Arxasında duran maliyyə mənbəyi gizlənsə də Türkiyə TV kanallarında sürprizlərin və təlatümlərin əsas mənbəyi Azərbaycan sərmayəli Haber Global kanalıdır.
Bu durum bəzən kanalın özündə təlatüm yaradır (məsələn, yanvarın axırında Baş Qərargahın keçmiş rəisi, ordu generalı İlkər Başbuğun çıxışından sonra kanalın növbəti baş redaktoru da istefa vermişdi) Axırıncı çalxantını 2018-ci ildəki prezident seçkisində ana müxalifət partiyasının namizədi olmuş Mühərrəm İncə yaratdı.
Canlı yayıma gəlməyi qəbul edən İnce yayımın kəsilərək dövlət başçısının çıxışına bağlanılmamasını şərt qoysa da Azərbaycan mənşəli (sahibi bəlli olmayan) kanal bu şərtə əməl etməyərək cənab Ərdoğanın çıxışına bağlandı. Mühərrəm İncə studiyanı tərk edərək kanala da dövlət başçısına da ağır tənqidlər yönəltdi, bu yazı qələmə alındığı dəqiqələrdə mübahisə davam edirdi.
Sual doğur: Azərbaycanı nə məcbur edir ki, Türkyədə milyon dollarlar xərcləyib TV kanalı yaradır, oraya müxalif siyasi baxışlı adamları dəvət edib təlatüm yaradır və buna görə bəzən Türkiyənin Radio-Televiziya Yüksək Şurasına cərimə ödəyir? Adama deməzlər ki, müxalifət nümayəndələrini ekrana çıxarmağa belə maraqlısansa niyə gedib bunu ölkəndə etmirsən?
Bu sual Türkiyədə jurnalistika ilə əlaqədar olanların fikrini hələ də məşğul etsə də artıq bundan sonra o məşğuliyyətə ehtiyac qalmayacaq. Çünki Müharrəm İncənin “Haber Global” studiyasını tərk etməsi Türkiyədə media sahəsində böyük bir sınmaya səbəb olub.
İncə o sınmanı öz lehinə çevrməyə çalışarkən prezidentə bağlı Kommunikasiya İdarəsinin başqanı professor Fahrəttin Altunun bu insidentdə İncəni günahlandırmağa çalışması iqtidarın əleyhinə işləyib. Çünki son prezident seçkisində ana müxalifət partiyasının namizədi olmuş Müharrəm İncə öz ənənəvi üslubuna sadiq qalaraq reytinqinə reytinq qatmağı hədəfləyərkən idarənin zirvəsində oturan şəxslərdən biri bunu nəzərdən qaçırmışdı ki, iqtidara başağrısını Azərbaycanın puluyla açılan TV kanalında Mühərrəm İncə yox, tanınmış bir jurnalistin Youtube kanalında Ərdoğan hökumətlərində fasiləsiz şəkildə 13 il baş nazirin müavini olmuş Əli Babacan yaradır.
Bəli, səhv oxumadınız, qurucusu olduğu AKP-dən keçən ilin yayında istefa verərək partiya yaradan (Demokrasi ve Atılım Partisi) Əli Babacanın Türkiyədə iş tapa bilməyib Nyu- Yorka köçən təcrübəli TV jurnalisti Cüneyt Özdəmirin Youtube kanalına verdiyi müsahibəyə 1.5 milyon nəfər baxır. Və ya Babacanın gənclərlə dialoquna həsr edlən video görüntünün Youtube-dakı tamaşaçı sayı 2 milyon nəfərə çatır.
İqtidara yaxın bir kanal AKP-dən ayrılıb Gələcək Partiyasını yaradan keçmiş baş nazir Əhməd Davudoğlunu kiçiltmək, təhqir etmək məqsədilə dəvət edir, təhqir cəhdləri Youtube kanallarında şərh edilir, münasibət bildirilir, tamaşaçı sayı milyonlara çatır.
Buna görə mediası öldürülən Azərbaycanın Türkiyədə milyon dollarlara TV kanalı quraraq reytinq qazanma cəhdi beyhudədir. Çünki mətbuat azadlığını 5% də qoruyan ölkələrdə normal yayımı kəsib dövlət başçısının çıxışını yayımlanan TV kanallarının şeypuru artıq çalmır, onlara ehtiyac yoxdur.
Meydan sosial medianın və Youtube kanallarınındır. Dinamik gəncliyi öz yanına çəkə bilmək iqtidara gedən yola da böyük ölçüdə asfalt döşəyir.
Türkyənin mövcud iqtidarı bu trendi yaxalaya bilməyib. Sahibi bəlli olmasa da Azərbaycanın puluyla qurulduğu bəlli olan bir kanalın da Türkiyədə klassik formada televiziyaçılıq yapmasının heç bir dəyəri yoxdur. Elə buna görə də sosial medianın və Youtube kanallarının klassik kanalları geridə qoyduğu bir vaxtda AKP-nin erkən seçkiyə getməsi mümkün görünmür. Çünki sosial mediada ən yeni müxalifətlə iqtidar partiyası arasındakı tamaşa edilmə və fərqi yarıdan çoxdur. İqtidar partiyası bu qədər fərqi aşağı salmadan seçkiyə getsə nəticəni yenə sosial media və Youtube həll edəcək.
Maddi mənşəyi məlum olmayan Azərbaycan kanalı hansı funksiyanı yerinə yetirəcək, ona ehtiyac qalacaqmı?
Zəmanə ildırım sürətilə eksklüziv xəbər və şərhlər verə bilən agentliklərin və Youtube kanallarınındır. Klassik mediaya əlvida...
Mayis Əlizadə
Rəy yaz