Xilafət, sonra şəriət, yoxsa?...

“Ayasofya”nın muzeydən məscidə çevrilməsindən sonra Dini İşlər İdarəsi rəisinin cümə namazını (24 iyul)  belində qılıncla qıldırmasını çoxları təəccüblə qarşılasa da buna qətiyyən  təəccüblənmək lazım deyil.

İslamçı cəbhənin həyatdakı ən yaşlı və təcrübəli köşə yazarlarından biri  olan Əhməd Daşgətirən təxminən 2 həftə əvvəl “kulis məlumatı”  şəklində  ictimaiyyətə təqdim etdiyi  “Tayyip bəy siyasi  həyatının bundan sonrakı dönəmində indiyə qədər edə bilmədiklərini edəcək” cümləsi də  nə təəccüb, nə də həyəcan doğurur. Çünki cənab Ərdoğanın bu hədəfləri hələ 1990-cı  illərin əvvəlindən bəlli idi, siyasi həyatının müxtəlif dönəmlərində  etdiyi taktiki gedişlər  tutarlı bir siyasətçi olaraq   onu  əsas strateji hədəfindən heç vaxt vaz keçirmədi.

2009-cu ildəki bələdiyyə seçkisindən sonra planların tamamının həyata keçirilməsi üçün müəyyənləşdirdiyi  möhlət- 2023-cü il, şüar isə -“Daşı gədiyinə qoyacağıq” oldu. Cənab Ərdoğan o vaxtdan sonra  seçicilərdən məhz bu planlarını reallaşdırmaq üçün  dəstək istədi. 24 iyun 2018-ci ildəki seçkidə ölkənin idarə  sistemi tamamilə dəyişdirilincə  qarşıya qoyulan hədəflərin bir-bir (metro Tağının “bir-bir”i mənasında deyil)  reallaşdırılması dönəmi başladı.

Əvvəl də yazdığımız kimi, bu işlərin bir qədər sürətlənməsində  iqtisadi göstəricilərin pisləşməsini    və iqtidarın siyasi reytinqi üzərindəki mənfi təsirlərinin açıq şəkildə ortaya çıxmasının rolunu da danmaq mümkün deyil.

Sirr deyil ki, uzun müddət iqtidarda qalan bir partiya üçün  illər keçdikcə seçkinin nəticələrində ideoloji yox, iqtisadi faktor müəyyənləşdirici  rol  oynayır. Türk toplumu 68 illik parlamentar sistemdən sonra prezident üsuli-idarəsinə  adaptasiya ola bilmədiyi kimi, 2 ildən bəri tətbiq edilən sistem, hər şeydən əvvəl iqtisadiyyatı darmadağın etdi (prezident   Ərdoğan həm də ölkənin ən böyük dövlət şirkətlərinin və banklarının daxil olduğu Varlıq Fondunun prezidenti olsa da indiyə qədər xaricdən Varlıq Fondunun təminatıyla 1 sent də borc almaq mümkün olmayıb). 31  mart 2019-cu ildəki bələdiyyə seçkisində müxalif partiyaların birləşdiyi “Millət İttifaqı”nı parçalamaq üçün bütün cəhdlərin hədər getməsiylə yanaşı, AKP-dən ayrılanların qurduğu 2 partiyanın getdikcə yüksələn reytinqi cənab Ərdoğanı  dini ideologiyanın bağrına  tərəf aparır. Ən başda özünün arzu etdiyi nöqtəyə. Ancaq təkrar edək ki, Türkiyə siyasətinin hazırkı ən təcrübəli siyasətçisi  olub dövlətin funksional mexanizmlərini  tamamilə nəzarətinə keçirən Ərdoğan öz məqsədləri uğrunda radikal addımlar atarkən mütləq şəkildə seçkini hesaba qatır. Həm də iki baxımdan:

  • İqtisadi durumun pisləşməsi öz tərəfdarlarını konsolidə halda tuta bilmək üçün dini ideologiyaya sıxı sarılmaqdan başqa yolunun qalmadığını  ona   xatırladır və cənab Ərdoğan bu konsolidasiya naminə siyasi həyatının ən radikal addımlarını  atmaqdan çəkinmir, Dini İşlər İdarəsinin rəisini  belində qılıncla  kilsə mənşəli binadakı minbərə çıxarıb xütbə oxutdurur və konsolidasiyanı gücləndirə bilmək ümidiylə  Dini İşlər İdarəsi rəisinin Cümhuriyyətin qurucusuna minbərdən üstüörtülü şəkildə lənət oxumasını  səssiz qarşılayır;
  • Cənab Ərdoğan erkən və ya vaxtında keçirliləcək seçkdəki məğlubiyyət ehtimalını nəzərə alaraq indidən özünə dini gələcək hazırlayır. Ona görə erkən seçkiyə getmək məcburiyyətində qalınsa da, qalınmasa da Ərdoğan gələn ilin baharında özünü xəlifə elan edə bilər. Və siyasi arenada məğlub olması halında islam dünyasının xəlifəsi kimi başqa bir taxtda yerini qorumağa müvəffəq olar.
  • Xəlifəliyin geri qaytarılmasından əvvəl və ya sonra cənab Ərdoğan Türkyənin dünyəvi rejimindən vaz keçib şəriət elan edə  bilərmi? Buna cəhd edə də bilər, etməyə də bilər. Etməsi üçün seçkidən, ən azı indikiylə müqayisədə qat-qat güclü çıxması lazımdır. Yoxsa dünyəvilik tərəfdarları imkan verməzlər. Gələn ilin baharına qədər xəlifəliyini elan etməsə, seçkidən güclü çıxmaması halında əks tərəf  xəlifəliyinə də əngəl ola bilər.Ona görə xəlifəliyi mümkün qədər tez elan edəcəyinə inanırıq.

Hədəf və məqsədlər bütün mənalarda bunu tələb edir.

Mayis Əlizadə

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti