, deyə o bildirib.

Bu bəyanatın İran və Azərbaycan prezidentlərinin oktyabrın 6-da baş tutan telefon danışığından sonraya təsadüf edib-etmədiyi məlum deyil. Rəsmi məlumata görə, prezident Əliyev həmkarı Həsən Ruhaniyə Azərbaycan-İran sərhədinin bir hissəsinin nəzarət altına götürüldüyü və burada Azərbaycanın sərhəd qoşunlarının yerləşdiriləcəyi barədə məlumat verib. Buna Əliyevin sərhəddə hər hansı üçüncü ölkənin ordusunu və ya hansısa qüvvələrini yerləşdirməmək və İran üçün narahatlıq yaratmamaq vədi kimi qiymətləndirmək olar? Belədirsə, bu halda Velayətinin bəyanatı İranın Tehranın düşmənlərinin Azərbaycan ərazisindən istifadəsinə imkan verməyən maraqlar doktrinasına uyğun gəlir.

Bir müddət sonra İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bildirib ki, “İran Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamağa hazırdır və Bakının İran, Rusiya və Türkiyənin münaqişənin nizamlanmasında daha fəal rolu haqqında təklifini alqışlayır”.

Əliyevin faktiki zəmanəti Cənubi Qafqazda tarixən regionda təsir sahəsi uğrunda rəqabət aparan region dövlətlərinin iştirakı və birliyi ilə təhlükəsizlik sistemi yaradılması fikrini ehtiva edir. Bunu regional səviyyədə dövlətlərin maraqlarının tarazlaşdırılmasına əsaslanan sabitlik sistemi kimi qiymətləndirmək olar.

SSRİ dağıldıqdan sonra, Qarabağ münaqişəsi qızışdıqda İran dəfələrlə problemin sülh yolu ilə həllində vasitəçi kimi çıxış etməyə çalışıb. Amma bütün bu cəhdlər uğursuz olub. İran-İraq münaqişəsinin nizamlanması təcrübəsi olan Velayəti Azərbaycanlılar və ermənilər arasında vasitəçilik etmək məqsədilə 1992-ci il fevralın 25-də İranın XİN başçısı qismində Bakıya gəlib. Amma fevralın 26-na keçən gecə erməni qoşunlarının Rusiyanın 366-cı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərinə hücum etməsi və dinc əhali arasında soyqırım törətməsi ilə onun hər iki tərəflə razılaşdırılmış missiyası pozulub.

Ermənistan-Azərbaycan münaqişəsi boyunca İran diplomatik mövqe tutub, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, eyni zamanda hər iki tərəflə eyni səviyyədə əməkdaşlıq edib. Ermənistanın Azərbaycan, Gürcüstan, Türkiyə tərəfdən üçtərəfli mühasirəsi şəraitində bu ölkə üçün yeganə nəqliyyat dəhlizi olaraq qalıb. İndi, İranın Azərbaycanın tərəfini tutması ilə Ermənistan tamamilə yerüstü mühasirə və bütün həmsərhəd qonşuları – Azərbaycan, Gürcüstan, Türkiyə və İranla qeyri-dost münasibətləri vəziyyətinə düşüb.

Doğrudur, İİR XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə sentyabrın 29-da bildirib ki, hərbi yük istisna olmaqla, İrandan Ermənistana yük daşınması davam edir. Amma sirr deyil ki, farslarla etnik bərabərliyə malik olan (hər biri 30 mln.) və İranın dövlət idarəetməsində ciddi mövqelər tutan İran azərbaycanlılarının Azərbaycanla həmrəyliyinin artması fonunda Ermənistan üçün qapılar tamamilə bağlana bilər. Və son günlər İrandan Ermənistana gedən nəqliyyat vasitələrinin qarşısının İran azərbaycanlıları tərəfindən kəsilməsi faktları bu nəticəni çıxarmaq üçün əsas verir.

Ermənistan-Rusiya kinorejissoru, Rusiya televiziyasında siyasi tok-şouların fəal iştirakçısı olan Karen Şahnazarov qeyd edib ki, Qarabağ məsələsində İranın istiqamət dəyişdirməsi Ermənistan üçün təhlükəli vəziyyət yaradır. O qeyd edib ki, bu gün artıq Qarabağın deyil, Ermənistanın taleyi təhlükə qarşısındadır və bu ölkədə ermənilər bunu dərk etməli və qonşuları ilə münasibətlərinə yenidən nəzər salmalıdırlar, belə ki, hazırki siyasət davam edərsə, gələcəkdə Ermənistanın mövcudluğuna son qoyula bilər.

İranın vasitəçi qismində sülh prosesinə buraxılacağı ehtimalı çox azdır. Bu ölkənin Ermənistanla bütün yaxşı münasibətlərinə baxmayaraq, Ermənistan heç vaxt ATƏT-in Minsk Qrupu formatının dəyişməsində maraqlı olmayıb, yeri gəlmişkən, son zamanlara qədər Azərbaycan da bunda maraqlı deyildi.

Doğrudur, Moskva İranla digər sahilyanı ölkələr – Azərbaycan, Qazaxıstan və Türkmənistanın iştirakı ilə Xəzər Dənizinin mübahisəli statusu ilə bağlı tamamilə konstruktiv dialoq aparır. Dialoq birbaşa bu beş ölkəni əhatə edən su hövzəsi ilə bağlı olsa da, xoşluqla razılaşmaq iqtidarını və istəyini nümayiş etdirib. Nəzərə almaq lazımdır ki, Rusiyanın İran istiqamətində Şimal-Cənub nəqliyyat dəhlizini, habelə ticarəti, İranda energetika, kimya sahəsində perspektivli layihələri, atom layihəsini və s. də əhatə edən mühüm maraqları var.

Eyni zamanda, regionu və İran və Rusiyanın maraqlarını bir-biri ilə əlaqələndirən iki aspekti qeyd etmək lazımdır. Birincisi, Cənubi Qafqaz 19-cu əsrin əvvəllərinə qədər adda da olsa, Fars İmperiyasının tərkibinə daxil idi və iki müharibədən sonra Rusiya tərəfindən alınıb. Sovet dəmir pərdəsi yıxılana qədər regiona İranın təsiri cüzi idi. Amma sonradan yaranmış boşluq və İranın, eləcə də Türkiyənin Cənubi Qafqaza müntəzəm şəkildə qayıtması nəticəsində bu təsir güclənməyə başladı və bu gün biz İran-Türkiyə təsirinin artmasından və Rusiyanın zəifləyən iştirakından danışa bilərik. Bu, həmçinin Kremlin Qarabağ münaqişəsinə baxışını, 19-cu əsrdə də olduğu kimi, Cənubi Qafqazda region dövlətlərinin təsir uğrunda mübarizəsinin mərkəzi meydanı olan Azərbaycanın qanuni maraqları çərçivəsində yenidən dəyərləndirməsi üçün təkan ola bilər.

İkinci aspekt İranın Cənub azərbaycanlılarının artan milli özünüdərki, özünüidentifikasiyası, onların öz milli (etnik) dövləti olan Şimal azərbaycanlıları ilə (Azərbaycan Respublikası) birləşmək meylidir. Özlərini türk adlandıran İran azərbaycanlıları İran dövlətinə inteqrə olunub və özlərini həm fars, həm də türk (Azərbaycan) mədəniyyətinin daşıyıcısı, habelə son 500 ildə şiə İranının qurucusu və qoruyucusu (15-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər İranın bütün hökmdarları Azərbaycanlı olub) hesab edirlər. Amma qeyd etmək lazımdır ki, SSRİ dağıldıqdan sonra dövlət sərhədlərinin açılması, İran-Azərbaycan-Türkiyə arasında gediş-gəlişin asanlaşması, 80-ci illərin sonlarından etibarən Türkiyə ilə və 2000-ci illərin əvvəllərindən Azərbaycanla peyk yayımı vasitəsilə vahid dildə informasiya məkanının formalaşması İrandakı azərbaycanlıların özünüdərkinə və özünüidentifikasiyasına xeyli təsir edib. Və biz faktiki olaraq regionda eyni dildə danışan 100 milyondan çox türk əhalisi olan üç ölkəni əhatə edən vahid türk informasiya-siyasət-iqtisadiyyat məkanının formalaşmasının şahidi oluruq.

Rəqabət aparan türk və fars etnoslarının və sayına və nüfuzuna görə daha az əhəmiyyət kəsb edən ərəb, kürd icmalarının mövcudluğu ilə əlaqədar İranı əsrlər boyunca dövlətin tamlığının pozulması narahat edib. İndiyədək onların birliyini birləşdirici dini şiəlik ideologiyası ilə təmin etmək mümkün olub. Burada milli və etnik mənsubiyyət ikinci plana keçirdi. Amma bu gün, İranda ölkənin gələcək inkişafına dünyəvi baxışların gücləndiyi bir vaxtda (bu isə demokratiyaya, milli və mədəni bərabərliyə can atmaq deməkdir) onun həmsərhəd türk ölkələri – Türkiyə və Azərbaycanla müttəfiqlik münasibətləri dövlətin sabitliyinin və tamlığının təmin edilməsində mühüm amilə çevrilir.

Rusiya bu prosesi diqqətlə izləyir və onun son 10 ildə Türkiyə və Azərbaycanla qurulan tarazlaşmış münasibətlərini iki türk dövlətinin artan nüfuzu və regional inteqrasiyası diktə edir.

Yeni vəziyyətə Şahnazarovun yenidən düşünülmüş baxışı prizmasından nəzər salsaq, bu gün Qarabağın öz müqəddəratını təyin etməsi deyil, Ermənistanın siyasi cəhətdən müqəddəratını təyin etməsi region üçün problemdir. Ermənistanın tarixən bütün qonşuları ilə gərginlik siyasəti təkcə onunla həmsərhəd ölkələr üçün deyil, Rusiya kimi imperiya oyunçusu üçün də maneəyə çevrilir. Rusiya 19-cu əsrdə yaranmış və bu gün geosiyasi əhəmiyyətini itirmiş Ermənistanın şəxsində amorf və münaqişəli forpostunun xeyrinə Ön Asiya, o cümlədən Cənubi Qafqaz regionunda mövqelərini itirmək istəmir.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti