Turkish world
Oxucumuza yaxşı məlumdur ki, bazarın ən vacib və dəyişməz qanunlarından biri, müştəridə rəvac tapan malın, ticarət əhli arasında da rəvac tapmasıdır...
Hələ bir neçə il bundan əvvəl, türklük və türkçülük, nəinki “hökumət adamının” və Kəbə ətrafında səngimədən dönən aşiqlər kimi, “iqtidar mehvərinin” ətrafında dönən “rəsmi elitanın” qorxulu röyası idi, hətta cəmiyyətimiz arasında da şübhə ilə, skepsislə qarşılanırdı. Türkçü olmaq, az qala islamçı olmaq qədər geri qalmışlığın əlaməti sayılırdı. Lakin son illərdə baş verən rəsmi Bakı və Ankaranın “qardaşlaşması” və bu zəmində kök salan hərbi müvəffəqiyyətimizin əyan olması, bir çox insanımızın, soyumuş manqaldan da soyuq olan könlündə bir közərti, bir ümid qığılcımının parıldamasına səbəb oldu... Və yenə, bazarda rəvac tapan mal kimi, siyasət bazarında “türkçülük təranələri”, bozqurd işarələri növbəti dəfə görülməyə və sürətlə yayılmağa başladı. Lakin bazardakı naşı tacirin öz malını əməlli tanımadan, onu hər gələnə-gedənə soxuşdurmasıtək, bozqurdun nə olduğunu bilmədən, bozqurd işarəsi ilə gəzənlərin, Turanın nə olduğunu bilmədən Turandan danışanların miqdarının artdığını görməmək mümkün deyil.
Niyə türkçülük deyil, məhz turançılıq?
Hərçənd ki, türklə Turanı birbirindən ayırmaq mümkün deyil və “türk” deyəndə, “Turan”, “Turan” deyəndə isə “türk” anlaşılır. Yenə də aralarında bir qədər fərq var, çünkü “türk” irqdir, insan kütləsidir, “Turan” isə sahədir, ərazidir...
Min ildən çox davam edən türk-islam diffuziyasından sonra, yeni çağda, 19-cu əsrdə ənənəvi İslamın enerjisi tükənincə, türkün İslama olan bağlılığı da sürətlə zəyifləməyə başladı, çünkü İslam artıq onu öz ağuşunda saxlaya bilmirdi. Və, dərin yuxuya gedən qoca kişinin əlləri arasından sürüşüb yerə yıxılan körpə kimi, İslamdan “soyulan” türk, İslamın əbasından çıxınca, özündə İslamdan əvvəlki türklüyü görməyə başladı, çünkü bu onun İslamdan əvvəlki mədəni qatı idi. Təbii ki, bu prosesi sürətləndirən Avropa və Rusiyadakı türkoloji araşdırmaları idi. Türk ellərinin bir hissəsinin Rusiyaya qoşulması, bir hissəsinin isə Qərb mədəniyyətinin təsirinə düşməsi ilə həmin araşdırmalar türk oxucusunun masasında peyda oldu, oxundu və ciddi zehni(intellektual) sarsıntıya, şoka yol açdı. Çoxdan unudulan və İslam qəhrəmanları ilə əvəz edilən bozqurdlar, turanlar, şamanlar, runik yazılar və qədim xaqanlar, yeni türkün dilinə düşüncə, sanki yenidən həyata qayıtdı, türkün timsalında yeni həyatda özlərinə yer axtarmağa başladı.
Məhz bu məqamda millətçiliyi, hətta irqçiliyi özünə şüar seçən türk millətçisi ilk ciddi səhvə yol verdi. Bir ərazi və mədəni irs kimi bütün millətləri və dinləri qucaqlama və qəbul etmə imkanına malik olan Turan əvəzinə, sadəcə bir qövmə, bir tayfaya bağlılığı ifadə edən türkçülüyü seçdi, “təmiz qan” söhbətlərinə başladı və beləliklə də digər millətləri özündən küsdürdü, birlikdə bir Vətəndə yaşadığı digər millətlərlə özü arasında xətt çəkdi, özlərini türk saymayan kiçik etnik qrupları millət və dövlət düşməni vəziyyətinə saldı.
Türkçülüyün Vətəni olan Rusya İmperiyasında “təmiz qan” söhbətinin bir qədər mənası ola bilərdi. Çünkü hakim millət türk deyildi, hətta türk düşməni idi. Ancaq Osmanlı Dövləti kimi, əslən türk olan bir məmləkətdə bu cür irqçi mövqeyə zənnimizcə ehtiyac yox idi. Əksinə Osmanlıların beynəlmiləlçi siyasətini davam etdirmək lazım idi. Çünkü dövlət onsuz da türk dövləti idi.
Əlbəttə ki, osmanlı türkçülərinin irqçiləşməsinin obyektiv səbəbləri də var idi. Bunlar, əsasən Avropada 19-cu əsrdə yayılan milli dövlətçilik “dəbi” ilə əlaqədar idi. Həmin dəbin təsiri ilə Osmanlı təbəəsində yer tutan bir çox millət (həmçinin, ərəblər kimi, müsəlman olanlar da!) öz milli dövlətlərini qurma prosesinə başlamış və ən bəsit ifadə ilə osmanlıları da, onların dövlətini də, kürəyindən vurmuşdur. Makedoniyadan Ərəbistana kimi hər yerdə görülən bu faciə, 1-ci dünya müharibəsi, neftin strateji əhəmiyyətinin anlaşılması və israiloğullarının qədim İsraili bərpa etmə planına başlaması ilə üst-üstə düşüncə, Osmanlı İmperiyası sürətlə dağılmağa başlamış və bu hadisə qarşısında aciz vəziyyətə düşən türk ziyalısı, osmanlıları arxadan vuran millətlərdən nifrət edərək, türk irqçiliyi yoluna təvəssül etmişdir. Lakin qısa zaman sonra, Cümhuriyyət sifəti ilə ortaya çıxan yeni türk dövləti öz milli istiqlalını bərpa etdikdən sonra, öz əhəmiyyətini itirdiyi üçün, irqçiliyi tərk etmək əvəzinə, türk millətçiləri həmin yola davam etdilər və beləliklə fərqində olmadan Türkiyənin içəridən bölünməsinə yol açmış oldular.
Müəllif düşünür ki, buna oxşar səhvə Azərbaycan ziyalısı da düşüb. İkiyüzillik milli əsarət Azərbaycan türkündə çox dərin bir milli həsrət meydana gətirmişdi. Xüsusən sovet dövründə milli ziyalılar sinifinin və nomenklaturanın rusdilli və azərbaycan dilli deyə iki hissəyə bölünməsi, eləcə də Bakının bir şlaqbaumla Azərbaycanın qalan hissəsindən ayrılaraq, öz millətinə qarşı bir növ qapalı zonaya çevrilməsi, rus dilini bilməyənlərin ikinci sinif vətəndaş kimi münasibət görməsi və açıq-aşkar şəkildə təhqir edilməsi, 1980-ci illərin sonundan başlayaraq erməni separaçılığı və irqçiliyi... Bütün bu amillər Azərbaycan ziyalısını yumuşaq mədəni türkçülükdən çıxarıb, qətiyyətli və kəskin irqçilik yoluna sövq etm əyə başlamış, Azərbaycanın qalan xalqlarının bəzi nümayəndələrini də Azərbaycan türkünə düşmən etmişdir.
Müasir zamanda isə, ortabab da olsa bizim bir milli türk dövlətimiz var. Azərbaycan tarixini bilən hər kəs yaxşı başa düşür ki, hakim sinifin milli mənsubiyyəti nə olursa olsun, bizim dövlətimiz türkdür. Minillik dövlətçilik ənənəmiz türkdür. Dövlət dilimiz türkdür. Əhalimizin də böyük əksəriyyəti yenə türkdür. Buna görə də, sovet Azərbaycanının küskünlük dövründə təşəkkül tapmış irqçilikdən vaz keçməli, milli dövlətimizin böyük gələcəyi naminə daha incə və mədəni türkçülük yolunu, daha doğrusu turançılık yolunu tutmalıyıq. Çünkü Turan öz türk mahiyyətini qoruyaraq, etibar elədiyi hər kəsi həmişə öz övladı kimi qəbul edib, insanları şəxsi keyfiyyətlərinə görə dəyərləndirib, nə saçının rənginə baxıb, nə də gözünün qıyığına. Elə buna görə də türk tayfa və tirələrinin arasında hər cür insan tipinə rast gəlmək mümkündür!
Eyni zamanda turançılığın türkçülüyün təkamül etmiş halı olduğunu da düşünmək mümkündür. Zira tayfaçılıq və qohumbazlıq zehniyyətindən vahid millət şüuruna keçə bilmək üçün, tayfaçılığa söykənən türkçülükdən milli və mədəni vəhdətə, Vətən və Dövlət birliyinə söykənən turançılığa keçmək lazımdır. Bu məsələnin digər iki cəhəti, təsərrüfat və siyasətlə əlaqəlidir. Beləki, türklərin əsrlərcə tayfa və tirələrə ayrılaraq yaşamasının təsərrüfat və siyasətlə də əlaqəsi var. Çünkü hər tayfa və tirənin öz yaylaq və örüşləri, öz qışlama yerləri və köç yolları var idi. Bunlar nə vaxtsa hansısa hökmdarlar tərəfindən əta edilən və dədə-babadan miras qalan bir sərvət idi. Bu sərvətin qorunması, başqaların əlinə keçməməsi üçün həmin vahidlər (tayfa və tirələr) öz müstəqilliklərini qorumalı, başqa tayfalarla qaynaşıb qarışmamalı idi. Siyasi cəhət isə ondan ibarətdir ki, hər tayfanın öz rəhbəri (xanı və bəyi) olduğu və həmin rəhbərlik mövqeyi adətən atadan oğula keçdiyi üçün, millətin ayrı tayfalara və tayfa ittifaqlarına bölünmüşlüyü həmin xan və bəylərin öz hakimiyyətinin qorunmasının zəmanəti idi... Yeni zamanda isə, millətin bütövləşməsi, ən azından xarici düşmənə qarşı birlikdə müqavimət göstərə bilmək üçün zəruri olan şərtlərdən biridir. Vətəni və Dövləti itirməmək və parçaladmamaq üçün milləti tayfaçılıq və qohumbazlıqdan, eləcə də yeni dövrün əldəqayırma “departament xanlarından” xilas etmək lazımdır. Bu, həyati məsələdir. Bu məsələnin həlli üçün isə, milləti tayfa və bölgə (rayon) əsasında yox, vahid Vətən prinsipi əsasında birləşdirmək, bütövləşdirmək lazımdır. Vətən əgər Turandırsa, bu siyasətin adı da, mahiyyəti də Turançılıq olmalıdır.
Bəzi əməli (praktiki) məsələlər
Yaxın gələcəkdə Azərbaycan-Türkiyə əməkdaşlığının sıxlaşması, bütün türk ölkələrinin birdən birləşməsindən daha gerçəkçi (real) görünməkdədir. Çünkü bu cür nəhəng məsələni birdən həll etməyə çalışmaqdansa, onu bir neçə mərhələyə bölmək məsləhətdir. Məhz bu məqamda Azərbaycan – Türkiyə əməkdaşlığı sonrakı mərhələlərin asanlaşması üçün zəmin təşkil edə bilər.
Bu istiqamətdə Azərbaycanı gözləyən müşkillər nələrdir?
- Türkiyənin NATO, Azərbaycanın isə Rusiyanın nəzarətində olması, istər istəməz bu əməkdaşlıq prosesinə kölgə salmaqda, onu çətinləşdirməkdədir;
- Türkiyə ilə Azərbaycan arasında, müxtəlif sahələrindəki inkişaf dərəcəsinin fərqli olması, Türkiyənin daha böyük, təcrübəli bir dövlət olması, Azərbaycanı Türkiyədən asılı vəziyyətə gəlməsi, hətta zamanla Türkiyə tərəfindən assimilyasiya edilməsi və udulması ilə nəticələnə bilər;
- Türkiyədə mövcud olan bəzi siyasi qruplar (MHP kimi) bu əməkdaşlığın tərəfdarı olsa da, bunu istəməyənlər də mövcud ola bilər (Azərbaycanın Türkiyə üçün artıq yük olması, ya da Azərbaycanın, Türkiyənin Rusiya və İranla olan münasibətlərə mənfi təsir göstərməsi baxımından);
- Azərbaycanın öz müstəqilliyini qoruma əzmi Türkiyənin Azərbaycandan uzaqlaşması və bəzi hallarda onun əleyhinə xarici siyasət yeritməsinə səbəb ola bilər;
- Azərbaycanın Türkiyə qarşısında öz müstəqilliyini itirməməsi üçün, təcili surətdə Azərbaycan milli burjuaziyası dirçəldilməli, bunun üçün dövlətin himayəsi altında olan, amma dövlətin müdaxiləsindən azad olan vahid iş adamları cəmiyyəti qurulmalı, heç olmasa yarım ildə bir ümumi görüşlər, konfranslar və müzakirələr aparılmalı, müvəqqəti də olsa onlara xüsusi imtiyazlar (məs., vergidən azad olma kimi) verilməli, ən amansız və sürətli şəkildə rüşvətxorluq kimi mənfi halların qarşısı alınmalıdır. Eyni məqsədlə milli təhsil və mədəniyyətin inkişafı üçün lazımı bütün tədbirlər alınmalıdır. Türk iş adamlarının Azərbaycandakı fəaliyyəti üçün müəyyən bir sahə ayrılmalı (məs., milli sənayenin 30-40 %) və o sahəyə zəruri halların xaricində müdaxilə edilməməlidir;
- İki ölkə arasındakı qanunvericilik, idarəetmə institutları həmçinin kargüzarlıq mədəniyyətindəki fərqlər minimal dərəcəyə endirilməlidir. Bu istiqamətdə Avropa Birliyinin təcrübəsindən istifadə edilərək ümumtürk qanunvericiliyinin nəzəri və əməli əsasları qoyulmalı və hüquq terminolojisi də nizama salınmalıdır ki, İstanbuldan Astanaya kimi bütün türk ölkələrində eyni normativ sənədlər eyni şəkildə anlaşılsın (buna oxşar fəaliyyət vahid təqvimin qurulması üçün də görülməlidir);
- Azərbaycan və Türkiyə elitalarının, xüsusilə mədəniyyət və elm sahəsində çalışanların bütövləşməsi, vahid elmi terminologiyanın qurulması, beynəlmiləl Turan Akademiyasının Bakıda qurulması üçün təcili tədbir görülməlidir;
Azərbaycan-Türkiyə münasibətlərinin normal şəkildə inkişafı üçün xüsusi elmi-metodoloji fəaliyyət qrupları qurulmalı və bunlar siyasi partiya fəaliyyəti və rəqabətindən uzaq tutulmalıdır. Zira bütün ideoloji sistemlər adətən içəridən vurulan zərbələrlə çökər, çökərdilər. Çünkü ideyalar rəvac tapdıqca, gecə-gündüz dəyirman kimi işləyib “çörək” gətirən ideoloji sistemlər, karyeristlərin və acgözlərin tamah yerinə çevrilir. Səmimiyyətsiz, sadəcə özünü düşünən bu adamların sayı artdıqca da, səmimi insanların sayı azalır və günlərin bir günü ya da gecəsi, “dəyirman” yanıb külə dönür. Biz bu yanqınları bir zamanlar Elçibəyin “dəyirmanında” da görmüşdük...
Yaxın zamandakı “dəyirman” isə inşaallah daha yaxşı işləyəcəkdir.
Xülasə, Turanın ən böyük əməli(praktiki) məsələsi, onun “Həyat Ağacını” içəridən gəmirən xırda “şeylərin” rədd edilməsidir! Yoxlanılmamış adamların içəri alınmamasıdır. Hərcür boşboğazın və “bazar dəllalının” bir türk təpiyi ilə Qapıdan rədd edilməsidir! Bu, demaqogiya deyil, bu həqiqəti haldır, yəni gerçəklikdir! Siyasi gerçəkliyin, siyasi fəaliyyətin ayrılmaz cəhətidir.
Fərid Bağırlı,
Yazıçı, ilahiyyatçı
Rəy yaz