Maliyyə Nazirliyinin  gələn ilin dövlət büdcəsində zəif bəndlərini  gücləndirən  cavabı

Maliyyə Nazirliyinin mətbuat xidməti “Turan” İnformasiya Agentliyinə məxsus internet resurslarında dərc olunan “2020-ci ilin dövlət büdcəsinin 20 zəif bəndi” adlı məqalə ilə bağlı açıqlama ilə çıxış edib. Bu açıqlamada istifadə olunan qeyri-etik ifadələr yazı müəlliflərinin  zəif tərəflərini göstərməklə yanaşı onların qeyri-peşəkar yanaşmaları 2020-ci ilin büdcəsində zəif bəndlərin sayının artırmaq üçün əlavə istinad mənbələri yaratmışdır. Odur ki, ilk növbədə nazirliyin “ arqumentləri”nə nəzər salırıq.

Büdcə xərclərinin təsnifatı ilə seçilmiş büdcənin parametlərinə çıxışı məqsədyönlü şəkildə  qarışdıran Nazirlik rəsmiləri büdcə sənədinin qapalı olduğunu inkar edir. Nazirliyin saytında büdcə layihəsinin təqdimatı və parametrləri adı altında yerləşdirilən sənədlərdən yalnız biri 2018-2020-ci illər üzrə dövlət büdcəsi xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində göstəricilərindən ibarət olsa da o da yarımçıqdır. Belə ki,  Maliyyə Nazirliyinin saytında “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində nəzərdə tutulan  funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində gəlirlərin layihəsi ilə tanış olmaq mümkün deyildir, xərclərin təsnifatı isə  bütünlüklə aparılmayıb, inzibatı təsnifat isə ümumiyyətlə təqdim olunmayıb. Bununla yanaşı Qanunun həmin maddəsi   növbəti il üzrə dövlət büdcəsinin və icmal büdcənin, habelə sonrakı üç il üzrə icmal büdcənin layihələrinə uyğun olaraq mühüm investisiya layihələrini özündə əks etdirən dövlət investisiya proqramının layihəsinin də dərc olunmasını tələb etsə də bu sənədlə nə maliyyə nazirliyinin saytdından, nə də ki, Milli Məclis üzvlərinə paylanan büdcə zərfindən tanış olmaq mümkün deyildir. Bundan əlavə, qanunda tələb olunan  Azərbaycan Respublikasının ərazisi üzrə toplu maliyyə balansı da açıqlanmayıb, eləcə də  büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələrinə dair izahat verilmir.  Maliyyə Nazirliyinin təqdim etdiyi sənədlərin siyahısında cari ilin icmal büdcəsinin gözlənilən icrasına dair məlumatla,  büdcədənkənar əməliyyatlara dair icmal hesabatla,   dövlət büdcəsi kəsirinin keçən büdcə ilində faktiki və cari büdcə ilində gözlənilən maliyyələşdirmə mənbələri barədə hesabatla da tanış olmaq mümkün deyildir.

Nəhayət, onu da qeyd edim ki, funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində büdcənin 20,8 faizini təşkil edən tikinti və şəhərsalma, 14,3 faiznin təşkil edən müdafiə və milli təhlükəsizlik, 6,8 faizini  təşkil edən dövlət borcu,  6,7 faizini təşkil edən  əsas bölmələrə aid edilməyən   xərclərin nə iqtisadi, nə funksional və nə də inzibati təsnifatı verilməyib. Göründüyü kimi 2020-ci ilin dövlət büdcəsinin layihəsində xərclərin ən azı 48,6 faizinin nə iqtisadi, nə funskional və nə də inzibati təsnifatı yoxdur.

Halbuki  bizə verilən   cavabda da göstərilir ki,  ctimai əlçatanlığın təmin edilməsi üçün büdcənin bütün parametrləri üzrə geniş və ətraflı məlumatlar toplusu Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilir. Amma nəinki ictimaiyyət hətta parlament üzvləri səs verdiyi verdiyi 2020-ci il büdcəsinin yarıya qədərinin hara, nə qədər və kim tərəfindən xərcləndiyini bilmir.

Cavad açıqlamasından bəlli olur ki, Maliyyə Nazirliyi hələ də büdcə danışıqlarının nə olduğunu bilmir, onu Nazirlər Kabinetində və Prezident Aparatındakı səthi müzakirələrlə qarışıq salırlar.  Belə yerlərdə deyirlər ki, ağası gülüm olanın başına da külüm olar.   Büdcə danışıqları  büdcə layihəsini  həm yuxarıdan aşağı, həm də aşağıdan yuxarı birləşdirən bir büdcə prosesidir. Bu danışıqlara görə Maliyyə Nazirliyi bələdiyyələrlə müzakirələrə gedib, onların ehtiyaclarına uyğun olaraq dotasiyaların məbləğinin müəyyənləşdirməlidir. Amma belə danışıqlar olmadığından bələdiyyələrə sayından və  digər parametrlərindən asılı olmayaraq  on illərdir ki, eyni məbləğdə ildə  5 milyon dotasiya ayrılır.  Büdcə danışığı olmadığına görə bu məbləğ sabit qalıb, nə artır, nə də ki azalır.

Maliyyə Nazirliyi iddia edir ki, parlamentin büdcə prosesində qane edicidir. Halbuki Büdcə sistemi haqqında Qanuna görə, parlamentdə büdcə prosesi oktyabrın 15-dən dekabr ayının 20-nə kimi 2 ay 5 gün müddətində  nəzərdə tutulsa da son illərin praktikasında bu müzakirələr parlametin 10 iş günündən çox olmayıb.

Maliyyə Nazirliyi  nəticə əsaslı büdcə tərtibi mexanizminin təşkili kifayət qədər mürəkkəb bir islahat prosesi olduğunu açıqlayır və ona keçid  üçün başqa ölkələrin təcrübəsində 8-11 il tələb olunduğunu bildirir və Azərbaycanda belə təsnifata Ortamüddətli Xərc Çərçivəsinin tam şəkildə tətbiqinə başlandıqdan sonra mümkün olduğunu bildirir. Sual olunur ki, hətta  nəticə əsaslı büdcə tərtibi mexanizminin təşkili 11 il zaman aparsa da nədən 27 ildir ki, büdcə tərtibatına məsuliyyət daşıyan Maliyyə Nazirliyi belə təsnifatı hazırlamır?.  Bizdə olan məlumata görə, ən yaxşı halda Azərbaycanda  nəticə əsaslı büdcənin tərtibi 2023-cü ildə gözlənilir. Doğrudanmı 30 il sizə bəs etmir ki, bu islahat xarakterli nəticə əsaslı büdcə tərtibatına keçidi təmin edəsiniz? Əslində  nəticə əsaslı büdcə tərtibi mexanizminin təşkili büdcə vəsaitlərinin mənimsənilməsinin ictimai sector və mətbuat vasitəsilə izlənməsinə şərait yaratdığından Maliyyə Nazirliyinin marağında deyildir.

Maliyyə Nazirliyi qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, 2020, 2021, və 2022-ci illərdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulda xüsusi çəkisi üzrə hədəf göstəriciləri müvafiq olaraq 30.1, 29.1 və 28.1 faiz olaraq müəyyən edilib. Bu göstəricilərin səviyyəsi göstərir ki, büdcənin tarazlığı ciddi risk altındadır və onun  ildə 1 faiz azaldılması ilə razılaşmaq mümkün deyildir. Bu  tısbağa sürəti haqlı suallar doğurur.  Həqiqətənmi hələ  bundan sonar 25 ildə lazımdır ki, də ən azı  25 il tələb edir ki,  qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulda xüsusi çəkisini normal səviyyəyə endirilsin.   

Eyni zamanda hesab edirik ki, dövlət büdcəsində gəlirlər neft və qeyri-neft basasında təsnifləşdirilməi deyildir. Əslində normal dünya praktikasında bu gəlirlər resurs və qeyri-resurs gəlirlər adı ilə təsnif olunur. Azərbaycanda qaz gəlirlərinin və  digər mədən hasilat sənayesi məhsullarının (qızıl, gümüş və sair) artdığını nəzərə alsaq onda qeyri-resurs baza kəsirinin qeyri-resurs ümumi daxili məhsulda xüsusi çəkisi 35 faizə qədər təşkil edəcəkdir.

Dövlət büdcəsinin gəlirləri hesablanarkən xam neftin 1 barrelinin qiyməti 55 ABŞ dolları səviyyəsində müəyyən edilməsinə gəlincə, bu qiymət Maliyyə Nazirliyinin cavabında etiraf olunduğu kimi Azərbaycan büdcəsini dünya bazarında yarana biləcək əhəmiyyətli şoklardan sığortalamır.

Büdcə iqtisadiyyatın maliyyə potensialına adekvat deyil fikrinə etiraz edən Maliyyə Nazirliyi hesab edir ki,  vergi və investisiya güzəştləri buna imkan vermir, cavab yazısında qeyd olunur ki, həmin sahələr ÜDM-in formalaşmasında iştirak etsə də, azadolmanın nəticəsi olaraq büdcə daxilolmalarını artırmır. Qeyd olunur ki, adambaşına düşən büdcə gəlirlərinin digər ölkələrlə müqayisəsini göstərilən amilləri nəzərə almaqla aparmaq daha məntiqli olardı. Elə bu məntiqdən çxış edərək Azərbaycanda adambaşına düşən büdcə gəlirlərini post-sovet məkanın digər 2 təbii resurslarla zəngin ölkəsi ilə müqayisə edək. Belə ki, Azərbaycanda 2020-ci ildə adambaşına 1400 dollar, Qazaxıstanda 1666 dollar, Rusiyada isə 2000 dollardan çox büdcə gəlirləri proqnozlaşdırılıb.

Büdcə gəlirlərində neftin payının yüksək olmasını neft-qaz sektorunun Azərbaycan iqtisadiyyatının əsas  ənənəvi sahəsi olması ilə izah edən Maliyyə Nazirliyi unudur ki, hələ 2015-ci ildə president İlham Əliyev qeyri-neft sektorunun inkişafının vacibliyindən danışarkən "nefti, qazı kənara qoymağı, ümumiyyətlə unutmağı" təklif edib. Maliyyə Nazirliyi isə isə əksinə qeyd edir ki, “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə saziş yenidən işlənilmiş və 2050-ci ilə qədər uzadılmış,  Şahdəniz layihəsi isə tam gücü ilə işə başlamış, digər yataqlar üzrə də işlər davam etməkdədir. Şübhəsiz ki, bu layihələrin həyata keçirilməsindən əldə ediləcək gəlirlərin bir hissəsi növbəti illərdə də icmal büdcəyə daxil ediləcək və dövlət büdcəsinin vacib bir hissəsini təşkil edəcəkdir. 

Büdcənin  strukturunda cərimələrin payına toxunan nazirlik rəsmiləri onun ümumi daxilolmanın 1,1 faizini (270,0 mln. manat) təşkil edəcəyini açıqlayır. Bununla da unudurlar ki, iqtisadiyyatda cərimə və sanskiyalar proqnozlaşdırıla bilən göstərici sayılmır.  Onunla bağlı yalnız keçmiş zamanda faktiki daxilolmalardan danışmaq olar. Lakin, bir neçə ildir ki, Maliyyə Nazirliyi münəccimlik edərək növbəti il  üçün  cərimə və sanksiyaları proqnozlaşdırılır və bununla da iqtisadi elminə zidd gedir.

Büdcə gəlirlərinin yığılması xərclərinin ildən-ilə çoxalmasını  etiraf edən Maliyyə Nazirliyi 2020-ci ildə vergi orqanlarının xərclərinin cari illə müqayisədə 83,7 mln. Manat, gömrük orqanlarının xərclərinin isə 22 mln. manat artacağını  qeyd edir.  Göründüyü kimi növbəti ildə  vergi və gömrük yığmı funksiyasını yerinə yetirən dövlət orqanları bu illə müqayisədə 105,7 milyon manat çox məsrəf edəcəklər.

ARDNF-dən büdcəyə transfertlər üzrə ardıcıl siyasətinin olmaması iradına deyil, büdcədə neft gəlirlərinin payına münasibət bildirən nazirlik nədənsə 2015-2020-ci illər ərzində transferlərin məbləğindəki dəyişikliklərin hansı zərurətdən qaynaqlandığını şərh etmir

Büdcə gəlirlərinin formalaşmasında regionların töhfəsinin aşağı  olmasını, büdcədən xüsusilə də  Naxçıvana dotasiyaların  artımını izah etməkdən yayınan nazirlik  bu sahədəki problemlərə bilərəkdən şərh vermir.

Büdcənin  ən zəif bəndi olan cari xərclərin artım tempi (36 faiz) qeyri-neft gəlirlərinin  artım tempini (12 faiz) 3 dəfə  üstələməsini isə obyektiv səbəblərlə, 2019-cu ildə sosialyönlü xərclərdə əhəmiyyətli artımlarla izah edən nazirlik məsələyə birtərəfli yanaşır,  bu iki göstərici (cari xərclərin  və qeyri-neft gəlirlərinin artımı) arasında birincinin xeyrinə gözlənilən dəyişiklilərdən qaynaqlanan riskləri şərh etməkdən yayınır.

Gələn ilin büdcəsi inflyasiya yaradacağı iddiası ilə razılaşan Maliyyə Nazirliyi  bəyan edir ki, növbəti ildə sosialyönümlü xərclərin artması nəzəri cəhətdən inflyasiyanın artması riskini yüksəldir. Nazirlik etiraf edir ki, növbəti il üçün 4,6 faiz səviyyəsində inflyasiya proqnozlaşdırılması da bununla əlaqədardır.

Növbəti ilin büdcəsi xarici şoklardan sığortalanmayıb, kənar risklərin təsir dairəsindən çıxarılmayıb  fikrinə münasibətdə Nazirlik  etiraf edir ki, Azərbaycan hökuməti büdcənin gəlirləri və xərcləri üzrə riskləri, o cümlədən xarici mənşəli riskləri tanıyır və bu barədə “2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda da açıq şəkildə fikirlər qeyd olunub.

Nəhayət, 2020-ci ildə dövlət büdcəsinin kəsiri 2779,2 mln. manat müəyyən edilməklə ÜDM-ə nisbəti 3,3 faiz,  büdcə xərclərinin 10,3  təşkil edəcəyi proqnozlaşdırılır. Bununla bağlı Maliyyə Nazirliyi etiraf edir ki, büdcə kəsirinin artması və onun maliyyələşdirilməsi üçün daha çox borc alətlərindən istifadə olunması orta və uzun müddətdə büdcə dayanıqlığı, habelə makroiqtisadi sabitlik üçün təhdidlər yarada bilər.  Bir sözlə Maliyyə Nazirliyi gələn il büdcə böhranının olacağını istisna etmir.

 

Əvvəlki əlaqəli materiallar:

Məqsədli proqramlar üzrə nəticə əsaslı büdcə təsnifatlna keçidin “məqsədli çətinlikləri”

Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsində “zəif bənd” axtaranlara cavab verib

2020-cu ilin dövlət büdcəsinin 20 zəif bəndi

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti