Slavko Sereda/Shutterstock.com

Slavko Sereda/Shutterstock.com

Energetika Nazirliyindən ASTNA-ya verilən məlumata görə, Azərbaycanın energetika naziri Pərviz Şahbazov OPEK+ müqaviləsinin icrası üzrə Nazirlər Komitəsinin və OPEK+a üzv ölkələrin nazirlərinin dekabrın 5-6-da Vyanada keçiriləcək iclasında iştirak edəcək.

Vyanada OPEK və qeyri-OPEK ölkələrinin dünyada neft hasilatını 2018-ci ilin oktyabr ayının səviyyəsi ilə müqayisədə gündəlik 1,2 milyon barrel azalması ilə bağlı razılaşmaların uzadılması barədə qərarı təsdiqləyəcəyi gözlənilir. Belə bir əqd 2018-ci ilin dekabr ayında altı ay müddətinə bağlandı və iyul ayında onun 2020-ci ilin aprelinə qədər uzadılması qərara alındı.

OPEK ölkələri üzrə ümumi azalma 0.8 milyon barr/sutka, qeyri-OPEK ölkələr üçün isə 0.4 milyon barr/sutka səviyyəsində planlaşdırılıb.

"OPEK+ ölkələrinin görüşləri ərəfəsində neft ixrac edən ölkələr qrupunun nəticələri hədəflədikləri səviyyədən aşağıda qalır ki, bu da dünyada neftin qiymətləri üçün müsbətdir. Ümumiyyətlə, oktyabr ayında dünyanın 24 istehsalçısının əldə etdiyi razılaşmalara uyğunluq səviyyəsi 111% təşkil edib. Amma oktyabr ayında Səudiyyə Ərəbistanı 10 milyon barrel/sutkadan çox neft çıxaranda fevral ayından bəri hasilat ən yüksək səviyyədə olub", - deyə Beynəlxalq Energetika Agentliyi (IEA) noyabrda açıqlanan hesabatında qeyd edib.

Səudiyyə Ərəbistanında hasilatın bərpası (sentyabr ayında emalı zavoduna edilən hücumlardan sonra) və Norveç, Kanada və ABŞ-da hasilatın artması nəticəsində dünya miqyasında neft tədarükü oktyabr ayından 1,5 milyon barrel artıb.

AZƏRBAYCAN VƏ OPEK+UN ƏQDİ

2019-cu ilin oktyabr ayında Azərbaycanda neft hasilatı OPEK+ qarşısındakı 776 min barrel öhdəliyə qarşı sutkada 718 min barrel olub.

Yanvar-oktyabr aylarında orta gündəlik hasilat 762 min barrel təşkil edib və Azərbaycan Kartel qarşısında öhdəliklərini 170% yerinə yetirib.

Oktyabr ayında Azərbaycanda neft hasilatında ciddi azalmanın səbəbi profilaktik işlərin aparılması üçün “Azəri-Çıraq-Günəşli” blokundakı (AÇG Azərbaycanın neft hasilatında əsas blokdur) “Qərbi Çıraq” platformasının 15 oktyabr 2019-cu ildən 15 gün müddətinə planlaşdırılmış şəkildə dayandırılması idi.

2018-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib, 2019-cu ildə bu göstərici daha aşağı olacaq.

BP-nin (AÇG operatoru) vitse-prezidenti Bəxtiyar Aslanbəylinin jurnalistlərə verdiyi məlumata görə, 2019-cu ilin sonunadək AÇG 500 milyon ton neft hasil etmiş olacaq, yəni əslində bu, blokun çıxarıla biləcək ehtiyatlarının yarısı deməkdir.

Azərbaycanda neft hasilatının 2/3 hissəsi AÇG-nin payına düşür.  2019-cu ilin yanvar-sentyabr aylarında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından neft hasilatı 148 milyon barrel (20 milyon ton) təşkil edib.

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Yaşar Lətifovun sözlərinə görə, 2020-ci ildə AÇG-də və bütövlükdə Azərbaycanda neft hasilatı 2019-cu illə müqayisədə azala bilər, lakin bu, yataqların mənimsənilməsinin optimallaşdırılması ilə əlaqədar "idarə olunan azalma"dır.

Hökumətin büdcə sənədləri zərfində (surəti ASTNA-da var) təqdim olunan proqnozlarına görə, 2020-ci ildə Azərbaycanda neft hasilatının 37 milyon 712,8 min ton olacağı gözlənilir (2019-cu illə müqayisədə 0,1% azalma).

Məhz buna görə Azərbaycan OPEK+ qarşısında öhdəliklərini asanlıqla yerinə yetirir. Neft ehtiyatları tədricən tükənir, qaz və kondensat hasilatı isə artır.

Maraqlıdır ki, kondensat həmişə Azərbaycanın neft statistikasında hesaba alınıb və 2021-ci ildən gözlənilən neft hasilatının artması məhz onunla əlaqədardır (hökumətin proqnozu - 38 milyon 246,2 min ton).

Hökümətin hesablamalarına görə, 2022-ci ildə artım 0,7% - 38 milyon 520,6 min tonadək, 2023-cü ildə - 38 milyon 634,4 min ton (artım 0,3%) olacaq.

Məhz bu illərdə “Şahdəniz” qaz-kondensat yatağının (operatoru BP) və ölkənin bir sıra digər qaz-kondensat yataqlarının mənimsənilməsi pik həddə çatacaq.

Ən böyük qeyri-OPEK neft istehsalçısı olan Rusiya Federasiyasının da neft statistikasında kondensatı hesaba alması maraq doğurur, ancaq bu ölkə Kartel qarşısında OPEK qarşısında öhdəliklərini yerinə yetirərkən kondensatın nəzərə alınmaması məsələsini qaldırmaq istəyir. Axı kondensatın həcminin hesaba alınması Rusiya Federasiyasına OPEK ilə əqd çərçivəsində "qara qızıl" istehsalını artırmasına mane olur.

Azərbaycan mövcud metodologiyadan olduqca məmnundur, bu, əslində ölkədə neft hasilatının azalmasını maskalamağa imkan verir.

Əlbəttə, maye şəklində olan kondensat Azərbaycan tərəfindən neftlə birgə ixrac olunur, üstəlik, onun keyfiyyətini yaxşılaşdırır, amma reallıq ondan ibarətdir ki, Azərbaycanda yeni işlənən yataqlarda neftdən daha çox qaz var.

Mümkündür ki, artıq 21-ci əsrin ortalarında Azərbaycanda neft hasilatı minimuma endiriləcək və Azərbaycanda günəşli və küləkli günlərin çox olması nəzərə alınaraq, qaz və bərpa olunan enerji mənbələrinə diqqət yetiriləcək.

Hələlik Azərbaycan neft ixracatından maksimum fayda əldə etməyə çalışır ki, bu da dövlətin gəlirlərinin mühüm hissəsini verir.

Bununla əlaqədar onun OPEK + əqdində iştirakı dünya neft qiymətlərinin sabitliyini orta hesabla 55-60 dollar səviyyəsində saxlamaq istəyi ilə izah olunur, çünki aşağı qiymətlər Azərbaycan iqtisadiyyatı üçün problemlər deməkdir.

Rəy yaz

Enerji

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti