Media-icmal 21.08.21

Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş olması, qeyri-neft sahəsinin iqtisadi lokomotiv ola bilməsi gözləntiləri, pensiyalara yenidən baxılması, son vaxtlar artan ölüm hallarının səbəbləri (21 avqust, 2017-ci il) bugünki medianın aparıcı mövzusudur...

Etibarlı beynəlxalq tərəfdaş

"Azərbaycan" qəzeti "Azərbaycan qlobal layihələri beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirir" sərlövəhli məqalədə dövlətin yürütdüyü beynəlxalq əməkdaşlıq (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=128425) siyasətini dəyərləndirir.

Müəllif deyir ki, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən növbəti qlobal layihə - "Cənub qaz dəhlizi" uğurla icra edilir və bu layihə beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirilir.

Müəllifə görə, bu fakt Azərbaycanın dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaratmasının göstəricisidir.

Yazı müəllifi xatırladır ki, dövlət müstəqilliyi bərpa olunandan sonra dünyanın bir sıra tanınmış enerji şirkətləri Azərbaycana işləməyə dəvət olundu və 1994-cü ildə "əsrin müqaviləsi" imzalandı. "Müəllifi ümummilli lider Heydər Əliyev olan Azərbaycanın yeni neft strategiyası həyata keçirilməyə başladı.

Beləliklə, Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi və dünyanın əsas neft-qaz şirkətləri buraya çox böyük həcmdə sərmayələr yatırdı.Azərbaycanın bugünki nailiyyətləri bu siyasətin nəticəsidir".

Müəllif deyir ki, belə əməkdaşlığın nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır.

Məqalədə bunun əsas səbəblərindən biri kimi ölkədə bütün sərmayələrin zəruri səviyyədə qorunması göstərilir və bununla bağlı Prezident İlham Əliyevdən sitat gətirilir: "Hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft şirkətləri ilə imzaladığı bütün müqavilələr parlamentimiz tərəfindən ratifikasiya olunur və qanun formasında Prezident tərəfindən imzalanır. Bu, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanətdir. Belə zəmanət sərmayəçilərdə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır".

Müəllif Azərbaycanın əməkdaşlıq və tərəfdaşlığının regional və beynəlxalq formatı olduğunu deyir və birinciyə nümunə kimi Azərbaycan-Türkiyə-Grücüstan əməkdaşlıq formatı göstərilir.

Müəllif bu formatın fəaliyyəti kimi Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətini göstərir.

Müəllifə görə, məhz bu layihələrin icrası daha geniş dəhliz olan "Cənub Qaz Dəhlizi"nin işlənməsinə yol açıb.

Müəllif "Cənub Qaz Dəhlizi" layihəsini Avropanın enerji xəritəsini dəyişdirəcək layihə" adlandırır, onun reallaşdırılmasında 7 dövlətin, 10-larla şirkətin və topdan qaz alıcısının maraqlı olduğunu bildirir.

Müəllif hesab edir ki, layihənin coğrafiyası genişləndirilir və gələcəkdə daha da genişləndirilə bilər, çünki bu, hər bir ölkəyə fayda gətirəcək layihədir.

Məqalə müəllifinə görə, bu, həm enerji təhlükəsizliyi, həm də ölkələrin milli təhlükəsizlik məsələsidir və Azərbaycan bu sahədə də bölgəyə, eləcə də Avropaya sanballı töhfələr verir.

Azərbaycan elə bir mükəmməl əməkdaşlıq formatı yaradıb ki, həm hasilatçı, yəni Azərbaycan, həm tranzit ölkələr, həm də istehlakçılar ortaq maraqlar əsasında çalışırlar.

Qeyri-neft sahəsi nə zaman lokomotiv ola bilər...

"Novoye Vremya" qəzetində diqqəti "Qeyri-neft sahəsi nə zaman iqtisadiyyatın lokomotivinə çevriləcək?" sərlövhəli məqalə cəlb edir. (http://www.novoye-vremya.com/w102459/.../#.WZmdCCirTIU).

Müəllifə görə, Azərbaycan iqtisadiyyatında durum mürəkkəb olaraq qalır və onun nə zaman pozitiv tərəfə yönlənəcəyi məlum deyil: "Bu ilin 7 ayı ərzində qeyri-neft sektoru 2,2% inkişaf etməsinə baxmayaraq, Ümumi Daxili Məhsulun həcmi 1% azalıb, bu isə o deməkdir ki, Azərbaycan iqtisadiyyatında ab-havanı yenə də neft sektoru müəyyən edir, ölkənin ixrac məhsulları sahəsində neft-qazdan asılılıq əvvəlki kimi yüksək olaraq qalır".

Ölkə iqtisadiyyatına investisiya qoyulması və iqtisadiyyatın kreditləşməsinin azalmasının artıq birinci ay olmadığını deyən müəllif belə vəziyyətdə iqtisadiyyatda əhəmiyyətli artım olmasını gözləməyi imkansız sayır.

Kreditləşməyə gəlincə, müəllif vurğulayır ki, hətta Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kreditlərinə belə maraq yoxdur, 150 milyon manat güzəştli kreditdən cəmi 68 milyon manata yaxın vəsait götürülüb: "Əgər güzəştli kreditlərə tələbat yoxdursa, o zaman bank kreditlərindən danışmağa dəyməz. Regionlardakı müştərilərin banklar tərəfindən maliyyələşdirilməsi 2017-ci il iyulun 1-nə 2193 789,1 miylon manat olub ki, bu da 2016-cı il ilin eyni dövrünün göstəricilərilə müqayisədə 10,3% azalma deməkdir, başqa sözlə, iqtisadiyyatın banklar vasitəsilə kreditləşməsi də azalmaqda davam edir".

Məqalədə istehsalı genişləndirmək üçün daha bir mənbə kimi özəl şirkətlər, xarici investorlar və dövlət tərəfindən qoyulan investisiyalar göstərilir, amma bu ilin yanvar-iyul aylarında bütün maliyyə mənbələrindən iqtisadiyyatın və sosial sferanın inkişafına 8,73 milyard manat investisiya qoyulduğu, bunun isə keçən ilin analoji dövrülə müqayisədə 0,3% az olduğu vurğulanır.

Müəllif bu durumla bağlı deyir ki, dövlət bu sərmayəni qoymağı təmin edə bilmir, özəl sahə burada xüsusi olaraq fəal deyil: "Görünən budur ki, sahibkarlar hətta güzşətli kredit belə götürməyə və bu vəsaitləri istehsal sahəsinin inkişafına fəal şəkildə yerləşdirməyə maraq göstərmirlər".

Müəllif bu halın baş verməsinə səbəb kimi sahibkarların biznesin gələcək inkişafına imkanlar olacağına əmin olmamalarını göstərir.

Məqalədə deyilir ki, indi Azərbaycanın əsas investoru xarici şirkətlərdir və onlar da investisiyanın 62%-ni neft sektoruna yönəldirlər.

Müəllif hesab edir ki, elə bu durumdan da irəli gələrək, "qeyri-neft sektoru nə zaman iqtisadiyyatın lokomotivi ola biləcək?" sualı meydana çıxır.

Artan ölümlərin səbəbləri

"Azadlıq.info" saytı "Sosial ədalətsizlik, stress və artan ölüm halları"

(https://www.azadliq.info/200270.html) sərlövhəli məqalədə) ölkədə artmaqda olan ölüm hallarının səbəblərini araşdırır.

Müəllif deyir ki, Azərbaycanda ölüm halları gündən-günə artır, artıq bunu rəsmi qurumlar, hər gün yeni inkişaf nağılları uyduran səlahiyyətli şəxslər belə danmırlar: "Ölkədə həyat göstəriciləri hər gün aşağı düşür və bu böhranın nəticəsi də getdikcə artan ölüm hallarının sayında açıq-aşkar özünü göstərir. Rəsmi açıqlamaya görə, 2010-cu ildən bu günə kimi Azərbaycanda ölüm halları 1,1 dəfə artıb. Dövlət Statistika Komitəsinin bu ilin yanvar-fevral ayları üçün açıqladığı ölüm hallarının sayı 11 070 olub".

Müəllifə görə, bu göstəriciyə əsasən, əhalinin hər 1000 nəfərinə hesablanan ölüm səviyyəsi 7,1% təşkil edib. Açıqlanan rəqəmi keçən ilin yanvar-iyul ayları üzrə qeydə alınan 33,0 min, oktyabr ayı üzrə qeydə alınan 46,5 min, ilin sonuna qeydə alınan 56648 ölüm halı ilə müqayisə etsək, aylar üzrə artımı özümüz də açıq görə bilərik.

Statistik rəqəmlərə istinad edən müəllif müxtəlif yaş qrupları arasında ölüm hallarının ilbəil artdığını, 50-54 yaş arasında olanların bu sırada üstünlük təşkil etdiyini bildirir.

Məqalə müəllifi ölkə üzrə aparılan daha bir araşdırmaya görə son illər yaşı 50-60 arasında olan insanların sayının azaldığını bildirir və sosioloq Əhməd Qəşəmoğlu bu məsələni belə izah edir: "Azərbaycan ailəsi tarix boyu heç vaxt indiki qədər gərgin vəziyyətdə olmayıb. Vəziyyət elədir ki, insan evdə dincəlmək əvəzinə daha çox stress yaşayır, problemlərlə yüklənir. Problemlər bir az da artır, bu gərginlik ailənin bütün üzvlərinə təsir edir, xəstəliklərə səbəb olur".

Yazı müəllifi deyir ki, 2016-cı ildə Azərbaycanda dünyasını dəyişən 56648 nəfərin (29924 nəfər kişi, 26724 nəfər qadın) ölümündə qan dövranı xəstəlikləri aparıcı yer tutub və 2016-cı ildə bu xəstəlikdən yaranan ölüm hallarının sayı 34093 nəfər olub.

Məqalədə deyilir ki, ölüm göstəricilərinin artmasında intiharlar az rol oynamır və Azərbaycanda keçən il 500-dən artıq intihar hadisəsi baş verib: "Bu il intihar hallarının sayı keçən ilkindən çoxdur, statistika göstərir ki, son 10-15 ildə Azərbaycanda intihar hallarının sayı 5-6 dəfə artıb.

Bu sahə üzrə ekspertlər deyirlər ki, 20-30 il əvvəl Azərbaycanda intiharlar SSRİ ölkələri arasında ən aşağı durumda olub.

Müəllif vurğulayır ki, bu gün də cəmiyyətdə münasibətlər eyni olaraq qalır, deməli, belə halların çoxalmasına səbəb gərginliyin, intihara aparan səbəblərin, sosial ədalətsizliyin artmasıdır.

Pensiyalara yenidən baxılmalıdır

"Exo" qəzeti "Azərbaycanda pensiyalar arasında kəskin fərq müşahidə olunur" (http://ru.echo.az/?p=61901) sərlövhəli məqalədə ayr-ayrı kateqoriya insanlara verilən pensiyaların məbləğləri arasında fərqləri eskpertlərlə müzakirəyə çıxarıb.

Ekspertlərə görə, Azərbaycanda pensiya sistemi heç də yaxşı durumda deyil, ölkədə qeyri-formal əmək bazarının miqyası sürətlə genişlənir, bu isə neqativ nəticələrə səbəb olacaq.

Bu sahə mütəxəssisləri Azərbaycanda pensiyalar arasında kəksin fərqlər olduğunu xüsusi vurğulayırlar: "Azərbaycanda keçmiş dövlət qulluqçularının pensiyaları kifayət qədər yüksəkdir. Məsələn, keçmiş deputatlar əmək haqlarının 80%-i həcmində pensiya alırlar ki, bu da təqribən 2 000 manat deməkdir. Amma təhsil və səhiyyə sisteminin keçmiş əməkdaşlarının pensiyaları 200 manatdan çox deyil. Rəsmi göstəricilərə əsasən isə, ölkədə orta aylıq pensiya 202 manat təşkil edir, lakin elə pensiyaçılar var ki, minimal pensiya alırlar".

Ekspertlər belə minimal pensiyanı öz zamanında zavod və fabriklərdə sıravi əməkçi kimi çalışanların aldıqlarını bildirir, bu məsələyə yenidən baxılması zərurəti yaranmasını pensiyalar arasında bu qədər kəskin fərqin olması ilə izah edirlər.

Ekspertlər ölkədə qeyri-formal əmək bazarının miqyasının da genişləndiyini bildirirlər.

Onlar deyirlər ki, ölkə əhalisinin cəmi 1,5 milyon nəfəri əmək müqaviləsi üzrə işləyir, onlardan da 960 min nəfər dövlət sektorunda çalışanlardır və bəzi yerlərdə "ikili mühasibat" də özünə yer tapır: "Qalan vətəndaşlar qeyri-formal əmək bazarında çalışırlar. Ona görə də, Dövlət Sosial Müdafiə Fondu qanunvericiliyə dəyişikliklər kimi səmərəsiz islahatlar əvəzinə qeyri-formal əmək bazarını ləğv etməyə çalışmalıdır. Bundan həm dövlət büdcəsi, həm də bütünlükdə dövlət xəzinəsi qazanar".

Məqalədə xatırladır ki, 2017-ci il iyulun 1-nə Azərbaycanda orta aylıq pensiya 202,2 manata bərabərdir ki, bu da keçən ilin eyni dövrülə müqayisədə 6,6% çoxdur.

Azərbaycanda pensiyanın orta həcmi aylıq orta əmək haqqının təqribən 39%-nə bərabərdir.

Dövlət Sosial Müdafiə Fondunun açıqlamasına görə, bu il iyul ayının 1-nə

Azərbaycanda 1 milyon 328,4 min nəfər pensiyaçı qeydə alınıb ki, bu, bütün əhalinin 13,7%-i deməkdir.

Müəllif rəsmi mənbələrə istinadən deyir ki, pensiyaçıların 59,4%-i pensiyanı yaşa görə, 29,3%-i əlilliyə görə, 11,3%-i ailə başçısını itirməyə görə alırlar və bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə 1 milyard 627,2 milyon manat pensiya ödənilib.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti