Media-icmal 22.08.17

Aqroparkların qeyri-neft sahəsinin inkişafında rolu, problemli kreditlər və bank ombudsmanlığı, beynəlxalq reytinq agnetliklərinin ölkənin maliyyə durumunu dəyərləndirmələri bugünki (22 avqust, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Qeyri-neft sekorunun inkişaf yolu-aqroparklar

"Azərbaycan" qəzetində "Şəmkir Aqroparkında beynəlxalq konfrans keçirilib"

(http://www.azerbaijan-news.az/index.php?mod=3&id=128548) sərlövhəli məqalədə bu tədbir dəyərləndirilir.

Müəllif xatırladır ki, Şəmkir Aqroparkının Logistika Mərkəzi lap bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə açılıb.

Beynəlxalq konfransın keçirilməsinə gəlincə, müəllif vurğulayır ki, bu, həm Mərkəzin təqimatına, həm də onunla tanışlığa həsr edilib.

Müəllif deyir ki, avqustun 21-də keçirilmiş bu tədbirdə müvafiq dövlət qurumları, ali təhsil və elmi-tədqiqat müəssisələri, ətraf rayonları təmsil edən fermerlər, aqrar sahədə ixtisaslaşmış aparıcı yerli və xarici şirkətlər iştirak ediblər.

Məqalədə konfransın aqrar sahədə dövlət siyasəti, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, istehsal olunan məhsulların ixarcı, bu sahəyə dövlət dəstəyi məsələlərinə həsr edildiyi bildirilir: "Dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik islahatlar sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlığını möhkəmləndirir", baxışı konfransın aparıcı leytmotivi olub.

Müəllif deyir ki, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin artımına səbəb olub və kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi və institusional dəyişikliklərin həyata keçirilməsi, dövlət dəstəyinin gücləndirilməsi bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin güclü təməlini qoyub.

Məqalədə deyilir ki, konfransda Şəmkir Aqroparkı ilə bağlı təqdimat nümayiş etdirilib, tədbir iştirakçıları Şəmkir Aqroparkının Logistika Mərkəzində yaradılan şərait və fəaliyyət istiqamətləri ilə tanış olublar.

Məqalədə vurğulanır ki, bu aqroparkda ölkədə ilk dəfə müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar və s. yaradılıb.

Müəllif deyir ki, mütəxəssislərə görə, regionlarda belə arqoparkların yaradılması, bu çərçivədə müxtəlif beynəlxalq layihələrin icrası ölkənin ixrac potensialının artmasında əhəmiyyətli rol oynayacaq.

"Qar topası" kimi artan problemli kreditlər

"Exo" qəzetində "Azərbaycanda problemli kreditlər "qar topası" kimi artır" (http://ru.echo.az/?p=61963) sərlövhəli məqalə oxumaq olar.

Müəllif gələn aydan fəaliyyətə başlaması gözlənilən Bank Ombudsmanlığının fəaliyyətini ekspert Natiq Cəfərli ilə müzakirə edir.

N.Cəfərli deyir ki, bank ombudsmanı institutunun yaradılması belə ölkədə vaxtı keçmiş kreditlər problemini həll edə bilməyəcək, bu institut ancaq vasitəçi olaraq mürəkkəb durumu bir qədər yumşalda bilər.

Ekspert deyir ki, hələ də çoxları maliyyə ilə bağlı bankla mübahisələr yarandıqda haraya müraciət edəcəklərini belə bilmir: "Bu qurum dünyanın bir çox ölkələrində var, Azərbaycanda isə yenidir, Qazaxıstan və Rusiyada biznes-ombudsman institutu yaradılıb ki, orada məsələ və problemlərin geniş spektri həllini tapır. Bank və ya maliyyə ombudsmanı məhkəməyə qədərki qurumdur

və problemin məhkəməyə qədər həll oluna bilməsi alətidir. Bu, çox əlverişlidir, məhkəmə araşdırması uzun çəkir, baha başa gəlir. Bu qurum isə bankla müştəri arasında özünməxsus körpüdür". Ekspert bank ombudsmanlığının mahiyyətini belə izah edir.

N.Cəfərli hesab edir ki, Azərbaycan bu institutun yaradılmasında yubanıb, hökumət cəmiyyət içindən bu qurumun yaradılması ilə bağlı çağırışları vaxtında eşitməyib: "Amma bu institut da növbəti formal orqana dönsə, qərar qəbul edilməsinə təsir göstərə bilməsə onu dərhal hesabdan silmək olar, çünki ölkədə öz funksiyalarını yerinə yetirə bilməyən dövlət qurumları onsuz da çoxdur. Odur ki, bu başdan bank ombudsmanına çox böyük ümidlər bəsləmək də olmaz".

Məqalədə vurğulanır ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2017-ci il iyulun 1-nə 1 milyard 810,7 milyon manatdır və ya 23% artım və ya bütün kredit portfelinin 13%-i deməkdir.

N.Cəfərli hesab edir ki, ombudsman ölkənin ən əsas problemlərindən olan əhalinin yüksək "kreditliyi" probleminin öhdəsindən gələ bilməz və bunu belə əsaslandırır ki, bu problem məhkəmələrdə belə həllini tapa bilmir, odur ki, bank ombudsmanı istəsə də bunu həll edə bilməyəcək.

Ekspert deyir ki, öz növbəsində problemli kreditlər "qar topası" kimi artır və rəsmi rəqəmlərə görə 13%-ə, qeyri-rəsmi rəqəmlərə görə isə 30%-ə çatıb.

N.Cəfərli bu sahədə hazırda bütün məsuliyyətin ancaq əhalinin çiynində olduğunu, amma məlum səbəblər üzündən bank qarşısında öz öhdəliyini yerinə yetirə bilmədiyini söyləyir.

Ekspert xatırladır ki, hüquqi şəxslər də biznesi genişləndirmək üçün kredit götürüblər və böhranla bağlı özlərini müflis elan ediblər.

N.Cəfərli hesab edir ki, bank ombudsmanı uğurlu həll formulu tapa bilsə problemi aradan qaldırmaq olar.

Çıxış yolu da görünmür

"Novoye Vremya" qəzetində isə diqqəti "Kredit reytinqi enir, nəticələr çıxarmaq lazımdır" (http://www.novoye-vremya.com/w102758/.../#.WZshIyirTIU) sərlövhəli məqalə cəlb edir.

Yazıda deyilir ki, beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatındakı durumla bağlı dəyərləndirmələri beynəlxalq investorlar, kreditorlar, eləcə də ölkə daxilində biznes-mühitin etibar səviyyəsinə təsir edir.

Müəllifə görə, məsələ bununla da bitmir, nəticə etibarilə iqtisadi durumda da əksini tapır, yəni, bu rəylərlə hesablaşmamaq olmaz və belə dəyərləndirmələrdən nəticə çıxarmaq lazımdır: "Moody`s Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqlərini və təmin edilməmiş öhdəlik prioritetlərini "Ba-1" reytinqindən "Ba-2"yə endirib, habelə bu səviyyədə də "Cənub qaz dəhlizi" üzrə təmin edilməyən prioritetlərə görə reytinq yenə də "Ba-1"dən "Ba-2"yə endirilib, reytinq proqnozu isə "sabit" saxlanılıb".

Müəllif deyir ki, agentlik reytinqlərin endirilməsini neftin aşağı qiymətdə olması, neft hasilatı potensialının azaldılması, çox zəif bank sistemi ilə bağlı Azərbaycanda maliyyə və iqtisadi durumun əhəmiyyətli və davamlı zəifləməsinin nəticəsi ilə izah edir.

Müəllif deyir ki, "Cənub qaz dəhlizi" üzrə reytinqin endirilməsi daha çox narahatedicidir, çünki söhbət çoxsaylı xarici investor və kreditorların iştirak etdiyi strateji enerji layihəsindən gedir.

Müəllif vurğulayır ki, bu layihənin reallaşdırılmasına 40 milyard dollar tələb edilir və burada xarici investorlar olmadan keçinmək mümkün deyil.

Müəllif xatırladır ki, adı çəkilən agentlik 2019-cu ildə Azərbaycan iqtisadiyyatında artım olacağını proqnozlşadırmışdı, amma reytinqlərin endirilməsi fonunda bu proqnoz məntiqsiz görünür.

Müəllifə görə, ölkə iqtisadiyyatı 90 dollardan aşağı olmayan neftə elə vərdiş edib ki, neft kotirovkalarının indiki sabitliyi belə onu dayanqılı saxlaya bilmir: "Məsələn, az da olsa ÜDM azalır, bu isə onu göstərir ki, iqtisadi böhran hələ də "dibə" dəyməyib, deməli, iqtisadi artım barədə danışmaq hələ tezdir, narahatlıq yaradan daha bir cəhət odur ki, heç kəs iqtisadiyyatın artımı üçün mənbə görmür. Azacıq ümid var ki, "Şahdəniz-2" layihəsi ilə durum yaxşılaşa bilər, burada da hər şey sadə deyil, bir də görürsən ki, bazarda təklif tələbi üstələyir".

Müəllifə görə, burada təkcə neft-qaz ixracı ilə iqtisadiyyatı uzun müddət normal durumda saxlamaq olmur, qeyri-neft sahəsinin inkişafı zəruridir.

Yazı müəllifi deyir ki, dövlət dəstəyi olmadan iqtisadiyyatın əksər sahələri uzun müddət davam gətirə bilməz, elə sahələr var ki, hələ də durğunluqdadır.

Müəllif deyir ki, bank sahəsində də durum yaxşı deyil, ABB-nin restrukturizasiyası bütün bank sisteminə və iqtisadiyyata mənfi təsir edir.

Müəllif hesab edir ki, iqtisadiyyat hələ də neft amilindən asılı olaraq qalır, ancaq tam miqyaslı islahatlar ölkəni böhran durumundan çıxara bilər.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti