The arrest of the Deputy Minister of Culture Rafik Bayramov
***
- Ərəstun bəy, son vaxtlar DTX tərəfindən ard-arda məmurların həbsi baş verir. Yəqin siz də bu prosesləri izləyirsiniz. Sizcə, nə baş verir? Sirr deyil ki, bu atılan addımlar hakimiyyətin razılığı ilə baş verir. Bəs bu addımları atmaqda hakimiyyət kimə və hansı mesajları verir?
- Əlbəttə, bütün baş verənlər kimi, bunları da diqqətlə izləyirik və deyim ki, nə həbslərin özündə, nə də onların həyata keçirilməsi üsullarında sistemli və rasional bir xətt görünür. Həbslərin özü impulsivliyi və xaotikliyi ilə diqqət çəkir, onların icraatının isə məncə, ziyanı xeyrindən daha çoxdur. Belə təəssürat yaranır ki, sanki kimsə hakimiyyətə kontrproduktiv bir ssenari təqdim edib və hər şey də həmin ssenari üzrə baş verir. Amma ilk növbədə yəqin ki, həmin həbslərin səbəbləri maraqlıdır və buna da aydınlıq gətirmək üçün ölkədəki bugünkü vəziyyətin 2-3 ay əvvəlkindən nə ilə fərqləndiyinə diqqət yetirməliyik. Fərqlər isə aydındır: bir tərəfdən pandemiya və onun yaratdığı sosial-iqtisadi şərait, digər tərəfdən isə ölkənin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması onsuz da mövcud olan psixoloji gərginliyi bir qədər də artırıb. Buna böhran vəziyyəti desək, onu da qeyd etməliyik ki, hakimiyyətin böhran proqramının və ya heç olmazsa, böhran taktikasının olmaması vəziyyəti bir qədər də çətinləşdirir. Halbuki, istənilən ölkədə, xüsusilə də kövrək sosial-iqtisadi və ictimai-siyasi modelə malik olan ölkədə, böhran vəziyyətlər daim nəzərdə tutulmalıdır. Gördüyümüz kimi, bu da olmayıb və bu gün də yoxdur. Atılan addımlar isə daha çox xaotik təəssüratı bağışlayır. Belə olduqda da hakimiyyət mümkün təhlükələri duyaraq təsirli hesab etdiyi müxtəlif tədbirlərə əl atır. Azərbaycandakı hakimiyyətin də mərkəzləşmiş avtoritar model olduğunu nəzərə alsaq, o zaman həyata keçirilən həbslərin daha çox preventiv repressiv olduğunu deyə bilərik. Başqa sözlərlə, hakimiyyət həbslərlə, repressiyalarla və zorakılıqla xof yaradıb mümkün fəsadların qarşısını alacağını düşünür. Mesajların əsas ünvanı isə elə hakimiyyət strukturlarının özüdür, çünki bu gün hakimiyyət əvvəllər olduğu qədər monolit deyil, onun daxilində çəkişmələrin və mübarizənin artması tendensiyaları var ki, onlar da mövcud çatları daha da dərinləşdirir. Yəni, məqsəd daha çox bu yolla konsolidasiyaya nail olmaqdır. Şübhəsiz ki, həbsləri doğuran səbəblərin arxasında hakimiyyətdaxili parçalanma, qruplararası mübarizə və bu kimi başqa amillər də var, amma düşünürəm ki, onlar ikinci və üçüncü dərəcəlidir.
- İcra hakimiyyəti başçılarının “yerli padşahlar” olduğu heç kimə sirr deyildi. Hətta bir neçə il öncə Quba, İsmayıllı olaylarından sonra həmin rayonların icra başçılarının sərvətləri barədə, eləcə də illərdir mediada digər nazirlərin, məmurların, icra başçılarının maddi mal varlığı barədə yazılardan yəqin ki, hakimiyyət də xəbərdar idi. Maraqlıdır niyə bu addımlar indi atılır? Doğrudanmı, hakimiyyət indi korrupsiya ilə ciddi mübarizəyə başlayıb, yoxsa məsələnin görünməyən başqa tərəfləri var?
- İcra hakimiyyəti başçılarının “yerli padşahlar” statusunu hakimiyyətin özü yaradıb və bu gün də özü həmin padşahların girovuna çevrilib. Gəlin, xatırlatdığınız Quba və İsmayıllı hadisələrinin bir aspektinə nəzər salaq. Hər iki rayonda baş verənlərə həmin yerli feodalların insanların qürurunu aşağılaması səbəb olmuşdu. Hər iki vəziyyətdə də hakimiyyətin iki seçimi vardı: ya təhqir olunmuş xalqın tərəfini tutmaq, ya da onu təhqir edən harınların. Həm Qubada, həm də İsmayıllıda hakimiyyət ədalətsizliyə yol verərək günahkarların tərəfini tutdu və bu da səbəbsiz deyildi. Məsələ burasındadır ki, hakimiyyətin yuxarı pillələrində də taladıqları, yoxsullaşdırdıqları, bir tikə çörəyə möhtac qoyduqları xalqa yuxarıdan aşağı baxırlar. Olduqca sadə bir həqiqəti anlamırlar ki, belə insanların bir tək qalanı onun təskinlik mənbəyi olan həmin qürurdur ki, ona da toxunanda insan hər şeyə əl atacaq. Hakimiyyətin sıralarında öz kimliyini, şəxsiyyətini, ictimai statusunu yalnız topladığı sərvətin həcmində görən çoxsaylı məmurlar var ki, onlara kasıbın qürur anlayışının nədən ibarət olması kimi sadə bir həqiqət heç vaxt çatmayacaq. Görünür, elə bu səbəbdən də adı çəkilən rayonlarda repressiyanın obyekti sadə insanlar olduğundan, dediyiniz “yerli padşahlar”ın harınlığı, qudurğanlığı bir qədər də artdı və bu gün hakimiyyət özünün yaratmış olduğu “virus”u artıq özünə təhdid kimi görür. Bununla həm də onu demək istəyirəm ki, heç bir korrupsiya ilə mübarizə yoxdur və ola da bilməz, çünki bugünkü Azərbaycanda korrupsiya təkcə sərvət toplamaq yolu deyil, həm də idarəetmə mexanizmidir. Hakimiyyət hər bir məmurun sərvətinə dair səlis məlumata malikdir, amma bu addımların indi atılmasının səbəbi dediklərimdir. Hakimiyyət artıq belələrini özünə təhlükə mənbəyi kimi görür.
- Cəmiyyətdə bu atılan addımlarla bağlı üç versiya mövcuddur. Birincisi odur ki, hakimiyyət ötən ildən başladığı klan təmizləməsini davam etdirir. Yəni, sıradan çıxarılmış digər klanın təyin etdiyi şəxsləri bu yolla sıradan çıxarır və korrupsiyaya qarşı mübarizə adı ilə özünə nüfuz qazanır. İkincisi odur ki, hakimiyyət yerli idarəetmə orqanlarında islahatlar aparmaq niyyətindədir. Yəni, yerli icra hakimiyyəti institutlarını ləğv etmək istəyir. Ona görə həmin institutların korrupsiyalaşmış olması ilə onları gözdən salaraq yox etmək və yeni yerli idarəetmə strukturu yaratmaq istəyir. Üçüncü versiya isə odur ki, hakimiyyət hakim partiyanın üzvlərindən təyin olunan məmurları vurmaqla öz köhnə partiyasını nüfuzdan salmaq istəyir. Məsələn, Əli Əhmədovun bəyanatında deyilirdi ki, həmin məmurların YAP üzvü olması onları üzür. Onun bu bəyanatına qədər heç kim həmin icra başçılarının hansı partiyanın üzvü olması ilə maraqlanmırdı. Bu versiyalardan hansı ağlabatandır?
- Heç bir sıradan çıxarılmış klan yoxdur və ümumiyyətlə, klan birdir, sadəcə, onun daxilində sərvətlərin bölgüsü səbəbindən aralarında çəkişmələr olan müxtəlif qruplar var. Hətta siz deyən kimi də olsaydı, növbəti və çoxsaylı “Qara kəmər” əməliyyatlarına ehtiyac yox idi. Sərəncam verilir, adam vəzifədən kənarlaşdırılır, sərvəti əlindən alınır və özü də ya cəzalandırılır, ya da göndərilir çoxsaylı bağ evlərindən birində dincəlməyə. Amma 190 manat dövlət yardımını ala bilməyən yüz minlərlə insana icra başçılarının topladığı milyonların nümayiş etdirilməsinin hakimiyyətin nüfuzuna müsbət təsir etdiyinə inanmıram. Yüksək ehtimalla, əksinə, hakimiyyətə qəzəbi, kini və nifrəti daha da artırır. Qaldı yerli icra hakimiyyətini institut olaraq ləğv edərək başqa qurumla əvəzlənməyə, məncə, indi bunun zamanı deyil. Ümumiyyətlə, indiki icra hakimiyyəti institutları mövcud hakimiyyətin modelinə və mahiyyətinə ən çox uyğun gələn strukturlardır. Həbs olunanların YAP üzvü olmasına gəlincə, guya ifşa olunan və hələ olunmayan başqa korrupsionerlər də həmin partiyanın üzvləri deyilmi və hakimiyyət bu partiyanı gözdən salmaqla hansı alternativ dayaqlar əldə edərək onlara söykənəcək, hansı strukturlarla cəmiyyətin bütün sahələrini əhatə edəcək? Odur ki, söylədiyiniz versiyalardan az-çox hakimiyyətin imicini təmizləmək versiyası inandırıcı görünür ki, onun da əks-effekt verməsinə zərrə qədər də şübhəm yoxdur.
- Yeri gəlmişkən, üçüncü versiya ilə bağlı illərdir bəzi ekspertlər hakimiyyətin yeni partiya yaradacağına dair fikirlər səsləndirirlər. Hətta bu versiya son parlament seçkilərindən sonra daha çox səslənir. Belə fikirlər var ki, bu seçkidə də hakimiyyətin yeni qanadı köhnə qanada və onun nəzarətində olan partiyaya qalib gələ bilmədi. Ola bilərmi, biz Azərbaycanda yaxın vaxtlarda yeni hakim partiyanın yaranmasının şahidi olaq?
- Səhv eləmirəmsə, sizinlə bu haqda bir dəfə danışmışıq və elə onda dediyimi indi də təkrar edirəm: yeni partiya qurmaq böyük resurslar, ilk növbədə də təcrübəli insan resursları tələb edir, Azərbaycanda isə bu, yox dərəcəsindədir. Digər tərəfdən də YAP strukturlaşmış, klanlaşmış, kök atmış elə bir qurumdur ki, ondan imtina eləmək sözdə deyildiyi qədər asan deyil. YAP-dan imtina eləmək onunla barrikadada qarşı-qarşıya durmaq deməkdir ki, bu halda da kimin qalib çıxacağı hələ sualdır. Dediyim kimi, yeni partiya qurmaq hər şeydən başqa xeyli zaman tələb edir, zaman isə artıq yoxdur.
- Nə düşünürsünüz? Bu həbslərin, bu təmizlənmənin davamı olacaqmı? Və ya hakimiyyətin bu addımları bir yerə, hansısa məqsədinə çatana qədər davam edəcək? Yəni, bu həbslərin getdiyi prosesin sonunda biz nəyi görəcəyik?
- Həbslər davam edə və hətta başqa dövlət strukturlarına da keçə bilər, amma onların gözlənilən effekti verəcəyinə əmin deyiləm. Hakimiyyətin bununla həm də sosial-iqtisadi böhrandan diqqəti yayındırmaq gözləntisi varsa, o zaman belə bir nəticənin əldə olunacağını təsəvvür eləmirəm. Odur ki, həbslərdə, repressiyalarda, zorakılıqda hansısa bir perspektiv görmürəm. Söhbət hakimiyyətin gözlədiyi perspektivdən gedir, əlbəttə, amma bunun tam əksi mümkündür və gözləntim də budur təəssüf ki. Zənnimcə, bunun əvəzinə diqqəti, resursları və gücü bu gün tam dayanmış iqtisadiyyatın işə düşməsinə yönəltmək daha məqsədəuyğun olardı və bu, yaxınlaşmaqda olan sosial-iqtisadi böhranı az da olsa yumşaltmağa xidmət edərdi. Sosial-iqtisadi böhran önə yalnız ritorik, amma həm də praktik “çörək olacaq?” sualını çıxarır ki, onun da cavabı ya “hə”, ya da “yox” ola bilər. Hadisələrin sonrakı gedişatı isə yalnız həmin cavabdan asılı olur.
Rəy yaz