Venesuela prezidenti Nikolas Maduro Azərbaycanın müstəqillik əldə etdiyi gündən etibarən Bakıya gələn ilk Latın Amerikası dövlət başçısı oldu.
Qısaca desək, Maduronun səfəri Qərb açıq cəmiyyətlərinə müxaliflik təbliğ edən üçüncü və dördüncü dünya ölkələrinin cəlb edildiyi Qoşulmama Hərəkatı strategiyasının diktə etdiyi siyasi məqsədlərə xidmət edirdi.
Formal olaraq Azərbaycan Maduronun neft hasilatı regionuna səfərinin ilk nöqtəsi oldu, onun növbəti dayanacaqları İran, Qətər və Səudiyyə Ərəbistanı olacaq. Venesuela prezidenti OPEK ölkələrinin "qara qızıl" qiymətlərinin bir qədər artmasına nail olmaq üçün neft hasilatının azaldılması haqqında bu yaxınlarda əldə etdikləri ilkin razılıqları dəstəkləmək istəyir. OPEK-in bu məsələyə həsr olunmuş iclası noyabrın 30-da keçirilməlidir, amma ekspertlərin əksəriyyəti neft ixracçısı olan ölkələrin bu təşkilatında konsensusa şübhə ilə yanaşır. Тəşkilatın nüfuzlu üzvü olan İran və müşahidəçi qismində çıxış edən Rusiya öz maraqlarından və düşüncələrindən irəli gələrək bu ideyanı sabotaj edir. Amma ən əsası, ABŞ və inkişaf etmiş iqtisadiyyatı olan ölkələr neft qiymətlərinin bahalaşmasında maraqlı deyil. Bu kontekstdə prezident İlham Əliyevin neft hasilatını dondurmağa hazır olduğu haqqında bəyanatları mənasız səslənir. Məlum olduğu kimi, dünya neft hasilatında Azərbaycanın payı yarım faizdən bir qədər çox təşkil edir, həm də quyuların yoxsullaşması ilə əlaqədar hasilat azalır. Əlbəttə, neftdən asılı olan Azərbaycanda və elə Venesuelada dərinləşməkdə olan böhran şəraitində Əliyevin bu passajını siyasi motivli hesab etmək olar.
Venesuela və Azərbaycan arasında münasibətlər Əliyevin Latın Amerikası qitəsinə nüfuz etmək və yarımdemokratik rejimlərlə əlaqələr qurmaq strategiyası çərçivəsində yaranmağa başladı. Bir sıra ölkələrlə əldə olunmuş bu münasibətlərin dərəcəsini Kolumbiya, Peru, Panama, Qonduras, Paraqvay və Qvatemala parlamentlərinin Xocalı soyqırımı və Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı müvafiq sənədlər qəbul etməsi göstərir.
Keçmişdə Azərbaycan Venesuela prezidenti Uqo Çaves və Belarus prezidenti Aleksandr Lukaşenkonun şəxsi dostluq münasibətlərindən istifadə edib və Venesuela neftinin Belarusa satışı üzrə svop-əməliyyatlara qoşulub, bunu Bakı və Karakas arasında körpü qurulmasında ilk addım hesab etmək olar. Sonradan Qoşulmama Hərəkatına qoşulan rəsmi Bakı bu meydandan Latın Amerikası və xüsusən hazırda təşkilata rəhbərlik edən və 2019-cu ildə üç illik sədrliyi Azərbaycana ötürəcək olan Venesuela ilə əlaqələrini inkişaf etdirmək üçün istifadə edib.
İki ölkə arasındakı münasibətlərdə daha bir mühüm məqam nəzərə çarpır. Rəsmi Bakı Uqo Çavesin, daha sonra isə Maduranın həm müxalifətə qarşı mübarizə, həm də keçid dövrü proqramlarının həyata keçirilməsi üçün gördüyü bəzi praktik tədbirləri, o cümlədən qiymət qoyuluşunda dövlət nəzarəti, iqtisadiyyatın, institusional elementlərin şaxələndirilməsi kimi tədbirləri mənimsəyir. Bu yaxınlarda İlham Əliyevin referendum vasitəsilə tətbiq etdiyi vitse-prezident institutu tamamilə Venesuela modelindən köçürülüb. Venesuelanın hazırki prezidenti Maduro da prezidentlik kürsüsünə dövlət başçısı tərəfindən təyin edilən vitse-prezidentlik vəzifəsindən keçib. Sonradan inzibati resurslardan istifadə edərək, o, mübahisəli seçkilərdə 1 faiz fərqlə qalib gəlir. Bu gün Maduro təyin etdiyi vitse-prezident sayəsində prezident kimi öz hakimiyyətinin müəyyən dərəcədə zəmanətini təmin edir. Hətta gələn il Venesuelada müxalifət ardıcıl olaraq israr etdiyi Maduronun istefası haqqında referenduma nail olsa da, hakimiyyət keçid dövründə onun təyin etdiyi vitse-prezidentə keçəcək.
İki ölkə arasında iqtisadi sahədə münasibətlər hələlik çox məhduddur, amma siyasi cəhətdən Venesuela artıq Cənubi Qafqaz regionunda Azərbaycanın xeyrinə seçim edib. Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutan Maduro belə deyib: "Azərbaycan həmişə BMT Təşhükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində bizim iradəmizə və dəstəyimizə arxalana bilər. Biz dünyanın bir çox ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. TŞ çərçivəsində biz beynəlxalq hüququn tətbiqi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan öz milli maraqlarının müdafiəsində kifayət qədər məntiqli hərəkət edib. Venesuela sizin yeni etibarlı dostunuzdur".
Latın Amerikası siyasətininin prioritetlərindən biri Qarabağ məsələsi olan prezident İlham Əliyev cavab nitqində Birgə Bəyannaməyə istinad edərək, investisiyalar və neft sahəsində, xüsusən dənizdə neft hasilatı sahəsində ikitərəfli münasibətlərin gələcək inkişafını anons edib: "Bəyannamədə gələcək əməkdaşlığın əsas istiqamətləri - siyasi əlaqələrin inkişafı, iqtisadi sahədə əməkdaşlıq, investisiyalar, energetika, nəqliyyat, elm, təhsil, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq nəzərdə tutulub".
Azərbaycan mətbuat icmalından göründüyü kimi, səfər növbəti nəzakət addımı kimi qəbul edilib. İlk növbədə neftdən asılı rejimlərin, onların çətinliklərinin, habelə məqsəd və vəzifələrinin bənzərliyini, eyni zamanda Venesuelanın sədr və Azərbaycanın isə hüquqi varis kimi çıxış etdiyi Qoşulmama Hərəkatında onların yaxınlığını nəzərə alsaq, bu, aldadıcıdır. Bu münasibətlərə tarixən Ermənistanın təsirlərinin güclü olduğu Latın Amerikasında, xüsusən Argentina, Braziliya və Uruqvay kimi ölkələrdə Azərbaycanın mövqeyinin növbəti dəfə möhkəmlənməsi kimi baxmaq olar.
Amma dərin iqtisadi böhran şəraitində parlamenti və hökumətə nəzarəti əlində cəmləşdirən müxalifətin güclü təzyiqinə məruz qalan prezident Maduronun zəifliyi bu münasibətlərin zəif tərəfidir. Ən yaxşı halda Maduro öz prezidentlik müddətinin sonuna qədər vəzifədə qalacaq ki, bu müddət 2018-ci ildə başa çatır. Amma gələcəkdə hakimiyyət tam həcmdə müxalifətə işıq saçır. İlham Əliyevin vəziyyəti o qədər də ağır deyil, amma onun da sabitliyi öz siyasətinin şaxələndirilməsi sahəsində növbəti addımlarından asılı olacaq. Hələki iqtisadiyyat zəifləyir, etirazçı əhval-ruhiyyə isə artır, ekspertlərin rəyləri və proqnozları isə getdikcə daha da bədbinləşir. Belə şəraitdə yeni Azərbaycan-Venesuela münasibətlərinin strateji sabitliyinə iki rejimin deyil, iki dövlətin maraqları və yanaşmaları prizmasından nail oluna bilər.
Rəy yaz