Azərbaycan maliyyə sisteminin yenidən qurulması qaçılmazdır

 

Ölkənin maliyyə sistemində, deyəsən, hər şey dəyişikliklərə doğru gedir. İndiyəcən ölkəyə daxil olan böyük pullar ciddi radikal qərarlara ehtiyac yaratmırdı. AMB istənilən risklərdən qaçmaq üçün çox ehtiyatlı siyasət yürüdüb. Hətta böhran vaxtı mərkəzləşdirilmiş kreditlər vasitəsilə banklara yardım AMB-də problem yaradacaq qədər böyük olmurdu. Ölkənin valyuta ehtiyatı hələ risksiz siyasət yürütmək üçün yetərincədir.

Ötən yarım ildə ölkənin tədiyə balansı göstərir ki, profisit üçün yaxşı ehtiyat var. Aydındır ki, bu profisit azalacaq. Bu ilin yanvar-iyununda Azərbaycan $16,2 mlrd məbləğində neft-qaz məhsulları ixrac edib. Bu, 2011-ci ilin müvafiq dövründəkindən $1,26 mlrd və ya 7,2% azdır. Ölkənin ümumi əmtəə ixracında neft-qaz ixracının payı 94,1%-dir. Bu, ötən ilin müvafiq dövründəkindən 1,6% azdır.

Tədiyə balansının məlumatına görə, neft ixracının ümumi həcmində $14,8 mlrd (2011-ci ilin I yarısında $15,9 mlrd) və ya 95% xam neftin, $805,3 mln neft məhsullarının payına düşüb. Neft ixracının strukturunda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin nefti $13,9 mlrd ($14,9 mlrd) olub. Hesabat dövründə başqa şirkətlər $908,1 mln ($914,3 mln) məbləğində, o cümlədən ARDNŞ $839,1 mln-luq ($862,9 mln) neft ixrac edib. Altı ayda qaz ixracı həcmi $605 mln (2011-ci ilin I yarısında $765 mln) olub. Xarici ticarətdə investisiya təyinatlı mal idxalı azalıb, hərçənd sənayedə canlanma ilə bağlı burda artım gözlənilirdi.

2012-ci ilin I yarısında əcnəbilərə $1 mlrd məbləğində turizm xidməti göstərilib. Bu, 2011-ci ilin müvafiq dövründəkindən $483,3 mln və ya 93,5% çoxdur. Azərbaycan rezidentlərinə xaricdə turizm xidməti həcmi $490,8 mln və ya 69,2% artaraq $1,2 mlrd olub. Bunun 63,2%-i fərdi xarici səfərlər zamanı xərclənib.

Balansın kapital hissəsində Azərbaycanın ölkə xaricində investisiya həcminin artığı görünür. Bu, yəqin, tədiyə balansını bir qədər pisləşdirəcək, belə ki qoyulan investisiyalardan gəlirlər azalan profisiti qismən örtəcək.

AMB-də qeyd edirlər ki, 2012-ci ilin I yarısında 2011-ci ilin eyni dövründəki kimi ölkə iqtisadiyyatına xarici kredit cəlb edilməsi (başqa investisiyalar sayılmadan) əvvəllər alınan borclar üzrə ödəmələrdən çox olub. AMB-nin məlumatına görə, 1 iyul 2012-ci il üçün Azərbaycan borcalanları əvvəllər alınan kreditlər üzrə $1133,5 mln ödəyiblər. Ödənişlərin 41,6%-i bankların borcu ($471,3 mln), 13,3% ($150,7 mln) dövlət zəmanətli və ya dövlətin aldığı borclar, 35,2% ($399,1 mln) neft-qaz sektorunun, 9,9% ($112,4 mln) başqa müəssisə və firmaların borcudur. Maraqlıdır ki, böhrandan sonrakı illərdə AMB dolların məzənnəsinin artması və ya azalmasına reaksiya verməyib. Onu demək yetər ki, ilin əvvəlindən manat 0,1% möhkəmlənib. AMB həmçinin avro ilə dolların daim dəyişən məzənnəsinə reaksiya verməyib. Dollar AMB-nin valyuta səbətində üstünlük təşkil edib.

Aydındır ki, ixracatının 94%-i neft və neft məhsulları təşkil edən ölkədə belə olmalı idi. Amma deyəsən, məzənnənin sabitliyi bütün sistemin davamlılığının sübutu kimi anlaşılır. Bu heç də belə deyil. Valyuta məzənnəsi bir çox inkişaf etmiş ölkələrdə çox tez dəyişə bilər, amma maliyyə sisteminə etimad azalmır. Büdcə kəsiri və ya ölkənin nəhəng borc öhdəlikləri də investorların davranışına təsir etmir. Məhz bu əsl möhkəm iqtisadi sistemdir.

2012-ci ilin iyulunda nağdsız xarici valyuta əməliyyatları dövriyyəsi 2674 mln manat ($3,4 mlrd) ekvivalenti olub. Ay ərzində o, 16,6 % azalıb. Yeddi ayda valyuta dövriyyəsi 17,9 mlrd manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə o, 35,6% artıb.

Valyuta bazarında da dəyişiklik olub. İyulda ABŞ dolları bazarda üstün rolunu itirib. ABŞ dolları ilə əməliyyat həcmi 34,1% təşkil edib. Rusiya rublu ilə əməliyyat həcmi 36,6%-dək artıb, avronun payı 6,6% təşkil edib.

2011-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-iyulunda Amerika valyutası ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi $2735 mln və ya 68,8% artaraq $6709 mln olub.

Yanvar-iyulda Rusiya rublu və ingilis funt sterlinqi ilə nağd mübadilə əməliyyatlarının ümumi dövriyyəsi 4867 mln və 15,2 mln təşkil edib.

Nağd avro ilə əməliyyat həcmi 7 ayda 1154 mln (müvafiq valyuta vahidi) olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,7% çoxdur. İyulda əhalinin bu valyutanı alması 34,1 faiz azalıb.

Gözlənilməz olan odur ki, avronun manata nisbətdə orta mübadilə məzənnəsi hesabat ayında 1 avro üçün 0,9704 manat olub. Beləliklə, avronun məzənnəsi 2005-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu isə mal və xidmətlərin qiymətinin düşməsinə səbəb ola bilər. Bunu çətin ki bazar diktə etsin. Yəqin, AMB düşünüb ki, səbətdə avronun payı azdır və ölkədə onun məzənnəsini düşürmək olar.

Xarici kapitalın da iştirak etdiyi bank sistemi iqtisadiyyata səmərəli təsir etmək üçün yetərincə açıq deyil. Türkiyəni xatırlamaq yerinə düşər. Ötən onilliklərdə o, bank sektorunu xarici, ilk növbədə Avropa kapitalı üçün açdı, bu isə Avropa ölkələrinə ixracatı kəskin artırdı. Türkiyə indi sənayeyə birbaşa xarici investisiyalar cəlb edir - o cümlədən Azərbaycandan. İqtisadi vektorun belə ardıcıl qurulması bizdə yoxdur. İnanmaq lazımdır ki, bank sektorunda böyümə yekunda bank sisteminin daha dəqiq funksional bölgüsünə gətirib çıxaracaq. Bankirlər arasında inkişafın ən müxtəlif sxemləri müzakirə edilir. Məsələn, ən güclü banklar iri layihələri maliyyələşdirəcək, ikinci səviyyəlilər layihələrdə podrat işlərini görəcək, qalanları pərakəndə satışla məşğul olacaq. Hər halda aydındır ki, İnkişaf Bankı yaratmadan belə bank sistemini real sektorun ehtiyaclarına yaxınlaşdırmaq üçün nə etmək lazımdır. O cümlədən kreditləri ucuzlaşdırmaq lazımdır. Özü də təkcə maksimal depozit dərəcəsinə nəzarət vasitəsilə yox, başqa üsullarla da. Məsələn, Rusiya bankı oktyabrın 1-dən bank əmanətləri üzrə maksimal dərəcə hesablanmasının yeni sisteminə keçib. Kombinasiya edilmiş məhsullar hesabdan çıxarılacaq, bu isə maksimal dərəcəni kəskin azaldacaq.

Azərbaycan vergi sisteminin tormozlanmış xarakteri həm də ondan xəbər verir ki, böyük neft pulları və ARDNŞ kimi donor olanda (üstəlik ARDNF-dən mədaxil) canlı və mütəhərrik vergi siyasətinə maraq xeyli azalır. Vergilər pis yığılır, məsələn, bizim vergi əməkdaşları bir çox təşkilatlarda əmək haqqı ilə yanaşı paket maaşlarının da olduğunu bilə-bilə vergini orta əmək haqqından çıxır (şəhər, yaxud sahəyə görə). Daha pisi isə hansısa şirkətlərdən, yaxud təşkilatlardan heç nə ilə əsaslandırılmayan "haqqın" alınmasıdır.  Əslində bu, qanunsuzdur, amma bunu edirlər. İqtisadçılar hesab edir ki, bir çox vergilər dəyişdirilməli və ya azaldılmalıdır. Məsələn, təklif var ki, ƏDV satış vergisi ilə əvəzlənsin. Məsələn, ABŞ-da o, 8%-dir və maldan mala çevik şəkildə dəyişir və bazarı tənzimləməyə imkan verir. Sosial vergi də azalmağa ehtiyac duyur. Avropada sosial verginin orta göstəricisi 16%-dir. Bizdə onun səviyyəsi 22%-dir və nəticədə bir sıra sahibkarlar bu vergidən yayınmaq üçün əmək müqaviləsi bağlamırlar. Pensiya, sığorta və sosial ödənişləri bir vergidə birləşdirmək təklifi də var. Bir sıra iqtisadçılar hesab edir ki, bir çox vacib ictimai sahələrdə vergi yükünü xeyli azaltmaq olar.

Maliyyə sistemi bu və ya digər yolla iqtisadiyytaın dəyişən xarakterinə uyğunlaşmalıdır. Qeyri-neft sektoruna investisiya qoymaq azdır, o, müvafiq vergi impulsu almalıdır. Bunun üçün ilk siqnal bankların iriləşməsi prosesinin başlanmasıdır. Bu, bankların minimum NK-nın beş dəfə artımından sonra labüddür. İkincisi milli məhsulların ixarc çıxışı üçün imkanları genişləndirən daha çevik məzənnə siyasətidir. Aydındır ki, həm də büdcə xərcləri üzərində sərt nəzarət lazımdır. Nəhayət, ölkədə maliyyə bazarı inkişaf etməlidir. QKDK bu gün yeniliklərdə daha zirək olub. O, yaxşı qanunvericilik və qrant dəstəyi alır. QKDK ilə BFB-nin listinqinə daxil olmaq istəyən sənaye müəssisələri arasında danışıqlar davam edir. Öz nizamnamə kapitalını artırmaq istəyən banklar bazara daha tez-tez çıxacaqlar. Hətta ARDNŞ korporativ istiqrazlar bazarına çıxmaq niyyətini elan edib. Alternativ borc meydançası kimi fond birjasının inkişafı labüddür.

 

Turan Analitik Xidməti

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti