Münhen Konfransında tarix dərsləri

Açıq müzakirəyə konfrans təşkilatçıları istiqamət verib. Tədbir "Dağlıq Qarabağ üzrə yeniləşmə" adlandırılıb.

Amma zaldan baş nazir Nikol Paşinyanı və prezident İlham Əliyevi tərəflərin 30 illik münaqişənin mümkün həlli yolları ilə bağlı gələcəyə baxışını ehtiva edəcək konstruktiv istiqamətə dəvət etmək məqsədi güdən suallara baxmayaraq, yeniləşmə baş tutmayıb.

Yeniləşmə mövzusundan taktiki yayınma tərəflərin hələ 1648-ci ildə Avropada 30 illik müharibəyə son qoyan Vestfal sülhünə bənzər bir saziş bağlamaqdan uzaq olduqlarını göstərib.

Tərəflər mövzudan kənara çıxaraq, tarixə üz tutublar və iştirakçılara Qarabağın Azərbaycana və ya Ermənistana məxsus olmasının tarixi əsaslandırmasını sübut etməyə çalışıblar. Onlar gələcəyi qeyri-müəyyən olan gizli elan edilməmiş müharibə aparan ölkələrin rəhbərlərindən daha çox tarix müəllimlərinə oxşayırdılar.

Müzakirə tarixdə, daha doğrusu keçmişdə ilişib qalıb və belə bir təəssürat yaranıb ki, tərəflər problemin həlli yollarına baxışları haqqında açıq fikir mübadiləsindən qəsdən yayınırlar.

Qarabağ münaqişəsinin həlli üzrə alətlər sistemində tarixi aspekt yeni deyil və münaqişənin başlanğıc mərhələsində, tərəflər tarixi arqumentlərlə öz mövqelərinin ədalətli olduğunu əsaslandırmağa çalışdıqları zaman xüsusilə aktual idi.

Amma ötən il, MDB dövlət və hökumət başçılarının oktyabrda keçirilən Aşqabad sammitində Azərbaycan prezidenti Ermənistanı faşizmi qəhrəmanlaşdırmaqda ittiham etdiyi zaman tarixi aspekt yeni nəfəs qazandı. Azərbaycanın ittihamına alman faşizmi ilə əməkdaşlıq edən erməni kollaborasionist Qaregin Ter-Arutyunyanın (Njde) abidəsinin quraşdırılması faktı səbəb olub. Əliyevin çıxışı erməni siyasətində mənfi tarixi vərəsəliyi vurğulamalı idi. Bundan əvvəl Əliyev azərbaycanlıların öldürülməsini və Ermənistandan qovulmasını və işğal edilmiş əraziləri nəzərdə tutaraq, baş nazirin sələflərini faşizmdə ittiham etmişdi.

İctimaiyyətə əks etdirilənlərin hamısının reallıqda Paşinyan-Əliyev arasında qapalı danışıqların predmeti olduğu fikri də yaranır. Açıq müzakirədən əvvəl hər iki lider tet-a-tet qapalı danışıqlar aparıb, Münhen konfransının iştirakçılarına bu görüşün məzmunu haqqında heç nə məlum deyil. Əliyev və Paşinyan 45 dəqiqəlik açıq mübahisə zamanı görüş faktı haqqında bir kəlimə belə deməyib və qapalı müzakirələrin hər hansı aspektinə istinad etməyib.

Bu halda tərəflərin açıq müzakirələrdə tarixə üz tutmasına əsasən deyə bilərik ki, Bakı və Yerevan danışıqlar prosesində geriləyiblər və Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Konfransı çərçivəsində beynəlxalq institutların iştirakı ilə indiyədək əldə edilmiş bütün razılaşmaları faktiki olaraq kənara qoyublar.

Amma, Yerevan və Bakıda müxalifətin danışıqlar aparan şəxsləri qəbuledilməz güzəştlərdə və satqınlıqda ittiham etdiyi bir şəraitdə, baş nazir və prezidentin qalın pərdə arxasında gizlətdikləri münasibətlərin qapalı tərəfi onların gizlədəcək bir məsələsi olduğunu göstərə bilər.

Buna hər iki ölkədə iqtisadi çətinliklərdən, artan ictimai ümidlərdən və Paşinyan və Əliyevin yeni komandalarının özlərini təsdiq etməsindən irəli gələn daxili gərginliyi əlavə etmək olar.

Paşinyan hələ də müxalifətə çevrilmiş və intiqam ideyasını yaşadan keçmiş hakimiyyətlə mübarizə aparır, Əliyev isə atasının köhnə komandasından gizli əleyhdarlarını istefaya göndərdikdən sonra komandasında kadr yenilikləri ilə məşğuldur. Odur ki, yaxın gələcəkdə Münhen müzakirələrinin hər iki iştirakçısı daxili problemlərə və ictimai rəğbət qazanmaq cəhdlərinə aludə olacaqlar.

Bu mənada Əliyevin Paşinyanın danışıqlar prosesində təklif etdiyi "mini-inqilablardan" zarafatyana imtinasını ciddi qəbul etmək olar. Paketi həllin tərəfdarı olan Yerevandan fərqli olaraq, Bakı ənənəvi olaraq məsələnin mərhələli şəklində həllinin tərəfdarıdır. Paşinyanın yeni təşəbbüsü faktiki olaraq ənənəvi erməni strategiyasına bağlıdır və buna görə Əliyevdə Troya atı ilə assosiasiya oluna bilər. Paşinyana görə, mini-inqilablar Bakının Qarabağ erməniləri ilə birbaşa danışıqları, sosial şəbəkələrdə müzakirələr, qarşılıqlı səfərlər və xalq diplomatiyası arsenalının digər çeşidləridir. Bakı bunda ərazilərinin işğalının legitimləşdirilməsi cəhdi sezdiyi üçün 2003-cü ildən etibarən Yerevanın bu siyasətini rədd edir.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti